Dəmirlə mübarizəyə həsr olunmuş Həyat hekayəsi

Dəmirlə mübarizəyə həsr olunmuş Həyat hekayəsi

Gənclik qəzeti
12 Fevral 2014, 16:38 2165
İdmançı karyerası bir göz qırpımında keçər. 10, maksimum 15 ildən geriyə medallar, diplomlar, kuboklar, bir neçə müsahibə, fəxri kürsüdəki şəkillər və başqa bu kimi xoş anlar qalar. Ancaq titullar, mükafatlar, alqışlar böyük çətinliklər hesabına qazanılır. Gündəlik yorucu məşqlər, zədələr, sızıldayan yaralar, əzələ, sümük ağrıları, bitib-tükənməyən cəhdlər, yanaşmalar, uğursuzluqlar... Ağır atletlər bunun nə demək olduğunu çox yaxşı bilirlər. Çünki onlar həyatlarını dəmirlə mübarizəyə həsr etmiş, onun üzərində qələbəyə hesablamış insanlardı. Yazımızın qəhrəmanı Zülfüqar Süleymanov idmançı həyatının bütün çətinliklərini yaşamış, onun hər üzünü görmüş biridir. Onun həyat və karyerasına nəzər salmaqla böyük dərslər almış olarıq.

Səhər ştanq, axşam güləş

1982-ci il noyabrın 2-də Sumqayıtda, qəhrəman ana Bircəxanım xanım və istilik təchizatçısı Dilavər kişinin ailəsində dünyaya göz açan Zülfüqar Süleymanovun 8 qardaş və 4 bacısı vardı. Əvvəlcə güləşə meyl edən gənc, on il bu idman növünün sirlərinə yiyələnib. Zalda, fiziki hazırlıq məşqləri zamanı öz çəkisində heç kimin qaldıra bilmədiyi ağırlığın öhdəsindən gələ bilməsi, böyük qardaşı, ağır atlet Elxanda ona olan inamı artırır. Məhz onun dəvətiylə ştanqa meyl göstərməyə başlayan “Zülü”, eyni vaxtda iki idman növü ilə məşğul olur. 6 ay bu cür - səhər güləşlə, axşam isə ağırlıqqaldırma idman növü ilə məşğul olan Süleymanov, eyni vaxtda hər iki idman növündə yarışlarda iştirak edirdi. Hətta 1999-cu ilin yanvarında Sumqayıtda ağırlıqqaldırma üzrə çempionatda üçüncü olan Zülfüqar, həmin günün axşamı güləş yarışında qüvvəsini sınayır və çempion olur. Süleymanov bir müddət sonra güləş üzrə Azərbaycan çempionatında iştirak etmək istəyir. Çəkilmə zamanı şəxsiyyət vəsiqəsini evdə unutduğu məlum olan idmançını yarışa buraxmırlar və... Yaranan ruh düşkünlüyü onu bu idmanı atmağa məcbur edir.

“Ginneslik ailə”

Zülfüqarın karyerasındakı sonrakı hadisələrə keçməzdən əvvəl bir haşiyəyə çıxıb onun ailəsi haqda danışmaq gərəkdir. Unikal ailədirlər. 9 qardaşdan 4-ü ağırlıqqaldırma, 5-i isə yunan-Roma güləşi ilə məşğul olub. Ən kiçik qardaş Yunan-Roma güləşi üzrə gənclər arasında dünya çempionatında ikinci yeri tutub. O biri qardaş Sərdar Süleymanov beynəlxalq turnirlərin dəfələrlə qalibidir. Böyük qardaş Hafiz Süleymanov ağır atletika üzrə ikiqat dünya, beşqat Avropa çempionudu. Digər qardaş Elxan Süleymanov da ağır atletdi, Avropa və dünya çempionatlarının mükafatçısı, Avropa kubokunun sahibidi. Dünya idman tarixində analoquna rast gəlinməyən bu ailədə hansısa idman növüylə məşğul olub medal qazanmamaq, qardaşlar arasında zəiflik demək idi. Atletizm, döyüşkənlik az qala qanlarına işləyən Süleymanovlar üçün fəxri kürsüdə yer almaq, soyadlarını hər cəhddə tarixə yazdırmaq ənənə halını alıb. Belə mühitdə çempionluqlar artıq nailiyyət yox, məcburiyyətdi.

