AZE | RUS | ENG |

Bütün ölkələrin pendirlərinin dadına baxmaq istəyən rəssam

Bütün ölkələrin pendirlərinin dadına baxmaq istəyən rəssam
Aynur Rüstəmova: “Həyat yoldaşım işdən gəlib görsə ki, rəsmə görə yemək bişirməmişəm...”

"Hərdən metroda, avtobusda kimisə görüb rəsmini çəkməyə başlayıram. Həmin vaxt adama qəribə baxsalar da, çalışıram yad baxışları çox vecimə almayım. Çünki düşünürəm ki, bir şeyi cəmiyyətə qəbul etdirmək üçün komplekslərini kənara atmalısan. Artıq əksəriyyət buna öyrəşib, əvvəlki sərt reaksiyaları səmimi gülüşlər əvəz edib. Hərdən də elə olur ki, rəsmini  çəkdiyin yerdə həmin adam avtobusdan düşür və iş yarımçıq qalır”.   
Bu sözləri bizimlə söhbətində gənc rəssam Aynur Rüstəmova dedi. Onunla ilk tanışlığım sosial şəbəkədə olsa da, pozitiv-əhval ruhiyyəsi ilə tez bir zamanda diqqətimi çəkdi. Azadlığına həddən ziyadə düşkün olduğu da, hər halından bəlli idi.
 
"İlk dəfə hədiyyə olaraq onun rəsmini çəkmişdim”

 
Qeyd edim ki, A.Rüstəmova 1989-cu ildə Goranboy rayonunun Qızılahacılı kəndində anadan olub. Orta məktəbi  bitirəndən sonra ailəsi fikirləşir ki, onun ali təhsil almağa fiziki gücü çatmaz. Bu baxımdan ailədə bir qədər tərəddüd yaranır. Beləliklə, qərara gəlirlər ki, onu pianino sahəsinə yönəltsinlər, necə deyərlər qız uşağının əsl sənəti müəllimlikdir. Gedib dərsini keçib, evinə gələr. Həm də o vaxt gələcək rəssamın özünün pianinoya böyük marağı olur. Amma iş elə gətirir ki, Konservatoriya imtahanından keçə bilmir. Nəticədə Azərbaycan Dillər Universitetinin fransız dili bölməsinə yönəlir. Könülsüz olaraq siyasət oxuyan Aynur deyir ki, indi buna görə peşman deyil. Çünki ali təhsil ona çox şey öyrədib. İmkanlardan istifadə edib məntiq, fəlsəfə, psixologiya öyrənə bilib. Bundan başqa, fransız dilini yaxşı öyrənmək imkanı olub. Amma incəsənətdən heç cür qopa bilməyib: "Universitetdə oxuya-oxuya cızma-qara etməyə başladım. Əslində, rəssamlığa keçid etməyimin əsas səbəbi və motivasiya qaynağım həyat yoldaşım olub. İlk dəfə hədiyyə olaraq onun rəsmini çəkmişdim. İşin üstünə ciddi düşməyimə də o səbəb oldu. Mənə dedi ki, müəllim yanına get və yavaş-yavaş başla. Beləcə, rəsmi davam etdirmək qərarına gəldim. Universiteti bitirəndən sonra rəssamlığa yönəldim”.
Rəssamlığın təhsilini almaq barədə qərarsız olduğunu söyləyən fırça ustası bu barədə çox götür-qoy edib: "Arada Akademiyada təhsil alan uşaqlarla bu barədə söhbətləşirəm, amma bir yandan da bu işə girişmək istəmirəm. Düzdür, təzə başlayanda rəssam yanına hazırlığa getdim, amma orada çox qala bilmədim. Çünki qarşına nəyisə qoyurlar ki, bunu çəkməlisən, məcburiyyət isə mənlik deyil. Xarakterimdən dolayı sərbəst, azad olmağı sevirəm. Həmçinin, mənə görə bir şeyi kimdənsə öyrənməkdənsə, araşdıraraq mənimsəmək daha faydalıdır. Bu, bəzən çox vaxt aparır, istədiyin mərhələyə gec çatırsan. Amma nə vaxtsa ali təhsil almaq istəsəm, yəqin ki, xarici ölkələrin birində olacaq. Fransa məni həmişə incəsənəti ilə cəlb edib. Dili də bildiyimə görə, seçim etməli olsam, ora üz tutaram”.
 
