“Dedim ki, müəllim, cırmayın, o dəftər yeganə nüsxədir” – Məktəb illəri
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə,
o illərdən danışanda hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Əməkdar artist, "Qaya” Dövlət Ansamblının
solisti Şölə Səfərəliyevanın da o illərdən xatirəsi çoxdur, bu dəfə
onlardan birini bizimlə bölüşdü:
"Məktəb
illərindən məndə şeir yazmaq həvəsi yaranıb. Şeir də elədir ki, gərək yadıma
düşən kimi yazam, yoxsa unuduram. Ona görə, dəftərim üstümdə olurdu. Dərsdə də
altdan-altdan, müəllimdən xəbərsiz yazırdım. Bir dəfə coğrafiya dərsində şeir
qeydi apardığım vaxt müəllim gördü. Yaxınlaşıb aqressiv şəkildə dedi ki, burda
nə edirsən? Dedim ki, şeir yazıram. Çox hirsləndi. O da elə biri idi ki, dərsdən
kənar nə isə tuturdusa, cırıb atırdı. Mənim dəftərimi də əlinə götürüb cırmaq
istəyəndə, çox pis oldum. Soyuqqanlı şəkildə dedim ki, müəllim, onu cırmayın, o
dəftər yeganə nüsxədir. Dayanıb bir neçə saniyə mənə baxdı və dəftəri masanın
üstünə atdı. Beləliklə, dəftərim qurtuldu. Çünki yazdığım bütün şeirlər orda
idi, cırsaydı, hamısı gedəcəkdi. Sonra da dərsdə şeir yazmağı dayandırmadım (gülür).
İllər sonra o şeirlərdən birini də məktəbə həsr etdim. Bu yaxınlarda "Məktəb
yolları” adlı mahnı oxudum. Onun sözlərinin bir hissəsi Bəxtiyar Vahabzadəyə,
bir hissəsi də mənə aiddir”.
Aygün