AZE | RUS | ENG |

Dublyajın böyük ustadı - Fotolar

Dublyajın böyük ustadı - Fotolar
Onun “qızıl səs”i «Nəsimi» və «Gözlə məni» filmlərində də eşidilib

O, təkcə yaraşıqlı xarici görkəmi, çəkildiyi filmlərdəki yaddaqalan rolları ilə deyil, həmçinin qeyri-adi səsi, məxməri tembri ilə milyonlarla tamaşaçını məftun edib. Onun səsi ilə dünya ekranının ən məşhur qəhrəmanları danışıb. Feliks Yavorski həyatda ciddi, xeyirxah, səmimi insan olub. Dostları onu sevir, həmkarları hörmət edirdi. Sovet kino və teatr aktyoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü kimi tanınana qədər aktyor çətin həyat və yaradıcılıq yolu keçib.
 
Yaralılar arasında formalaşan xarakter 
 
Feliks Yavorski 1932-ci ildə Novokuznetsk şəhərində anadan olub. Feliksin anası Barbara əslən polşalı idi, Varşavada doğulmuşdu. Tale onu Sibirə gətirib çıxarmışdı. O, Tomsk Universitetinin tibb fakültəsində oxuyurdu, elə burada da ərə getmişdi. Aktyorun atası Leonid Yevseyev Yavorskiy Tomsk şəhərinin fəhlə-kəndli müfəttişliyində təlimatçı idi. O, uzun sürən xəstəlikdən sonra 1938-ci ilin aprelində Stalinskdə vəfat edir. Barbara Karlovna müharibədən əvvəl əsəb xəstəlikləri xəstəxanasında müdir işləyirdi. Yoldaşının ölümündən sonra onun öhdəsində iki balaca oğlu və qayınanası qalmışdı. Barbara Karlovna güclü iradəsi olan qadın idi. Böyük Vətən Müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılır və hospitalın müdiri vəzifəsində işləyir. Anası ilə birgə on yaşlı Feliks də müharibənin çətinliklərini çiyinlərində daşıyır. Müharibə həyatının ağırlığını oğlu ilə birgə keçən qadını yaralılar «bizim balaca mayorumuz» adlandırır, onun yenilməzliyinə, inadkarlığına və daxili gücünə həsəd aparırdılar.  
 


Hələ müharibənin qanlı-qadalı illərində Feliksin ürəyində incəsənətə məhəbbət yaranmışdı. 1944-cü ildə qardaşı Rem müharibədə döyüşürdü. Nəhayət, müharibə bitəndən sonra o, Novokuznetsk Pedaqoji İnstitutunun rektoru və Novokuznetsk şəhərinin fəxri vətəndaşı oldu. Feliks isə məktəbi qurtarıb Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə daxil oldu. Gənc məzunu dərhal kinoaktyorluq studiyasına qəbul etdilər. O, institutda SSRİ xalq artistləri V.V.Vanin və V.V.Belakurovun emalatxanasında ustad dərslərinə yiyələndi. Gəncin kinoda ilk debütü də hələ institutda oxuduğu illərə təsadüf etdi. 3-cü kursda oxuyanda «Yoldaşın şərəfi» filmində Suvorov məktəbinin tərbiyəçisi rolunda çıxış etdi. Bir il sonra o, yenidən ekranda göründü – bu dəfə fərqli ampluada. «Ehtiyatda olan oyuncu» komediyasında futbolçu rolunda çəkildi. Onun zahiri görkəmi və xarakteri, gəncə, müxtəlif amplualarda görünməyə şans verirdi. Rejissorlar onu dalbadal filmlərinə dəvət edirdilər. Yaraşıqlı siması, səsinin tembri, uca boyu və istedadı onu rejissorların sevimli aktyoruna çevirmişdi. Ona tez-tez güclü insanların rolunu təklif edirdilər. O, əsl kişi obrazlarını – rəislər, komandirlər, hərbçiləri oynayırdı. Feliks belə ekran əsərlərində həvəslə çəkilirdi. Ona görə də onun karyerasında «Ölməz qarnizon», «Yolda döyüş», «Qusar balladası» və s. kimi məşhur filmlər yer alıb. Aktyorun çəkildiyi filmlər sırasında "Karnaval gecəsi”, ”Qeyri-adi yay”, "Ulyanovlar ailəsi”, "Serjantlar",  "Həmkarlar”, "Şikayət kitabını verin”, "Köhnə tanış”, "Uğur ziqzaqı” və s. filmlərin də adı var. Ümumilikdə isə Feliks Yavorski 40-dan artıq filmdə çəkilib. 1954-cü ildə Feliks özünü dublyajda sınayır və tezliklə də bu sahədə aparıcı mütəxəssisə çevrilir. Aktyor 100-dən çox xarici film qəhrəmanlarının səsləndirilməsində iştirak edir. "Qizil səs”in sahibi deyərək mətbuatda onun haqqında məqalələr yazılırdı.  "Bu cür istedadlı və qeyri-adi səsə malik aktyor nadir hallarda doğulur” - deyə həmkarları etiraf edirdilər. Aktyorun səsləndirdiyi filmlər sırasında "Başsız atlı”, "Amerika faciəsi”, "Miraj”, "Spartak”, "Nürnberq prosesi”, "Anjelika mələklər markizası”, "Cazda yalnız qızlardır”, "Kleopatra” və s. əcnəbi və yerli filmlər var. Həmçinin bir çox sənədli və cizgi filmlərinin dublyajı də aktyorun adı ilə bağlıdır. 

Məşhur aktyor haqqında olan fikirlərdən biri belə idi: «Feliks Yavorski əfsanə insandır, ona təbiət tərəfindən ecazkar səs verilib. O, sanki bir sehrli alət kimi dövrünün məşhur əcnəbi filmlərini səsləndirib. Başqasının rollarının dublyajı üzərində onun misilsiz xidmətləri var. Onun səsi bütün dövrlər üçün qalacaq. Belə adamlar 100 ildə bir dəfə doğulur. Opera səhnəsinin bariton ifaçıları musiqi həvəskarlarına nə qədər xoş gəlirsə, Yavorskinin səsi də tamaşaçıların qulağına elə yatır». 
 


Eyni zamanda, aktyorun Azərbaycan filmlərinin rus dilinə səsləndirilməsində də əməyi var. «Nəsimi» filmində Şirvanşah İbrahim (Səməndər Rzayev) və «Gözlə məni» filmində Böyük bəy (Həsənağa Turabovun) rollarının dublyajı ona məxsusdur.   

 "Yarovski ördəyi”

Aktyor gələcək həyat yoldaşına da çəkiliş meydançasında rast gəlir. «Ehtiyatda olan oyunçu» filminin Odessadakı çəkilişlərində  Yermolova Teatrının aktrisası Yelena Qeorqiyevna Yermakova ilə tanış olur. Təkcə sənətlə bağlı baxışları deyil, xarakterləri də üst-üstə düşür. Onlar tezliklə evlənirlər. 1959-cu ildə isə onların oğlu Yeqor dünyaya gəlir. Ər-arvad sanki bir-biri üçün yaranmışdılar. Hər ikisi qonaqpərvər idilər. Onlar tez-tez evlərində qonaqlıqlar təşkil edirdilər. Dostları və qohumları başlarına yığmaq üçün bəhanə axtarırdılar. Belə gecələrdə səhərəcən oxuyur, oynayır və zarafatlaşıb gülürdülər. Feliks həmişə dostlarını «Yarovski ördəyi» yeməyinə dəvət edirdi. Feliks mahir kulinar idi. "Əgər o, artist olmasaydı, yəqin ki, ləzzətli yemək hazırladığına görə, kulinariya ustası olardı” - deyə bişirdiyi yeməkdən dadanlar mütləq belə deyirdi. Feliks isə kulinarlıq bacarığını belə izah edirdi: "Yəqin bu, ailə ilə bağlı olub. Çünki biz uşaq olanda evdə tək qalardıq. Anam işə gedərdi və bəzən gecə növbəsində olardı. Biz acından ölməmək üçün yemək hazırlayırdıq. Hətta anamız üçün də saxlayırdıq. O, işdən ac və yorğun gəlirdi. Mən yeməyi süfrəyə düzüb onun necə yeməsinə maraqla baxardım. Anam ağzını ləzzətlə tərpədərək "əhsən, oğlum!” deyincə, sevincdən uçmağa qanad axtarırdım. Mən, beləcə, yemək bişirməyi öyrəndim. Hətta sonralar anamın bişirdiyi yeməyi də o qədər bəyənmirdim”.
 
