"Atıcılıqda fiziki güc
və texniki bacarıqlar 50 faiz önəm kəsb edirsə, qalanı psixoloji duruma
bağlıdır"
Üç il əvvəl ölkə olaraq daha bir kütləvi idman tədbirinin
təşkilatçılıq həyəcanını yaşayırdıq. Rekord iştirakçı sayı ilə IV İslam
Həmrəyliyi Oyunlarını qəbul edən Azərbaycan, əminliklə demək olar ki, İslam
aləmi üçün idmana yanaşmada nümunəvi model müəyyənləşdirdi. Təəssüratlar, yəqin
ki, hələ uzun illər dünyanın dörd bir tərəfindən təşrif buyuran nümayəndə
heyətlərinin yaddaşından silinməyəcək. Dördüncü İslamiada, sadəcə təşkilatçılıq
adına deyil, idmançılarımızın ortaya qoyduğu böyük mücadilə ilə də tariximizdə
önəmli yerə sahibdir. Bütün növlərdə üst-üstə 162 medalın məntiqi yekunu
olaraq, komanda hesabında nəhəng Türkiyəni də qabaqlayıb, ilk yeri tutduq. Hər
yarışda olduğu kimi, "Bakı 2017"də ön plana çıxan simalar oldu. Bu
mənada ilk yada düşən Ruslan Lunyovdur. Güllə atıcısı, toplam 75 qızıl
medalımızdan, nə az, nə çox, beşinin müəllifi kimi bir rekord müəyyənləşdirib.
Yeri gəlmişkən, Azərbaycanın İslamiada qəhrəmanı ötən il bizlərə daha bir
sevinc yaşatdı. Bu haqda bir qədər sonra... "...yun çubuğu..."
Lunyov Ruslan Vladimiroviç 25 iyul 1989-cu ildə Bakıda, böyük
atıcılıq ənənəsi olan ailədə dünyaya gəlib. Fəqət, valideynləri onu atıcılıqdan
öncə şahmat və cüdoda sınamaq qərarı veriblər. Anası, "Afina 2004"
Yay Olimpiya Oyunlarının mükafatçısı İradə Aşumova deyir ki, atasının istəyi
ilə övladlarının əvvəlcədən fiziki və zehni cəhətdən paralel inkişafı prioritet
seçildiyi üçün belə bir addım atılıb. Ruslan, cüdo ilə 4 ilə yaxın, özü də
Azərbaycanın ən adlı-sanlı mütəxəssislərindən biri olan Tərlan Həsənovun
yanında məşğul olub. Di gəl, şahmat lövhəsindən fərqli olaraq, onu tatamiyə
bağlayan heç bir səbəb yox imiş. Danışdıqlarına əsasən, şahmat bilikləri hələ
üç-dörd yaşlarından formalaşıb. Ağ-qara fiqurlarla müəyyən dərəcəyədək yüksələn
Ruslan, 14 yaşından bütün diqqətini atıcılığa yönəltməli olub. Həm də İradə
xanımın şəxsi məşqçisi olan ata Lunyov, oğlunu min bir əziyyət bahasına bu növə
alışdırıb.
İ. Aşumova: "Bildiyiniz kimi, Azərbaycanda atıcılıqla məşğul
olan uşaqların sayı həmişə az olub. Adətən məşqçilər məcbur qalıb, öz
qohum-əqrəbalarını ətrafına toplayırlar. Odur ki, biz də bacım uşaqlarını
onunla birgə məşqlərə cəlb etmişdik. Başlanğıcda həvəssiz, könülsüz yanaşırdı,
davamlı yayınmağa çalışırdı. Atası onu yun çubuğu ilə birtəhər yola gətirib (gülür).
Mənə qalsa, təhsil almasını daha çox istəyirdim. Fikrimdə tutmuşdum
ki, xarici universitetlərin birində oxusun. Atası razı olmadı. Dedi, axı, sən
uşağı niyə başımızdan eləmək istəyirsən, qoy yanımızda olsun. Susdum. Mən
ürəyiyumşaq adamam, atası kimi çox üstünə getmirdim. Amma o sərtliyin
nəticəsidir ki, bu gün mən Ruslan haqqında "idmanda layiqli
davamçımız" deyə bilirəm".
Qohumlardan söz düşmüşkən, Lunyov İslamiadadakı
"qızıl"lardan birini elə xalası qızı Nigarla birgə 10 metr məsafəyə
hava tapançasından cüt atəş açma yarışında qazanmışdı. Habelə, Ruslandan əvvəl
özündən 10 yaş böyük bacısı Diana da atıcılıq təcrübəsi yaşayıb. Hindistanda qazanılan
əminlik
Azərbaycanın son illər üçün lider atıcısı, ölkə çempionatlarındakı
birinciliklərinin sayını itirib. Uğurlarından danışarkən, sadəcə beynəlxalq
arenadakı mükafatlarının adını çəkir. Karyerasının ən önəmli nəticəsi kimi
2017-ci ilin fevralında Hindistanda keçirilən dünya kubokunda qazandığı bürünc
medalı vurğulayır. O mənada ki, təqvimin ən önəmli yarışlarından biri hesab
olunan sözügedən turnirdə 25 metr məsafəyə pnevmatik tapançadan atəş açmada
əldə etdiyi bu mükafat, özünəinam formalaşdıraraq, gələcək uğurlarına körpü
rolunu oynayıb: "Atıcılıqda fiziki güc və texniki bacarıqlar birlikdə 50
faiz önəm kəsb edirsə, qalanı psixoloji duruma bağlıdır. Dünya kubokunun medalı
mənə mükəmməl təkan verdi. İslam oyunlarındakı qələbələr, sonrakı nailiyyətlər
məhz həmin üçüncülüyün yaratdığı əhval-ruhiyyənin bəhrəsidir". İslamiada - Bu, bir təsadüf deyil
İslamiada triumfundan sonra Ruslan, 2018-ci ildə 25 metr məsafəyə
atəş açmada İsveçrənin Tun şəhərində keçirilən hərbçilər arasında dünya
çempionatının qalibi adını qazandısa, ötən ilin sentyabrında İtaliyanın Bolonya
şəhərində baş tutan Avropa çempionatından da ölkəmizə qızıl medal, üstəlik,
olimpiya lisenziyası ilə döndü. Əslində, bunadək də o, olimpiada həyəcanını
yaşamışdı. Belə ki, Rioya atıcılarımız tərəfindən heç bir lisenziya
qazanılmadığından, Lunyov "wild card" sayəsində 57 nəfərlik olimpiya
komandamızın heyətində yer almışdı.
İslamiada deyərkən, ilk xatırlanan idmançı Ruslan Lunyovdursa,
qəhrəmanımızın adını çəkdikdə, istər-istəməz, sözügedən yarışdakı qızıl
medallar və onlara görə qazandığı mükafatın ajiotajı yada düşür. Bəli, xəbərlər
birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. "Bu,
Lunyovun gerçək potensialı ilə üst-üstə düşmür” deyə, düşünənlərin sayı kifayət
qədər çox idi. Odur ki, Avropa çempionluğu və əldə edilən olimpiya lisenziyası
ilə Ruslan, həm də İslamiada şöhrətinin təsadüf olmadığını isbatladı. Tokioda medal
"ov"unda
Ötən olimpiadadan fərqli, Tokioda prinsip "əsas iştirakdır"
olmayacaq. Son Avropa çempionatında olimpiya və dünya mükafatçılarını
qabaqladığını nəzərə alsaq, məqsəd elə də əlçatmaz görünmür. Ruslan təklif edir
ki, medal gözləntilərini, sadəcə, döyüş idman növləri ilə bağlamayaq: "Rio
mənim üçün təcrübə idi. Ora olimpiada həyəcanını hiss etməkdən ötrü
yollanmışdım. İndi isə müəyyən bir baza formalaşıb, qalır onu lazımınca
dəyərləndirməyim. Avropa çempionatında, hazırkı olimpiya çempionu olan Almaniya
idmançısını üstələməyim mənə əlavə ruh verib".
Söylədiklərinə İradə xanım da qoşulur. Həm də güllə atıcılığı üzrə
yığmalarımızın baş məşqçisi olan ana, oğlunun səhvlərdən nəticə çıxarıb, artıq
tam işinə fokuslandığını deyir: "İslam Oyunlarından sonra bir ara fikri
yayındı. Biznes qurmaq istəyirdi. Amma hara əl atdısa, boşa çıxdı. Axırda
dedim, bala, hər iş diqqət, peşəkarlıq istəyir. Məsləhət gördüm ki, ikisindən
birini seçib, yalnız onun arxasınca getsən, daha yaxşı olar. Ruslan yarışdan
yarışa artırır. Belə olduqda, təbii ki, hədəflər də böyüyür".
Hərçənd, yaxın zamanda istəyinə çatmasa da, bu, dünyanın sonu
olmamalıdır. 30 yaş atıcılıqda hələ ilkin dövr kimi hesablanır. Azərbaycan
idman tarixinin ən qocaman olimpiya mükafatçısı olan ana, bu mənada onun üçün
ən parlaq nümunədir. Yeri gəlmişkən, "kumirin kimdir" sualına cavabı
da İradə Aşumova və Vladimir Lunyov oldu. Portret
Böyük idman ənənələri olan ailələr az deyil. Şahmatda Məmmədyarovlar,
qılıncoynatmada Yaşar və İlqar Məmmədovlar, güləşdə Namiq və Arif Abdullayev
qardaşları başda olmaqla, onlarla nümunə gətirmək mümkündür. Azərbaycanda güllə
atıcılığı deyərkən, ilk yada düşən adların az qala hamısı Ruslangildə cəmlənib.
Odur ki, rəssamın sadə portret deyil, ailə tablosuna müraciət etməsindən təbii
heç nə yoxdur. Uzun illər ötsə də, Lunyovların hədəfi dəyişməyib. Şikar, həmin
şikardır...