“Üç aya 38 manat pul qazandım” - Keçmişdəki mən
"Kənd
yerlərində uşaqlar əmək qüvvəsi hesab olunurdu. Kiçik yaşlarımızdan əməyə cəlb
olunur, qoyun-quzu otarır, mal növbəsinə gedirdik. Qoyunları otarmaq üçün
ayrıca çoban var idi, amma naxırçı daimi olmadığına görə hər ev təqribən ayda
bir dəfə mal növbəsinə getməli olurdu və bu zaman biz təbii ki, naxırçı olmalı
olurduq. Bu işlər bizim sosiallaşmağımızı da təmin edirdi. Çünki məhəllə
uşaqları ilə birgə mal-qara otarmaqla yanaşı, oyunlar oynayır, ünsiyyət
saxlayırdıq”.
Bu sözləri
bizimlə söhbətində millət vəkili Hikmət
Babaoğlu söylədi.
Müsahibim
1966-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda Göllü kəndində anadan
olub. Uşaqlıq illərindən danışanda böyüdüyü kənd, onun tarixi haqqında
danışmağa başladı: "Hər kəsin uşaqlıq illəri onun həyatının ən əziz, ən şirin
dövrüdür. O qayğısız illər bizi həyatımızın sonrakı dövründə də təqib edən
şirin xatirələr toplusudur. Kəndimiz dəniz səviyyəsindən 2300 metr yüksəklikdə
yerləşirdi. Elə bil ki, dünyadan təcrid olunmuşdu, ancaq həm də kəndimizin öz
dünyası var idi. Bu, bizim uşaqlığımızın, gəncliyimizin mənəvi dünyası idi.
Ətraf ərazilərdə çox qədim tarixi olan mağaralar, xarabalıqlar, qalacıq tipli
tikinti abidələri var idi. Şübhəsiz ki, bütün bunlar əcdadlarımızdan bizə miras
qalan böyük mədəniyyət nümunələri idi. Mən bu böyük tarixi mirasın içində
böyüdüm və yəqin ki, sonrakı illərdə tarixə marağım yaradan səbəb də bu oldu. İllər sonra mən antik Troya şəhər
xarabalıqlarında olarkən başa düşdüm ki, bizim kənddə olan qədim yaşayış
məskənləri ilə onlar arasında olduqca ciddi bənzərliklər var. Kəndimizdə qədim
Alban xristian məzarlığı da var idi. Biz onu erməni qəbirstanlığı hesab
edirdik, ancaq baş vermiş bir hadisə bunun belə olmadığını ortaya çıxardı.
Amasiya ilə qonşu Qazançı yaşayış məntəqəsi arasında yol salınarkən traktorlar
bu qəbiristanlığın bir hissəsini dağıtmışdı. Atam kənd sovetinin sədri kimi bu
barədə rayon rəhbərliyini məlumatlandırdıqdan sonra hadisə yerinə İrəvandan bir
qrup arxeoloq gəldi. Onlar elə ilk kəllə sümüyünü əllərinə alar-almaz yerə atıb
çıxıb getdilər. Bu qəbiristanlığın kimə aid olmasına isə çox sadə cavab
vermişdilər. Bu kəllə erməni kəlləsi deyil, erməni kəlləsi yastı olur! Əlbəttə,
o vaxt bizim tarixi şüurumuz indiki qədər yetkin deyildi, tarixi sovet
dərsliklərindən öyrənirdik və o zaman bu qəbiristanlığın xristian əcdadlarımız
olan qıpçaq türklərinə, yəni Ağ Vanlara, Albanlara aid olduğunu başa düşə
bilməzdik. Yalnız indi bunun belə olduğu qənaətinə gələ bilirik. Təəssüf ki
indi də o yerlərə gedib tədqiqat aparmaq imkanlarına sahib deyilik. Coğrafi
baxımdan kəndimiz Qafqazdan Şərqi Anadoluya keçid ərazisi üzərində idi və
əslində Böyük İpək yolunun bir halqası da hesab edilə bilərdi. Təbii keçid
coğrafiyası olduğu üçün yaz və payız aylarında köçəri quşlar da bu yolla
miqrasiya edərdi. Uşaqlığımın ən həzin xatirələrindən biri də köç edən quşların
qərib nəğmələridir! Onlar yaz və payız fəsillərində vətəni tərk etmənin nisgili
ilə öz unudulmaz və kövrək nəğmələrini oxuya-oxuya kəndimizin üzərindən uçub
gedərdilər. Durnaların qərib səsləri içimizi göynədər, kiçicik ürəyimizə daşıya
bilməyəcəyi boyda kədər yükləyərdi, onları üfüqdə itənə qədər izləyirdik. Və
onda əsla ağlıma gəlməzdi ki , bir gün mən də düz bu qərib durnalar kimi vətən
həsrətiylə için-için yanacam”.
"Kənddə uşaqlar əmək qüvvəsi hesab olunurdu”
Uşaqlıq
illərinin qaynar keçdiyini deyir: "Atam məktəb direktoru, anam isə kitabxanaçı
idi. Ailədə 4 qardaş 3 bacı olmuşuq. Atam kəndimizdə Bakı Dövlət
Universitetindən məzunu olan ilk ziyalı idi. Filoloq olduğuna görə, gözümü
açandan evimizdə çoxlu kitablar görmüşəm və elə kitabları oxuya-oxuya
böyümüşəm. HBakıda çıxan qəzetlərə, kitablara da abunə idik. Atam mənə çox sevdiyi
şair Nazim Hikmətin adını verib. İş elə gətirdi ki, poeziyanı, ədəbiyyatı dərk
etdikdən sonra mən özüm də Nazim Hikmətin şeirlərini, fəlsəfəsini,
yaradıcılığını sevdim. Kənddə böyüyən hər uşaq kimi mən də bəzən dəcəllik
etmişəm. Bəzən sözə qulaq asmadığım, dərsdən qaçdığım vaxtlar da olub. Kənddə qar yağanda dərsə getməyəcəm deyə
sevinirdim. Uşaq vaxtı idmana xüsusi marağım olub. Kəndimiz yuxarı və aşağı
məhəllələrdən ibarət idi. İki məhəllə arasında maraqlı idman yarışları təşkil
edirdik. Futbol, voleybol, "Çiling ağac”, "Aşıq-aşıq” və s. kimi oyunlar
həyatımızın bir hissəsini təşkil edirdi. Onu da deyim ki, kənd yerlərində
uşaqların məşğuliyyəti təkcə dərs oxumaq deyildi. Kənddə uşaqlar əmək qüvvəsi hesab olunurdu. Kiçik yaşlarımızdan
əməyə cəlb olunur, qoyun-quzu otarır, mal növbəsinə gedirdik”.
Həmyaşıdlarından
bir qədər tez məktəbə gedən həmsöhbətim ilk dərs gününü indiki kimi xatırlayır:
"Atam məktəb direktoru idi deyə, məni digər uşaqlardan fərqli olaraq 6 yaşımda
məktəbə göndərdi. İlk dərs günü anam təndir çörəyi, nehrə yağı və böyürtkən
mürəbbəsindən yaxmac düzəltmişdi. Həyəcandan bütün yol boyu bir tikə belə yeyə
bilməmişdim. Sinif otağına girəndə xadimə o yaxmacı əlimdən aldı. Görünür,
həyəcanımı hiss etmişdi, məni sinif otağına ötürdü. Bu günə qədər də hər il
yeni dərs ili başlayanda məktəb xatirələrim yadıma düşür, yeni rənglənmiş
partaların, mətbəə qoxuyan təzə kitabların spesifik ətrini burnumda hiss
edirəm”.
Heç kimin ağlına gəlməzdi ki...
Müsahibimiz
məktəbdə fərq qoymadan bütün fənləri yaxşı oxuduğunu deyir: "Atam evin bir
otağını dərs oxumağımız üçün ayırmışdı. Həmişə bir gözüm məndən bir yaş böyük
bacımın kitabında olurdu. Paralel olaraq eyni vaxtda həm öz dərsimi oxuyur, həm
də onun oxuduğu şeirləri əzbərləyirdim. O dövrdə öyrəndiyim şeirləri, pioner
andını, kommunizmin əxlaq kodekslərini bu günə qədər əzbər bilirəm. Bütün
fənləri oxusam da, humanitar sahəyə xüsusi sevgim olub. Atam məni dövrün
tələbinə uyğun olaraq mühəndisliyə yönəltmək istəyirdi, amma dəqiq elmlərə
həvəssiz çalışırdım. Tarix və ədəbiyyatı isə xüsusi sevgiyiə oxuyurdum”.
1982-ci
ildə məktəbi bitirdikdən sonra universitetə qəbul olmaq üçün Bakıya gələn
Hikmət müəllim valideynlərinin istəyinə uyğun olaraq sənədlərini Texniki
Universitetə verir. Konkursa düşür və ali məktəbə qəbul ola bilmir. Ancaq kəndə
də qayıtmır, Bakıda qalıb işləyir. 1984-cü ildə isə hərbi xidmətə yollanır:
"Hərbi xidmətimi Həştərxan vilayətinin Axtubinski şəhərində inşaat batalyonunda
keçdim. Bu ad və ərazi mənə çox doğma gəlirdi. Ona görə araşdırma aparmağa
başladım. Sən demə, Axtuba tarixi Qızıl Orda dövlətinin ərazisi olub. İbn
Xaldun Qızıl Ordaya islamı qəbul etdirmək üçün gedən missionerlərin səyahət
yolunu izah edərkən məhz bu şəhəri təsvir edir. Qeyd edir ki, Xəzərin şimalına
qədər üzdükdən sonra müsəlman missionerlər üç çayın qovuşduğu və Xəzərə
töküldüyü ərazidən çıxaraq bir şəhərə varid oldular. Həqiqətən xidmət etdiyimiz
yerdə üç çay bir-birinə qovuşur və Xəzərə tökülürdü. Xidmət illərimiz çox
maraqlı idi. İnşaat batalyonunda xidmət etdiyimə görə, boş vaxtım çox olurdu.
Bir dəfə kitabxanadan Azərbaycan dilində kitab istədim, dedilər ki, erməni,
gürcü, rus dillərində kitablar olsa da, Azərbaycan dilində yoxdur. Bu, mənə çox
pis təsir etdi və səbəbini soruşdum. Dedilər ki, bu kitabları sizdən əvvəl
xidmət edən erməni, gürcü və ruslar özləri gətirdiblər, azərbaycanlılar isə
bunu etməyiblər. Dərhal evə məktub yazıb mənə kitab göndərmələrini xahiş etdim.
Atam bir ayda mənə düz üç bağlama kitab göndərirdi və həmin kitabları
kitabxanaya bağışladım. Xidmət etdiyim vaxtda xeyli sayda xalqın, o cümlədən,
türkdilli xalqların nümayəndələri ilə yaxından tanış oldum. Mən çavuş idim,
amma şəhərə çıxmaq üçün icazə almaq çox çətin idi. Fikirləşib bir yol tapdım.
Əsgərləri xüsusi forma geydirib sıraya düzürdüm. Belə olanda heç kim bizdən
şübhələnmirdi. Heç kimin ağlına gəlməzdi ki, bu qədər əsgər icazəsi olmadan
şəhərə çıxa bilər. Biz də fürsətdən istifadə edib şəhəri gəzir, kinoya
gedirdik”.
"Üç aya 38 manat pul qazandım”
Həmsöhbətim
deyir ki, bir qədər gec olsa da, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya
İnstitutuna qəbul olur: "1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. Tələbəliyim
müstəqilliyimizin ilk illərinə təsadüf edirdi, çox ciddi tarixi mərhələdən
keçirdik. Cəmiyyətimizə müxtəlif yeni siyasi cərəyanlar daxil olur, yeni siyasi
təfəkkür formalaşır və eyni zamanda həm də müharibə şəraitində yaşayırdıq.
Auditoriyada müxtəlif siyasi mövzular üzrə müzakirələr edirdik. O illərdə artıq
öz siyasi mövqeyimi müəyyən etmişdim. Yeni Azərbaycançılıq ideyalarını özümə
yaxın hiss edirdim. Beləcə Yeni Azərbaycan Partiyası yarandıqdan dərhal sonra ora
üzv oldum. O dövrdə siyasi elmlərlə yanaşı, həm də tarixi öyrənməyə başladım.
YAP Mərkəzi Aparatı formalaşanda da, professor Əli Həsənov məni rəhbərlik
etdiyi YAP ideologiya şöbəsinə işə götürdü və orada böyük siyasi məktəb
keçdim”.
Müsahibim
ilk qazancını da xatırlayır, deyir ki, əslində, o pul heç nəyə çatmırdı:
"Zakfederasiya adlı gəmi təmir zavodunda fəhlə - daha doğrusu, tornaçı köməkçisi
olaraq işləyirdim. Üç aya 38 manat pul qazandım. Düzü, o pul heç nəyə çatmırdı.
Əsgərlikdən qayıdanda isə Birliyində bir müddət Çinar İstehsalat fəhlə işlədim.
