“Cəzalansaq da, yenə dərsdən qaçırdıq” - Məktəb illəri
Məktəb illəri hər birimizin həyatında ən gözəl,
qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız
yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün
dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə
yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb,
"eh necə də şirin illərmiş” deyirik. Bu dəfə "Məktəb illəri” rubrikasında "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlının xatirələrini öyrəndik.
A.Aşırlının təhsil illəri sovet dövrünə təsadüf
edir. Deyir ki, jurnalistikaya gəlməsində müəllimlərinin böyük rolu olub:
"Qazax rayonun Daşsalahlı kəndinin 1 saylı orta məktəbini bitirmişəm. Çox təcrübəli,
bilikli müəllimlərdən dərs almışam. Bizim məktəbdə təhsil ənənələri çox güclü
olub. Mənim bu gün jurnalist olmağımın səbəbkarları da müəllimlərimdir.
Xüsusilə də, Azərbaycan dili və ədəbiyyat müəllimimiz Cahangir Yusifovun rolu
danılmazdır. Sinif yoldaşlarımızla da mütəmadi olaraq görüşlərimiz olur. Həmin görüşlərə həyatda olan müəllimlərimizi
də dəvət edirik. Hazırda Texniki Universitetin prorektoru olan çox hörmətli
İlham Pirməmmədovla eyni məktəbi bitirmişik. O, belə bir ənənə formalaşdırıb
ki, eyni məktəbi bitirənlər yubiley illərində
bir yerə yığışır, pul toplayıb hədiyyə alırıq. Bu hədiyyə isə məktəbdə
ehtiyac duyulan hansısa bir avadanlıq olur”.
Baş redaktor məktəb illərinin çox maraqlı və
əyləncəli keçdiyini vurğulayır: "Uşaqlarla sözü bir yerə qoyub sonuncu dərsdən
qaçırdıq, sabah isə bu hərəkətimizin cəzasını alırdıq. Cəzalansaq da, yenə
dərsdən qaçırdıq. Bizim sinif otağımız həm də riyaziyyat kabineti idi. Bir gün
dərsə gələndə gördük ki, stolun üstündə bir alma var. Sən demə bu süni alma
imiş, hansısa məsələnin həllində istifadə olunmaq üçün ora qoyulub. Biz də bunu
bilmədən almanı yemək üstündə uşaqlarla mübahisə etməyə başladıq. İçimizdən bir
qoçaq çıxıb hamımızdan qabaq almanı götürüb dişləmək istəyəndə, onun süni
olduğunu anladıq.
Başqa bir xatirə isə qızlarla birlikdə yığışıb
bulaq başına getməyimizdir. Oralarda gəzirdik, bənövşə, nərgiz güllərini
toplayırdıq. Oğlanlar yığdığı gülləri qızlara verirdi. O dövr çox maraqlı
keçib, təəssüf ki, indiki məktəblilər bu kimi ənənələrə sahib deyil”.
Günel Azadə