“Daydayı olub" deyənlər məni tanımayanlardır” – Uğur hekayəsi

"Tələbəlik müddətində şirkətlərə təcrübə üçün müraciət edəndə gərək
bir az dirəniş göstərəsən. Bilməlisən ki, müraciət etdiyin şirkətlərin 10 faizi
sənə geri dönüş edəcək. O 10 faizlə də müsahibə prosesinə gedirsən, onlardan da
1-2 faizi nəticə verir”.
O, dediklərini öz təcrübəsində tətbiq edib, nəticədə Macarıstanda fəaliyyət
göstərən dünyanın iki böyük şirkətində təcrübə imkanı qazanıb. Nəticədə
500.000-dən çox işçisi ilə dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərən
IBM-i seçib və 6 ay sonra şirkətdən iş təklifi alıb.
Müsahibimiz hazırda Macarıstanda
IBM şirkətində proqramçı (software engineer) kimi çalışan azərbaycanlı gənc
Kamran İbiyevdir.
- Feysbukda iş yeri olaraq yalnız
IBM yazılıb. İşləməyə elə bu şirkətdə başlamısınız, ya necə?
- Mən işləməyə məktəb vaxtından - 15-16 yaşımdan başlamışam. Məktəb
vaxtı ofisiant işləyirdim. Daimi iş deyildi, toydan-toya gedirdim. Həm ailəyə
maddi cəhətdən dəstək olmaq istəyirdim, həm də 10-11-ci siniflərdə öz hazırlıq
pulumu ödəmək üçün çalışırdım. Çünki hazırlıq pulu heç də az məbləğ deyildi,
ailəmin də məni hazırlığa göndərəcək dərəcədə maddi imkanı yox idi. Ona görə,
özüm pul qazanmağa çalışırdım ki, hazırlığa gedə bilim.

- Universitetə hazırlaşan şagirdlər
10-11-ci siniflərdə adətən fikirlərini ancaq hazırlıqlara yönəldirlər ki, yaxşı
nəticə göstərə bilsinlər. İşləmək dərslərə az vaxt ayırmağınıza təsir göstərmirdi?
- Təbii ki avtomatik təhsilimin keyfiyyətimi bir az aşağı salırdı.
Çünki işləyib yorğun gəlirdim, bundan sonra dərs oxumaq heç də asan olmurdu. Mənimlə
Türkiyədə təqaüdlü təhsil qazananlarla söhbət edəndə deyirdilər ki, günün 8 saatını
oxumağa sərf ediblər, 4 saat da hazırlıqda olublar. Amma məndə o imkan yox idi.
Həm də işləməliydim ki, ayın axırı hazırlığa verməyə pulum olsun.
- "Valideynimin imkanı yoxdur”
deyib, ali təhsil fikrindən daşınan məktəblilər az deyil...
- Bizdə məktəb vaxtı çox uşaq nə olmaq, haralara getmək istəyini dərk
etmir. Amma mən məktəbdə oxuduğum müddətdə artıq xaricdə təhsil almaqla bağlı
fikrimi qətiləşdirmişdim. Xaricdə təhsil almaqla bağlı prosedurları
araşdırırdım. İldə 48 nəfər azərbaycanlının qəbul edildiyi bir TCS (Türk
Cumhuriyetleri ile Türk ve Akraba Toplulukları Sınavı) imtahanı var idi. O 48 nəfərdən
biri ola bildim və Türkiyədə tam təqaüdlü təhsil qazandım. Maraqlısı odur ki, o
48 nəfərdən 47-si özəl liseylərdə oxumuşdu, orta məktəbi bitirib o imtahanı
qazanan bircə mən idim.

