• şənbə, 27 Aprel, 00:56
  • Baku Bakı 14°C

Dünya futbolunun yeni ulduzu – Portret

15.10.16 10:19 2383
Dünya futbolunun yeni ulduzu – Portret
Portuqaliya həmişə dünya futboluna ulduzlar bəxş edib. Bir vaxtlar bütün dünya futbolsevərləri Eysebionun oyunundan həzz alırdısa, vaxt keçdikcə onu Luiş Fiqu, daha sonra isə Kriştiano Ronaldo əvəz etdi.

Doğulandan 5 il sonra qeydiyyata alındı

Ancaq belə görünür Ronaldo Portuqaliyanın dünyaya bəxş etdiyi sonuncu ulduz olmayacaq. Hazırda dünyanın ən güclüsü adına namizəd olacaq portuqal gənclər yetişməkdədir ki, onlardan biri də Renato Sançesdir. Yəqin ki, bir il öncə hətta ən diqqətli futbol həvəskarları belə bu adı eşitməmişdi. Amma onları buna görə qınamağa dəyməz. Axı hazırda Portuqaliya millisinin əsas heyət üzvlərindən olan gənc futbolçu cəmi bir il öncə əvəzedicilərin yarışında var-gəl edirdi. Ancaq ona özünü sübut etmək, "Bavariya” kimi nəhəng kluba transfer olunmaq və Portuqaliya millisinin heyətində Avropa çempionu olmaq üçün cəmi bir neçə ay kifayət etdi.
Renato Sançes 1997-ci il avqustun 18-də Portuqaliyanın Amadora şəhərində dünyaya gəlib. O, Afrika əsillidir. Renatonun atası San-Tome və Prinsipidən, anası isə Kabo-Verdədən idi. Sançesə başqa uşaqlar kimi xoşbəxt ailədə böyümək qismət olmayıb. Belə ki, Renatonun doğulmasından cəmi bir neçə ay sonra onun atası və anası ayrılır. Ata Sançes iş üçün Fransaya yollanır. O, bir neçə il sonra Portuqaliyaya qayıdır. Maraqlıdır ki, Renatonun atası Portuqaliyaya qayıtmayana qədər o, qeydiyyata salınmır. Yalnız ata Sançes qayıtdıqdan sonra, 2002-ci il avqustun 22-də Renato qeydiyyata salınır. Onun doğum tarixi kimi 18 avqust 1997-ci il göstərilir. Qeydiyyat tarixinin gec olması sonradan onunla bağlı bir çox söz-söhbətlər yaradacaqdı. Ancaq balaca Renatonun valideynlərinin məsuliyyətsizliyində heç bir günahı yox idi.

Türkiyədə keçirilən oyunda diqqəti cəlb etdi


Renato da digər uşaqlar kimi futbolda ilk addımlarını məhəllədə atıb. Yaşıdları arasında xüsusilə seçilən Sançes, tezliklə futbola yazılmaq istəyini reallaşdırıb. O, 8 yaşında yerli "Aquias da Musquera” komandasına yazılır. Ancaq balaca Renato bu komandada cəmi 1 il keçirir. Portuqaliya həmişə uzaqgörən skautlarıyla seçilib. Bu ölkənin ən böyük futbol akademiyasına malik "Benfika”, "Sportinq”, "Portu” kimi nəhəng klubların skautları hələ çox kiçik yaşlarından istedadları kəşf edərək, öz futbol məktəblərinə cəlb edirlər. Təbii ki, Renato kimi istedad bu futbolçu "ovçu”larının diqqətindən kənarda qala bilməzdi. Cəmi bir il sonra "Benfika”nın skautları onu "kəşf etdilər” və kiçik Renato 9 yaşında Lissabon nəhənginin akademiyasına qoşuldu. "Qartallar” Renatonun keçidi üçün onun komandasına cəmi 750 avro ödədi.
Elə ilk ildən istedadıyla diqqət çəkən Renato ildən-ilə, addım-addım "Benfika”nın aşağı yaş qruplarından əsas komandaya doğru irəliləməkdə idi. Nəhayət, 2014-cü ildə, 17 yaşındaykən o, "Benfika”nın B komandasına yüksəlir. Həmin il oktyabrın 5-də Portuqaliyanın ikinci liqasında çıxış edən "Benfika B” komandasında debüt edən Renato, həm də peşəkar karyerasında ilk oyununu keçirmiş oldu. O, "Feyrense”ylə 2:2 nəticələnən oyunda start heyətində yer aldı və fasilədən sonra əvəzləndi. Bundan sonra B komandasında mütəmadi olaraq meydana çıxan Sançes, tezliklə əsas komandanın məşqçilər korpusunun da diqqətini cəlb etdi. "Benfika”nın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında çıxış edən Sançes, "Qalatasaray”a qarşı səfər oyunundan sonra diqqət mərkəzinə düşür. Belə ki, İstanbul təmsilçisiylə oyunda özünü yaxşı tərəfdən göstərən Sançes komandasının fantastik qələbəsinə (11:1) 1 qolla töhfə verir. Bu oyundan cəmi 9 gün sonra isə Renato "Benfika”nın əsas komandasında debüt edir. O, Portuqaliya Premyer Liqasının "Tondela”ya qarşı oyununda Lissabon klubunun əsas komandasında ilk oyununa çıxır. Renatonun 74-cü dəqiqədə meydana daxil olduğu oyun "Benfika”nın 4:0 hesablı qələbəsiylə nəticələnir.

