AZE | RUS | ENG |

Doğulduğu kəndin ilk elmlər doktoru- Keçmişdəki mən

Doğulduğu kəndin ilk elmlər doktoru- Keçmişdəki mən
Möhsün Nağısoylu: “Altı yaşına qədər ayaqqabının nə olduğunu bilməmiş, ayaqyalın gəzmişəm”

Həmişə sabahın bu gündən yaxşı olacağına inanıb. Nə qədər çətinlik, kasıbçılıq, aclıq görsə də, ümid etməkdən, xəyal qurmaqdan çəkinməyib. "Bir gün mütləq hər şey yaxşı olacaq”, "Mən də böyük insan olacağam”, "Özümdən sonra iz qoyacağam” kimi fikirləri əzmi, məqsədi ilə birlikdə onu, istədiyi, ümid etdiyi bütün xəyallarına çatdırıb. Kasıbçılığı da, zənginliyi də görüb və nəticə çıxarıb. 
Müsahibimiz tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur. Müsahibimizlə onun keçmişinə boylandıq...
 
"Qardaşım fəhləlik edib məni oxutdu”
 
M.Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Noraşen rayonunun indiki Kəngərli kəndində doğulub. O, uşaqlıq illərini xatırlayanda qəhərlənir, dərin bir ah çəkir və keçmişinə səyahət edir: "Atam kasıb kolxozçu idi. Xırmanda gözətçi işləyirdi. Anam isə savadsız, evdar qadın idi. Adi, yoxsul kəndli balasıyam. Ailədə altı uşaq olmuşuq - dörd qardaş, iki bacı. Gözümü açandan atamı kolxozda ağır işlərdə işləyən görmüşəm. Valideynlərimi incitməyim, onların xətrinə dəyən söz deməyim yadıma gəlmir. Buna görə, özümü xoşbəxt insanlardan sayıram. Böyük qardaşım Qara məndən 10 yaş böyük idi. Ailənin ilki olduğu üçün atamla yanaşı, onun da üzərinə böyük yük düşürdü. Elə buna görə də, kəndimizdəki yediillik ibtidai məktəbi bitirən kimi əmək fəaliyyəti ilə məşğul olmuş, çobanlıq etmişdi. Kənddə və qonşu rayonlarda hamı onu Çoban Qara kimi tanıyırdı. Sinif yoldaşları deyirdi ki, riyaziyyatı Qara qədər bilən yoxdur. Amma maddi vəziyyətimiz onun oxumasına imkan vermədi. Qardaşım çobanlıq, fəhləlik edib məni oxutdu. Çoban olsa da, qardaşımı əsl ziyalı sayıram. Çünki elmə, təhsilə çox böyük önəm verirdi”. 
 
"Doğum tariximi bilmirdim”
 
Həmsöhbətimiz deyir ki, 2003-cü ilə qədər doğum gününü qeyd etməyib. Məhz həmin ildən sonra, hansı gün doğulduğunu öyrənib: "Təvəllüdümü bilsəm də, doğulduğum ayı, günü bilmirdim. Universitetdə oxuyarkən məndən doğum tariximi dəqiq tələb etdilər. Anam rəhmətlik deyərdi ki, sən yayın son günlərində doğulmusan. Elə buna görə də, doğum tariximi 20 avqust yazdırmışdım. 2003-cü ildə yeni şəxsiyyət vəsiqəsi alanda soyadımı Nağıyevdən Nağısoya keçirirdim. O zaman şəhadətnamənin kötüyünü tapdım və məlum oldu ki, avqustun 20-si yox, sentyabrın 1-i doğulmuşam”.
 
