Dayısının sözünə baxmadı, dünya və Avropa çempionu oldu - Portret
30.11.18 11:30
5295
Kumiri Rövşən Bayramov, hobbisi kitab oxumaq, xarakterinin əsas
özəlliyi dürüstlükdür. Heç bir halda yalan danışmağı bacarmır. Dayısı - tanınmış
futbol mütəxəssisi Şahin Diniyev onu yaşıl meydanda görmək istəsə də, güləşi
seçib. "Yaxşı ki, belə qərar vermişəm, bir daha seçim etməli olsam, yenə
güləşi seçərdim" deyir. Anlaşılandır. O, bu gün dünya və Avropa
çempionudur. Hər iki uğuru cəmi bir ilə sığdırmaqla, böyük diqqət çəkib. Sona
çatmaqda olan 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddən -
yunan-Roma güləşçisi Eldəniz Əzizlidən bəhs edirik.
Valideynlərindən
xəbərsiz...
Eldəniz Yamən oğlu Əzizli 1992-ci ildə Beyləqan rayonunda doğulub.
Əksər oğlan uşaqları kimi, o da nadincliyi ilə başabəla olub. Gah dava-dalaş
salıb, gah da ağac-hasar başından yıxılaraq, qol-qıçını zədələyib. Belə
olduqda, valideynlər çıxış yolu kimi adətən idmanı görsə də, Eldənizin
ailəsində vəziyyət fərqli olub. Ələlxüsus da anası onun oxumağını istəyib.
Lakin təhsil aldığı məktəbin yaxınlığında açılan idman zalı planları dəyişib.
Eldəniz yoldaşlarına qoşularaq, sərbəst güləş məşqlərinə qatılıb. Əvvəl
ata-anasından bunu gizlədib. Çox keçməyib ki, sonuncu dərslərə nə üçün
girmədiyi üzə çıxıb. Anası tərəfindən danlansa da, güləş həvəskarı olan Yamən
bəy məşqini izlədikdən sonra gələcəyinin uğurlu olacağına inanıb. Lakin sərbəst
güləş məşqləri çox çəkməyib. Heç bir ay keçməmiş, yunan-Roma növünə üz tutub.
Qohumu Kamil Fərzəliyevin yanında 8 il klassik güləşin sirlərinə yiyələnən, bu
müddətdə dəfələrlə UGİM birinciliklərinin qalibi olan Əzizli, 2007-ci ildə
Bakıya gəlib. Həmin ildə baş tutan ilk mötəbər yarışını - yeniyetmələr arasında
respublika birinciliyini bürünc mükafatla başa vurub. Bu nəticədən sonra yığma
komandanın heyətinə cəlb olunub. Gürcüstan və Türkiyədə keçirilən beynəlxalq
turnirlərdəki qalibiyyətlərlə Polşada təşkil olunan Avropa birinciliyində
ölkəmizi təmsil etmək hüququ qazanan Eldəniz, rəqiblərinə xal vermədən, qitənin
ən güclüsü olub.
Çempionluqlara doymayan
gənc
Əzizli 2008 və 2009-cu illərdə də Avropanın bir nömrəsi ünvanını heç
kimə güzəştə getmir. 2010-cu ildə gənclər arasında debüt ili olsa da, o, həm
Bolqarıstanda baş tutan Avropa, həm də Macarıstanda təşkil olunan dünya
birinciliyinin qalibi olur. 2011-ci ildə gənclərin əsas qitə yarışında yenidən
fəxri kürsünün ən yüksək pilləsində dayanır. Almaniyada keçirilən böyüklərin
Avropa çempionatında isə üçüncü nəticə göstərir. Həmin ilin dekabrında Orxan
Əhmədov və Elçin Əliyev kimi titullu pəhləvanları üstələməklə, böyüklərin
respublika çempionatının qalibi adını qazanır. Növbəti ildə gənclər arasında
Avropa çempionatını buraxsa da, Tailandda baş tutan dünya birinciliyində ikinci
çempionluğunu bayram edir. 2013-cü ildə Kazanda təşkil olunan universiadada isə
bürünc medalı boynundan asır.
Sükut
2014-cü ildə Dünya Güləş Birliyinin çəki dərəcələrində etdiyi
dəyişiklikdən sonra qəhrəmanımızın karyerasında eniş başlayır. Belə ki,
Eldənizin çıxış etdiyi ekstra yüngül çəki dərəcəsi əvvəlki kimi 55 deyil, 59
kiloqram müəyyənləşdirilir. Çəkisini qaldırmaqda çətinlik çəkən Əzizli,
normalda daha yuxarı çəkiyə malik güləşçilərlə mübarizədə istəyinə çata bilmir.
