AZE | RUS | ENG |


“Daha aktiv, qaynayan gənclik görmək istəyirəm” – Gör-götür

“Daha aktiv, qaynayan gənclik görmək istəyirəm” – Gör-götür
ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova: “Bəzən sözü deyirəm, elə demə prosesində fikirləşirəm ki, “ay Allah, mən neylədim”, bunu yumşaq da demək olardı”


Onun bir yerdə dayandığını görmək mümkün deyil. Daim yeniliklər edir, işləyir, ortaya nəsə qoyur. Kənardan sərt bir insan təsiri bağışlasa da, söhbətləşdikcə, əslində belə olmadığını görürsən. Hərçənd özünü idarəçilikdə avtoritar adlandırır.  

İradə xanım həm də nümunəvi həyat yoldaşı, anadır. Deyir ki, bəzən qadınlar əvvəldən öz çiyinlərinə bütün ailə yükünü götürürlər və özləri elə bir mühit yaradırlar ki, artıq bir neçə ildən sonra kişilər həmin problemlərin həllinə heç yaxın da düşmək istəmirlər. Çünki bu problemlərin xanımları tərəfindən həll olunmasına alışırlar. Onun fikrincə, bu, qadınların buraxdıqları ən böyük səhvdir. Həmsöhbətimiz "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır. Onunla həm işindən, həm də ailəsindən danışdıq... 

Qısa arayış: Bakıda doğulub. Neft-Kimya İnstitutunu – indiki Neft Akademiyasını bitirib. Texniki elmlər namizədidir (texnika üzrə fəlsəfə doktoru – L.M.). Ailəlidir, iki övladı, beş nəvəsi var. 
 
- İradə xanım, yəqin gənclik dövrünüzdən aktiv olmusunuz...
- Hələ ali məktəbdə oxuyarkən həm komsomol komitəsinin üzvü, həm də tələbə elmi cəmiyyətinin sədri idim, üstəlik, elmi işlə məşğul idim. O vaxt Leninqrad Politexnik İnstitutunun keçirdiyi konfransda qalib olub, oradan diplom gətirmişəm. Bundan başqa, yazdığım məqaləyə görə, Tallindən də diplomla qayıtmışam. Elmi işimi müdafiə edəndən sonra institutumuzda müəllim kimi işlədim. Eyni zamanda, sorğu mərkəzində koordinator kimi işə dəvət aldım. Beləliklə, 1995-ci ildən sosiologiya ilə məşğul olmağa başladım. O vaxtdan gərgin iş qrafikində çalışmağa öyrəşmişəm. 
 


- Elmi işlə məşğul olarkən ailə qurmuşdunuz?
- İnstitutu bitirən kimi ailə qurdum və aspiranturaya daxil olanda oğlumun 40-ı təzə çıxmışdı. İrəli getməyin, uğur qazanmağın üçün yanında sənə dəstək verən insanlar olmalıdır. Atam alim, anam həkim idi. Onlar həmişə təhsilə önəm verirdilər. Rəhmətlik atam deyərdi ki, sənin əlindən alınmayan yeganə şey  biliklərindir. Həmişə evdə bu sözləri eşitmişəm: yeməyini ye, dərsini elə. Heç vaxt deməyiblər ki, dincəl, yaxud başqa bir şey elə. Gecə saat birə qədər də dərs etsəydim, deyəcəkdilər ki, yəqin, nəsə öyrənməlisən. Gözümü açıb belə görmüşəm. Mənim aspiranturaya daxil olmağımda öz ailəmlə yanaşı, yoldaşımın ailəsinin də dəstəyi olub. İlk növbədə rəhmətlik qayınanam mənə dəstək oldu, dedi ki, mütləq oxumalısan, bu, ailənin gələcəyidir. Bu baxımdan deyirəm ki, dəstək vacibdir. Həm fiziki baxımdan – yəni uşaqlara baxmaqda, ev işlərində, həm də mənəvi baxımdan. Hansısa işi görərkən hiss etməlisən ki, sənə inanan insanlar var. Bu inam sənə güc verir, elə bil qanad açırsan. 
 
- Deyirlər, uğurlu kişinin arxasında bir qadın var. Uğurlu qadının da arxasında bir kişi varmı?
- Biz Azərbaycanda yaşayırıq. Mentalitetin, ictimai rəyin həyatımızda önəmli yer tutduğunu dana bilmərik. Həmişə bir addım atanda demirəm ki, ilk növbədə kimin nə deyəcəyini fikirləşirik, lakin mütləq şəkildə onu da fikirləşirik ki, kim nə deyəcək. Bu baxımdan əlbəttə, uğurlu qadının da arxasında həyat yoldaşı və ailəsi durur. 
 


