AZE | RUS | ENG |

Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı işlər aparılır

Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı işlər aparılır
Artıq birinci mərhələdə qiymətləri tənzimlənəcək dərman vasitələrinin siyahısı hazırlanıb

Azərbaycanın dərman bazarı bir müddət diqqətdən kənarda qalmışdı. Bu isə bazarda alıcılar üçün arzuolunmaz vəziyyət yaratmışdı. Əsas problemlərdən biri də dərman satışında vahid qiymətin olmaması idi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dərmanların qiymətləri ilə bağlı çıxış etmişdi. Bildirmişdi ki, dərman preparatlarının qiymətlərinə bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin.
Daha sonra Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik etdi. Dəyişikliyə əsasən, ölkədə dərman vasitələrinin ekspertiza xidmətləri, dövlətin qeydiyyata aldığı dərman vasitələrinin qiymətlərini Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.

Şəffaflıq təmin ediləcək

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dərman vasitələri ilə bağlı fikirlər səsləndirib. Bildirib ki, İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər ki, bir neçə aydır bu məsələ ilə ciddi məşğuldurlar: “Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır”.
Ölkə başçısı bildirib ki, bu sahədəki qanun pozuntuları sentyabr ayından gec olmayaraq artıq yeni müstəviyə qalxmalıdır: “Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar”.

Dərmanların qiymətinin tənzimlənməsi mərhələli şəkildə aparılacaq

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, iyunun 8-də Tarif Şurasının iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formaları təsdiqlənib. İyunun 9-dan etibarən Tarif Şurası istehsalçı şirkətlərdən və ya onların müvəkkil etdiyi şəxslərdən bəyannamələrin qəbuluna başlayıb və hazırda bu proses davam etdirilir.
A.Əliyev deyir ki, dərmanların qiymətinin tənzimlənməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq isə həyati vacib və əhali tərəfindən daha çox alınan dərman vasitələrindən başlanılacaq: “Bazarda hazırda Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 4500-dən çox dərman vasitəsi var. Artıq birinci mərhələdə qiymətləri tənzimlənəcək dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi ilə birlikdə hazırlanıb. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, on istinad ölkəsi seçilib. Onlar Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır. İstinad ölkələrinin müqayisəsi aparılacaq və ən ucuz qiymət baza olaraq götürüləcək. İlkin mərhələdə qiymətləri tənzimlənəcək dərman vasitələrin siyahısı hazırdır. Müvafiq sənədlər hazırlandıqdan sonra qiymətlərin müəyyən olunması Tarif Şurasının iclasına çıxarılacaq. Proses mərhələli şəkildə aparılacaq və bütün dərman bazarını əhatə edəcək”.

A.Əliyevin sözlərinə görə, dərmanların keyfiyyət məsələsinə Səhiyyə Nazirliyi əlaqədar qurumlarla birgə nəzarət edəcək: “Dərman vasitələri ölkəyə gətirilməmişdən əvvəl bir nümunəsi Səhiyyə Nazirliyinə göndərilir və müvafiq yoxlamadan keçir. Sonra onun ölkəmizə gətirilib-gətirilməyəcəyi müəyyən olunur. Keyfiyyətə nəzarətin daha bir mərhələsi isə odur ki, ölkəyə daxil olanda dərman vasitəsi təkrar laborator müayinədən keçirilir və onun keyfiyyətinə tam nəzarət olunur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də Səhiyyə Nazirliyi ilə birlikdə həm dərmanların keyfiyyətinə nəzarət edəcək, həm də vahid qiymətdə satışının təşkilinə”.

Bir neçə aydır ki, araşdırmalar aparılır

İyunun 14-də isə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində də geniş toplantı keçirilib. Bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib. İclasda səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin iclası zamanı ölkə başçısının sosial-iqtisadi inkişafa maneçilik törədən, Səhiyyə Nazirliyini uzun müddətdir narahat edən məqamlara toxunduğunu vurğulayıb. Oqtay Şirəliyev bu barədə ölkə başçısına məruzə olunduğunu da qeyd edib və bildirib ki, bir neçə aydır ki, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır.
Səhiyyə naziri Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyi bildirib: “Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb oldu. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. Layihənin tətbiqindən sonra vətəndaşlar dərmanları daha rahat şəkildə ala biləcəklər”.

Nazir əhaliyə dövlət tərəfindən təqdim olunan dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin görüldüyünü xatırladıb. O cümlədən, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza Mərkəzinin yaradıldığını, vahid resept blankına keçidi, dərmanların mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələrinin tətbiqini misal çəkib: “Lakin müəyyən hallarda mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır. Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhali kütləsinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanıb ki, bu da tətbiq olunacaqdır”.
Nazir səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.

Həkimlərin reseptə lazımsız dərman yazmasının iki səbəbi var

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova deyir ki, dərmanların keyfiyyətinin yaxşı olmaması ölkəmizdən asılı deyil. Çünki onları hansısa xarici ölkələrdə dərman istehsal edən zavodlarla müqavilə bağlayıb ölkəmizə gətirirlər: “Dərmanların keyfiyyəti isə əsasən o ölçü ilə götürülür ki, onların üzərində yazılan dozalanma tərkiblə eynidir? Bunu araşdırıb yoxlamaq isə nə həkimlərin, nə də alıcıların ixtiyarında deyil. Səhiyyə Nazirliyi bu kimi məsələləri yoxlayırsa, müsbət haldır. Amma yenə də keyfiyyətin təmin olunması sual altında qalan məsələdir. Çünki dərman çeşidləri həddindən artıq çoxdur. Qiymətlərin qaydaya salınmasına vaxt lazımdır. Vahid qiymət formalaşdırılmasının mərhələli şəkildə aparılacağı bildirildi. Birinci 40 adda dərman üçün qiymət formalaşdırılması nəzərdə tutulub. Üç aya proses tamamlanmalıdır. Hər halda, müşavirədə söylənilən fikirlərin hər biri insanların sağlamlığı üçün önəmli məsələdir. Dərmanın keyfiyyəti olmayan zaman həkim onu təyin edirsə və xəstə qəbul edəndə heç bir effekt görmürsə, deyirlər ki, həkimin yazdığı dərmanın xeyri olmadı. Amma burada günah həkimdə yox, dərmanların keyfiyyətindədir”.

Ş.Namazova deyir ki, həkimlərin reseptə lazımsız dərman yazması halları iki səbəbdən ola bilər. Birincisi, həkim bu dərmanları qəsdən yazmır, sadəcə olaraq onun müalicə metodu elədir. Ya da həkim əlavə dərmanları məqsədli şəkildə yaza bilər. Müsahibimizin sözlərinə görə, lüzumsuz dərmanı xəstəyə yazan həkimlər çox azdır: “Savadlı, təcrübəli, öz xəstələrinin hörmətini qazanmış həkim heç vaxt onlara artıq nə isə yazmaz. Heç bir həkim xəstəsini, onların etibarını itirmək istəməz. Bu gün birini itirir, sabah o birini. Yaxşı həkimin çörək yeməyə vaxtı olmur, pis həkimin isə yeməyə çörəyi. Lazımsız dərman yazılması halları çox deyil. Problemlər var. Bu tənqidlərdən, iradlardan və görülən işlərdən sonra, yəqin biz də yaxşı nəticələr əldə edə biləcəyik. Biz dərmanlarımızın keyfiyyətli, həkimlərimizin savadlı və vicdanlı olmasını istəyirik”.

Aygün Asimqızı

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056