 
"Zövq alıram, yaşayıram, öyrənirəm”

 
Müsahibim deyir ki, gördüyü işdən həm zövq almaq, həm də pul qazanmaq şansı hər adama nəsib olmur: "Elə adam var ki, yaxşı işdə işləyir, yüksək gəliri var, amma bu, onun sevdiyi iş deyil. Məncə, o adam nəfəs almır. Məndə isə əksinədir, zövq alıram, yaşayıram, öyrənirəm və nəfəs alıram. Ona görə də rəssamlıq mənə çox xoşdur. İşinin rəhbəri də sənsən, işçisi də. Kağız  və kətan üzərində işlənilən rəsmlər var. Adətən, kətan üzərindəki rəsmlər daha çox vaxt alır. Bir də var digital rəssamlıq. Düzü, əvvəl fikirləşirdim ki, digital üsul rəssamlığı geri aparır və insanın əl bacarığını öldürür. Sonradan bir-iki dostumun məsləhəti ilə bu sahəyə keçdim. Buna maraq isə məndə film rəssamlığından yarandı. Digitalın üstünlükləri çoxdur. Onun sayəsində inkişaf etməyən sahələri də inkişaf etdirmək olar. Məsələn, bizdə film rəssamlığı inkişaf etməyib. Hansısa səhnəni hazırlamaq üçün böyük bir ərazidə səhnə qururlar, amma normalda bir otaqda bu işləri görmək olur. Həmçinin, bu zaman material da az işlənir. Texnologiyaya yad biri olsam da, digital rəssamlığa görə texnoloji yeniliklərdən xəbərdar olmağa məcburam. Həmçinin işim, tanınmağım, sifarişlərim sosial şəbəkələrdən asılıdır. "Facebook”da işlərimi paylaşmağa başlayanda dostluğumda 30 nəfər var idi. O zaman ağlıma gəlməzdi ki, nə vaxtsa siyahı beş minə çatar, sərgi edərəm. Rəsmlər dostlarım sayəsində tanınmağa başladı. Səhifələr paylaşdıqca, işlərim tanındı, əhatəm artdı”.
Həmsöhbətimlə təqribən il yarım əvvəl baş tutan "Sandıq” sərgisi haqqında danışdıq: "Hazırlıqlara 5-6 ay əvvəldən başladım. Hazırlıqdan əvvəlki 3 ay ərzində isə bir mövzu qərarlaşdırdım. Bir gün gecə saat 3-də ağlıma gəldi ki, mövzunu dəyişim. Səhər oyananda artıq üç aylıq zəhmətimi kənara atıb yeni mövzu üzərində işləməyə başladım. Ümumilikdə, 10 mövzu əsasında 20 əsər təqdim olundu. Sərgi gözlədiyimdən də uğurlu keçdi. Açılış günü qar yağsa da, xeyli sayda adam gəldi. Aradan xeyli vaxt keçib. Artıq növbəti sərginin vaxtı çatdığını düşünürəm”.
 
"Evim rahat deyilsə, mən rəsmə başlaya bilmərəm”
 
Uzun müddət bezməyəcəyi bir iş axtarışında olan gənc rəssam nəhayət arzusuna çata bilib: "Bu sahədən qazandığım gəlir məni təmin etmədiyinə görə, elə bir iş istəyirdim ki, həm rəsm sahəsində inkişafdan qalmayım, həm də gəlirim olsun. Beləliklə, az gedib, üz gedib axır şirniyyat sahəsinə çıxdım. İndi şirniyyat maketləri çəkir və fiqurlar hazırlayıram. Heykəltəraşlıq və rəsm birlikdə mənə inkişaf etməyimə daha çox kömək edir. Təqribən 5 aydır ki, bu işdə işləyirəm və ilk iş yerimdir ki, bu qədər uzun müddət çalışıram. Bu günə kimi  3-4 işdə çalışmışam və onların hər birindən bir aydan sonra ayrılmışam. Çünki iş insanı çərçivəyə salır. İndiki iş yerimdə rəhbərlik mənə istədiyim azadlığı verir. Bu elə bir sahədir ki, azadlıq olmasa, istədiyin ideyanı yarada bilməzsən”.
 
Gənc rəssamdan işin və evin mətbəxini də soruşduq: "Evim rahat deyilsə, mən rəsmə başlaya bilmərəm. Əslində, işləri çatdırmaq düzgün vaxt bölgüsündən və planlamadan asılıdır.  Sərgi müddəti demək olar ki, başımı qaşımağa vaxtım yox idi. Amma bu, bizdə ciddi problemə çevrilmədi. Əgər hər şeyi vaxtında çatdıra bilirsənsə, niyə də olmasın? Bəzən həyat yoldaşım işi ilə bağlı olaraq evdə olmur. Bu baxımdan da, elə də çox məişət problemimiz  olmur. Evdə tək oluram və rəsm çəkməyə vaxtım olur. Hətta yoldaşım işdən gəlib görsə ki, rəsmə görə yemək bişirməmişəm, heç nə demir. Bu cəhətdən şanslıyam”.
 