- İşinizlə bağlı yəqin hərdən evə gec gedirsiniz, hətta "Exit-poll” keçirilən ərəfədə elə olur ki, 24 saatı iş başında olursunuz. Həyat yoldaşınız buna görə hərdən sizə sizdən şikayət etmir?
- Bir dəfə evə gəlmişəm, yoldaşım deyir ki, həyat yoldaşımı tapmışam. Televizorda çıxışımı göstəriblər, şəklimi telefonla çəkib mənə göstərir (gülür – L.M.). Ailəm bu rejimi artıq qəbul edib. Özü də nəinki seçkilərlə bağlı, ondan əvvəl də işimlə bağlı evə gec getdiyim vaxtlar olub. Amma həmişə dəstək görmüşəm. Mənim valideynlərimlə birgə yaşayırdıq. Allah atama rəhmət eləsin, anama da can sağlığı versin. Onlar həmin o köməyi göstərirdilər. Xörək məsələsinə, uşaqları qarşılayıb dərsə yola salmağa baxırdılar. Ailədə qarşılıqlı anlaşma var idi. Ailəmdə hər kəs başa düşürdü ki, bunu ailəm üçün edirəm. Buna görə də yoldaşım da, övladlarım da lazım olanda mənə dəstək göstərirdilər. 
 
- Deyəsən, həyat yoldaşınız sizi çox dəstəkləyir…
- Bəli. Bilirəm ki, həmişə yoldaşımın nəinki dəstəyinə, onun köməyinə də ümid edə bilərəm. Yəni məni hara, nə vaxt lazımdırsa aparar, nə qədər lazımdırsa gözləyər. Bilirəm ki, hər zaman yoldaşım mənə dayaqdır. 
 
- Yoldaşınız nə işlə məşğuldur?
- Mühəndisdir. 
 
- İradə xanım, Azərbaycanda kişilərin əksəriyyəti ağıllı qadınlardan qorxur. Sizcə, niyə belədir?
- Nəinki Azərbaycanda, hər yerdə belədir. Belə bir anlayış var ki, kişi ailə başçısı, qadın zəif məxluqdur, kişi bir kişi kimi öz sözünü deməlidir və s. Qadını əvvəldən güclü görüb onunla ailə qurandan sonra özünün ailədə hansı yeri tutacağını görə bilməyən, öz yerini əvvəlcədən təsəvvürünə gətirə bilməyən kişilər güclü qadınlardan ehtiyat edirlər. Həmişə demişəm ki, bizdə özünü zəif qələmə verən qadınlar o dərəcədə güclüdürlər ki, gender anlayışını öz tərəflərinə çəkiblər. Yəni biz gender sözünü deyən kimi o dəqiqə qadın hüquqlarını fikirləşirlər. Nəyə görəsə fikirləşirlər ki, qadını mütləq şəkildə qorumaq, kömək etmək lazımdır və s. Lakin gender bərabərliyi deyəndə, həm kişi, həm qadının hüquqları nəzərdə tutulmalıdır. Əlbəttə, kişinin ailədə öz, qadının isə öz yeri olmalıdır. 
 


- Azərbaycan qadınının cəfakeş olduğu deyilir. Sizcə, qadınlarımızın ailədə yükün çoxunu çiyinlərinə götürməsi nə dərəcədə düzgündür? 
- Bəzən qadınlar əvvəldən öz çiyinlərinə bütün ailə yükünü götürürlər və özləri elə bir mühit yaradırlar ki, artıq bir neçə ildən sonra kişilər həmin problemlərin həllinə heç yaxın da düşmək istəmirlər. Çünki bu problemlərin xanımları tərəfindən həll olunmasına alışırlar. İkincisi, onlar artıq ehtiyat edirlər. Çəkinirlər ki, nəyisə etsələr, xanımları onlara deyəcək ki, bunu belə yox, elə etməli idin. Nəticədə belə bir stereotip formalaşır: kişidə arxayınçılıq yaranır ki, onsuz da problem həll olunacaq, onun iştirakına ehtiyac yoxdur. Sonra da qadın şikayətlənməyə başlayır ki, hər bir işi özüm etməyə məcburam, kişinin əlindən iş gəlmir, heç nə etmir və s. Onda sual olunur ki, ay xanım, axı sən ilk gündən onu işə yaxın qoymamısan, onunla hesablaşmamısan, fikrini nəzərə almamısan, həmişə demisən ki, bu, belədir və mən dediyim kimidir. Bu, qadınların buraxdıqları ən böyük səhvdir. Bizim qadınlar əsas silahımızın məhz zəifliyimiz olduğunu unudurlar. Xanımlarımız unutmamalıdır ki, kişi özünü o zaman güclü bilir ki, zəif məxluqun yanında olduğunu hiss etsin və nəyəsə qadir olduğunu göstərə bilsin. Əgər biz həmişə kişini bir tərəfə itələyib, bütün ev işlərini özümüz həll ediriksə və ona əyani surətdə sübut etməyə çalışırıqsa ki, mən bunu sənsiz də edə bilərəm, bu, doğru deyil. Belə qadınlar nəinki həyat yoldaşlarını, övladlarını da problemlərdən uzaq saxlayırlar. Nəticədə ailə quran övladlar fikirləşir ki, o da, heç nə etməməlidir. Çünki atası da heç nə etmir. Deməli, hamısını ana və həyat yoldaşı etməlidir. Bu məsələ qadının xeyrinə deyil. Həm kişinin özünü kişi kimi göstərə bilməsinə, həm də ailədə öz yerini tutmasına maneçilikdir. Digər tərəfdən, övladların da tərbiyəsində problemlər yaradır. 
 


