Böyüyəndə həkim olmaq istəyən idmançı qızlar

Böyüyəndə həkim olmaq istəyən idmançı qızlar

Gənclik qəzeti
14 Dekabr 2019, 10:00 2330
Sinxron üzgüçülər Zərrin və Tamilla: Qalib gəlməyəndə təəssüflənmək əvəzinə, daha da çox çalışırıq
 
Azərbaycanda çox da tanınmayan idman növü ilə - sinxron üzgüçülüklə məşğul olurlar. Yaşları az olsa da, artıq bir sıra nailiyyətlərə imza atıblar. Çünki hələ iki yaşları olandan idmanın müxtəlif sahələri ilə məşğul olmağa başlayıblar. Sinxron üzgüçülüyə həvəs isə heç də təsadüfən yaranmayıb.

Müsahiblərim bu yaxınlarda sinxron üzgüçülük üzrə beynəlxalq yarışda ikinci yerə layiq görülən Tamilla və Zərrin Rəfiyeva bacılarıdır.

Qeyd etdiyim kimi, sinxron üzgüçülük Azərbaycanda bir o qədər də məşhur olmayan idman növlərindən biridir. İdmançılar musiqi sədaları altında həm suyun altında, həm də su üzərində müxtəlif hərəkətlər icra edir.

Kiçik yaşlarından gimnastika ilə məşğul olan Zərrin və Tamilla daha sonra akrobatika və  üzgüçülüyə istiqamətləniblər. Qızlar artıq üç ildir ki, professional olaraq sinxron üzgüçülüklə məşğul olurlar. Zərrin deyir ki, əvvəllər sinxron üzgüçülük haqqında məlumatlı olmayıblar: "Əvvəlcə adi üzgüçülüyə yazıldıq. Bir il üzgüçülüklə məşğul olduqdan sonra gimnastika və akrobatika dərslərinə başladıq. Sonra anam bizi sinxron üzgüçülüklə tanış etdi. O həm də bizdə üzgüçülüyün bu növünə maraq yaratdı. Elə ilk tanışlıqdan suyun içində rəqs etmək marağımızı çəkmişdi. Beləcə, bu idmanla məşğul olmağa başladıq. İkimiz də sinxron üzgüçülüyü təqribən bir il müddətinə öyrənə bildik. Daha əvvəl üzgüçülüklə məşğul olduğuma görə, sinxron üzgüçülük mənə çətin gəlmirdi. Həm də müəllimlər bizimlə ən aşağı səviyyədən başladı deyə, öyrənmək çox da çətin olmadı. Dərslərimiz həftədə üç dəfə keçirilir. Hərdən elə olur ki, beş saatdan çox məşq edirik. Xüsusilə yarışlardan əvvəl iki ay müddətində hər gün sinxron üzgüçülük dərsi alırıq”.
 

 
Ayrı qruplara gedirik
 
Tamilla isə bacısından balaca olduğuna görə aşağı yaş qrupu üzrə dərslərə qatılır: "Bizdə üç qrup var. Bacım 12-dən, mən isə 10-dan aşağı yaş qrupları ilə birgə məşq edirik. Yaşlarımız uyğun gəlmədiyi üçün ayrı qruplara gedirik. Sinxron üzgüçülüyün adi üzgüçülükdən fərqi odur ki, biz hamımız eyni vaxtda suyun altında və üstündə eyni rəqs hərəkətlərini edirik. Rəqslər solo, duet, qrup və kombo şəklində ola bilir. Qrup şəklində 6, kombo halında isə 7 nəfərdən çox olur. Biz qrup şəklində məşğul oluruq. Qrupumuzda 8 nəfər var. Mənim duet rəqslərdən daha çox xoşum gəlir. Çünki duet halında rəqs edərkən mənə rahat olur”.
 
Davamlı olaraq idmanla məşğul olmaq qızların dərslərinə mane olmur. Çünki onlar üçün təhsil daha önəmlidir. Həkim ailəsində böyüdükləri üçün hər ikisi həkim olmaq arzusundadır. Zərrin deyir ki, riyaziyyat, rəsm dərslərini çox sevir: "Bakı Avropa liseyində beşinci sinifdə oxuyuram. Çalışıram ki, dərslərimi yaxşı oxuyub əlaçı olum. Riyaziyyat ən sevdiyim fənndir. Dərslərdən əlavə olaraq, fransız və alman dillərini öyrənirik. Əlbəttə, dərslərlə idman birgə çətin gəlir. Dərs qurtardıqdan sonra idmana gedirik. Buna görə də çox yoruluruq. Evə qayıdandan sonra isə ev tapşırıqlarımızı həll etməliyik. Hərdən elə olur ki, idmana görə tapşırıqları yaza bilmirəm. Amma idmana hobbi kimi yanaşırıq. Çünki təhsil daha vacibdir. Mən də atam və anam kimi həkim olmaq istəyirəm. Buna görə də idmanı dayandırmaq niyyətim var. Yəqin ki, 15 yaşımdan sonra idmanla vidalaşıb dərslərə yönələcəm. O vaxta qədər maksimum çox uğur qazanmaq istəyirəm”.
 

