Külək və dəniz… Yelkən üçün ən önəmli iki təbiət
amili… Ölkəmiz yelkənli idman növü üçün əlverişli olsa da, bu idman növü
2014-cü ilə qədər aktiv fəaliyyət göstərməyib. 2000-ci ildə yaranan Azərbaycan
Yelkənli İdman Federasiyası (AYİF) fəaliyyətinə 2014-ci ildən başlayıb. Qısa zaman
kəsiyində fəaliyyətə başlamasına baxmayaraq, artıq AYİF Beynəlxalq Yelkən İdmanı Federasiyasının,
Avropa Yelkən İdmanı Federasiyasının və digər beynəlxalq qurumların tamhüquqlu
üzvünə çevrilib.
Bununla yanaşı, Xəzərin sahilində Azərbaycan Yelkənli
İdman Federasiyasının təşkil etdiyi yay məktəbində yeniyetmələrə bu idman
növünün sirləri də öyrədilir. Biz də sözügedən idman növü ilə maraqlanmaq və
balaca yelkənçilərlə tanış olmaq üçün "Yelkənli Yay Məktəbi”nə yollandıq.
Məlumat üçün bildirək ki, yelkənin yüzlərlə növü
var. Peşəkar yelkənçilik üçün ilk sinif optimist sinif sayılır. Federasiya ilk
addımlarını sağlam atmaq üçün ilk dəfə olaraq "Yelkənli Yay Məktəbi”ni təşkil
edib.
Dənizə
tələsən yelkənçilər
Yay məktəbi 10 gün davam etdiyi üçün yeniyetmələr
artıq bir-birilə dostluq münasibətləri qurublar. Sevincləri, yarışları, söhbətləri,
planları, yeni gələn uşaqlarla münasibətləri təqdirəlayiqdir. Xəzərin sahilinə
çatdıqda qayıqlarını hazırlamaq üçün bir-birlərinə kömək edir, dənizin qoynuna
atılmağa tələsirlər.
"Yelkənin
yaşı yoxdur”
Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat
sözcüsü, yelkənçi uşaqların sevimlisi Nərmin Seyidova ilə söhbətləşirik. Həmsöhbətimiz
deyir ki, yay məktəbi elan olunan zaman müraciət gözlədiklərindən də çox olub və
uşaqlar arasında ən güclüləri seçilib peşəkarcasına məşqlərini davam etdirirlər:
"Məqsədimiz vətəndaşlarımızı bu idman istiqamətində inkişaf etdirmək və
uğurlara nail olmaqdır. Bunun üçün yelkənli idmanın ilk sinfi olan optimist
idman sinfindən başladıq. Burada uşaqlar 7-14 yaşındadırlar. Yay məktəbini elan
etdikdə ilk ildə bizə 200-ə yaxın müraciət oldu. Seçimlərlə 40 uşaq qaldı.
Sonra həmin 40 uşaqdan 20 nəfər seçilərək yelkənin qış proqramında iştirak etməyə
başladılar. 20-liyin içində isə 5 nəfər ilk dəfə olaraq milli yığma komandanın
üzvü oldu və İtaliyada keçirləcək çempionatda ölkəmizi təmsil edəcəklər.
Optimistin ideal yaşı 7-12 olsa da, yelkənin digər növlərində yaş senzurası
yoxdur. Mütləq şəkildə qeyd etməliyəm ki, yelkənin yaşı yoxdur. İstənilən yaş,
çəki, boy kateqoriyasına görə yelkənin növləri var və sadəcə, başlamaq
lazımdır. Amma uşaqlar üçün optimist şərtdir”.
"Uşaqlar
xüsusi mühafizəçilərin nəzarəti ilə izlənilir”
Həmsöhbətimiz deyir ki, ilk günlər övladını yay məktəbinə
yollayan valideynlər narahat olur, hətta özləri də uşaqları ilə gəlib onları izləmək
istəyiblər: "Azərbaycan valideyni çox narahat valideyndir. Bu, təbiidir. Külək,
dəniz söhbəti olanda xüsusən narahat olurlar. İlk günlər valideynlər gəlib
baxmaq istəyirdilər. Sonra biz qayda qoyduq ki, valideynlər gələ bilməz. Çünki
uşaqlar valideyni görəndə həyəcanlanır, istəyirlər özlərini nümayiş etdirsinlər,
daha güclü göstərsinlər. Bu, uğurlu alınmayanda uşaq psixoloji cəhətdən sarsılır. Uşaqlar dənizə açılan
zaman narahatlıq hissi keçirir, bu isə onların məşqinə mane ola bilər. Ərizələr
doldurulan zaman valideynlərlə şərt kəsilib ki, uşaqlar heç bir elektron vasitələrdən
istifadə etməməlidirlər. Biz onların saat 9.00-dan 16.00-a kimi telefondan
istifadə etmələrinə icazə vermirik. Uşaqları qorumaq üçün bizim xilasedici şirkətlərimiz
var. Uşaqlar müəllimlərin və xüsusi mühafizəçilərin nəzarəti ilə izlənir”.