Zirvəyə gedən yolda...

Güləşdən ayrıldıqdan cəmi altı ay sonra ağır atletika üzrə ölkə yığmasının tərkibinə cəlb olunan Zülfüqar, 2001-ci ildə, 56 kq çəki dərəcəsində kişilər arasında Azərbaycan kubokuna sahib çıxır. Sonralar da bir neçə dəfə Azərbaycan çempionu olmuş atlet, 2004-cü ildə zədə üzündən yığmadan uzaqlaşır, iki illik müalicə fasiləsindən sonra yenidən əsas komandaya dönür. 2007-ci ildə Fransanın Strasburq şəhərində keçirilən Avropa çempionatında 8-ci yerlə kifayətlənməli olan Süleymanov, bir il sonra qitə çempionatında bürünc medal qazanır.

Həmin ildə Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatında 17-ci olsa da, yığmaya ən yüksək reytinq xalı qazandırır. Buna baxmayaraq, Olimpiya oyunlarına yollana bilməyən Zülfüqar, 2009-cu ildə yenidən Avropa çempionatında medal qazanır. Bu dəfə fəxri kürsünün birinci pilləsini yalnız şəxsi çəkisinin 50 qram artıq olması üzündən əldən verən atlet, dünya çempionatında 5-ci olur. Bir il sonra yenidən qitə çempionatında ölkəmizə bürünc medal qazandıran Süleymanov üçün bundan sonra həyatının ən ağır günləri başlayır.

…“Arxadan vurulan zərbə”

Dopinq sözünün necə dəhşətli bir şey olduğunu ən yaxşı bilən kəs məhz Zülfüqar Süleymanovdur desək, yanılmarıq. Karyerasında addım-addım zirvəyə dırmandığı, Olimpiya medalına doğru yol aldığı zamanda diskvalifikasiya olunmaq çox ağır zərbə idi. Millinin bolqar məşqçisi Yanko Rusevin simasında “Fəttah dayı”ya rast gələn atlet, bunun acısını çəkir. 2010-cu ilin aprelində Minskdəki Avropa çempionatından sonra qanında aşkarlanan qadağan olunmuş maddə üzündən bütün yarışlardan kənarlaşdırılır. Bu hərəkətin ona qurulmuş tələ olduğuna şübhə yox idi. Çünki xarakteri, sözü üzə demək, haqqını sona qədər tələb etmək xasiyyəti məşqçisinin xoşuna gəlmirdi. Qanında aşkarlanan testosteron artıqlığı isə gülməli idi. Adi kişilik hormonu olan bu maddənin normadan üç dəfə artıq çıxması yalnız kənar müdaxilə ilə mümkün idi. Heç bir atlet isə özü, ağılsızlıq edərək bu qədər dərmanı bilərəkdən qəbul edib vacib yarışa qatılmazdı. Hər halda hadisələr baş verdi və 28 yaşında, karyerasının zirvəsinə az qalmış bir idmançı 4 illik cəza aldı. Bu, son idi. Çünki zatən 30-dan sonra ağır atletin böyük turnirlərdə iştirakı, üstəlik də bu qədər fasilədən sonra fəxri kürsüyə qalxması mümkünsüz görünürdü. Ancaq…