Daha sonra 1987-ci ildə "Çinar” qəzetilə əməkdaşlıq etməyə başladım. Mənim ilk
baş redaktorum Şaban Şabanov oldu. O, Azərbaycan jurnalistikasına dərindən
bələd idi. Mənə jurnalistikanın sirlərini öyrətdi. Beləliklə, qəzetdə işləyərək
yazıda özümü ifadə etməyi öyrəndim. Yazı vərdişi məni yaradıcılığa sövq edirdi.
Mən isə elm sahəsini seçdim. Müxtəlif monoqrafiyalar, elmi məqalələr yazdım.
Beləcə, elmlər namizədi və elmlər doktoru oldum”.
İlk sevgi adətən, insanın orta məktəb illərinə
təsadüf edir
Millət
vəkilinin fikrincə, sevgi və yumor Allahın insana bəxş etdiyi iki ən böyük
hissdir: "Yumor hissi olan insanlar daha rahat yaşayır. Sevgi isə insan
duyğularının ən alisidir. Əgər kimsə həyatında heç olmasa bir dəfə sevməyibsə,
onun həyatı tam deyil. İlk sevgi adətən, insanın orta məktəb illərinə təsadüf
edir. Bu, çox maraqlı dövrdür və mənim də başıma gəlib. 26 yaşımda isə ailə
həyatı qurdum. 1993-ü ilin iyun ayında Gəncəyə nişana gedirdik. Ölkədə siyasi
vəziyyət çox qarışıq idi. Xüsusi avtobus tutmuşduq, Kürə çatanda Sürət
Hüseynovun dəstələri avtobusun qarşısını kəsdi. Sənədlərimizi yoxlamağa
başladılar. Sürücünün qardaşını və bir neçə nəfəri hərbi hissəyə apardılar. İki
gün orada qalmalı olduq. Oktyabr ayında ailə həyatı qurduq. Hətta toyumuz seçki
gününə təsadüf etdi”.
Üç övladı
- iki qızı, bir oğlu var, deyir ki, uşaqların tərbiyəsi ilə çox məşğul ola
bilməyib: "Bəxtim gətirib ki, həyat yoldaşım da ali təhsilli idi. Onların
təhsil və tərbiyəsi ilə daha çox o məşğul olub. Qızlarım tibb, oğlum isə
beynəlxalq əlaqələr üzrə təhsil alır”.
Həmsöhbətim
sonda rubrikanın ənənəsinə uyğun olaraq gənclərə tövsiyəsini də verdi:
"Ümumiyyətlə, məsləhət verməyi sevən insan deyiləm. İnsan öz hərəkətləri ilə
başqasına nümunə olmalıdır. İndiki dövrün gəncliyi çox xoşbəxtdir. Bizim
dövrümüzdə çoxsaylı məhdudiyyətlər, qadağalar var idi. Çünki biz imperiya vətəndaşı
idik və üzərimizdə daim təzyiq hiss edirdik. Müasir dövrün gənclərinin bütün
azadlıqları təmin olunub. Onlar müstəqil Azərbaycanın gəncləridir və bu, böyük
nemətdir. O dövrdə bir kitabı oxumaq üçün aylarla növbə gözləyirdik. İndi hər
şey çox sadədir. Ədəbiyyat, elmi mənbələr kifayət qədər zəngindir və bundan
bəhrələnmək lazımdır. Təəssüf ki, bəzi gənclərin öyrənməyə həvəsi azdır və
müasir informasiya resursları bəzən onların sosiallaşmasını əngəlləyir. İnsan
sosial varlıqdır. Amma artıq qohumluq, qonşuluq, icma ənənələri sıradan
çıxmaqdadır. Gənclərin əksəriyyəti ünsiyyətdən qaçır. Daha çox virtual
ünsiyyətə üstünlük verilir. İnsanlar bir-birini sosial şəbəkə üzərində tanıyır.
Gənclər çalışmalıdır ki, bunun fərqində olsunlar. İndiki dövrdə informasiya müharibəsi
gedir. Müasir gənclik yumşaq güc kimi xarakterizə edilən bu gücü idarə etməyi
bacarmalıdır. Əks təqdirdə informasiya onları idarə edəcək və bu, milli
maraqlarımızın lehinə olmayacaq. Bu mənada gəncliyin üzərinə çox böyük
məsuliyyət düşür”.
Şəbnəm Mehdizadə