"Yanımdan yel keçən kimi xəstələnirdim”
 
Balaca Möhsün uşaqlıqda çox zəif, sısqa, cansız olub. Deyir ki, yanımdan yel keçən kimi xəstələnirdim: "Qardaşlarımın üçü də məndən hündür və cüssəli idi. Kənd uşaqlarının çoxu yay aylarında çilingağac, dirədöymə oynayardılar, mən isə daha çox aşıq oynamağa həvəs göstərirdim. Hazırda bu oyun demək olar ki, unudulub. Ancaq bizim dövrdə geniş yayılmışdı. Yadımdadır, həyətimizdə göyərçin saxlayırdım, vaxtımın çoxunu onlara baxmaqla keçirirdim. Təbiətcə isə çox tələskən uşaq idim. Yemək yeyərkən də, kitab oxuyarkən də, hədsiz dərəcədə tələsirdim. Bir dəfə qovunu o qədər tələsik yemişəm ki, az qala tikəsi boğazımda qalacaqdı. Tələskənlik xasiyyətim indi də qalıb”.
 
"Lenin kimi böyük adam olacağam”
 
Həmsöhbətimiz uşaqlıqdan kitab oxumağa meyilli olub. Deyir ki, kitablar ona həyatı öyrədib: "Məktəbdə oxuyandan kitab oxumağı çox sevirdim. Kəndimizdə məktəbin və kolxozun kitabxanası var idi. Hər iki kitabxanaya üzv yazılıb, bütün kitabları oxumuşdum. Riyaziyyat müəllimim mənə hər dəfə bədii kitablar oxumağı tapşırırdı. Deyirdi ki, Karl Marksın "Kapital” əsərini oxu. Lenin onu 16 yaşında oxuyub. Müəllimim həmişə düşünürdü ki, Lenin kimi böyük adam olacağam”.
 
"Soğan-çörək yeyirdik”
 
Uşaqlığından danışarkən yaşadığı yoxsulluq, ac qaldığı günlər gözünün önünə gəlir. Deyir ki, o qədər yoxsulluğa baxmayaraq, çox xoşbəxt olub və əsl uşaqlıq yaşayıb: "Qardaşım Qara işləyənə qədər, ailəmizi cüzi maaş müqabilində atam dolandırırdı. Sonra Qara əsgərliyə getdi və yük yenə atamın üzərinə düşdü. Nə dərəcədə kasıb yaşamağımız haqqında təsəvvür yaratmaq üçün bir məsələni açıqlayım: altı yaşına qədər ayaqqabının nə olduğunu bilməmiş, ayaqyalın gəzmişəm. İlk dəfə geyindiyim rezin qaloş olub, o da məktəbdə oxuyarkən... Ət xörəyi yalnız nadir hallarda yeyər, şirin çayı yalnız xəstələnəndə içərdik. Kənd camaatının çoxu bizim ailəmiz kimi yoxsulluq içində yaşayırdı. Uşaqlığımız müharibədən sonrakı dövrə düşdü. Nadir hallarda ət yeyirdik. Bəzən kolxozun dəvəsi ölürdü, onun ətini kolxozçulara paylayırdılar və ondan bizə də müəyyən qədər pay çatardı, ləzzətlə yeyərdik. Bütün ailəmiz birotaqlı evdə yaşayırdıq. Ümumiyyətlə, ailədə yeməyimiz əksər hallarda yavan çörək olardı. Bəzən qənddən dişləyib lavaşdan yeyər, qəndi özümüzə yavanlıq edərdik. Soğan-çörək yediyimiz vaxtlar da olub. Kolxozda əməyə görə şəkər tozu verirdilər. Şəkər tozunu çörəyin arasına qoyub yeyirdik. Evin bir pəncərəsi var idi. Balaca evimizə işıq oradan düşürdü. Evin ortasında təndir, yuxarısında baca var idi. Təndirə anam həm lavaş yapardı, həm də qışda onun istisinə qızınardıq”.
 
