• cümə, 26 Aprel, 18:18
  • Baku Bakı 22°C

Cismani əngəllərdən güclü insan – Hədəf

14.04.16 11:13 1390
Cismani əngəllərdən güclü insan – Hədəf
O, fiziki məhdudiyyətli gənclərə örnək gəncdir. Çünki istər məhdudiyyətləri, istərsə də cəmiyyətin qınağı onu yolundan döndərə bilməyib. Daim öz üzərində işləyib, yüksək səviyyədə təhsil alıb və ona “bacarmaz” gözü ilə baxan insanlarla çiyin-çiyinə çalışıb.
Müsahibimiz, fiziki məhdudiyyətli gənc Mətanət Quliyeva hazırda Şəmkir Yaradıcı Yazarlar Klubunun sədridir. Yazarlıqla yanaşı, toxuculuqla da məşğul olur. Rəssamlıq qabiliyyəti isə ona verilən fitri istedaddır: “Rəsmlər məni başqa bir aləmə aparır. İncəsənət mənim daxili aləmimdir. Hələ toxuculuqla məşğul olan zaman sanki hər ilməylə həyatda daha bir addım yuxarı qalxıram. Hər sütunu bitirdikdə “Yenidən başla” deyə daxilimdə bir səs yaranır.
Uğur, səadət, rahatlıq

Öz həyatı ilə fiziki məhdudiyyətli gənclərə örnək olmağı qarşısına məqsəd qoyan həmsöhbətimiz düşünür ki, xoşbəxtliyə gedən yol çətinlikdən keçir: “Mənim qəbul etdiyim bir həqiqət var. Əgər Tanrı səni çətin yollardan keçirirsə, bil ki, xoşbəxtliyə aparır. Çünki çətinliklərdən keçərək qazanılmış nailiyyət, uğur və səadətin qəlbimizə verdiyi rahatlıq əvəzolunmaz varidatdır”.
“Bu halınla təhsil alacaqsan?...”

Həmsöhbətimiz ailənin birinci övladıdır. 1997-ci ildə Şəmkir rayonunda anadan olub. Altıncı sinfə qədər məktəbə gedib. 7-ci sinifdən ağrıları şiddətləndiyi üçün əlil arabasına məhkum olub: “Düşünürdüm ki, təhsilimi davam etdirə bilməyəcəyəm. Mənə elə gəlirdi ki, sən əlil arabasına məhkumsansa, artıq heç nə edə bilməzsən. Nə təhsil ala bilərsən, nə də cəmiyyət içinə çıxa bilərsən… Əlil insanlara münasibət qəribədir. Sanki onlarla danışmaq, onlara toxunmaq olmaz. Özümü tək hiss edirdim. Yararsız insan kimi hesab edirdim. Həyatdan küsdüm. Özümə qapandım. Xəstəxanada bir oğlan var idi, o mənə dedi ki, əlilliyi olanlar üçün evdə təhsil imkanı var. Sanki o məni yenidən dünyaya qaytardı. 8-ci sinifdən ev təhsili almağa başladım. Sonra qərar verdim ki, mən ali təhsil almalıyam. Düzdür, bəziləri, hətta öz müəllimlərim belə deyirdi ki, oxumaq sənin nəyinə lazımdır, özünə niyə əziyyət verirsən? Mən deyəndə ki sınaqlara gedirəm, universitetə hazırlaşıram, qəribə baxırdılar. Mənə kinayə ilə deyirdilər: “Sən məktəbə hazırlaşırsan? Əlil arabasında oxuyacaqsan?” Amma qarşıma bir məqsəd qoymuşdum ki, mən universitetə qəbul olunmalıyam. Mənim oxumaq, təhsil almaq, arzularımı, xəyallarımı reallaşdırmaq istəyim həmişə güclü olub. Vaxt ötdükcə dərk etdim ki, heç bir fiziki ağrı, cismani əngəl insanı məqsədlərinə gedən yoldan döndərə bilməz”.
“Sevincimi ifadə etmək çətindir”

Müsahibimiz fiziki məhdudiyyətli bir dostunun məsləhəti ilə Slavyan Universitetində açılan Yaradıcılıq fakültəsinə imtahan verir və qəbul olur: “Dostum dedi ki, universitetdə imtahan keçiriləcək və yaradıcılığı olan insanları seçəcəklər. İstəsən, sən də qoşula bilərsən. 100 nəfərdən 35 nəfər seçiləcək. Mən də maraqlandım, sənədlərimi verdim. Universitetə imtahanlara getdim. Nəticələr açıqlananda Bakıda xəstəxanaların birində müalicə alırdım. Tez-tez internetə baxırdım ki, seçilənlər arasında mənim də adım olacaq, yoxsa yox. Axşam vaxtı idi. Dəhlizdə oturmuşdum. Yenidən internetə daxil oldum və Slavyan Universitetinin qruplarında adımı və şəklimi gördüm. Həmin vaxt keçirdiyim sevincimi ifadə etmək çox çətindir”.
“Məhdudiyyətimə qalib gəldim”

Deyir ki, onu yazmağa insanlar vadar edib: “Məni yazmağa insanlar vadar etdi. İnsanlardan gördüyüm pisliklərin nəticəsi olaraq şeir yazdım. Heç bir məhdudiyyət həyatda insanı məqsədindən döndərə bilməz. Mənim elə bacardığım işlər var ki, kimlərsə onu əl-ayaqla həyata keçirir. Mən ağlımla, düşüncəmlə edirəm. Bəzi insanlar var ki, məhdudiyyətlərinin qarşısında aciz qalırlar. Mən insanlara demək istəyirəm ki, arabada ola-ola bu qədər yol keçmişəmsə, məndən də çoxunu edə bilərsiniz. Sizin şansınız daha çoxdur. Mən məhdudiyyətimin qarşısında güclü dayanıb ona qalib gəlmişəm”.
Həyat eşqi…

Həmsöhbətimiz deyir ki, fiziki məhdudiyyətli insanların cəmiyyətə adaptasiya olmağında ailənin rolu böyükdür: “Mən uğurlarımın 99 faizini valideynlərimə borcluyam. İlk dəfə arabaya məhkum olanda çölə çıxmaq istəmirdim. İstəmirdim yoldaşlarım, dostlarım məni belə görsünlər. Amma anam məni cəmiyyətdən kənarlaşdırmadı. Valideynlərim mənə həyatı sevdirdi. Fiziki məhdudiyyətli insanlar cəmiyyətə adaptasiya olmalıdırlar. Allah bizi belə yaradıbsa, bədbinliyə qapılmamalıyıq, əksinə, həyatda uğur qazanmaq üçün çalışmalıyıq. Özümə söz vermişəm ki, çətinlikdən asılı olmayaraq həyat mənə hansı oyunu oynayırsa, ona qalib gəlməliyəm. Güclü olmağımın sirri həyata olan sevgimdir”.
Həmsöhbətimiz sonda vurğuladı ki, ən böyük arzusu yollarda pandus probleminin həll olmasıdır: “Hər dəfə yolda əngəli aşa bilməyəndə, 2-3 nəfərin köməyinə ehtiyac duyanda utanırıq. Yol, market, park, məktəb, restoran, kitabxana və digər yerlərdə pandus problemi həll olunsun. Kiminsə köməyi olmadan istədiyimiz yerə gedə bilək”.

Aygün ƏZİZ
Hədəf"> Hədəf"> Hədəf"> Hədəf"> Hədəf">
banner

Oxşar Xəbərlər