AZE | RUS | ENG |

«Burun sifətin gözəlliyinin 50-60 faizini təşkil edir» - Həkim söhbəti

«Burun sifətin gözəlliyinin 50-60 faizini təşkil edir» - Həkim söhbəti
Plastik cərrah Sami Samin: “Əməliyyatı ucuz edir deyə, hər həkimə güvənməyin”


Qadınların gözəlləşmək üçün bəzən özlərini qurban vermələri, müəyyən yollara baş vurması yeni deyil. XV əsrdə yaşamış Fransa kralı II Henrinin sevgilisi Diana de Puatıenin cavanlaşmaq üçün qızıl tozunu içməsi, Misirdə qadınların süd vannası qəbul etməsi kimi çox misallar göstərə bilərik. Müasir dövrdə texnologiyanın inkişafı ilə bağlı olaraq cavanlaşma yöntəmləri də dəyişib. İndi qadınların, eləcə də kişilərin gözəlləşmək üçün seçdikləri ən sadə və rahat üsul plastik və estetik əməliyyatdır. Heç bir əziyyət çəkmədən bədəninin istənilən yerini yeniləmək, dəyişdirmək, arıqlayıb, kökəlmək bu əməliyyatlar vasitəsilə çox asandır. Son zamanlar xüsusilə də gənclər arasında populyarlaşan plastik və estetik əməliyyatlar artıq dəb halını alıb. Bəs görəsən bu əməliyyatlar nə dərəcədə xeyirlidir? Fəsadları nələr ola bilər? Bu suallarla bağlı Xətai Estetik Klinikasının plastik rekonstruktiv cərrahı, uzman həkim Sami Saminlə söhbətləşdik.

Ən çox edilən estetik əməliyyat

Ölkəmizdə həyata keçirilən plastik əməliyyatlardan danışan müsahibimiz deyir ki, digər ölkələrə nisbətən Azərbaycanda gənclər daha çox burun əməliyyatları etdirmək istəyirlər: “Burun əməliyyatı ən çox yayılmış əməliyyatdır. Səbəbi də odur ki, burun insan sifətinin gözəlliyinin 50-60 faizini təşkil edir. Başqa sözlə, burunda əyrilik, yekəlik, balacalıq və başqa xoşagəlməz hallar olanda insanlar əməliyyata can atır. Azərbaycanda da xəstələrin 80 faizi burun əməliyyatları üçün bizə müraciət edirlər. Burun əməliyyatları həm çəpər əyriliyinin düzəldilməsi, həm də estetik məqsədlə aparılır. Yəni burunda çəpər əyriliyi səbəbindən nəfəs alma problemi yaşayan xəstələr əməliyyata gələrkən burunlarının xarici görünüşünü də dəyişmək istəyirlər. Biz əməliyyat zamanı bu prosedurların hər ikisini həyata keçiririk. Bundan sonrakı yeri süd vəzisinin böyüdülməsi, kiçildilməsi və qaldırılması tutur”.

Plastik əməliyyatda yaş həddi

Əməliyyat üçün müraciət edənlərin yaş həddinə gəldikdə isə uzman həkim deyir ki, ən çox müraciət edənlər 15-26 yaşlı gənclərdir: “Əslində, plastik əməliyyat etdirmək üçün standart yaş həddi müəyyən edilib. Qızlar minimum 16, oğlanlar isə 17 yaşı olmadan plastik əməliyyat etdirə bilməzlər. Bu yaş həddində də çox vacib olduğu halda əməliyyata icazə verilir. Çünki, insanın bədən quruluşunda, simasında 22 yaşa qədər müəyyən dəyişilmələr ola bilər. Buna görə də bu yaşa çatmamış plastik əməliyyatların keçirilməsi tibbdə də qadağandır. Lakin həkimlərin əksəriyyəti buna məhəl qoymadan, pul qazanmaq xatirinə bu əməliyyatı edirlər. Müraciət edənlərdən ikinci sırada isə 25-30 yaş arası gənclər tutur”. Əməliyyatların fəsadlarına gəldikdə isə müsahibimiz vurğuladı ki, heç bir əməliyyat məsum deyil: “Plastik əməliyyat üçün hər müraciət edən xəstəni qəbul etmək düzgün deyil. Əməliyyatdan öncə, xəstənin psixoloji vəziyyəti yoxlanılmalıdır. Bəzən xəstə düşünür ki, “mənim burnum çox böyükdür və buna görə ailə qura bilmirəm, dostlarım məni özlərindən kənar tutur. Əgər burnum düzəlsə, həyatım dəyişəcək”. Bu düşüncələr yanlışdır. Plastik əməliyyat etdirənlərin psixoloji vəziyyəti də sağlam olmalıdır. Belə düşüncə ilə gələn xəstələr həyatlarında dəyişiklik olmadığını gördükdə, depressiyaya düşürlər və həkimi günahlandırmağa başlayırlar”.

