• cümə, 26 Aprel, 07:50
  • Baku Bakı 12°C

Bütün peşələrdə ən çətin və dəyərli olan şey “fikir”dir

17.01.14 11:18 3007
Bütün peşələrdə ən çətin və dəyərli olan şey “fikir”dir
Ötən il noyabrın 23-də Bakı, Roma və Madriddə eyni vaxtda 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib. Hər kəsin diqqət mərkəzinə çevrilən həmin loqonun müəllifi tanınmış Azərbaycanlı dizayner Adəm Yunisovdur.
Adəm Yunisov hesab edir ki, loqoda Azərbaycan xalqının ilk dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə edib və Azərbaycanın keçmişi ilə bu gününü bütöv şəkildə bir araya gətirib. Loqodakı xalı özündə UNESCO-nun 2010-cu il Bəşəriyyətin Qeyri-Maddi Mənəvi İrsinin Nümunələrinin Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətini, əksər xalçaçılıq bölgələrində şifahi və əməli şəkildə nəsildən-nəslə ötürülən ailə ənənəsini əks etdirir. Loqonun bu elementi “Bakı-2015” planlarına xas olan mədəni irsin, müxtəlifliyin və yaradıcı ifadənin vacibliyi kimi prinsipləri özündə cəmləyib. Alov – Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir. Dalğa - dəniz səviyyəsindən 28 metr aşağıda yerləşmiş Bakı dünyanın ən aşağı nöqtəsində yerləşən paytaxt şəhəri, Simurq quşu – göy arasında vəhdətin rəmzidir. Nar – Azərbaycanda məşhur olan meyvə və irs kimi əzəldən bərəkət və bolluğun rəmzidir. Loqonun bu beşinci elementi “Bakı-2015”in avropalıları idman sahəsində bir araya gətirmək və gələcək nəsillər üçün miras qoymaq ambisiyasını təmsil edir.
Həmyerlimiz Türkiyə mətbuat orqanlarına loqonun yaranması prosesindən danışıb. Adəm bu sənətə sadəcə, hobbi olaraq baxdığını söyləyib. Həmyerlimizin xarici mətbuatda yer alan müsahibəsini sizə təqdim edirik.
Ona maraq kimi baxmışam

- Bizə maraqlıdır, Adəm Yunisov kimdir?

- Mən 1978-ci ildə Azərbaycanda dünyaya gəlmişəm. Naxçıvan özəl Türk məktəbini bitirmişəm. Türkiyə ilə ilk tanışlığım da məhz elə məktəb vaxtlarımdan olub. Məktəbi bitirdikdən sonra təhsil almaq üçün Ankara Universitetini seçdim. Orada Hacettepe Universitetinin Kompüter mühəndisliyi ixtisasında təhsil aldım. Dizaynerlik sənəti hər zaman mənim hobbim olub. Ona ciddi bir iş kimi baxmamışam, sadəcə, bu sənətə böyük marağım olub. Hobbisini iş olaraq görən şanslı insanlar sırasında olduğum üçün çox xoşbəxtəm.
- Bundan əvvəl bu kimi yarışlara qatıldınızmı?

- Açığını desəm, işimlə bağlı bir sıra yarışları yaxından izləmişəm. Bu günə kimi yalnız bir yarışa qatıldım. Və yarışın sonunda hər hansı bir seçim edilmədi və yarış ləğv edildi.
- Sizcə, bir loqonu hazırlamağın çətin tərəfləri nədən ibarətdir?

- Mənə görə, bütün peşələrdə ən çətin və dəyərli olan şey “fikir”dir. Əgər hər hansı layihədə yaxşı ideya, gözəl fikir tapsanız, yerdə ancaq onu həyata keçirmək qalır ki, bunu da bir az əmək sərf etməklə edə bilərsiniz. Uğurlu bir loqonu və ya hər hansı bir məhsulu ərsəyə gətirməyin ən çətin tərəfi gözəl bir fikir tapmaqdan ibarətdir.
Loqonu 10 günə hazırladım

- Bu loqonu neçə günə hazırladınız?

- Həmin loqonu 10 günə hazırladım. 10 günün əsas hissəsini loqonu düşünmək, qalan zamanı da qrafikanın həlli üçün xərclədim. Çünkü loqo bir çox elementin birləşməsindən əmələ gəlmişdi və təbii alınması üçün ciddi əmək sərf etmək lazım idi. Mən də bunun üzərində daha çox işlədim.
- Yarış üçün loqonun yalnız bir nüsxəsini hazırladınız, yoxsa başqa variantlarınız var idi?

- Xeyr. Yarış üçün yalnız bir loqo üzərində işlədim. Belə ki, yarışa yalnız bir loqo göndərdim. Mənim göndərdiyim loqo olduğu kimi də qəbul edildi, ona heç bir əlavələr edilmədi.
- Loqonu hazırlayarkən üzərinizdə başqalarının təsiri oldumu?

- Olimpiya Komitəsi bu işin heç bir yerində mənə müdaxilə etmədi. Düşünürəm ki, sərbəst işləməyim üçün belə strategiya çox önəmli idi. Ailəm və dostlarımın da ilk çalışma əsnasında heç bir təsiri olmadı. Ancaq mənə görə dolayısı yolla da olsa, onların üzərimdə müəyyən təsirləri olub.
Dəyişmək yaşamaq üçün bir qanundur

- Bir çox tanınmış markaların zaman keçdikcə loqolarını dəyişdirməsi haqqında görüşünüz nədən ibarətdir?

- Mən markaları organik bir quruluş olaraq görürəm. Onlar dünyaya gəlirlər və böyüyürlər... Dəyişmək yaşamaq üçün bir qanundur. Buna qarşı durmamaq lazımdır. Necə ki bizim tez-tez hadisələr haqında fikirlərimiz və həyata baxışımız zamanla dəyişir, markaların da bu dəyişimə ayaqlaşmağı lazımdır. Loqo dəyişimi bu gerçəkliyin önəmli bir parçasıdır.
- Ən çox bəyəndiyiniz loqo hansıdır?

- Əslində loqoların əksəriyyətini bəyənirəm. Ümumiyyətlə, sadə loqolar daha çox diqqətimi çəkir. Mercedes Benz, Audi, Apple kimi markaların loqoları sevdiyim loqolar sırasındadır.
- Olimpiya loqosunu hazırlayan insan kimi tarixə düşmək həyatınızda nələri dəyişdirdi?

- Neçə illərdir ki, dizaynerlik işi ilə məşğulam və etdiyim işlər də hər zaman izlənilib, onlar haqqında xoş sözlər söylənilib. Ancaq Olimpiya loqosu kimi beynəlxalq səviyyəli bir işə imza atmağım və bunun bəyənilməsinin mənəvi həzzinin yerini heç nə verə bilməz. Həyatımda dəyişən heç nə yoxdur. İndi hazırladığım eskizlərimin üzərində xüsusi bir ləzzət alaraq işləyirəm. Ümid edirəm ki, bütün sənət dostlarım bir gün bu həzzi dadarlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər