Dramaterapiya vasitəsilə uşaqların bacarıqlarını inkişaf etdirən xanım
Xumar Kərimli:
"Bu həyatın qalibləri mənəviyyat hissini heç vaxt zədələməyənlər, ya da zədələyib
bərpa edənlərdir”
Cəmiyyətə faydalı olmaq onun həyat devizidir. Deyir
ki, insan nə qədər sağdırsa, yaşayırsa, başqa insanlara faydalı olmalıdır. Ona
görə, insan ancaq pul qazanmağa fokuslananda, bir müddət sonra hamını özündən
uzaqlaşdırır. Böyüdükdən sonra başa düşürsən ki, daxilində olan sevgi və mərhəmət
hissindən vacib heç nə yoxdur. Müsahibimiz dramaterapist Xumar Kərimlidir.
Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin
teatr rejissorluğu ixtisasını bitirib. Uşaqlıqdan ictimai aktivliyi, könüllülük
fəaliyyəti ilə həmyaşıdlarından seçilib: "Universitet illərində daha çox xüsusi
qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlarla bir yerdə çalışmağa
başladım. Kiçik tamaşalar qurur, uşaqlarla vaxt keçirirdim. Universitetdən
sonra bir müddət televiziya sahəsində çalışdım. İşdən çıxan kimi internat evinə,
uşaqların yanına qaçırdım. Belə həyat tərzi mənə daha xoş idi. Sonra bir illik
Avropa Komissiyasının könüllü proqramı ilə Polşaya getdim. Polşada 3 təşkilatda
işləyən yeganə könüllü idim. Orada sağlamlıq imkanları məhdud, daun sindromlu və
tipik uşaqlarla işləyirdim. Məktəblərdə, bağçalarda həm dramaterapiya edir, həm
də onlarla bir yerdə zaman keçirirdim. 6-7 ill bu şəkildə könüllü fəaliyyətim
olub”.
Həmsöhbətimiz öyrəndiklərini ölkəmizdə tətbiq etmək
üçün Azərbaycana qayıdıb: "Çünki Azərbaycanda dramaterapiya sahəsi inkişaf etməyib.
Düzdür, bütün psixologiya mərkəzlərinin daxilində var, amma onlar yalnız rollu
oyunlar etməklə kifayətlənirlər. Bu sahədə peşəkar mütəxəssis yoxdur. Əslində
xaricdə, Avropa və digər ölkələrdə dramaterapiya ixtisas olaraq tədris edilir.
Mən də peşəkar mütəxəssis olmaq üçün xaricdə təhsil almağı planlaşdırıram”.
Xumar xanım,
dramaterapiya nədir və cəmiyyətə nə kimi töhfəsi var?
- Dramaterapiya uşaqlarda zehni, sosial və psixomotor
bacarıqların bütünləşməsi yönündən çox önəmlidir. Terapiya zamanı uşaqlarda bədən
dilindən istifadə etmə, izləmə və diqqət cəmləmə, problem həlletmə, özünütanıma
və ifadəetmə, hərəkətlərin koordinasiyası kimi bacarıqlar inkişaf edir. Dramada
iştirakçılar bildikləri və ya yeni əhvalatları, hər hansı hadisəni hərəkətlərlə,
sözlü ifadələrlə canlandırırlar. Burda qayda-qanun , əzbərləmə, təkrar etmək məcburiyyəti
yoxdur, içlərindən gəldiyi kimi, hətta bəzən rolu dəyişərək oynaya bilərlər.
Dramaterapiyada aqressiya, düşməncə hisslər, hücum etmək kimi davranışlar,
basdırılmış mənfi duyğular kontrollu şəkildə əks olunur. Nəticədə uşaq özündə
gizli bacarıqları kəşf edir, özünəinamı artır, sağlam və sərbəst qərarlar verə bilir,
başqaları ilə birlikdə çalışma alışqanlığı qazanır, xəyal gücündən istifadə etməyi
bacarır. Fərqli xarakterdə olan və fərqli problemlərlə gələn uşaqların bir
arada olması da yaxşı nəticə verir. Psixoterapiya zamanı uşaqlar bədən dilindən
istifadə etmək, gözləmə, diqqəti cəmləmə, problemi həlletmə, özünü tanıma, ifadəetmə
və hərəkətlərin koordinasiyası kimi bacarıqları inkişaf etdirir. Terapiya
tamaşalar vasitəsilə edilir. Bu zaman uşaqların şüuraltında yaranan travmalar
üzə çıxmağa başlayır. Bundan əlavə, tipik və atipik uşaqlar bir yerdə komanda şəklində
fəaliyyətə başlayırlar. Bu, onların inteqrasiyası üçün çox faydalıdır. İlk növbədə
özünə qapalı olan uşaqlar daha çox sosiallaşmağa başlayırlar. Onların özlərinə münasibəti
dəyişməyə başlayır. 5-18 yaş arası uşaqlar üçün tövsiyə olunur.
