• şənbə, 20 Aprel, 10:13
  • Baku Bakı 14°C

Dinozavrlar Bakıda - Fotolar

29.09.14 12:33 9596
Dinozavrlar Bakıda - Fotolar
Dünyanın ən böyük sərgisi hesab edilən “interaktiv dinozavrlar sərgisi” bir çox ölkələri fəth etdikdən sonra Bakıya gəlib. “Dinozavrlar şousu” adı altında keçirilən sərgi açılış günündən etibarən şəhər sakinlərinin marağına səbəb olub. Biz də paytaxtımıza ilk dəfə gətirilən dinozavrları görmək və sərginin gedişi ilə tanış olmaq üçün şounun keçirildiyi ünvana – “Bakı Ekspo Mərkəzi”nə üz tutduq.
Məlumat üçün bildirək ki, təşkilatçılar şəhər sakinlərinə sərgiyə pulsuz getmək üçün şərait yaradıblar. Hər 30 dəqiqədən bir metronun “Koroğlu” stansiyasından “Bakı Ekspo Mərkəzi”nə avtobuslar işləyir. Beləliklə, Koroğlu stansiysından sərginin keçirildiyi yerə yollandıq.
“Biletlər bahadır”

Əvvəlcə bilet almaq üçün kassaya yaxınlaşdıq. Fürsətdən istifadə edib ümumi biletlərin qiyməti ilə maraqlandıq. Kassirlə söhbətimizdən məlum oldu ki, biletlər həftə sonu və həftə içi fərqli qiymətə satılır: “Həftə sonu biletlər həftə içinə nisbətən bahadır. Əgər uşaqlar qrup şəkilində gəlirlərsə, həftə içi 5 manat, həftə sonu 7 manat ödəməlidirlər. Tək-tək isə müvafiq olaraq böyüklər 8-10 manat, kiçiklər 7-9 manata bilet əldə edə bilərlər. Ailə üçün isə güzəşt kimi 28-35 manat nəzərdə tutulub”.
Bizimlə birlikdə bilet alan Aliyə xanım biletlərin baha olmasından şikayətləndi: “Nəvəmin dostları sərgiyə gəlib həyətdə dinozavrlardan danışıblar. Uşaq də istədiyi üçün məcbur olub onu sərgiyə gətirmişəm. Amma biletlərin belə baha olmasını bilmirdim. Hələ sərginin necə olmasından xəbərim yoxdur. Ümid edirəm ki, ödədiyim pula dəyər”.
Bədheybətlər dövrünə səyahət

Bileti aldıqdan sonra sərgiyə daxil oluruq. Bakı Expo Mərkəzi sözün əsl mənasında cəngəlliyə çevrilib. Sərgidə gəzərkən insan özünü tarixdən əvvəlki bədheybətlər dövründə hiss edir. Cəngəllikdə 65 milyon əvvəl planetimizdə yaşamış 50-dən çox iri heyvan məskunlaşıb. Kələzlər və sürünən heyvanlar burada təbii ölçüdə təqdim olunub və hərəkət edə, qanad çala və acgözlüklə dişlərini şaqqıldada bilirlər. Sahəsi 5 min kvadratmetr olan pavilyonda gəzərkən insan istər-istəməz dinozavrların “itirilmiş dünyası”ına qərq olur.
Sərgi iştirakçıları biletlərin baha olmasından şikayətlənsə də, məkana kifayət qədər insan axını var idi. İştirakçılar isə daha çox uşaqlardan ibarətdir. Onlar təəccüblü baxışları ilə dinozavrlara baxır, bəzən də dinozavr hərəkət edib, səs çıxararkən qorxub valideynlərindən bərk-bərk yapışırdılar.
“Yaş həddi göstərilməlidir”

Uşağı qorxduğu üçün narahat olan Məhbubə Quliyeva deyir ki, bu şou çox maraqlı olsa da, bir o qədər də qorxuncdur. Həmsöhbətimiz düşünür ki, bu sərgi üçün 10 manat böyük puldur: “Azyaşlı övladımı əyləndirmək məqsədilə buraya gəlmişəm. Dinozavrlar o qədər təbii görünür ki, övladım çox qorxdu. Belə layihələrdə gərək öncədən yaş həddi göstərilsin ki, biz də gələrkən yaş həddini nəzərə alıb uşaqlarımızı gətirək. Üstəlik, qiymətlər də bahadır. Məncə, bir dəfə fırlanıb rezinli dinozavrlara baxmaq üçün 10 manat böyük puldur”.
Sərgidə dinozavrların həyatı haqqında 3D filmi, balacalar üçün kiçik sevimli dinozavr Dino ilə interaktiv oyun zonası, gənc paleontoloqların qazıntılar aparacağı “arxeologiya zonası” fəaliyyət göstərir. Həmçinin ərazidə, kafe, suvenirlər mağazası, 3D kinoteatrı yerləşdirilib.
Dinozavrlar haqqında filmi izləmək üçün biz də uşaqlarla birlikdə 3D eynəklərimizi götürüb kinoteatra daxil oluruq. 3D effektində filmə baxarkən, əylənməkdən və öyrənməkdən daha çox insanı vahimə basır. Ekranda dinozavrlar, balıqlar göstərildikdə uşaqlar da qorxaraq qışqırırdılar.
Bizimlə birlikdə kinoteatrdan çıxan Gülnarə deyir ki, sərgiyə daha çox böyüklər gəlməlidir: “Məncə, bu sərgiyə 4-5 yaşında uşağı gətirmək düzgün deyil. Çünki içərinin ab-havası, vahiməli səslər, xüsusilə də kinoteatrda göstərilən dinozavrlara aid film uşaqlar üçün çox qorxulu ola bilər. Uşaqlar üçün kiçik sevimli dinozavr - Dino ilə interaktiv oyun zonası daha yaxşı idi”.
“Uşaqlardan çox özüm əyləndim”