"Benfika” ayıq tərpəndi
Artıq "Benfika” rəhbərliyi futbolçudakı istedadın onlara bir xeyli qazanc gətirəcəyinin fərqində idi. Elə buna görə də, 2015-ci ilin noyabrında rəhbərlik Sançeslə yeni müqavilə bağladı. Yeni müqaviləyə əsasən, 2021-ci ilədək "Benfika”nın futbolçusu sayılacaq Sançesi transfer etmək istəyən klub Lissabon təmsilçisinə 45 milyon avro ödəməli idi.
Müqavilədən bir neçə gün sonra Renato "Benfika”nın əsas komandasında ilk 90 dəqiqəsini keçirdi. O, Çempionlar Liqasının qrup mərhələsinin "Astana”ya qarşı səfər oyununda (2:2) 90 dəqiqə meydanda oldu. Bir ay sonra isə Sançes "Benfika”da qol hesabını da açdı. O, "Akademika”ya qarşı oyunda komandasının 3:0 hesablı qələbəsinə bir qolla töhfə verir. Bu qolla o, "Benfika”nın heyətində 21-ci əsrdə fərqlənən ən gənc futbolçu kimi klubun tarixinə düşür. Yeri gəlmişkən, həmin top Portuqaliyada ayın ən yaxşı qolu seçilir.

