Cibimizdə daşıdığımız bomba - Araşdırma

Cibimizdə daşıdığımız bomba - Araşdırma

Gənclik qəzeti
11 Oktyabr 2019, 12:15 675
Mobil telefonlar müasir dövrdə ən yaxın köməkçimizə çevrilib. Ağıllı telefonlar həyatımızın bütün anlarında bizimlədir və işlərimizi asanlaşdırır. Okeanın o tayı ilə danışır, yemək sifariş verir, mail yazır, demək olar ki, bütün işlərimizi həll edirik. Lakin bəzən arzu olunmayan hallar da yaşana bilər. "Ağıllı” telefonların bomba kimi partlaması, öz-özünə alışıb yanması ilə tez-tez rastlaşırıq. Bir çox hallarda bu hadisələr faciə ilə nəticələnir. Hətta mütəxəssislər bizim ağıllı "dostumuzu” cibimizdə gəzdirdiyimiz bomba da adlandırırlar.

Xəyal da bu "bomba”nın qurbanı olub. Telefonu cibində partlayıb və ayağının bir hissəsi yanıb: "Nə baş verdiyini başa düşmədim. Mən telefondan çox istifadə edirəm. Demək olar ki, bir an belə əlimdən yerə qoymuram. Yay vaxtı idi, hava çox isti idi. Çöldə gəzdiyim yerdə telefon cibimdə partladı. Bir aydan çox xəstəxanada yatdım. O hadisədən sonra telefonumda istilik hiss edən kimi ustaya gedirəm”.

Bəs telefonların alışmasının, partlamasının səbəbi nədir? Təhlükədən sığortalanmaq üçün nə etməliyik?
Telefon təmirçisi Aqşin Abdullanın sosial şəbəkədə paylaşdığı statusu ilə rastlaşıram. Deyir ki, texnologiya nə qədər inkişaf etsə də, diqqəti əldən vermək olmaz: "Cibinizdə bomba daşıyırsınız, xəbəriniz yoxdur. Batareyası şişmiş telefonlar partlamağa meyillidir. Çünki batareyadakı lityum və başqa turşular qaz ifraz edirlər ki, bu da alışan maddədir. Telefonunuzu mənşəyi bəlli olmayan, 2-3 manat dəyəri olan adapterlərə qoşmayın və ən əsas telefon deformasiya olduqda ilkin olaraq batareyanı gözdən keçirin, əzilmə və ya fərqli qoxu gəlirsə, bu, onun partlamaq riskini artırır”.

"Telefonun evini "yıxan” nüans”

Həmsöhbətimiz deyir ki, metro keçidlərində satılan, ucuz şarj alətlərini almaq qətiyyən olmaz: "Onlarda işıq oynamasına davamiyyət yoxdur. Bu, çox ziyandır. Orijinal adapterlər buna uyğun işləyir və özünü tənzimləyə bilir. Saxta şarj alətlərində isə qoruyucu olmur, birbaşa telefonu yandırır”.

Usta deyir ki, telefonun evini "yıxan” əsas nüanslardan biri də gecə səhərə qədər şarj alətində qalmasıdır: "Telefonu gecə səhərə qədər şarja qoymaq olmaz. Məsələn, ayfonlarda bir telefon batareyası 500 dəfə şarj edilməyə hesablanıb. Yəni bir batareya 500 dəfə dolub, boşala bilər. Gecə səhərə qədər qoyulması 3 dəfə dolub boşalmağa bərabərdir. Telefonun oyun oynayarkən enerji alətində qalması ziyandır. Oyun oynamaq şarja qoymaqdan da betərdir. Batareyanı qızmaqdan, isti yerlərdən qorumaq lazımdır”.

Telefonu yastığın altına qoymayın!

Ustamızın əlində dəfələrlə telefon partlayıb: "Bir dəfə müştərilərdən biri telefon gətirmişdi. Telefon şişmişdi. Açmaq istəyəndə, əlimdə partladı və üzümü yandırdı. 3 gün işləyə bilmədim. Bu yaxınlarda isə ofisdə poverbank (güc bankı) partladı. 5 metr radiusda hər yeri qaraltmışdı. Alov püskürürdü. Hətta ofisdə bəzi əşyaları da yandırdı. Xoşbəxtlikdən həmin vaxt mən ofis daxilində deyildim. Poverbank alanda da metal korpuslu almaq lazımdır ki, metal onu mümkün qədər saxlasın, alov çölə püskürməsin. Şarjda çox qalan telefonların partlama ehtimalı çoxdur və yanmağa meyilli olur. "Ayfon”da yanmaq ehtimalı milyardda bir, "Samsung”da milyonda bir, Çin istehsalı olan ucuz telefonlarda da mində birdir. Amma hər ehtimalı nəzərə almaq lazımdır. İstifadəçilərin ən böyük səhvləri telefonu yastığın altına qoymalarıdır. Öz istiliyin və telefonun istiliyi batareyanı ikiqat qızdırır. Bu da telefonu partlada bilər”.

