
“Dəstək ola bilər, amma hər şey insanın özündə bitir” - Uğur hekayəsi
Gənclik qəzeti
22 May 2020, 10:00
3109
Elnar Məmmədli:
"İnsan nəyəsə nail olmaq istəyirsə, çətin yollardan keçir”
Hələ məktəb
illərindən xaricdə təhsil almaq arzusu olur. Ancaq bu istəyi bir az gec - üçüncü
kursda oxuyanda reallaşır. Heç nəyə baxmayaraq, təhsilini yarımçıq qoyub, bu
arzusunu reallaşdırır və oxumağa gedir. Artıq 10 ildir ki, Kanadada yaşayır.
Müsahibimiz "InXpress” şirkətinin Kanadada françayz
sahibi, "Grand & Toy” şirkətində isə müştəri hesabları meneceri işləyən həmyerlimiz
Elnar Məmmədlidir. O, həmçinin Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin
prezidentidir.
- Azərbaycan Dövlət İqtisad Universitetində -
Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil almısınız, amma 3-cü kursda burada təhsili
yarımçıq qoyub Kanadada yenidən bakalavr oxumağa getmisiniz. Bu qərarı verməyinizin
səbəbi nə idi?
- Hələ məktəb
dövründən başlayan xaricdə təhsil almaq kimi arzum var idi və bu istək
günü-gündən böyüyürdü. Hər gün davamlı olaraq bunun üçün çalışırdım, aktiv şəkildə
proqramlara müraciət edirdim. 665 balla İqtisad Universitetinə qəbul oldum. O
vaxt müxtəlif təqaüd proqramlarına müraciət edirdim, amma nədənsə alınmırdı.
Birinci kursda Azərbaycanın Xaricdə Təhsillə bağlı Dövlət Proqramı ilə İngiltərədə
təhsil üçün müraciət etdim, qəbul etmədilər. Daha sonra Rumıniyanın təqaüd
proqramına cəhd etdim, o da alınmadı. Düzdür, universitetdə oxuyurdum, amma
xaricdə təhsillə bağlı da araşdırırdım, müraciət edirdim. Alındığında mən
üçüncü kursun ortasındaydım. Universiteti başa vurmaq üçün bir il yarım
qalırdı. Bu arzu o qədər böyük idi ki, mənim gözümdə başqa bir şey görünmürdü.
Ona görə bəzi şeylərdən imtina etməli oldum və buna da peşman deyiləm. Çünki
Kanadada istədiyim universitetdə və ixtisasda təhsil aldım.

- Sizin gözünüzə heç nə görünməyə bilər, amma çox
vaxt valideynlər övladlarına təhsili yarımçıq qoymağa imkan vermirlər, "Diplomu
al, sonra nə edirsən, et” deyirlər.
- Artıq
arzumun böyüklüyü onlara da təsir etmişdi və bu, onların da istəyinə
çevrilmişdi. Digər tərəfdən, valideynlərim nə mənə, nə də qardaşıma bu cəhətdən
müdaxilə etmirdilər, qərar verməyi öz öhdəmizə buraxmışdılar. Nə qərar versəm,
dəstəkləyəcəklərini bilirdim. Elə də oldu.
- Azərbaycanda və Kanadada aldığınız təhsildə
ixtisas fərqi oldumu?
- Bakıda
beynəlxalq iqtisadi münasibətlər üzrə oxuyurdum. Kanadada Kalqari
Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili aldım.
- XİQ-də oxuyan müsahibimiz çox olub, böyük qismi
artıq tələbə vaxtından işləməyə başlayıb. Bakıda tələbə olduğunuz dövrdə işlədiniz?
- Mənim
Bakıda iş həyatım 2-3 aylıq olub, aktiv şəkildə işləməmişəm. Əgər bir məqsədim
varsa, ona fokuslanmağı xoşlayıram. O dövrdə iş həyatına atılmamağımın səbəbi
xaricdə təhsilə olan fokusumu dağıtmamaq idi. Bəlkə də tələbə vaxtı Bakıda işləmiş
olsaydım, tamam başqa yolla gedərdim. Ancaq mən hara getdiyimi bilirdim və o
fokusu dağıtmaq istəmirdim.
- Bəs Kanadada necə, iş həyatına başlamaq üçün təhsilin
bitməyini gözlədiniz?
- Mən fərqli
ölkəyə, yeni mədəniyyətin içərisinə düşmüşdüm. Belə olan halda insan aktiv öyrənməyə
başlayır. O dövrdə mənim qısa zamanda iş tapıb çalışmaq kimi prioritetim yox
idi. Təhsildən başqa əsas məqsədim araşdırmaq, öyrənmək idi. Buna görə sosial və
intellektual çevrəmi genişləndirmək üçün çalışırdım, ölkə, burdakı iş mühiti, həyat
tərzi və s. haqqında araşdırırdım.
Ancaq
işlər də olurdu. 2-ci kursda mentorluq etməyə başladım. Universitetdə belə
imkan olur ki, yuxarı kurslarda oxuyan, bəzi fənlərdən qiymətləri yaxşı olan tələbələr
aşağı kurslarda təhsil alanlara mentorluq edirdilər. Mən də bu işə qoşuldum.