“Həyatınızla oyun oynamayın”

Plastik cərrahı deyir ki, estetik əməliyyat mövzusunda gənclər maarifləndirilməlidir. Şüursuz şəkildə edilən əməliyyatlar böyük fəsadlara yol aça bilər: “Artıq plastik cərrahiyyə əməliyyatları elə bir səviyyəyə gəlib çatıb ki, insanlar qorxmadan və çəkinmədən bu əməliyyata razılıq verirlər. Burada ən əsas məsələ düzgün mütəxəssis seçimidir. Əgər mütəxəssis düzgün seçilərsə, əməliyyatın mənfi cəhəti yoxdur. Bəzən xəstə gəlir deyir ki, burnumu düzəlt. Burnuna baxdıqda görürəm ki, ilk əməliyyatı edən həkim xəstənin burnunu kəsib, istədiyi şəkildə doğrayıb. Xəstələrə hər vaxt izah etməyə çalışıram ki, ilk əməliyyat çox önəmlidir. Əgər yanlış bir şey edilibsə, onu düzəltmək mümkün deyil. Sinə əməliyyatını ucuz edən yerlər var. Keyfiyyətsiz silikonlar istifadə edirlər. Bu da müəyyən fəsadlara səbəb olur. Xəstələrin haqqıdır ki, həkimdən bədəninə yeridilən marka ilə bağlı məlumat alsınlar və gözləri ilə görsünlər. Hər bir əməliyyatın faydaları və zərərləri haqqında mütləq araşdırılma aparılmalıdır. Məsələn müəyyən gellər var ki, bunların istifadəsi qadağan edilib. Lakin bəzi həkimlər bunlara məhəl qoymadan tətbiq edirlər. Dodaqlara, yanaqlara gel və silikon vurulmasına qarşıyam. Bu əməliyyatı etdirmək istəyənlərə də məsləhət görmürəm. Həyatınızla oyun oynamayın. Xəstənin güvəndiyi yerdə əməliyyat olması vacibdir. Çünki, hər əməliyyatın ziyanları var. Heç bir əməliyyat məsum deyil”.

Kişilərin sayı artıb

Əvvəllər plastik əməliyyatlara qadınlar müraciət etdiyi halda, indi kişilərin də sayı az deyil. Müsahibimiz deyir ki, kişilərin sayının artması bu sahədə informasiyanın çoxalması, eləcə də kişilər arasında bununla bağlı psixoloji maneələrin aradan qalxması ilə bağlıdır: “Qadınlarda plastik əməliyyat üçün müraciətlərin sayı kimi, onların növləri də çoxdur. Ümumiyyətlə zərif cinsin nümayəndələrinin 60 faizi üzünü, 40 faizi isə bədəninin digər hissələrində dəyişiklik etdirir. Kişilərdə isə üz nahiyəsində aparılan əməliyyatların böyük hissəsi burun korreksiyası ilə bağlıdır. Kişilərin əksəriyyəti – təqribən 80 faizi burun əməliyyatları üçün müraciət edirlər. Amma artıq piylənmə, üzün dərisində yaranan qırışlarla bağlı müraciət edən kişilər də var.”

Həkim sonda vurğuladı ki, əməliyyatdan əvvəl xəstə və plastik cərrah açıq bir şəkildə görüşməli və tərəflərdən hər ikisi də ortaq bir qərara gəlməlidirlər. Xəstənin gözlədiyi nəticə reallığa uyğun olmalı, əməliyyatı həyata keçirən plastik cərrah isə xəstəsinə güvən verməlidir. Ən əsası isə xəstə onun bədənində hansı əməliyyatların keçiriləcəyi, hansı cihazlardan istifadə ediləcəyi ilə bağlı məlumatlı olmalıdır.

Aygün ƏZİZHəkim söhbəti"> Həkim söhbəti"> Həkim söhbəti">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219