"Kolxozçu məni kötəklədi”
 
Möhsün müəllim məktəb oxuyarkən çobanlıq da edib. Deyir ki, öz qoyunları ilə yanaşı, kəndin qoyunlarını otarıb və pul qazanıb: "Əməlli-başlı pul qazanırdım. İlk qazancımdan anama çadralıq parça da almışdım. Yadımdadır, bir dəfə də quzu otararkən onların bir hissəsi kolxoz zəmisinə doldu və kolxozçu məni yaxşıca kötəklədi. İşləməyim təhsilimə mane ola bilmədi. Məktəbi "əla” qiymətlərlə bitirdim. Riyaziyyatı çox sevsəm də, 10-cu sinifdən ədəbiyyata marağım yarandı və qərar verdim ki, sənədlərimi Bakı Dövlət Universitetinə, filologiya fakültəsinə verəcəm. Müəllim olmaq istəyirdim, çünki mənim nəzərimdə müəllimdən böyük insan, müəllimlikdən üstün peşə və vəzifə yox idi”.
 
"Bakıya gəlməyə yol pulum yox idi”
 
Həvəslə çantasını yığıb Bakıya gələndə, məlum olub ki, atası yol pulunu düzəldə bilməyib: "Atam dedi ki, eybi yox, bu dəfə pulumuz yoxdur, qal kənddə, imtahanlarını gələn il verərsən. Amma qardaşım Qara kənddən borc pul tapıb məni Bakıya göndərmişdi. Birinci il universitetə qəbul ola bilmədim və kor-peşman kəndə qayıtmalı oldum. Ailəmizin də, kəndimizin də etimadını doğrulda bilmədim. Bir müddət kənddə qaldıqdan sonra qardaşımla İrəvana fəhləlik etməyə getdim. Orada tikintidə işləyirdik. İkinci il yenidən sənəd verdim və Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil aldım”.
 
"Şəklimi şərəf lövhəsindən çıxartdırdım”
 
Universitet illərində də çətinlik, kasıbçılıq ondan yan keçməyib. Deyir ki, geyinməyə paltosu olmadığı üçün qarda universitetə pencəklə gedirmiş. Amma bu hal onu narahat etməyib. Çünki tək məqsədi təhsil alıb, müəllim işləmək olub: "Qış imtahanı zamanı iki fəndən "əla”, birindən isə "yaxşı” qiymət aldım. İran tarixi fənnini Nəriman Həsənov tədris edirdi. İmtahanda asissent isə Əbülfəz Elçibəy idi. İmtahan bileti suallarına cavab verdim, amma Nəriman müəllim bununla qane olmadı, mənə bir neçə əlavə sual verdi. "Əla” yazmaq istəmirdi. Əbülfəz müəllim, özünəməxsus əda ilə dedi ki, görmürsən, kasıb balasıdır, yaxşı da cavab verdi, "beş”ini ver getsin də, uşağı niyə çək-çevirə salırsan? Nəriman müəllim də onunla razılaşıb "əla” yazdı. Fakültədə əlaçı tələbələrin şəkillərini şərəf lövhəsinə vururdular. Məndən də şəkil istədilər. Pulum olmadığı üçün tələbə yoldaşım Səfərdən xahiş etdim ki, öz fotoaparatı ilə şəklimi çəksin. O, xahişimi yerin yetirdi və mənim şəklimi çəkdi. Sonra məlum oldu ki, hamının şəkli rənglidir və fotostudiyada çəkilib, mənimki isə ağ-qaradır. Görənlər baxıb gülürdülər, buna görə də öz xahişimlə şəklimi şərəf lövhəsindən çıxardılar”.
 
"Yemək yanıb, külə döndü”
 
Yemək məsələsinə gəldikdə isə, tələbə Möhsünə yataqxanada heç bir yoldaşı bu işi etibar etməyib: "Yataqxanada növbə ilə yemək bişirərdik. Bir dəfə mənim növbəm olanda, toyuq bişirmişdim. Toyuq yanıb, külə döndü. Qrup yoldaşlarım deyirdilər ki, sənin əlindən oxumaqdan başqa heç nə gəlmir. Ona görə də sən bundan sonra yemək bişirməyəcəksən”.
 