Maraqlı idi, bu işi görərkən həzz alırdım. Bunun üçün bizə ödəniş də edilirdi.
Daha
sonra yerli maliyyə şirkətlərində, kiçik şirkətlərdə layihələrdə işlədim. 4-cü
kursun sonlarına yaxın "Enterprise Holding”də yarımştat çalışmağa başladım. Bu
Rent-A-Car şirkəti idi. Ordakı 9 aylıq fəaliyyət mənim üçün yaxşı təcrübə oldu.
Əsas məqsəd pul qazanmaq yox, öyrənmək idi. Çünki özümü universiteti bitirəndən
sonrakı iş mühitinə hazırlayırdım.
- Maliyyə cəhətdən xərclərinizi valideynlər
qarşılayırdı? Çünki qardaşınızla eyni vaxtda təhsil almısınız.
- Bəzi
gündəlik xərclərimizi özümüz qarşılaya bilirdik, amma əsas maliyyə yükü
valideynlərin üstündə idi. Daha doğrusu, qardaşım dövlət proqramı ilə təhsil
alırdı, valideynlər mənim xərclərimi qarşılayırdılar.

- Universitet vaxtı özünüzü iş mühitinə hazırlamaq
üçün işlədiyinizi dediniz. Təhsili başa vurandan sonra iş tapmağınız necə oldu?
- Təhsili
başa vurandan sonra iş tapmaq bir neçə ay vaxt aldı. İşlərə müraciət edirdim,
müsahibələrə qatılırdım. Həmin dövrdə neftin qiyməti düşdüyü üçün iqtisadiyyat
o qədər yaxşı deyildi. Bir neçə ay sonra "Xerox” şirkətində hesab üzrə menecer
olaraq işə qəbul edildim. Qlobal şirkət idi və mənə yaxşı təcrübə qazandırdı.
Bu, mənim həyatımda dönüş nöqtəsi oldu.
- Bir ildən bir az çox həmin şirkətdən çalışdıqdan
sonra başqa bir işin idarəetməsini üzərinizə götürməyinizin səbəbi nə oldu?
-
"Xerox”da çalışdığım müddətdə satış, biznes inkişaf, hesab menecerliyi və s.
üzrə dünya səviyyəli treninqləri tamamladıq. "Xerox” qlobal səviyyədə qeyd
etdiyim sahələrdə olan treninqlərinə, təcrübəsinə görə öndə gedənlərdəndir.
Eyni zamanda, bir il ərzində şirkətdə yaxşı nəticə göstərdim, "President
club”lara nail oldum. "President club” odur ki, şirkətdə hər bir işçi üçün bir
kvota olurdu. 100 min dollardan çox satış etdiyin zaman "President club”a daxil
olurdun. Mən bir il ərzində iki dəfə o mükafata layiq görülmüşdüm. Ən yüksək
olanı bu idi, ona görə əsas bunu qeyd etdim. Eyni zamanda, şirkətdə çalışdığım
müddətdə yaxşı müştəri bazası olacaq əlaqələr qurmuşdum. Bu əlaqələri istifadə
etmək istəyirdim. Ona görə də öz biznesimizi qurmaq qərarı verdik.
"Xerox”da
deyil, başqa şirkətdə işləsəydim, bəlkə də o addımı atmayacaqdım. O şirkətdə
çalışmağım və öyrəndiklərim məndə özgüvən və öz işini qurmaq arzusu yaratdı.
Davamlı olaraq hansısa işi qurmaqla bağlı araşdırma aparırdım. Həmin ərəfədə
"InXpress” şirkəti Kanadada françayzinq lisenziyası satırdı. Onunla
maraqlandıq. Təbii ki öz biznesimizə başlamaq riskli idi. Bu riski analiz edib
qərar vermək aylarla vaxt aldı. Bu, mənim üçün çətin qərar idi. Çünki uğurla fəaliyyət
göstərdiyim şirkətdən uzaqlaşıb yeni bir addım atırdım. Amma insan daha çox etmədiklərindən
dolayı peşman olur. Ona görə qərar verdik ki, bu işi quraq. Beləliklə, 2017-ci
ilin oktyabr ayında şirkətin Kalqari və Edmonton şəhərləri üzrə françayzinqlik
lisenziyasını aldıq. Bu, logistika ilə bağlı konsaltinq şirkətidir. Türkiyədən
olan bir dostumla ortaq bu işə başladıq. Həmin vaxt "Xerox”dan çıxdım. Çünki iş
yenidən qurulurdu və daha çox vaxt sərf etməliydik. Düşündük ki, işi qurub müəyyən
səviyyəyə gətirəndən sonra satarıq. Hələ də davam etdiririk, amma bu aralar müəyyən
təkliflər gəlir, satış məsələsi aktualdır.

- Maraqlıdır, niyə iş ortaqlığı üçün qardaşınızı
deyil, başqa birini seçdiniz?