- Övladlardan söz düşmüşkən bilirəm ki, oğlunuz həkimdir. Bəs qızınız?
- Qızım Bakı Slavyan Universitetinin tərcüməçilik ixtisasını fərqlənmə diplomu ilə bitirib.

- Musiqisi və sözləri oğlunuza aid "Ana” mahnısını dinlədim. Sevgi dolu bir mahnıdır. Necə etmisiniz ki, iş qadını ola-ola, vaxtınızın çoxunu işdə keçirə-keçirə övladlarınızda sizə qarşı bu qədər sevgi yaranıb?
- Sən bütün günü evdə otura, yəni evdar qadın ola bilərsən. Lakin bu, övladlarına lazımi diqqətin göstəricisi deyil. Gənc valideynlərin əsas problemi onların övladlarından çox, internet, sosial şəbəkələrə vaxt ayırmasıdır. Hələ xanımları ailələrindən uzaqlaşdıran teleseriallardan danışmıram. Teleserialların müzakirəsi əlavə vaxt istəyir. Nəticədə övlad tamamilə diqqətdən kənarda qalır. Bizdə isə mən evdə olsam da, olmasam da, övladlarım mövcudluğumu həmişə duyublar. Yəni evə gələn kimi onların dərsləri ilə məşğul olur, köməklik göstərir, birgə gəzintilərə çıxırdıq. Evdə olduğum 3-4 saatın hamısını mütləq şəkildə övladlarımla birgə keçirirdim. Ona görə də aramızda mənəvi yaxınlıq, dostluq çox güclü və möhkəm olub və indi də belədir. Həmişə deyirəm ki, valideyn, ilk növbədə ana birinci övladını həyata gətirən dəqiqədən özünü ona həsr etməlidir. Bəlkə yanlış fikirdəyəm, lakin mənim üçün belədir. Qızım həyata gələn gündən, dəqiqədən mən artıq özümü bir fərd kimi bitirdim, yalnız bir ana kimi hiss etdim. Bizim asudə vaxtımız olan kimi onu birgə keçirirdik. Ay siz evdə qalın, mənim başqa işim var, belə bir şey yox idi, birgə idik. Əvvəllər "Spokoynıy noçi, malışi” (Gecəniz xeyirə qalsın, uşaqlar) verilişi var idi, uşaqlar ona baxandan sonra yatırdılar. Yatağa girəndə onlara nağıl danışırdım. Bir az böyüyəndən sonra onlara kitab oxumağa başladım. Bir az da böyüyüb yazıb-oxumağı öyrənəndən sonra isə kitabdakı 3-4 qəhrəmanı aramızda bölüşdürür və hərəmiz o qəhrəmanların birinin sözlərini oxuyurduq. Bəzən elə olurdu ki, uşaqlar tez gedib uzanırdılar ki, biz "Gecəniz xeyirə qalsın, uşaqlar” verilişinə baxmayacağıq, bir az tez gəl, kitab oxu. Bax, o dərəcədə yaxın idik. Əgər valideyn 10 yaşından sonra uşağın onun sözünə qulaq asmadığını, onu idarə edə bilmədiyini deyirsə, demək, körpəlikdə onunla birgə olmayıb. Uşaqla dost olmaq lazımdır. Uşaq səndən eşitdiyi öyüd-nəsihətlərə o qədər də qulaq asmır . Əgər sən bütün günü ona "orada oturma”, "onu etmə” və s. kimi göstərişlər verirsənsə, o zaman artıq sənin dediyin haqlı sözə də fikir verməyəcək. Bu baxımdan, özünü valideyn kimi aparanda yadında saxla ki, onunla dost olmalısan, onu davranışınla tərbiyə etməlisən. Atam evdə bir şey sınanda deyirdi ki, sənə bir şey olmadı ki, ayağını əzmədin ki, qada-balan onunla getsin. Bu sözlər mənim beynimdə qalıb. Sındı, qırıldı – heç vaxt bunlara fikir verməmişəm. Övladlarımıza nə mənim, nə də yoldaşımın "əli dəyməyib”. Ailəmizdə belə bir qayda da var idi ki, uşaqlara əvvəldən "yox” deyirdimsə, sonradan o "yox”u dəyişmirdim. Əvvəl "yox” deyib, götür-qoydan sonra "hə” demək olmaz. Nəyisə cavablandıranda mütləq əvvəl fikirləşmək, götür-qoy etmək lazımdır. Əgər sən bu işi edə biləcəksənsə, doğrudan da bunun öhdəsindən gələ biləcəksənsə, o zaman "hə” demək lazımdır. Lakin "yox” demisənsə, o zaman dediyinin üstündə dayan. Çünki balaca hələ qiymətləndirə bilmir. Əgər ona əvvəl "yox”, sonra "hə” desən, fikirləşəcək ki, sən həmişə fikrini dəyişə bilərsən. Lakin "hə” deyilibsə, sözün üstündə dayanıb heç nəyə baxmayaraq əməl etməliydim. Qoyduğum qaydalar belə idi. Buna görə də bəlkə indiyə qədər həmin o ünsiyyət, məhəbbət qalıb. Bu gün isə yeni qaydalar əlavə olunub. Mən çox yaxşı başa düşürəm ki, oğlum ailə başçısıdır, iki övladı var, qızım ailəlidir, üç övladı var və əgər onlar məndən nəyisə soruşmurlarsa, məsləhət istəmirlərsə, onlara məsləhət vermirəm. Çünki onlar özləri öz ailələrini idarə etməlidirlər. İdarəetmədə səhv də, düz də ola bilər. Lakin bu, onların həyatıdır, müdaxilə etmək düzgün deyil. Biz sadəcə, onların hamısını sevirik. Məhz ona görədir ki, onların ailəsində nəvələr həm məni, həm də babalarını çox istəyir. Həmin mehribanlıq uşaqlara ötürülür. 
 