“Zirvə”dən başlayan zirvəyə qayıdış”…

Məhz bu məqamda Zülfüqarın mübarizliyi özünü göstərdi. Aqibətiylə barışmayan ağır atlet, fiziki yorğunluqlara mənəvi çətinliklərin də əlavə olunmasına baxmayaraq, idmanı atmadı. Taleyin gərdişinə bax ki, sabiq ağır atlet Tofiq Heydərovun rəhbərlik etdiyi, böyük qardaşı Hafiz Süleymanovun baş məşqçisi olduğu “Zirvə” klubu bu məqamda ona dəstək oldu. “Zirvəyə qayıdış “Zirvə”dən başladı” desək, taftalogiya etmərik. İki il ərzində yalnız klubun daxili yarışlarında çıxış edən, hətta paralel məşqçilik də edən Süleymanovun keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Qarşıda səni nələrin gözlədiyini bilmədən məşqlərə davam etmək, çəkilən əziyyətlərin nəticəsinin olub-olmayacağını düşünmədən çalışmaq, çalışmaq, yenə də çalışmaq…

Məni hesabdan silməyin!

Ancaq ədalət gec-tez öz yerini tapır. 2012-ci ilin sentyabrında gələn xəbər bir anda durumu dəyişir: Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) onun cəzasını 4 ildən 2 ilə endirmək variantını nəzərdən keçirir. Onsuz da London Olimpiadası kimi vacib yarışdan kənarda qalan atleti bağışlamaq, ona ikinci şansı vermək əsl humanizm nümunəsi idi. Və tezliklə xəbər öz təsdiqini tapır. Artıq dekabrda Zülfüqar ilk IWF Qran-Pri Beynəlxalq Bakı Kubokunda beynəlxalq körpücüyə qayıdır və elə ilk cəhdindəcə mötəbər turnirin bürünc medalına sahib çıxır. Start verilib, zəng çalınıb, döyüş davam edir!

Cəmi dörd ay sonra Albaniyada Avropa çempionatına qatılan Süleymanov, yenidən bürünc medal qazanır. Sentyabrda isə İndoneziyada İslam Həmrəylik Oyunlarında gücünü sınayan Zülfüqar, yenə də bürünc medal qazanaraq fəxri kürsüdəki yerini tutur. Məhz bu medaldan sonra “Qızıla bərabər bürünc oğlan” ləqəbini alan idmançı, bir il ərzində iştirak etdiyi hər üç turnirdə fəxri kürsüyə qalxmış olur. Bu, onu hesabdan silənlərə, karyerasını məhv edənlərə layiqli cavab, günahsızlığının isə sübutu idi. Bir il ərzində iki dəfə dövlət başçısı ilə görüşən Zülfüqar, birinci dəfə onun əlindən pul mükafatı, ikincidə isə ev qəbul edir. Çəkilən əziyyətin, ağrıların əvəzini alan atlet, xarakterinin hesabına layiq olduğu pilləyə çatır.

Portreti

Hazırda da karyerasını davam etdirən Zülfüqar Süleymanovun portretini çəkmək o qədər də çətin deyil. Boks rinqində üz-gözü qan içində olan, dəhşətli dərəcədə yorulmuş, daha bir raunda gücü qalmayan, ancaq öz döyüşünün qalibi olmuş biri dayanıb. Ədalət hakimi onun bir əlini göyə qaldırıb, həyat mübarizəsinin layiqli qələbəsini rəsmiləşdirir. Artıq sakitləşmək, normal həyata qayıtmaq, bütün bu yaşananlara bir film kimi yanaşmaq olar. Dəmirlə mübarizə bitib, həyat isə davam edir.

Məşhur bard Vladimir Vısotskinin ştanqistlərə həsr etdiyi mahnıda belə bir bənd var:

Biz ikimiz də elə bil metaldanıq,
Ancaq o doğrudan da metaldı.
Kürsüyə yolum o qədər uzun oldu ki,
Ayaq imzam körpücükdə oyuqlarda da yer aldı.


Kənan Məstəliyev
Həyat hekayəsi "> Həyat hekayəsi ">