• cümə, 29 Mart, 00:45
  • Baku Bakı 7°C

Deputat: Ermənistan hakimiyyətinin əsl mahiyyəti göründü

01.08.20 17:15 777
Deputat: Ermənistan hakimiyyətinin əsl mahiyyəti göründü
Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət” mərkəzinin açılışında Ermənistan hakimiyyətinin bütün mahiyyətini ifadə edən çıxışı ilə ölkə və dünya ictimaiyyətinin diqqətini bir daha Paşinyan iqtidarına və Tovuz təxribatına çəkdi.
Bu fikriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov Prezident İlham Əliyevin Balakən regional "ASAN Xidmət” mərkəzinin açılışındakı çıxışına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Ermənistan Baş Nazirinin siyasi hədəfini ortaya qoydu: "Prezident ilk növbədə Nikol Paşinyanın qurduğu siyasi partiyanın adına diqqət çəkdi və bildirdi ki, öz siyasi qurumunun adını "Çıxış” qoyan Ermənistanın hazırkı iqtidarının hədəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdır. N.Paşinyan vaxtilə müxalif media qurumunun rəhbəri və jurnalist olaraq fəaliyyətində də hər zaman anti-Rusiya mövqeyi və Rusiyaya, Aİİ-yə kəskin münasibəti ilə seçilib. Onun Rusiyanın ünvanına ağır ittihamlar yağdırdığı məqalələri hazırda internet resurslarında qalmaqdadır. Belə bir şəxsin Tovuz təxribatını törədərək, nəticədə illərlə apardığı gizli siyasi niyyətini həyata keçirmək istədiyi göz qabağındadır”.
M.Həsənov qeyd edib ki, Tovuz təxribatının bir səbəbi də Ermənistanın hərbi müttəfiqlərini gözdən salmaq niyyəti idi: "Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, Soros fondundan maliyyə alan və mahiyyətcə "Sorosun uşaqları” statusu daşıyan şəxslərdir. Onlar siyasi tapşırıqları da bu qurumdan alırlar. Tovuz təxribatı ilə Ermənistan hakimiyyəti əslində KTMT-ni erməni ictimaiyyətinin gözündən salmaq və bu quruma qarşı nifrət yaratmağı, Ermənistandakı rusiyayönlü qüvvələri sıradan çıxarmağı hədəfləyirdi. Xatırlayırsınızsa, Tovuz təxribatı baş verəndən dərhal sonra KTMT-nin təcili və fövqəladə toplantısı çağırıldı, amma cəmi bir neçə saatdan sonra bu iclasın təxirə salındığı haqda məlumat verildi. Qeyri-rəsmi mənbələrdən verilən məlumata görə, iclasın təxirə salınmasının səbəbi KTMT ekspertlərinin peyk görüntülərini izləməsi və təxribatı Ermənistanın həyata keçirməsi, Azərbaycanın yalnız bu təxribata cavab verməsi və Ermənistan ərazisinə heç bir hücumun olmamasının tam aydınlaşdırılması ilə bağlı idi. Bu faktlar üzə çıxandan sonra Ermənistanın guya Azərbaycan Ordusunun UAZ markalı avtomobillə hücum etməsi barədə yalanı da ifşa oldu və bu yalanı elə Rusiya KİV-i qabartdı. Rusiya ekspertləri və ən böyük media qurumları Azərbaycan Ordusunun xüsusilə ön cəbhədə artıq illərdir UAZ-dan istifadə etmədiyini bildirərək, Ermənistan tərəfinin bu açıqlamasını "ən pis düşünülmüş yalan” adlandırdı və bu yalanın istehza ilə qarşılandığını canlı efirdə erməni diplomatlarının da diqqətinə çatdırdı. Yəni əslində Tovuz təxribatı tam mənası ilə ifşa olundu, onun əsas hədəfinin isə erməni cəmiyyətinə "Azərbaycan hücum edir, müttəfiqimiz Rusiya isə bizə yardım etmir” arqumenti ilə Rusiyaya qarşı böyük kampaniya aparılması olduğu da üzə çıxdı”.
Deputat qeyd edib ki, bütün bu faktlar üzə çıxsa və geniş yayılsa da, hazırda N.Paşinyanın təsir dairəsində olan erməni mediasında Rusiyanın, konkret olaraq isə Prezident Vladimir Putinin ünvanına olduqca ağır ifadələr işlədilir: "Hətta bu gün də erməni mediasında Rusiya və Prezident Vladimir Putinə yönələn sərt, bir çox hallarda isə təhqiredici ifadələrin əks olunduğu məqalələri izləyə bilərsiniz. Bütün bunlar bir daha təsdiqləyir ki, məqsəd Rusiyaya qarşı böyük kampaniyanın aparılması və Soros fondunun tapşırıqlarının icrasıdır”.
M.Həsənov Prezident İlham Əliyevin N.Paşinyanın danışıqlar üçün "7 şərt” irəli sürməsinə verdiyi cavaba da diqqət çəkib: "Ən maraqlı məqam odur ki, Prezident bu şərtlərə qarşı yalnız bircə şərt və tələb səsləndirdi: "Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim!”
Prezidentin bu sərrast, açıq və beynəlxalq hüquqa uyğun qəti mövqeyi təzadlı açıqlamaları, qeyri-stabil mövqeyi və bir-birini təkzib edən çıxışları ilə özünü və ölkəsini acınacaqlı duruma salan Paşinyana növbəti zərbədir”.
banner

Oxşar Xəbərlər