- İradə xanım, bizdə adətən oğlu olan analara belə bir sual verirlər: gəlinlə birlikdə qalırsınız? Sizdə vəziyyət necədir? Oğlunuz, yaxud qızınızla birlikdə qalırsınız?
- Xeyr, ayrı yaşayırıq. 
 


- Bizdə belə bir ailə ənənəsi var. Valideynlər əlləri iş tutsa belə, düşünür ki, oğul böyüdüblərsə, onu evləndirəndə mütləq onlarla birlikdə qalmalıdır. Yəni oğlanlarını özlərindən ayrı təsəvvür edə bilmirlər. Bu ənənəyə münasibətiniz necədir?  
- Bəli, bu, bizim milli ənənədir. Oğulların valideynlərdən ayrı yaşaması təsəvvür edilmir. Mən bunu anlayışla qəbul edirəm. Lakin belə bir ailəyə gəlin gələn xanım da mütləq bunu nəzərə almalıdır. O başa düşməlidir ki, ata-ananın yeganə oğludur, onu ailədən ayırmaq mümkün deyil. Ya gəlib həmin ailəyə sadəcə daha bir üzv, ya da ideal variantda həmin ailənin qızı olmalısan. Lakin zaman dəyişir və evləndikdən sonra valideynlərindən ayrı yaşayan oğulların sayı getdikcə artır. Bunun müsbət cəhətini gənc ailələrin müstəqil və daha məsuliyyətli olmasında görürəm.  Bizim oğlumuz da ailəsi ilə bizdən ayrı yaşayır. Düzdür, yaxındılar, qonşuyuq. Verdiyimiz qərara çox şadam. İstəyirdik ki, oğlumuz özü ailə başçısı olsun, gəlinimiz isə gəlib ailəsinin xanımı olsun, öz ocağının başında dayansın. Əgər bizim yanımızda olsaydılar, vermək istədikləri qərar, biz müdaxilə etməsək belə, bizim təsirimiz altında qəbul olunmuş sayılacaqdı. 
 