Daxili yarışlarda üzləşdiyi ardıcıl uğursuzluqlar, beynəlxalq turnirlərin
qapısını üzünə bağlayır. Əslində, bu, tək Eldənizin üzləşdiyi problem deyil,
böyük rəqabət olan 55 kiloqramda çıxış edən əksər "klassiklər"imiz
keçid dövründə uğursuzluqla üzləşib.
5 ilin 5 aya sığan
"sığorta"sı
Yarış qaydaları və çəki sistemində tez-tez dəyişiklik etməklə ad
çıxaran ali güləş qurumu, 2017-ci ildə çəki dərəcələrinə yenidən əl gəzdirir.
Say səkkizdən ona qaldırılır, nəticədə, 55 kiloqram da bərpa olunur. Bununla da
Eldənizin karyerasında yeni - möhtəşəm dövrün əsası qoyulur. Cari ilin may
ayında Dağıstan respublikasının Kaspiysk şəhərində Avropa, oktyabrda isə
Macarıstanın paytaxtı Budapeştdə dünya çempionu olan qəhrəmanımız, Azərbaycanın
yunan-Roma güləşi tarixində ikinci belə uğura imza atıb. Belə ki, bir ildə hər
iki titulu onadək sadəcə, Həsən Əliyev qazanmışdı. Yeri gəlmişkən, hər iki
pəhləvanın şəxsi məşqçisi əməkdar məşqçi Vaqif Feyzullayevdir.
Çox güclü, əsl xarakter
nümunəsi
Əlindəki ciddi zədəyə rəğmən, final da daxil, dünya çempionatında
keçirdiyi beş görüşün dördündə rəqiblərinə bir xal da vermədi. Fiziki cəhətdən
çox güclü təsir bağışlayan Eldəniz, həm də olduqca soyuqqanlıdır. Bunun üçün
Avropa çempionatının yarımfinal görüşünü xatırlamaq kifayətdir. Belə ki, o, ev
sahibi Vasili Topoyevə 0-7 hesabı ilə uduzsa da, sonradan vəziyyəti xeyrinə
dəyişməklə, çempionatın ən maraqlı hadisəsini müəyyənləşdirmişdi. Bu, onda
əzəldən mövcud olan xüsusiyyətdir. Güləşlə məşğul olduğu 20 ilə yaxın müddət
ərzində dəfələrlə belə hal yaşayıb.
"Sərbəst güləşdə uğurlu olmazdım. Elastikliyim bu növün
tələblərinə cavab vermir. Qələbələri böyük ölçüdə gücümün hesabına qazanıram.
Bu gün məni rəqiblərimdən fərqləndirən əsas cəhət budur" - deyir, Əzizli.
Baş məşqçinin əminliyi
55 kiloqram çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer
almadığından, növbəti ildən Eldənizi 60 kiloqramda görəcəyik. Özü Avropa
çempionatında hazırkı çəkisində çıxış edib, II Avropa oyunları və Qazaxıstanda
keçiriləcək lisenziya xarakterli dünya çempionatına 60 kiloqramda hazırlaşmaq
istəsə də, baş məşqçi Şaban Donat fərqli düşünür. Türkiyəli çalışdırıcı hesab
edir ki, keçid nə qədər tez baş tutsa, o qədər effektli olacaq. Donatın Əzizli
barədə düşüncələrini təqdim edirik: "Yaxşı insan olmadan, çempion olmaq
mümkün deyil. Bu, mənim fəlsəfəmdir. Odur ki, Eldənizin xarakteri barədə geniş
söhbət açmağa gərək yoxdur. Mən inanıram ki, o, 60 kiloqramda da uğurlu olacaq.
Fiziki cəhətdən çox güclüdür. Üstəlik, növbəti ildən final proqramında 2 kilo
artıq çəki ilə güləşməyə icazə verilməyəcək. Şərtlər 60 kiloqram və digər
olimpiya çəkilərində çıxış edən güləşçilərin əksəriyyətinə heç cür sərf etmir.