- Həm də psixoloji olaraq
motivasiya olmalıdır ki, bir şagird həm oxusun, həm də işləyib pul qazanmaq
haqqında düşünsün.
- O vaxt internetdə indiki kimi istədiyimiz qədər məlumat yox idi. Mən
Türkiyədəki TCS imtahanı ilə bağlı dostlarımdan eşitmişdim. Dostlarım dedilər
ki, belə bir imtahan var, hazırlaşa bilərik. Hazırlıq zamanı bir dəfə sınaq
imtahanına girdim. İmtahan kitabçasının üz qabığında İstanbuldakı Boğaz
körpüsünün şəkli var idi. Şəklə baxanda özümə dedim ki, ora getməliyəm, mən
bunu istəyirəm. Bir xəyal kimi ağlımda qaldı. Bu xəyal mənim üçün bir
motivasiya oldu. Sırf xaricdə təhsilə fokuslanmışdım.
- Arzusunda olduğunuz xarici
universitetdə tələbə adını qazanmağı bacardınız.
- Bəli, əziyyətlərim bəhrəsini verdi və qəbul oldum. Lakin həmin ərəfədə
atam rəhmətə getdi deyə, Türkiyədə təhsildən imtina etmək qərarı verdim. Çünki
qardaşım hərbi xidmətdə idi, anamı burda qoyub getmək istəmirdim. Amma anam bu
təhsili almağım üçün çox israr etdi, ona görə sonra getdim.
- Tələbəlik müddətində də işləməyə
davam etdiniz?
- Birinci kursun sonunda yay tətilində Antalyada rus, ingilis, türk və
Azərbaycan dillərində tərcüməçi kimi turizm sektorunda çalışdım. İkinci kursda
da belə davam etdim. 2-ci kursa qədər pul qazanmağı, dil biliklərimi inkişaf
etdirməyi düşünürdüm və o istiqamətdə işlərə gedirdim. Sonra artıq karyera
yönümlü tərəfə fokuslandım. 3-cü kursda yoldaşım Sevinclə nişanlı idik. Birlikdə
İngiltərəyə getdik, Mançesterdə bir şirkətdə təcrübə keçdik, mən kompüter
texnologiyaları üzrə, o da biznes sahəsində. 4-cü kursda isə Anadolu Texniki
Peşə Liseyində kompüter texnologiyaları və veb proqramlaşdırma üzrə dərs dedim.
Bir il orda işlədim.

- Tələbəlikdə də dayanmamısınız, yəqin
ki maddi cəhətdən tələbəlik dövründə çətinliyiniz olmaz.
- Mən tam təqaüd qazanmışdım. Bu da o deməkdir ki, təhsil haqqım,
qalmaq yerim, yeməyim, sağlamlıq sığortam qarşılanırdı. Əlavə olaraq da təqaüd
verilirdi. O təqaüd də tələbə üçün kifayət qədər yaxşı məbləğ idi. Hətta o
puldan kənara atıb yığa da bilirdim, ailəyə də göndərməyə çalışırdım. Şəxsi
texnoloji ehtiyaclarımı da alırdım.
- Oxuyan, həm də pul qazanmaq üçün
çalışan bir tələbə olaraq maraqlı tələbəlik keçirə bilirdiniz?
- Bəli, çox canlı tələbəlik keçirmişəm. Təhsil aldığım müddətdə
Türkiyənin çox şəhərini gəzdim. Sosial həyat, əyləncə də öz yerində olub. Mənə
görə təhsil müddəti sadəcə tələbəliklə kifayətlənməməlidir, onun içində əyləncə,
sosial həyat da olmalıdır. Ancaq təhsil müddətinin sonunda əlində nə olacağını
da öncədən düşünməlisən. Gənclərin çoxu universiteti bitirəndə təcrübəsizlikdən
gileylənir. Bir də baxırlar ki, universitet bitdi, ingilis dilini öyrənməyiblər,
heç bir sertifikat əldə etməyiblər, konfranslara qatılmayıb, təcrübə yığmayıb,
ancaq dərsə gedib-gəlməklə kifayətləniblər. Bu da yaxşı bir şey deyil.
- Universiteti 2015-ci ildə bitirmisiniz,
2017-də də hazırda çalışdığınız şirkətdə işləməyə başlamısınız. 2 il müddətində
neylədiniz?
- Bir ili də hərbi xidmətə hesablayın (gülür). Hərbi xidmətə getməmişdən
öncə biz magistratura üçün lazım olan bütün proseslərdən keçmişdik, sadəcə
müraciət etmək qalmışdı. Əsgərlikdə olduğum müddətdə Sevinc ikimiz üçün də
Avropa universitetlərinə magistr təhsili üçün müraciət edirdi. Qayıdanda artıq
universitet hazır idi, ikimiz də Macarıstana tam təqaüdlü magistratura təhsili
qazanmışdıq. 2016-cı ildə avqustda evləndik və növbəti təhsil pilləsi üçün
Budapeştə yollandıq.