"İşini sevirsənsə, dağın başında da edə bilərsən”
 
Aynur deyir ki, material, şərait olmaması insanı bu işə başlamaqdan çəkindirməməlidir: "Bəziləri fikirləşir ki, material, şərait yoxdursa, bacarmaz. Mən rəsmə başlayanda kənddə idim. Qardaşım iş yerindən köhnə xəritələr gətirirdi. Kapron butulkaya su və rəng doldurub çiləməyə başlayırdım. Həmin vaxt nə fırçam, nə də qələmim var idi. Məncə, bu, bir qədər sevgi məsələsidir. İşini sevirsənsə, dağın başında da edə bilərsən. Amma təkcə həvəslə də hər şey düzəlmir. Daim üzərində işləməlisən. Əgər maraqlı bir şey  görürsənsə, onu tez çəkməlisən. Çünki burada bilik təcrübə sayəsində toplanır”.     
Ağ divarlara rəngbərəng şəkillərlə həyat gətirən rəssam işin çətin tərəflərindən də söz açdı: "Ağ divar görəndə ora şəkil çəkməyim gəlir. Xarici saytlarda ölkələrin divarlarına baxanda görürsən ki, şəhərin əksər divarları rəsmlərlə bəzədilib. Bizdə divarlar çox solğundur. Əgər bizdə də divar rəsmi  inkişaf etsə, Bakı daha canlı, daha al-əlvan görünər. Divar işi məni çox cəlb edir. Amma bir az ağır işdir və xüsusilə qadın üçün çətindir. Bu günə kimi bir neçə divar rəsmi işləmişəm. Fikirləşirəm ki, kafe, restoran, evlərin divarlarında rahat rəsm çəkə bilərəm. Amma divar rəsminin materialları  baha olduğundan məkan sahibləri fikirləşir ki, bir divar rəsminə xərclədiyi pula rəsm alıb asmaq daha sərfəlidir. Lakin görüntü olaraq divar rəsmi rəsmdən daha üstündür. Düzünü desəm, mənim küçə incəsənətinə çox da marağım yoxdur. Qapalı məkanda daha rahat işləyirəm. Amma çox istərdim ki, belə bir kollektiv yaransın və divar işini işləyə bilək”.
 

"Çox məşhur biri  olmaq istəmirəm”
 

Fırçaların dili ilə danışan Aynur, təkcə rəsm deyil, incəsənətin bütün sahələri ilə maraqlansa da, istirahət üçün rəqsə üstünlük verir: "Rəqs, pianino, musiqi, heykəltəraşlıq, memarlıq-bunların hamısı ilə maraqlanıram. Peşəkar olaraq rəssamlığı irəli aparmaq istəyirəm. Evə gələndən sonra bir-iki saatımı rəqsə ayırıram. Rəqs mənim enerjimi bərpa edir və müsbət təsir edir.  Əgər həmin vaxt musiqiyə ehtiyacım varsa, hər şeyi kənara atıb musiqi dinləyirəm. Əgər bunu etməsəm, sonrakı addımı ata bilmərəm. Ayda 2-3 dəfə "tənbəllik” günü elan edirəm. Həmin günlər səhərdən axşama kimi yeyib-içib, yatıram. Əks halda enerjim bərpa olunmur. Uşaq vaxtı kitab oxumağı sevirdim. Nənəmgildə olanda çoxlu sovet kitablarını oxumuşam. İndi isə kitab oxumağa demək olar ki, vaxtım və sakit bir yerim yoxdur. Emalatxanam olandan sonra ora rəssamlığa aid  alətlərdən başqa, sevdiyim kitabları, pianinomu və digər lazımi şeyləri yerləşdirəcəyəm. Ola bilsin ki, növbəti sərgidən sonra bu haqda fikirləşim”.
Sonda Aynur gələcək planları haqda da danışdı: "Nə qədər şablon olsa da, ömrümün geri qalanını ailəmə və işimə həsr etmək istəyirəm. Hansısa böyük bir ölkənin kəndinə köçmək arzularımdan biridir. Təbiətin içərisində balaca bir daxma və emalatxana təsəvvür edirəm. Çox məşhur biri  olmaq istəmirəm. Əlbəttə ki, rəsm və sərgilərimə davam edəcəyəm. Çox yer görmək, tanımaq istəyirəm. Öz təsərrüfatımı qura bildiyim, əkib-becərə biləcəyim rahat bir yer olsun, bir də ən azından bütün ölkələrin pendirlərinin dadına baxmaq istəyirəm. Gəlirim normal olarsa, rəssamlıqdan başqa yerdə işləməyi ağlımdan keçirmərəm. Çünki qrafikə uyğun iş mənə yad gəlir”.
Şəbnəm MEHDİZADƏ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000