Sərgini gəzərkən plakatlar diqqətimizi çəkir. Plakatların üzərində dinozavrlar haqqında geniş məlumat verilib. Çəpəri keçənlər isə 50 manat cərimələnir. Amma icazəli şəkildə böyüklər 5 manat, kiçiklər 4 manat ödəməklə dinozavrlarla şəkil çəkdirə bilərlər. Bu məbləği ödədikdən sonra kiçik dinozavrların belində gəzmək, qabığı soyulan yumurtanın içərisinə və ya dinozavrın ağzına girmək mümkündür.
Burada şəkil çəkdirmək üçün növbədə dayanan Arzu sərgini çox bəyəndiyini söylədi: “Ailəmlə birlikdə günümüzü dəyərləndirməyə və uşaqlarımızı əyləndirməyə gəlmişik. Əyləncə üçün çox gözəl şoudur. İnanın ki, uşaqlardan çox özüm əylənmişəm. Dinozavrlara toxunmaq, onları hiss etmək həqiqətən əsrarəngiz duyğudur. Uşaqlar isə dinozavrdan qorxduğu üçün, daha çox xüsusi oyun yerlərində əyləndilər”.
Övladının dinozavr yumurtasının içində şəklini çəkən Tofiq gülərək deyir ki, gülməli görünməsə, özü də yumurtada şəkil çəkdirər: “Dinozavrlar şousu həqiqətən çox maraqlıdır. Uşaqlarla birlikdə özüm də əylənirəm. O dövrün ab-havasını hiss etmək insana zövq verir. İşıq effektləri də o qədər gözəldir ki, insan real həyatdan təcrid olunur”.
Təhsil və əyləncə bir arada

Sərginin yaradıcısı, kommersiya direktoru İqnasio Soxo bu ekspozisiyada iki konsepsiyanı - təhsil və əyləncəni birləşdirməyə çalışdıqlarını bildirdi: “Bu layihəyə 10 il əvvəl başlamışıq. Bu dövr ərzində dünyanın 100-dən çox şəhərində 250-dən artıq sərgi təşkil olunub. Həmin sərgilərə təqribən 5 milyon nəfər baş çəkib. Sərgi Bakı sakinlərinin də böyük marağına səbəb olub və qonaqlarımızın alacağı təəssürat isə bütün həyatları boyu xatirələrində qalacaq”.
Bizimlə dinozavrların seyrinə çıxan administrator Elmira Əhədova dedi ki, sərginin təşkil olunmasında məqsəd insanlara qədim vaxtlarda necə yaşayış tərzi olduğunu yansıtmaq və bir az da olsa, o ab-havanı hiss etdirməkdir. Administartorun sözlərinə görə, sərgiyə maraq yüksək səviyyədədir: “Sərgi yalnız uşaqların maraq dairəsində deyil, valideynlər və gənc nəsil uşaqlardan daha çox maraq göstərir”.
“Canlı” dinozavrlar

Məlumat üçün bildirək ki,“Dinozavrlar şousu” sərgisi ilk dəfə olaraq Argentinada yaradılıb və burada müntəzəm olaraq həyata keçirilib. Ekspozisiya böyük uğur qazandıqdan sonra Avropa, Şimali və Cənubi Amerika, Çin və Rusiyada nümayiş olunub. Bu, dünyada dinozavrlar mövzusu üzrə ən mürəkkəb, genişmiqyaslı və interaktiv layihələrdən biridir. Sərginin həyata keçirilməsi üçün təkcə texniklər deyil, eyni zamanda paleontoloqlar geniş iş aparıblar. Məhz onların əməyi sayəsində bu sərgilərdə nümayiş etdirilən dinozavrlar “canlı” görünürlər.
Qeyd edək ki, sərgi sentyabrın 18-dən oktyabrın 15-dək hər gün (saat 10:00-dan 20:00-dək) davam edəcək.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər