• çərşənbə axşamı, 19 mart, 15:13
  • Baku Bakı 8°C

Cəmiyyət və təhsilli qadın

02.10.17 11:51 7606
Cəmiyyət və təhsilli qadın
Bu mövzu bəlkə də yüz dəfələrlə qələmə alınıb. Necə deyərlər, çeynənmiş mövzudur. Lakin hələ öz aktual həllini tapmadığından, bəlkə də bundan sonra yüz dəfələrlə qələmə alınacaq. Hər zaman "şüur insanı heyvandan fərqləndirir” deyə, bir fikir işlədirik. Bəs təhsil? Təhsil də insanları bir-birindən fərqləndirir, xüsusilə qadınları… Bizim toplumda ailə-məişət qayğılarının geniş yayılması, qızların erkən evləndirilməsi, təhsildən yayındırılması geniş vüsət aldığından, bu mövzudan yazmaq istədim.
Təhsilli kişi yalnız savadlı insan, təhsilli qadın isə savadlı bir ailə deməkdir. Uşaqları böyüdən, yetişdirən, oxudan anadır. Əgər cəmiyyət üçün sağlam övladlar istəyiriksə, niyə axı oxumaq şansını qadınların əlindən alaq? Erkən yaşda baş tutan evliliklər bir qadına nə kimi fayda verəcək? Sadəcə bir ifadə deyilir: "Ağacı yaş ikən əyərlər”. Axı qadın ağac deyil. Onun da oxumaq, təhsil almaq, karyera qurmaq haqqı var. 16 yaşında evləndirilmiş bir qızdan sağlam dəyərləri olan ailə gözləyə bilmərik. Heç buna haqqımız belə yoxdur. Özünün doğrularının və yanlışlarının mahiyyətini anlamadan, həyatın çətinliklərini dərk etmədən, məsuliyyət hissi duymadan necə ailə qurula bilər? Mirzə Ələkbər Sabir çox gözəl deyib: "Elm istəyəni ərə, ər istəyəni isə elm dalınca göndərəndə, cəmiyyət dağılır".
Qadınları sadəcə, mətbəxlə məhdudlaşdırmaq düzgün deyil. Cəmiyyətdə qadın dedikdə ağıla yalnız mətbəx, gözəllik salonu, tikiş-naxış və s. bu kimi şeylər gəlir. Lakin bu stereotipləri qırmağın əsl vaxtıdır. Bu isə ən üst səviyyəyə - uşaqların böyüdülməsinə gedib çıxır. Oğlan uşağının əzizlənərək, heç bir qadağa görmədən böyüdülməsi, qız uşağının isə "olmaz"larla yetişdirilməsini görürük. Qızlar artıq o zaman ilk əzilmələrini yaşayırlar. Daha sonra məktəbdə oğlanlardan ayrı tutulması, qızlara çürük meyvə kimi baxılmasına gətirib çıxarır. Kimi özü, kimi ailə basqısı ilə gözü açılmadan evlənir. Halbuki təhsil görən qadın hüququnu, vəzifəsini və bütün öhdəliklərini şüurlu şəkildə dərk edə bilir. Hətta yeri gəldikdə tələb edir. Çoxsaylı müşahidələrim də göstərir ki, bir çox qadın hüququnu bilmədiyi, ən çox da məşğul olub pul qazana biləcəyi bir peşəsi olmadığı üçün ayrıla bilmir və kişi də bunu bildiyindən, qadını əsirə çevirir. Xoşbəxt olmayan bir qadın necə xoşbəxt uşaqlar yetişdirə, onlara necə parlaq gələcək vəd edə bilər?
banner

Oxşar Xəbərlər