"Həmin gün ömür-gün yoldaşımı tapdım”
 
Həmsöhbətimizin ilk sevdiyi qadın elə həyat yoldaşı Hüsniyyə xanım olub. Məktəbdə 45 dəqiqəlik müəllimini əvəz etdiyi müddətdə, "şagirdinə” "vurulub”: "O vaxt Hüsniyyənin heç 15 yaşı olmazdı. Mənim də 20 yaşım var idi. Kəndə gəzməyə getmişdim müəllimimlə görüşəndə dedi ki, 45 dəqiqəlik mənim dərsimi əvəz et. Mən elə həmin gün ilk sevgimi də, ömür gün yoldaşımı da tanıdım. Dərsdən sonra həmin il Hüsniyyəni bir-iki dəfə kənddə gördüm və anladım ki, bu qıza vurulmuşam. Hüsniyyəyə bir məktub yazdım və hisslərimi dedim. Kənd camaatı artıq hər şeyi bilirdi. O zaman fars dilini bilənləri Əfqanıstana tərcüməçi kimi göndərirdilər. Mən də Əfqanıstana getdim, tələbə olmağıma baxmayaraq, baş tərcüməçi işləyir, yaxşı pul qazanırdım. Hətta Bakıya maşın alıb gətirmişdim. Mən Əfqanıstanda olduğum üçün Hüsniyyə ilə münasibətlərimiz soyudu. Amma qayıtdıqdan sonra ailə qurub birlikdə Əfqanıstana getdik”.
 
"Çətinlik insanı möhkəmləndirir”
 
Kəndlərindən çıxan ilk elmlər doktoru olan Möhsün Nağısoylu deyir ki, gənclər onun həyatını oxuyub bilsinlər ki, elmdən gözəl "dayı” və pul yoxdur: "Uşaqlıqda  keçirdiyimiz çətinlik bizi qorxutmurdu. Çünki görürdük ki, savadlı adamlar necə böyük vəzifələrdədirlər. Mən bizim kəndimizdən çıxan ilk elmlər doktoru və akademikəm. Bununla fəxr edirəm. İstəyirəm gənclər bilsin ki, elmlə, təhsillə hər şeyə nail olmaq olar. İnsan qarşısına məqsəd qoysa, önünü heç bir qüvvə kəsə bilməz. Çətinliklərdən qorxmaq lazım deyil. Çətinlik də insan üçündür. İnsanları mətinləşdirir, möhkəmləndirir”.
 
"İnsan sevir və sevilirsə...”
 
Müsahibimiz sonda vurğuladı ki, həyatın mənası sevib-sevilməkdədir: "İnsan sevir və sevilirsə, bu, xoşbəxtlikdir. Ən xoşbəxt insan o insandır ki, sevinə-sevinə işə gedir, sevinərək evinə qayıdır. Mən bu yaşımda da, böyük sevgi hissləri ilə yaşayıram. Özümdən sonra iz qoydum, kitablarım, övladlarım və nəvələrim var. Müasir gənclərin ailələrinin tez-tez dağılması mənə pis təsir edir. İnsanlar bir-birlərini başa düşmür, güzəştə getmirlər. Ən böyük var-dövlət insanın daxili aləmi, mənəviyyatıdır. Gənc ailələrə demək istəyirəm ki, xoşbəxtlik maşında, dəbdəbədə deyil. Ailə seçimində də dərindən düşünsünlər. Ailə qurulduqdan sonra şəxsi qürur hisslərini kənara atsınlar. Gənclərdən ən böyük istəyim isə odur ki, kitab oxusunlar. Kitab insanı kamilləşdirir. Kitabı da internetdə, telefonda, planşetdə yox, məhz kitabdan oxusunlar. Onun verdiyi həzz, kitabın qoxusu, ruhu başqadır”.
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000