AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dərman bazarı yavaş-yavaş düzələcək

Dərman bazarı yavaş-yavaş düzələcək

İqtisadiyyat
09 İyun 2016, 12:15 1283
Bu günlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Dərman  vasitələri  haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Komitənin sədri Əhliman Əmiraslanov deyib ki, son vaxtlar ölkəmizdə dərman  vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin  tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görülüb. 

Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürdüyünü, eyniadlı dərman vasitələrinin hər aptekdə fərqli qiymətə satıldığını bildirən Ə.Əmiraslanov son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatların bu preparatların qiymətlərini nəzərəçarpacaq dərəcədə nizama saldığını vurğulayıb. 
Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Tarif Şurası 900  adda dərman preparatının qiymətini  stabil şəkildə  tənzimləyib: "Bu baxımdan "Dərman vasitələri haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib. Təklif  olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır”.

Ə.Əmiraslanov İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edildiyini nəzərə çatdırıb. İnzibati Xətalar  Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı  həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Lakin atılan bütün bu addımlarla yanaşı dərmanların qiyməti hələ də xeyli bahadır. Digər tərəfdən, müxtəlif apteklərdə qiymətlər arasında fərq yenə də qalır. 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, dövriyyədə olan dərmanların 70-75 faizinin qiyməti artıq tənzimlənib və orta hesabla qiymətlər iki dəfəyə yaxın ucuzlaşıb: "Qiymətlərin baha olmasına başlıca olaraq iki səbəb var. İlk olaraq 30 faizə yaxın dərmanların qiyməti hələ ki, tənzimlənməyib. İkinci növbədə isə bəzi qida əlavələri, bioloji əlavələr aptekdə dərman kimi satılır. İnsanlar isə bunu dərmanlarının ümumi qiymətinin baha olması kimi qiymətləndirir. Əslində bu dərman deyil, qida əlavələridir. Həmin əlavələrin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Bu dünya praktikasında da belədir. Hesab edirəm ki, ilin sonuna qədər yerdə qalan 30 faizə yaxın dərman vasitələrinin qiyməti də dövlət tərəfindən tənzimlənəcək”.

Musa Quliyevin sözlərinə görə, qiymət tənzimlənməsi ilə bağlı artıq bəzi dərmanlar aptek şəbəkələrində yoxdur ki, bu bazarda müəyyən qədər problem yaradır: "Bu problem də yavaş-yavaş öz həllini tapacaq. Daha ucuz qiymətə gətirilən dərmanlar həmin  dərmanları əvəz edəcək. Tənzimlənmə ilə əlaqədar olaraq bəzi bahalı dərmanlar ölkəyə idxal olunmur. Lakin onların kimyəvi tərkibi ilə eyniyyət təşkil edən ucuz qiymətə olan dərmanlar Azərbaycana gətirilir. Onlar zamanla həkimlər tərəfindən tanınacaq və yaranan problem aradan qalxacaq. Hesab edirəm ki, tənzimlənmə prosesi artıq uğurla gedir və bir o qədər də çətinlik olmadı. Yəni, dərman bazarında ciddi şəkildə qıtlıq və ajiotaj müşahidə olunmadı”.