Çeviklik,
özgüvən, dəqiqlik…
Yelkən idmanı dünyada öz xüsusiliyi ilə fərqlənən
idman növüdür. Burada hər şeydən öncə idmançının çeviklik və anında qərar vermə
bacarığına sahib olması önəmlidir. Bu idman yalnız fiziki deyil, həm də beynin
idmanıdır. İntellektualdır. Bədənlə yanaşı, zehni də inkişaf etdirir.
Məşqçi Seyhun Yılmaz yelkənçiləri başına yığıb təlimatlarını
verir, qaydaları yenidən xatırladır. Məşqçi deyir ki, bu idman növü Azərbaycanda
geniş yayılmasa da, uşaqlar onu çox sevirlər: "Uşaqlar çox həvəslidirlər. Məqsədimiz
yelkən idmanını daha çox insana çatdırmaqdır. Azərbaycan dənizdən qorxan ölkədir.
Amma vaxt keçdikcə valideynlər də, uşaqlar da dənizə öyrəşirlər. Bu idman növü
uşaqları həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdirir. Öz qərarlarını verə
bilirlər və özgüvənləri inkişaf edir. Azad davranmağı, dəqiqliyi öyrənirlər.
Yelkənin qaydaları var ki, uşaqlar bu qaydalara dənizdə də, sahildə də əməl etməlidirlər.
Qayıqların toqquşmaması üçün kim kimə yol verməlidir, kim uzaq durmalıdır və s.
qaydaları öyrənirlər. Sahildə köməkləşmək birinci qaydadır. Çünki bu, həm də
komanda idmanıdır. Qayığı tək hazırlamaq mümkün deyil. Kiminsə sənə köməyi
lazımdır. Bir-birlərinə hörmət etməyi və ən əsası ekologiyanı təmiz saxlamağı
öyrənirlər. Çünki dəniz hər vaxt təmiz deyil. Zibilimizi lazım olan vaxt çantamıza
və ya cibimizə qoyuruq”.
"Təhlükə
yoxdur”
Təhlükə məsələsinə gəldikdə isə gənc məşqçi deyir
ki, bu idman növünün təhlükəsi demək olar, yoxdur: "Bu idman növündə əsas məsələ
hisslərin güclü olmasıdır. Küləyin haradan əsdiyini öyrənmək üçün qayıqdakı
bayrağa baxılır və qayıq idarə edilir”.
"Optimist üzrə Avropa Çempionatı” nda milli yığma
komanda olaraq iştirak edəcək 5 idmançı ilə söhbətləşirik. 300-ə yaxın idmançının
iştirak edəcəyi yarışda ölkəmizi təmsil edən uşaqların tək məqsədi ölkəmizə
birinciliyi gətirməkdir.
"Yelkəni
ilk saniyədən sevdim”
Murad Allahverdi yelkənə valideyninin təkidi ilə gəlib.
Amma qazandığı uğurlar və bacarığı onu idmana daha çox bağlayıb. Deyir ki, dənizi
sevir və dənizdə olmaqdan zövq alır: "İdman növü haqqında məlumatım olmadığı
üçün əvvəllər anamın təkidi ilə gəlmişdim. Özümü qəribə hiss edirdim. Amma indi
mənə daha çox maraqlıdır. Qış məktəbinə seçildim. Yaxşı nəticə göstərdim.
Hazırda çempionata hazırlaşıram. Məqsədim yaxşı yelkənçi olmaqdır”.
Selcan Abbas ölkəmizi çempionatda təmsil edən tək
qız idmançımızdır. 14 yaşı var. Deyir ki, yelkəni ilk saniyədən sevib: "Məni də
Murad kimi yay məktəbinə valideynlərim yazdırıb. Amma mən yelkəni gördüyüm ilk
saniyədə sevdim. Yelkəndə dənizlə qurduğumuz əlaqə, yarış hissi həqiqətən
xoşuma gəlir. Məqsədim çempionatda birinci olmaqdır”.
Fərid isə
yoldaşlarından fərqli olaraq, yelkənlə məşğul olub: "Mən uşaqlıqdan yelkənlə məşğul
olurdum. Yelkəni çox sevirəm. Dənizdə olmaqdan zövq alıram. Məqsədim Avropa
çempionatında yaxşı yer tutmaqdır. Birinci olmasa da, yaxşı olsun”.
Qeyd edək ki, yelkənli idman növü 1976-cı ildən
olimpiya oyunlarında təmsil olunur və 10 sinifdən ibarətdir. Aygün ƏZİZ