"Telefon əsasən ustada partlayır”

İT sahəsi üzrə ekspert Qafar Əhmədov deyir ki, telefon əgər enerji saxlamırsa, bu bir çox hallarda batareyanın şişməsi səbəbindən olur: "Telefon partlamalarının ən əsas səbəbi batareyanın şişməsidir. Batareya şişərkən telefonun korpusunu, yaxud ekranını yerindən oynadır və yuxarı istiqamətə qaldırır. Telefonlar elə yığılır ki, hər şey orada sıx oturur, orada şişən batareyaya yer olmur. Korpus dəmirdirsə, şişməni hiss etmək, fiziki olaraq mümkün olmur. Şişmənin yaxud batareyanın xarab olduğunu telefon şarj saxlamamasından da bilmək olar. Telefon əgər əvvəl bir gün, gün yarım enerji saxlayır, daha sonra tez bitirsə, deməli, batareyada problem var. Batareya şişəndə, növbəti etap partlama ilə nəticələnə bilər. Əksər vaxtlar telefon müştərinin özündə deyil, telefon ustasında partlayır. Çünki telefonun batareyası şişəndə onu sıxanda yaxud üzərində əməliyyat aparanda daha çox reaksiya verir”.

Telefonu şarj edərkən nələrə diqqət etmək lazımdır?

Son model telefonlar şarj edib bitirdikdən sonra özü özünü cərəyandan ayırır. Amma bu o demək deyil ki, telefonu günlərlə, saatlarla cərəyanda saxlaya bilərsiniz. Batareya özünü cərəyandan ayırsa belə, telefonun digər korpusu, qapağı, yaxud başqa detalları qoşulu vəziyyətdədir. Şarj yerində yuvada problem varsa, yaxud adapter orijinal deyilsə, o telefon cərəyan keçirə bilər. Telefon əgər qaydasındadırsa, hər şeyi orijinaldırsa, düzgün işlədiyindən əminsizsə, gecədən səhərə kimi şarj alətində saxlamaq olar. Amma telefon artıq bir ildən çox alınıbsa, yaxud ən azından bir dəfə adapteri dəyişilibsə, onda şarj edərkən də diqqət etmək lazımdır. Yaxud batareya dəyişibsə, diqqətli olmaq lazımdır. Bəzən müştəri özü batareyanı dəyişməyə gəldikdə deyir ki, ən ucuzu nədirsə, onu qoyun. Bu, ən təhlükəli sözlərdən biridir. Çünki ucuz batareyalar həm partlamaya meyilli olur, həm də özünü elektrikdən ayırmaq funksiyası olmur. Digər məsələ telefon yuvasının su çəkməsidir. Yəni su çəkildiyi halda enerji yığmağa qoyulursa, bu, avtomatik olaraq batareyanı şişirdir. Bundan əlavə, şarj edərkən telefonu çox qalın, silikon, yaxud rezin kabura keçirilibsə, bu da batareyanı şişirdir. Bu zaman şarj müddətində kaburanı çıxarmaq lazımdır. Çünki telefonu sıxır və isidir. Çox qalın kaburalar zərbələrdən qorusa belə, zərərləri çoxdur”.

"Batareya istidən "qorxur””

Ekspert vurğuladı ki, aksesuar alarkən ucuz mallara qaçmaq olmaz: "Ümumiyyətlə, elektriklə işlədiyin zaman söhbət hər hansı bir partlaya bilən, yana bilən cihazdan gedirsə, gərək həmin cihazlar keyfiyyətli olsun. Keyfiyyətsiz cihazlar istənilən mənfi hadisəyə səbəb ola bilər. Hava çox isti və soyuq olanda gərək telefonu çıxarıb onunla işləməyəsən. Çünki litium batareyalar həm çox soyuqdan, həm də çox istidən qorxur. Məsələn, biz müşahidə edirik, telefonların qızması əsasən yay aylarında olur. Çünki telefon özü tam gücündə işləyir, həm hava istidir, həm də telefonu əlində tutduğu üçün insanın öz bədən temperaturu buna təsir edir. Bu zaman telefonun qızması normaldır. Müştərilər ən çox yayda telefonun qızması ilə bağlı müraciət edirlər. Bu, batareyanı tez xarab edir. Yaxud çox soyuq havada telefonu işlətmək olmaz. Soyuqdan istiyə çıxarılanda batareya şişməyə başlayır”.

"Bu, telefonu məhv edir”

Həmsöhbətimizin sözlərinə görə, ən böyük səhvimiz telefonu tez-tez şarj etməyimizdir: "Məsələn, telefon 50-70 faizə düşən kimi şarj alətinə taxırlar. Telefon həftədə bir dəfə ən azı 5-1 faizə qədər tam boşalmalıdır, söndürülüb-yandırılmalıdır. Amma telefonu çox şarjda saxlamaq, şarj bitdikdən sonra da kənara atmaq olmaz. Bu, telefonu məhv edir. Ən azı 30 faizə düşməsə, şarja qoymaq olmaz. Bundan əlavə, telefonun şarjı 20 faizdən az deyilsə, enerjiyə qənaət rejiminə qoymaq olmaz. Çünki bu zaman prosessor tam zəif gücdə, batareya isə güclü rejimdə işləyir bu da telefona, əsasən də batareyaya ziyandır. 70-80 faizdə bu rejimə qoymaq olmaz. İstifadəçilər elə bilir ki, enerjiyə qənaət rejimində telefona qənaət edir, amma tam səhv fikirdir”.

Aygün ƏZİZ