Millət vəkili dərmanların qiymətinin daha da aşağı salınması üçün başqa rıçaqlardan da istifadə olunacağını qeyd etdi: "Bunlardan ən mühümü olanı yerli dərman istehsalının həyata keçirilməsi, Azərbaycanda dərman zavodlarının yaradılmasıdır. Bu barədə cənab prezident sahibkarlarla son görüşü zamanı öz tövsiyələrini verib. Azərbaycanda texnoparklar və sənaye parklarının yaradılıb. Burada dərman zavodlarının qurmaq  üçün əlverişli şərait var. Həmçinin onlar Əlavə Dəyər Vergisindən də azaddırlar. Dərmanların da ƏDV-dən azad olunması təklif edilir. Bunun baş verəcəyi təqdirdə dərmanların qiymətinin 18 faizədək azalması mümkündür. İslahatlar hələlik davam edir. Yəqin ki, bu tənzimlənmə başa çatdıqdan sonra növbəti addımlar da atılacaq”.
Musa Quliyev  bildirdi ki, müxtəlif apteklərdə eyni dərmanların müxtəlif qiymətlərə təklif edilməsi qanunların pozulması deməkdir: "Milli Məclisdə bu məsələ müzakirə olundu. Qeyd edim ki, fövqəladə sessiyada bu məsələyə baxılacaq və İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişikliklər olacaq. Bununla da dərmanların fərqli qiymətlərdə satılmasına görə cəzalar müəyyənləşəcək. İlk olaraq rəhbər şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək cərimələnəcək. Məhz bu cərimə sanksiyalarının qoyulması artıq qiymətləri tənzimlənən dərmanların fərqli qiymətdə satışına son qoyacaq”. 

Həkim ekspert Adil Qeybulla isə dərman bazarının vəziyyətin yaxşı olmadığını deyir: "Əvvəla, Tarif Şurasının qiymətlərə müdaxiləsindən sonra xeyli sayda dərmanlar dövriyyədən yoxa çıxıb. Bu isə bizim işimizə ciddi şəkildə əngəllər yaradır. Digər tərəfdən, Azərbaycanda keyfiyyət parametrləri xeyli aşağı olan dərman preparatları var. Səhiyyə Nazirliyinin bu və ya digər dərəcədə nəzarəti hesabına vəziyyət bir qədər yaxşılaşıb. İndi dərmanlarla bağlı müxtəlif qurumlar söz sahibidirlər. Ona görə də müəyyən məsələlərdə korporativ maraqlar üstünlük təşkil edir. Dərman bazarında xaosun aradan qaldırılması üçün Azərbaycanda dərman maddələrinin dövlət reyestri və dövlət farmokopiyası yaradılmalı, o cümlədən, ölkəyə yalnız dünyada tanınmış və ÜST-ün qeydiyyatından keçmiş dərmanlar gətirilməlidir”.

A.Qeybullanın sözlərinə görə, ölkədə İran və digər ölkələrlə müştərək dərman maddələrinin hazırlanması ilə bağlı layihələr həyata keçirilərsə, bunun müsbət nəticələrini görmək olar: "Belə olan təqdirdə gələcəkdə bəzi dərmanlar icbari tibbi sığorta paketinə daxil edilə bilər. Çünki icbari tibbi sığortanın özünə də daxil edilən dərmanlar  müəyyən həcmdə olmalıdır. Sığorta paketinin bəlli qiyməti olmalıdır. O baxımdan da, dərmanların ölkə daxilində nisbətən sərfəli qiymətə istehsalı olarsa, bu, xeyli dərəcədə müsbət təsir göstərə bilər. Bu hal həmçinin dərmanlara güvəni də artırmış olar”.

Sonda ekspert bildirdi ki, dərmanların qiymətlərinin unifikasiyası bazar iqtisadiyyatı şəraitində mümkün deyil: "Təbii ki, qiymətlərin bir-birinə yaxın hüdudda dəyişməsi olmalıdır. Əgər bir dərman bir aptekdə 40 manatdırsa, digər bir aptekdə 41-42 manata olması mümkündür və bu, normal haldır.   Amma qiymətlər arasında 5-10 manat fərqin olması əhalidə çaşqınlıq yaradır. Xüsusilə də Tarif Şurasının qiymətlərə müdaxiləsindən sonra yeddi mindən çox dərmanın qiyməti müəyyənləşdirilib. Belə olan halda, yaranmış vəziyyət daha çox ayrı-ayrı apteklərin, depoların mövcud vəziyyətdən sui istifadəsinin nəticəsidir”. 
 
Şəbnəm Mehdizadə