 
Özlərini şanslı sayırlar
 
İki bacı ayrı məktəblərdə təhsil alır. Belə ki, Zərrindən fərqli olaraq Tamilla 6 nömrəli məktəbdə təhsil alır: "Bacımla eyni məktəbə getmirəm. Belə daha yaxşıdır. Çünki əvvəllər eyni məktəbdə olanda, bacım etdiyim hər şeyi anama və atama xəbərləyirdi (gülür)”.
 
Tamilla deyir ki, valideynləri hər zaman onlara dəstək olur. Buna görə özlərini şanslı sayırlar: "Ailədə dörd uşağıq. Ata və anam heç vaxt planşet və telefondan istifadə etməyə qoymayıblar. Bunun əvəzində öz aramızda müxtəlif oyunlar oynayırıq. Plastilindən müxtəlif fiqurlar hazırlayırıq. Hər bazar günü valideynlərimiz bizi təmiz hava almaq üçün parka, gəzməyə aparır. Nənəm və babam müəllimdir. Həftədə bir dəfə onlar bizim dərslərimizlə məşğul olur, çətinlik çəkdiyimiz mövzuları izah edirlər. Mən əlavə olaraq şahmat dərsi də alıram. Çünki şahmatı çox sevirəm”. 
 

 
Uğur qazanmaq üçün çox çalışırıq
 
Kiçik qəhrəmanlar qısa müddətdə əldə etdikləri uğurlar haqqında da söz açdılar. Belə ki, müsahiblərim bu yaxınlarda Gürcüstanda keçirilən turnirin ilk yarışında birinci, ikinci yarışda isə ikinci yerə layiq görülüblər. Zərrin yarışlarda yer tutmayanda belə heyfsilənmədiyini söylədi: "Yarışlarda uğur qazanmaq üçün çox çalışırıq. Demək olar ki, hər gün idman dərsimiz olur. Bundan əlavə, suda saçlarımız dağılmasın deyə saçımıza jelatin vurulur. Bu isə məni çox yorur. Bəzən elə olur ki, yarışdan sonra başımı rahat hərəkət etdirə bilmirəm. Amma bütün hallarda yarışlar bizim üçün çox önəmlidir. Hər zaman uğur qazanmaq olmaz. Qalib gələ bilməyəndə, buna görə təəssüflənmək əvəzinə, daha da çox çalışıram”.
 
Tamilla deyir ki, yarışmada tək ifa etmək daha asandır: "Çünki səhv etsəm də, bunu izləyənlər çox da hiss etmir. Hamı elə bilir ki, bu hərəkət elə belə olmalı idi. Amma qrup şəklində səhv etsən, bu, bəlli olur. Çünki sən qrupdan ayrı hərəkət edərkən bu, gözdən qaçmır. Duet şəkildə ifa etmək isə daha maraqlıdır. Sinxron üzgüçülük son dövrlərdə çox inkişaf edib. Qarşıda bizi növbəti yarışlar gözləyir. Fevral ayında Latviyada, martda Dubayda, aprel ayında isə yenidən Gürcüstanda yarışlarımız olacaq. İndidən bu yarışlara özümüzü hazırlayırıq. Amma Azərbaycanda bu sahə bir o qədər də inkişaf etməyib. Bizim müəlliməmiz də rusdur. Çünki Rusiyada sinxron üzgüçülük çox məşhurdur. Əksər yarışların qalibləri də adətən ruslar olur. Amma son dövrlərdə Özbəkistanda bu idman növü xeyli inkişaf edib. Özbəklər yarışlarda ilk yerləri qazanırlar”.
 

 
Böyüyəndə də idmançı olmalarını istəmirik
 
Kiçik qəhrəmanların bu uğurları həm valideynlərini, həm də müəllimlərini çox sevindirir. Zərrin və Tamilla deyir ki, müəllimi onların diplom və mükafatlarını məktəbin bir guşəsində sərgiləmək istəyir.
 
Sonda müsahiblərimə uğurlar arzulayıb, anaları Günay xanımla da həmsöhbət olduq. Günay xanım deyir ki, qızlarının uğuruna ürəkdən sevinirlər: "Amma biz Tamilla və Zərrinin həkim olmasını istəyirik. Düzdür, idman onların sağlamlığı üçün vacibdir. Amma ömür boyu yalnız idmançı olmalarını istəmirik. Müəyyən yaşdan sonra yəqin ki, idmanı dayandırıb universitetə hazırlaşacaqlar. O vaxta qədər onların daha çox uğur qazanması üçün əlimizdən gələni edəcəyik”. 
 
Şəbnəm Mehdizadə