Eldəniz isə çəkisalmada heç bir problem yaşamayacaq deyə, rəqibləri qarşısında
önəmli avantaja sahib olacaq. Ümid edirəm ki, o, Tokio olimpiadasında da sözünü
deyəcək".
Kitabsız keçən gün, gün
deyil
Mütaliəsi, dünyagörüşü ilə fərqlənir. Dediyinə görə, kitabsız bir
günü yoxdur. Hara getsə, özü ilə mütləq kitab götürür. Şəriət qanunlarını
rəhbər tutaraq yaşayan Əzizli, dini məzmunlu kitablara üstünlük verir. Bir neçə
il hazırlıq keçərək, ərəb dilini də öyrənib. Tarixi kitablarla da arası
yaxşıdır. Gərgin məşqlərdən, yarışlardan vaxt tapıb, Şaban Donatın hədiyyə
etdiyi 6 cildlik "Osmanlı tarixi"nin 3 cildini bitirib.
Eldəniz deyir ki, bu günədək bütün pis vərdişlərdən uzaq olub. Onun
heç əyləncə ilə də arası yoxdur. İki övlad atası olan qəhrəmanımız, vaxtının
çoxunu ailəsinə həsr edir.
Çunayevin anasının sevinc
göz yaşları...
Yaxın ünsiyyət qurduğu idmançılar yunan-Roma güləşi üzrə dünya
çempionu, olimpiya mükafatçısı Rəsul Çunayev və digər komanda yoldaşı, Avropa
çempionu Rafiq Hüseynovdur. Hər iki güləşçi ilə ailəvi dostluq münasibətləri
var. Bu, o qədər möhkəm tellərə söykənir ki, Çunayev evini dəyişərək,
Əzizligilin yaxınlığına köçüb. Eldənizin dediyinə görə, Rəsulun anası, o,
çempion olduqdan sonra sevincindən göz yaşlarını saxlaya bilməyib. Belə qənaətə
gəlmək olar ki, qəhrəmanımız güləşdə olduğu kimi, dostluqda da nümunəvi insandır.
Futbolda da istedadlı
Peşəkar karyera olaraq futbolu seçməsə də, dost-tanış arasında yaxşı
top qovması ilə ad çıxarıb. Rafiq Hüseynov hesab edir ki, futbolu seçsəydi,
orada da uğurlu karyera qurardı. İmkan düşdükcə, futbol matçlarını da izləyir. Azarkeşlik
etdiyi klublar "Qarabağ", "Qalatasaray" və
"Barselona"dır. Əfsanəvi Ronaldinyo isə milyonlarla futbolsevər kimi,
onun da könlündə əbədi taxt qurub. "Katalonlar"a olan sevgisi keçmiş
"Real"lı Kriştiano Ronaldoya qarşı münasibətini dəyişməyib. Eldənizin
fikrincə, o, idmançı xarakterinə görə, Messidən çox üstündür.
Dayıya layiq oğul
Bugünkü səviyyəyə çatmağında Şahin Diniyevin böyük rol oynadığını,
çətin dönəmlərdə həm maddi, həm də mənəvi cəhətdən dəstəyini əsirgəmədiyini
deyir. İlk beynəlxalq yarışlara dayısının köməyi ilə gedib. O da öz növbəsində,
heç vaxt borclu qalmayıb. Hər dəfə maksimum nəticə ilə Diniyevin üzünü ağ edib.
Portret
"Çətin vəziyyətdən çıxmaq üçün yeganə şansım olsa belə, yenə də
yalana əl atmaram. Gözləyib-gözlətmək qədər nifrət etdiyim şey yoxdur. Çağırılan
yerə lazım olan vaxtdan xeyli əvvəl hazırlaşıram ki, problem çıxmasın. Çox
tənbələm. Kamran Məmmədov, Rafiq Hüseynov və başqa komanda yoldaşlarım məndən
daha çox məşq edir". Bu sözlərdən dürüstlüyü ilə yanaşı, özünütənqid keyfiyyəti
də üzə çıxır. Amma "tənbəllik" bir az sərt ifadə oldu elə bil. Hər
halda, fikirləşdiyi qədər tənbəl olsaydı, bu gün onu dünya və Avropa çempionu
kimi təqdim etməzdik. Fikrimizə Şaban Donat da şərikdir. Bu titullar böyük
zəhmətin, eyni zamanda səbrin bəhrəsidir. İllərlə məqamını gözləyən aslan,
artıq pusqudan çıxıb. Daha şikarların seçim yeri də yoxdur.