 

Feliks evlənəndən sonra da işinin çoxluğuna və gərginliyinə baxmayaraq, mətbəxdə vaxt keçirməyi xoşlayırdı. Həyat yoldaşı hərdən zarafatla "yaxşı ki, bəxtimə sən çıxıbsan” deyərək ona sataşmaqdan çəkinmirdi. O isə gülərək "mənim kulinarlıq bacarığımın kökündə keçmiş illərim durur” deyirdi.
 
30 illik xoşbəxtliyin sonu və həkim səhlənkarlığı  
 
Feliks Leonidoviçın nikahı 30 il sürür. 1982-ci ildə isə bu xoşbəxt ailənin yaxşı günləri sanki yuxuya dönür. Feliks sevimli həyat yoldaşını itirir. Yazılanlara görə, arvadının ölümündən sonra oğlu da yanında olmayıb, Yarovski öz dərdi ilə təkbaşına qalıb. Tənhalıq, həyəcanlar və əsəb sarsıntıları aktyorun səhhətinə pis təsir edib: "O, səs-küyə, mehribanlığa öyrəşmişdi. Hay-küylü həyatdan sonra birdən susqunluq... bu, ona pis təsir etdi”- deyə qonşuları danışırdı. 
 
 

1983-cü ilin dekabr ayında Yavorski paytaxt klinikalarından birinə yerləşdirilir. Müayinələrdən sonra həkimlər ona əməliyyat olunmağı məsləhət görürlər. Əməliyyatdan sonra Feliks özünü yaxşı hiss edirdi və xəstəxanadan çıxmağa hazırlaşırdı. Ancaq onun səhhəti birdən-birə pisləşir, onda infeksiya aşkarlanır. Tərslikdən, müalicə edən həkim klinikada yox idi. Həkimlərin peşələrinə laqeydliyi və qeyri-peşəkarlığı Yavorskinin həyatı bahasına başa gəlir. 1983-cü ilin 13 dekabrında 51 yaşında həyatla vidalaşır. Aktyor Moskvadakı Vvedenskoy qəbiristanlığında dəfn edilir. 

«Kədərlisi budur ki, onu xilas etmək üçün şans var idi, ancaq həkimlər bu şansı qaçırdılar. O, kifayət qədər cavan idi, cəmi 51 yaşı vardı. Necə deyərlər, bütün həyat hələ qabaqda idi, amma getdi…» - deyə Rusiya mətbuatı yazırdı. Aktyorun həmkarları isə "Əgər həkimlərin səhlənkarlığı olmasaydı, o, özünün təkrarolunmaz səsi ilə kinematoqrafiyanın  bir çox kino qəhrəmanlarını səsləndirə bilərdi” deyərək, kədərlərini gizlətmirdilər.

Elə həmin il aktyorun çəkildiyi «Reka villasının sirri» filmi ekranlara çıxır. Aktyora, sonuncu filmini görmək qismət olmur. "Xoşbəxtlikdən, aktyorun ölümündən sonra da bizə onu ekranda görmək və bir çox məşhur filmlərdə səsini eşitmək nəsib olub”- deyə həmkarları da, tamaşaçılar da təsəlli tapır. 
 
Rusiya mətbuatı əsasında hazırladı
Təranə Məhərrəmova
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973