- IBM-ə işə düzəlməyiniz necə
oldu?
- Sentyabrda biz təhsil almağa getdik və artıq noyabrda mən ordakı
şirkətlərə təcrübə proqramı üçün müraciət etməyə başladım. Hardasa 6 ay bir çox
şirkətə təcrübə üçün müraciət etdim, bir çox müsahibədə iştirak etdim. Bəzilərində
son mərhələyə gəlirdim, axırda nə isə problem çıxırdı götürmürdülər. Şirkətlər
həmişə geri dönüş edəndə e-mail yazırlar ki, çox təəssüf edirik ki, sizi işə qəbul
edə bilmirik. Bu cavabı orda çox eşitmişəm. Sonra elə oldu ki, iki şirkət - IBM
və SAP məni birdən işə qəbul etdi. SAP IT şirkətləri içərisində
dünyada onluğa daxil olan güclü bir şirkətdir. Mən analiz etdim və IBM-i
seçdim. SAP şirkətindən isə indiyə qədər mənə yox deyən şirkətlərin intiqamını
alıb, onların imtina məktubunun formatında "çox təəssüf edirəm ki, sizin şirkətin
təklifini qəbul edə bilməyəcəm” yazdım (Gülür).
- IBM-də nə qədər müddət təcrübəçi
oldunuz?
- 2017-ci ilin iyul ayında təcrübəyə başladım və artıq 2018-ci ilin
yanvar ayında menecerim çağırıb dedi ki, 5 ay sonra magistr təhsilini başa
vuracağını bilirik, sənə daimi iş təklif edirik, indidən sənin cavabını
almalıyıq, çünki iş icazəsi prosesi də müəyyən qədər vaxt aparacaq. Dedilər ki, öz göstəricilərini yaz və belə bir kadr
axtarmağımızla bağlı elan verəcəyik. Öz kriteriyalarımı özüm yazdım (Gülür). Bu
prosedur qaydası idi. Çünki Avropa Birliyinə daxil olan ölkələrdə belə bir
qayda var ki, sən xaricdən işçi gətirmək istəyirsənsə, şirkət olaraq göstərməlisən
ki, ölkədə bu göstəricilərə uyğun kadr tapmadığın üçün xaricdən işçi götürürsən.
Macar işlətmək şirkət üçün daha az vergiyə başa gəlir, nəinki xarici adamı
götürmək. Ona görə şirkətlər xarici vətəndaş götürməkdə daha az maraqlıdırlar.
Elanda mən göstəricilərimi yazdım, həqiqətən də bu göstəricidə adam orda az
olduğu üçün mənim işə qəbulum təsdiqləndi.

- Ümumiyyətlə, şirkətə gələn təcrübəçilərin neçə
faizi qalıb işləmək imkanı əldə edir?
- Təcrübəçi
olduğum müddətdə orda gördüyüm bir iş, icra etdiyim vəzifə var idi. Mən ordan
çıxsaydım, yerimə o işi görəcək adam tapmaq çətin idi. Mən isə artıq orda
yetişmiş, hazır kadr idim. Ona görə saxlamaq istədilər. Məsələn, "help desk”in
biri olmasa, başqa birini 15 günə öyrədirlər, iş davam edir. Yerinə asanlıqla
başqa birini tapa biləcəkləri kadrların üstündə çox əsmirlər. Şirkətdə təcrübəçi
kimi başlayıb qəbul olanlar var. Biri mənim yoldaşım Sevinc. 4 aya iş təklif
etdilər. Təcrübəçi olanda həftədə 20-24 saat işləyirsən, hansı gün neçə saat
işləmək istədiyinə özün qərar verirsən. Şirkət görəndə ki təcrübəçi
bacarıqlıdır, o daimi işçi olsa, daha çox faydası olacaq, ona tez bir zamanda
iş təklif edir.
Bilirsiniz,
kadrın təcrübə müddətində özünü necə göstərməsindən çox şey asılıdır. İşi müstəqil
həll etmək qabiliyyətinin olub-olmamasına, işə can yandırmaq məsələlərinə fikir
verirlər. Bəzən təcrübəçilər işə bir az qeyri-ciddi yanaşırlar. Bu da yaxşı
deyil. Mən ilk 6 ayda özümü sübut etdim
deyə, iş təklif etdilər.
- Hər şeyi öz zəhmətinlə əldə etdiyini desən də,
"daydayı var" deyənlər olur. Sizinlə bağlı belə fikirlər səsləndirənlər
olub?
-
(Gülür) Olur, amma "daydayı olub" deyənlər məni heç tanımayanlardır.
Tanıyanlar nələrdən keçirdiyimi görüb. Rəylərdə yazmışdılar ki, necə olur ki,
İngiltərədən girib Budapeştdən çıxır, Avropanı gəzir, bunun yüz faiz daydayı
var, mən niyə gedə bilmirəm? Düzü, heç vaxt belə rəylərə fikir bildirmirəm.
Bütün təhsil pillələrimi təqaüdlə oxumuşam. İngiltərədəki iş təcrübəmiz də
Avropa Birliyinin "Erasumus” proqramı vasitəsilə idi. Hamısı pulsuz olub, heç
bir daydaya ehtiyac olmayıb. Həyat yoldaşımla gücümüzü birləşdirib bir çox şeyi
bir yerdə əldə etmişik.
- Bu cür nailiyyətlər əldə etməyə hansınız daha
motivasiyalı idiniz?
- İkimiz
də. Bir yerdə xəyal qurub reallaşdırmaq üçün çalışmışıq. Amma bəlkə də bir yerdə
olmasaydıq, bu qədər sürətli, əzmli olmazdıq.
- Xanımınızla müsahibədə bu sualı vermişdim. Sizə də
verim. Həyat yoldaşı ilə bir yerdə işləmək necədir?
- Çətin
tərəfini görməmişəm. Sosiallaşmaq yönündən də yaxşıdır. Mənim komanda
yoldaşlarımla Sevinc dostlaşıb, onun komanda yoldaşları ilə mən. Birlikdə yeməklərə
gedirik. Bizim şirkətin yerləşdiyi plaza 3 binadan ibarətdir, A, B, C. Mən
A-dayam, Sevinc C-də. Bir yerdə yeməyə, arada kofe içməyə, dondurma yeməyə
gedirik. Bəzən birimizin kefi olmayanda o biri gəlib onu motivasiya edir.
Darıxmırıq, maraqlı olur. İş yerimiz Dunay çayının yanındadır. Bir yerdə çıxıb
çayın kənarında gəzirik.