- Sizi tanıyanlar deyir ki, hər şeyi sıfırdan başlamağı bacaran xanımsınız, harada yaşamağınızdan asılı olmayaraq, özünüzə bir məşğuliyyət tapırsınız…
- Bəlkə də bu, genetikadan irəli gəlir. Anam indiyə qədər çox fəaldır, atam fədakar, zəhmətkeş bir adam olub, özünü elmə həsr edib. Həm də mən gözümü açandan işləyən ana, ata, qohum-əqraba görmüşəm. Atamın yeganə sözü "yeməyini ye, dərsini oxu idi”. "İstirahət et” sözünü eşitməmişəm. Onlar bütün günü işləyirdilər. Anam Tibb İnstitutunda oxuyur, həm də gecələr doğum evində mamaça-ginekoloq kimi fəaliyyət göstərirdi. Üstəlik, iki övlad böyüdürdü. Mən birinci sinfə gedəndə anam instituta qəbul oldu, atam isə institutu bitirdi. Anam ali təhsilini başa vurandan sonra atam elmi işini yazmağa başladı, müdafiə etdi. Yəni, mən gözümü açıb işləyən, inkişafda olan bir ailə görmüşəm. Görməmişəm ki, xanım evə gəlsin və rahat uzanıb televizora baxsın. Başa düşürəm ki, bu, o qədər də düz deyil, lakin mən belə mühitdə böyüyüb formalaşmışam. Tanıyanlar da bilir ki, mənim üçün ən böyük hədiyyə kitabdır. Evdə iki minə yaxın kitabımız olub. O vaxt hamının evində kitabxana var idi. Qonaqlığa gedəndə orada oxumadığım kitabı axtarıb tapır, hamı oturub yeyib-içəndə, bir küncə çəkilib kitab oxuyurdum. Bu günədək ən sevdiyim məşğuliyyət kitab oxumaqdır.
 
- Kənardan çox sərt, səhvləri bağışlamayan bir menecer təsəvvürü bağışlayırsınız. Elədir, yoxsa...   
- Məncə, sərt deyiləm, sadəcə, düz sözü üzə deyənəm. Bəzən deyirəm, deyən kimi, elə demə prosesində fikirləşirəm ki, "ay Allah, mən neylədim”, bunu yumşaq da demək olardı (gülür – L.M.). Bu, "acı həqiqət şirin yalandan yaxşıdır” prinsipindən deyil, sadəcə, təbiətimdən irəli gəlir. Amma çalışıram ki, hamıyla elə davranam ki, o insan inciməsin. Çünki sənin üçün incik salınan insandan böyük günah yoxdur. İkincisi, mən kiməm ki, kimisə bağışlamayım, mənim kimisə mühakimə etməyə ixtiyarım varmı?    
 


- İdarəçilikdə demokratsınız, ya avtoritar?
- Bir tərəfdən avtoritaram. Çünki mənim gördüyüm işi məndən yaxşı bilən yoxdur. Səkkiz "exit-poll” keçirmişik, mənim elə təcrübəm var ki, "exit-poll”un iş qrafikini, büdcəsini və s. düşünmədən anındaca tərtib edərəm. Hər hansı bir mərhələdə işin necə və hansı ardıcıllıqla qurulmasını dəqiq bilirəm. Bu zaman artıq sualın verilməsini qəbul etmirəm. Çünki əgər mən bunu deyirəmsə, deməli, bu, belə olmalıdır. Əgər mən nəyisə izah etməyə vaxtımı sərf etsəm, bu, artıq düzgün deyil. İş əsnasında yaxınlaşıb "filan şeyi belə edək” deyən olanda, dinləyirəm və dəyərli fikridirsə, razılaşıram. Burada mən demokratik üsul tərəfdarıyam. Lakin işin görülməsinə görə məsuliyyət ilk növbədə mənim boynumdadır və cavabdeh məhz mənəm. Buna görə də mən avtoritaram.
 
- Daim gənclərimizlə işləyirsiniz. Gənclərimizdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər.
- 10-15 il bundan əvvəlki gənclərlə müqayisədə, indikilər daha laqeyddirlər.  Gənclərimizdə özlərini inkişaf etdirmək, yeni bir işlə məşğul olmaq niyyətinin, arzusunun azaldığı da məni ağrıdır. Daha aktiv, qaynayan gənclik görmək istəyirəm. 
 
Lalə MUSAQIZI

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7036
GBP 1 İngilis funt sterlinqi 2.1371
TRY 1 Türk lirəsi 0.4708
KWD 1 Küveyt dinarı 5.6589
SEK 1 İsveç kronu 0.1950
EUR 1 Avro 1.8623
CHF 1 İsveçrə frankı 1.7354
USD 1 ABŞ dolları 1.7220