Ronaldonu da geridə qoydu

Artıq Sançesin istedadı Portuqaliya sərhədlərini aşmışdı. O, Avropanın bir neçə nəhəng klubunun diqqət mərkəzinə düşmüşdü. Nəhənglərin savaşından isə "Bavariya” qalib ayrıldı. Beləliklə, bu ilin mayında iki klub arasında razılıq əldə olunur. İyulun 1-dən etibarən isə Renato Sançes rəsmən "Bavariya”nın üzvü olur. Almanlar 18 yaşlı istedadın transferi üçün "Benfika”ya 35 milyon avro ödəyirlər. Ümumi xərcləri hesabladıqda isə Almaniya klubu Renatonun transferi üçün 80 milyon avro xərcə düşür. Sançes "Bavariya”ya transferiylə rekorda imza atır. Belə ki, o, Portuqaliya çempionatından xarici kluba transfer olunmuş ən bahalı futbolçu kimi tarixə düşür. Maraqlıdır ki, Renato bu sahədə Kriştiano Ronaldonu da geridə qoyur.
Çox çəkmir ki, gənc futbolçu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun da diqqətini cəlb edir. Portuqaliyanın aşağı yaş qruplarından ibarət millilərində çıxış etmiş Renato, bu ölkənin əsas millisinə də dəvət alır.
O, bu ilin mart ayında, Bolqarıstana qarşı yoxlama oyununda millidə debüt edir. Sançes 76-cı dəqiqədə, Viliam Karvalyonun yerinə meydana daxil olur. Santuş gənc yarımmüdafiəçinin oyunundan razı qalır və onu AÇ-2016-da çıxış edəcək heyətə daxil edir. O, qitə birinciliyində iştirak edən ən gənc futbolçu ünvanını Ronaldodan alır.
Bir çoxlarının proqnozlarının əksinə, Renato AÇ-2016-nı ehtiyat oyunçular skamyasından izləmir. Santuş Portuqaliya millisinin qitə çempionatındakı ilk oyununda ona şans verir. O, İslandiyaya qarşı oyunun 71-ci dəqiqəsində meydana daxil olur.
Xorvatiyaya qarşı 1/8 final oyununda sonradan meydana daxil olan Renato, Quaresmanın vurduğu yeganə qolda yaxından iştirak edir. UEFA Sançesi matçın adamı seçir.
AÇ-2016-da Renatonun ən uğurlu oyunu isə Polşaya qarşı olur. Start heyətində meydana çıxan Sançes, komandasını məğlubiyyətdən xilas edən qola imza atır. Oyun sonrası penaltilər seriyasında da dəqiq oynayan Renato komandasının yarımfinala vəsiqə qazanmasında yaxından iştirak edir.
Yarımfinalda Uels, finalda isə Fransaya qarşı oyunlarda start heyətində meydana çıxan və müvafiq olaraq 74 və 79-cu dəqiqələrdə əvəzlənən yarımmüdafiəçi komandasının çempionluğunda mühüm rol oynayır.
18 yaşında Avropa çempionu olan Renatonu heç şübhəsiz, qitə birinciliyinin tapıntısı saymaq olardı. Elə UEFA da belə düşündü. Belə ki, Renato Sançes AÇ-2016-nın "ən yaxşı gənc futbolçu”su adına layiq görüldü.

İnanılmaz uğurlar şübhə yaratdı

Renatonun qısa müddətdə böyük uğurları bəzi futbol mütəxəssislərində ona qarşı şübhə yaratdı. Belə ki, onun "lipa” olması barədə söz-söhbət yayılmağa başladı. Təcrübəli fransalı mütəxəssis Qi Ru isə bir az da irəli gedərək, Renatonun 18 yox, 23-24 yaşı olduğunu iddia etdi: "Sançesin qeydiyyatı doğulduqdan bir müddət sonra edilib. Buna görə də , onun 18 yox, 23-24 yaşında olduğunu düşünürəm. Ancaq buna baxmayaraq, o, yaxşı futbolçudur".
Onun bu açıqlamasından sonra futbolçu "Mən 10 yaşımdan "Benfika”nın akademiyasında çıxış edirəm. Bir düşünün, özümü 5-6 yaş "cavanlaşdırmışamsa” necə 10 yaşlı futbolçularla məşq edə bilərdim” fikrini bildirdi.
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş da bu söz-söhbətdən bezmişdi. O, Renatonun yaşını azaltmasıyla bağlı suala özünəməxsus tərzdə cavab verdi: "Mənim 61 yaşım var. Buna heç bir şübhə yoxdur. 61 il öncə doğulmuşam və 61 yaşındayam. Eləcə də Renato. O, 18 il öncə doğulub və 18 yaşındadır”.
Bu məsələdə son nöqtəni isə "Bavariya”nın İdarə Heyətinin sədri, əfsanəvi futbolçu Karl-Haynts Rummenigge qoydu. O, Renatonun "lipa” olmadığına dair sübutlara da sahib olduqlarını dedi: "Biz bu məsələni araşdırdıq. Onun doğum tarixini təsdiq edən sənədlər var. Bundan əlavə, Sançesin 1997-ci ildə doğulduğunu sübut edən şəkil və videoya da sahibik".
Bütün söz-söhbətlərə baxmayaraq, Renato öz yolunda inamla irəliləyir. Gənc futbolçu artıq yeni klubu "Bavariya”da bir neçə oyunda şans qazanıb. Sançes son aylarda sərgilədiyi futbolu davam etdirsə, çox güman ki, Portuqaliyanın dünya futboluna bəxş etdiyi növbəti ulduz məhz o olacaq.

Kənan




banner

Oxşar Xəbərlər