- İxtisası
ilə əlaqədar qardaşımın marağı daha çox texnologiyaya idi. Həm də həmin ərəfədə
bir şirkətdə işləməyə yenicə başlamışdı. Həm də qardaşımla başqa planlarımız da
var idi. Bir startap layihəmiz var, qardaşımla onun üzərində işləyirik.
- Sanki hər şey öz axarı ilə gedib. Təhsil
almısınız, bir neçə ay vaxt aparsa da iş tapmısınız, işinizi qurmusunuz…
Doğrudan belə gedib?
-
(Gülür) Bu, heç də axarıyla gedən yol olmayıb. Üzdə belə görünə bilər. Kanadaya
xaricdə təhsil almaq üçün dəfələrlə İELTS, TOEFL imtahanlarına girib aşağı nəticə
toplamaq, yenidən çalışmaq mərhələsini keçmişəm. Bu, bir-iki yox, bir neçə dəfə
təkrarlanıb. Daha sonra bəlkə də, onlarla, iyirmilərlə, otuzlarla müsahibələrdə
iştirak edəndən sonra iş tapmışdım. Təhsil aldığım dövrdə səhhətimlə bağlı
sıxıntılarım oldu, o, həyatımda böyük dəyişikliklər etdi. Bəzi şeylərdən imtina
etməli oldum. Heç nə öz axarında getmir. İnsan
nəyəsə nail olmaq istəyirsə, çətin yollardan keçir. Heç nə şansla olmur. Düzdür, dəstəklər ola bilər, amma hər şey
insanın özündə bitir.
- İdarə etdiyiniz işlə yanaşı, artıq başqa bir şirkətdə
də çalışırsınız. Buna imkan olur?
- Həmin biznesi
almağımızın əsas səbəblərindən biri onun modeli idi. Biznes modeli ondan ibarət
idi ki, işi qurandan sonra biznes özlüyündə avtomatik olaraq passiv gəlir gətirir.
Hazırda o biznesə gündəlik 1-2 saat vaxt ayırıram və özlüyündə biz ordan satış əldə
edə bilirik. Ona görə başqa iş üçün də vaxtım var idi. Bu biri iş də evdən işləmək
üçün uyğundur. Ona görə bu işə müraciət etdim və hər iki işi eyni vaxtda
aparmaq problem deyil.

- Həm də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin
prezidentisiniz. Bu könüllü fəaliyyətə qoşulmağınız necə oldu?
- Cəmiyyəti
Kanadada yaşayan azərbaycanlı Səbinə İskəndərova və yoldaşı Arif bəy 14 il əvvəl
qurub. Kanadadakı ən uzunömürlü azərbaycanlı cəmiyyətindən biridir. Mən 10 il əvvəl
Kanadaya gəldiyimdə cəmiyyətin bir tədbirində onlarla tanış olmuşdum. Daha
sonra universitetdə azərbaycanlı tələbələrlə bir yerdə Azərbaycanlı Tələbələr
Klubunu qurmuşduq. Bu zaman Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə əlaqələrimiz
daha da yaxınlaşdı. 2018-ci ilin əvvəlindən isə həmin cəmiyyətdə prezident kimi
fəaliyyət göstərirəm. Ənənəvi olaraq ildə iki dəfə - Yeni ildə və Novruz
bayramında böyük tədbirimiz olur. Azərbaycanlılar arasında əlaqə qurmaq, mədəniyyətimizi
təbliğ etmək kimi fəaliyyətlərimiz var.
- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun
sirri nədir?
- Uğurlu birisi kimi deyil,
sadəcə, uğurlu olmağa çalışan birisi kimi paylaşmaq istərdim ki, ilk olaraq hər
birimiz özümüz üçün uğurun nə olduğunu müəyyənləşdirməliyik. Kimimiz üçün uğur
milyon dollar qazanmaqdır, kimimiz üçünsə karyerada ən pik nöqtədə olmaq, yaxud
sağlam ailə həyatının olması və s. Adətən hər birimizin içindəki o tutuşan istək,
arzu bunu müəyyənləşdirməkdə bizə kömək edir. Artıq bunu özümüzdə müəyyənləşdirdikdən
sonra ona uyğun (qısa, orta, uzun dönəmli) hədəflər seçib onlara çatmaq üçün
çalışmalıyıq. Burada çalışmağın ən önəmli olduğunu vurğulamaq istərdim. Çünki
idman, biznes, karyera və s. sahələrdə uğurlu şəxslərə baxanda onları birləşdirən
bir nüans var, o da onların başqalarına nisbətən daha çox çalışmalarıdır. Amma
eyni zamanda kortəbii, korhəvəsli çalışmağımız da yanlışdır. Müntəzəm şəkildə
proqresi analiz etməliyik. Bəzən irəli daha böyük addım atmaq üçün geriyə addım
atmağı bacarmalıyıq. Mənə görə məqsədə doğru şüurlu çalışmaqla uğur qazanmaq
mümkündür.
Aygün Asimqızı
Digər xəbərlər