Terapiya
yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlara, yoxsa, hər kəsə aiddir?
- Hər kəslə keçirilir. Bunu ayırmaq düzgün deyil.
Çünki dramaterapiya birbaşa sosiallaşmağa, inteqrasiyaya, şüur altındakı
travmalara yönəlir. Teatr vasitəsilə sənin problemini üzə çıxarır. Atipik
inkişafı olan uşaqların daimi şəkildə aktiv həyat tərzinə ehtiyacları olur.
Onlarda aktiv həyat tərzi dayanan kimi, geriyə inkişaf getməyə başlayır. Deyirlər
ki, uşaq geri qalır. Əslində uşaq geri qalmır, zaman gedir, uşaq olduğu yerdə
qalır və geridə qalmış sayılır.
- Könüllü şəkildə
Afrikaya getməyi və oradakı uşaqlarla vaxt keçirməyi planlaşdırırsınız.
- Bəli, orada könüllü şəkildə dramaterapiya ilə məşğul
olacağam. Mənim üçün "özgə uşağı” anlayışı yoxdur. Bütün uşaqlar eynidir. Müxtəlif
qitələrdə fərqli yoxsulluqla üzləşən ölkələr var. Həm mən onlara töhfə verəcəyəm,
həm də onlar mənə. Sonra qazandığım təcrübəni öz ölkəmdə davam etdirəcəyəm.
- Tələbəlik
illərindən könüllü kimi işləməyə başlayıbsınız. Bundan bir neçə il öncəsinə qədər
insanlara pulsuz işləmək gülünc gəlirdi. Belə hallarla qarşılaşıbsınız?
- Uşaq vaxtından "insan sosial varlıqdır” düşüncəsi
ilə böyümüşəm. Bir-birimizlə dərdimizi paylaşmaq, vaxtımızı buna sərf etmək belə,
könülüllük fəaliyyətidir. Mənə görə, insan hər şeyi özü üçün edir. Öz ailəm belə
mənim könüllü fəaliyyətimə qarşı çıxırdı ki, öz işinə fokuslan, özünü düşün,
pul qazan. "Yorulursan”, "xəstlənirsən”, "işlərini çatdıra bilmirsən” kimi sözlərlə
tez-tez rastlaşmışam. Mən bunu etməklə özümü xoşbəxt hiss edirəmsə, nə üçün etməyim?
Qazancım mənəvi rahatlığımdır. Düşünürəm ki, insan cəmiyyətdə varsa, mütləq
onun sosial fəaliyyəti olmalıdır. Mən insanın ancaq özünə, ailəsinə faydalı
olmasını qəbul edə bilmirəm. Sənin cəmiyyət üçün heç bir faydan yoxdursa, ancaq
pul qazanmağa fokuslanırsansa, robotdan fərqin yoxdur. Pul qazanamaq lazımdır, mən də çalışıram, heç
vaxt işsiz olmamışam. Amma pul qazanmaq mənim sosial, könüllü fəaliyyətimə mane
olmayıb. Gələcəkdə dramaterapiya sahəsindən pul qazansam belə, könüllü şəkildə
də uşaqlarla məşğul olacağam. Dramaterapistlər yetişdirəcəyəm ki, onlar da
könüllü işləsinlər. İnsan nə qədər sağdırsa, yaşayırsa, başqa insanlara faydalı
olmalıdır. Çünki mənəvi hisslər mütləq üzə çıxmalıdır. İstifadə etmədikdə, o
hisslər ölüb gedir, sənin bir gün ona işin düşür, əlini atırsan ki, yoxdur.
İnsan ancaq pul qazanmağa fokuslananda ətrafını bir müddət sonra özündən
uzaqlaşdırır. Amma gün gəlir, basdırdığın mənəviyyata ehtiyac duyursan.
Böyüdükdən sonra başa düşürsən ki, daxilində olan sevgi və mərhəmət hissindən
vacib heç nə yoxdur. Bu hiss nədirsə, insanları ağrıtmamağa, incitməməyə
hesablanıb. Hamımızın içində mərhəmət var. Təbii ki, onu bizə unutdura biləcək
N qədər hadisə yaşayırıq. Amma onu geri qaytarmaq çox vacibdir. Hətta deyərdim
ki, həyatın qalibləri bu hissi heç vaxt zədələməyənlər, ya da zədələyib bərpa
edənlərdir.
- İnsanlara
qarşılıqsız yardım etmək artıq sizdə tələbata çevrilib...
- Bəli, bu, mənim tələbatımdır. Bu hiss məndə
uşaqlıqdan var. Uşaqlıqda çantama qoyulan yeməyi məktəbin yanında dilənçi
xanıma verirdim. Evimizə qonaq gələndə, özüm yerdə yatırdım, yerimi başqasına
verirdim.
- Düşünürsünüzmü
ki, aşırı fədakarlıq da sizə zərər verə bilər?
- Bəli, aşırı fədakarlıq da travmadır. Bu da
balanslı olmalıdır. Mən əvvəl bunu balanslı etmirdim. Mənəvi baxımdan əziyyət çəkirdim.
Fədakarlıq öz yerini kiməsə vermək həddində yox, "gəl bu yeri birlikdə bölüşək”
həddində olmalıdır. Məsələn, bir valideynin uşağını pulla dramaterapiya edirəmsə,
mütləq bir nəfər aztəminatlı ailəyə pulsuz edirəm. Mən qocaları və uşaqları çox
sevirəm. Çünki insan qocalıqda və uşaqlıqda çox təmiz olur. Yetkin yaşımızda
daha çox mübarizə əzmində olur və əzməyə çalışırıq. Bu səbəbdən, ən saf
dövrümüz qocalığımız və uşaqlığımızdır.
- Daun sindromlu
mənəvi qızınız var. Nazlı... Nazlı sizə hansı həyat dərslərini keçib?
- Nazlını ilk dəfə xəstəxanada təsadüfən, analiz
verməyə gedəndə görmüşdüm. 3 yaşı var idi. Sonra o, mənim üçün fərqli bir
insana çevrildi. Uşaqların içində pislik olmur. Nazlı mənə
qarşılıqsız sevməyi öyrətdi. Məsələn, mən səni çox sevirəm, sən məni sevməyə də
bilərsən, amma mən yenə də səni sevirəm. Ən əsası, Nazlıdan sevgi dolu olmağı
öyrəndim.
- Xumar
xanım, dramaterapiya vasitəsilə uşaqların alt şüurunu ortaya çıxarır, təmizləyirsiniz.
Maraqlıdır, bizim körpələrin problemləri nədir? Onların şüurunun altında nələr
yatır?
- Hər şeyin başında cəmiyyətdəki problemlər
dayanır. Mental dəyərlər, qıza aşılanan "sən utancaq olmalısan”, "sən qapalı
olmalısan” kimi fikirlər, oğlan uşağının şüuruna yeritdikləri "kişi ağlamaz”
söhbətləri gələcəkdə uşaqlarda travma yaradır. Oğlanlar ağlaya bilmir, qızlar
da istəklərini içində boğurlar. Ən pisi isə odur ki, valideynlər uşaqlara
intiqam hissi aşılayırlar. Özünəinamla özündənrazılığı qarışdırırlar. Özünəinam
odur ki, sən ətrafı da sevirsən, özünü də. Özündənrazılıq isə "hamı pisdir sən
yaxşısan” deməkdir. Uşaqlara "kim səni vurubsa, sən də vurmalısan” deyirik. Biz
uşaqlara intiqam hissini deyil, özünümüdafiəni öyrətməliyik. Ailədə sağlam
münasibət olmalıdır. Mayalanma dövründə ananın keçirdiyi bütün hisslər uşağa ötürülür. Atanın isə anaya münasibəti
uşağa keçir. Bunlar bir-birinə zəncir kimi bağlıdır. Bu səbəbdən, uşaqlar
travmalar yaşayır, özlərinə qapanır, aqressiv olurlar.
- Gələcək
planlarınız...
- Dramaterapiya mərkəzi açmaq istəyirəm. Valideynlərlə
maarifləndirici təlimlər keçirməyi planlaşdırıram. Bu gün həyatımızda nə baş
verirsə, bu, mütləq uşaqlıqla əlaqəlidir. Yeni dramaterapistlər yetişdirmək istəyirəm.
Çox istəyərəm ki, dramaterapiyanı tədris kimi məktəblərdə keçsinlər. Təhsil
alıb gəldikdən sonra bununla bağlı müraciət edəcəyəm.
Aygün ƏZİZ