- İş arası belə şeylərə vaxt olur?
- Olur,
bizdə iş saatları rahatdır. Kəmiyyətdən çox keyfiyyətə önəm verirlər. 9-dan 5-ə
kimi işdə oturmalısan deyə bir şey yoxdur. İstəyəndə 07:30-da gedib 3-4-də işdən
çıxıram, ya da 11-də gedib, 7-8-də. O, artıq bir az da vicdanına qalıb. Bunu
komanda yoldaşların hiss edirlər. Hər gün səhər ötən gün gördüyümüz işlərin
hesabatını veririk, günlük işlərin planlamasını edirik. Hamı kimin nə iş
gördüyünü bilir. Saat önəmli deyil. Günorta dondurma yeməyə, hava almağa çıxa
bilərsən, qayıdanda işdə yarım saat artıq oturub işini görürsən.
- Kompüter elmləri sahəsində olanlar hansısa şirkətdə
çalışsalar da, fərdi olaraq gələcəklə bağlı planları olur. Sizdə də yəqin ki
belədir.
-
Hazırda Sevinc və bir dostumuzla turizm sahəsiylə bağlı bir layihə üzərində işləyirik.
Həm veb sayt, həm mobil tətbiqdir. Biznes plan hazırdır, texniki işləri görəcək
insanlar artıq seçilib.
Əlavə
olaraq süni intellekt sahəsində bəzi planlarım var. Azərbaycan dili üçün təbii
danışıq dilinin emalını (Natural Language Processing) həyata keçirəcək olan
proqram yazmaq istəyirik. Fikirləşirəm ki, doktorantura mövzusu olaraq bunu
götürüb davam edə bilərəm. Təbii danışıq dilinin emalını edə biləcək proqramı
yazmaq üçün mən Maşın Öyrənməsinin (Machine Learning) alt başlığı olan Dərin
Öyrənmə (Deep Learning) texnologiyasından istifadə etməyi planlaşdırıram.
Uzunmüddətli planım isə Azərbaycan dili üçün hazırlayacağım proqramı robota
inteqrasiya edərək həmin robotu Azərbaycanın ASAN xidmət, Beynəlxalq Hava
limanı, banklar, restoranlar və ya mağazalar şəbəkəsində xidmət sektorunda
istifadəyə verilməsinə nail olmaqdır. Ağıllarda təsəvvür yaratmaq üçün
Sofiyanın Azərbaycan dilini anlayan, emal edən və danışan bir bənzəri olaraq
izah edə bilərəm. Azərbaycan dili morfoloji olaraq çətin dildir. Sözün köklərinin
dəyişməyib əvvəlinə və ya sonuna şəkilçilər qoyaraq fərqli sözlərin əldə edilə
bildiyi dillərdəndir (Agglutinative languages). Bu da morfoloji olaraq sözün
proqrama izah edilməsini çətinləşdirir. Bir az çətindir, amma artıq baza bilgilərini
əldə etmişəm, işlər görməyə başlamışam.
- Rubrikamızın ənənəvi sualı: uğurunuzun sirri nədir?
- Əmək və
vaz keçməmək. Bəzən deyirlər ki, filankəsin bəxti gətirib, buna inanmıram.
Çalışmalı, əmək qoymalısan. Bəlli bir müddətlik gecələr yuxundan kəsməlisən.
