“Bura gələn özünü evindəki kimi hiss etməlidir” - Reportaj
- Bu
gecə mafiya yığışır?
- Yox,
sabah axşam yığışacaq.
- Qurbanın
kimliyi bəllidir?
- Xeyr,
təzələrdən birini seçərik də.
- Məkan
haradır?
Yəqin ki, siz də mənim kimi bu söhbəti oxuyanda konsept, anti kafe, mafiya sözləri arasındakı əlaqəni qurmağa çalışdınız. Mən də ilk dəfə eşidəndə düşündüm ki, görəsən, bu insanlar nədən bəhs edirlər? Kiçik araşdırmadan sonra məlum oldu ki, söhbət gənclər üçün olan, hər həftənin cümə və bazar günləri mafiya oyunun keçirildiyi "Concept” anti kafedən gedir. Məkanın daha çox gənclərə xitab etdiyini biləndə ziyarət edib tanış olmaq istədik.
Qeyd edək ki, kafenin iki filialı var. Birinci Fəvvarələr meydanı tərəfdə Qoqol küçəsində, ikinci isə "28 May” metro stansiyası yaxınlığında Dilarə Əliyeva küçəsində yerləşir. Kafenin CEO-su Bayəli Əliyevlə danışıb görüş üçün vaxt təyin edəndə bizi ikinci filiala dəvət etdi.
Anti kafe - sosial məkan
Bayəli bəy gələn qonaqlarının
əsasən, tələbələr olduğunu qeyd edir: "Anti kafelər Rusiyada daha çox
məşhurdur. Hazırda Moskva şəhərində 200-ə yaxın anti kafe var. Bizim ölkəmizdə
isə gənclərin sosiallaşmağı üçün məkan demək olar ki, yox dərəcəsində idi.
Gələn qonaqlarımız əsas etibarilə tələbələr olur. Tələbələrin ev şəraitində
yığışıb oturacağı, ad günü bu və ya digər özəl günləri qeyd edəcəyi məkan çox
az idi və hər dəfə kiminsə evinə yığışmaq da mümkün olmur. Gənclərimiz üçün belə
məkanın açılmağına ehtiyac var idi. Ona görə bu istiqamətdə çalışmağa başladıq.
Məkanı tapdıqdan sonra öz qaydalarımıza uyğun anti kafe açdıq. Anti kafe
deyəndə ümumi olaraq sosial bir məkan nəzərdə tutulur. Orada bir-birini tanıyan
və ya tanımayan gənclər oturub sosiallaşırlar. Amma bizdə gələnlər 10 nəfər
olsalar belə, ayrı otaqda özləri qrup şəklində əylənmək istəyirlər. Ona görə
biz də dünyadakı anti kafelərdən fərqli olaraq, xüsusi kiçik otaqları olan yer
seçdik. Yəni seçimi gənclərə buraxdıq. Kim istəyir ümumi zalda, kimisi də
ayrıca otaqda əyləşə bilər. Hazırda iki filialımız fəaliyyət göstərir və
üçüncüsünü açmaq istəyirik, amma yer tapmaq məsələsində bir az çətinlik
çəkirik. Anti kafe açmaq üçün binanın 2-ci, 3-cü mərtəbəsi seçilməlidir, həmçinin
ətrafda olan qonşular narazılıq etməməlidir. Çünki anti kafe sosial məkan
olduğundan gəlib-gedəni çox olur”.
Müştəri yox, qonaq
Maraqlıdır, anti kafe hansı
keyfiyyətlərə sahib olmalıdır ki, bir dəfə gələn müştərilər ikinci dəfə də
onları seçsin? Bayəli bəy ilk olaraq müştəri sözünü sevmədiyini, işçilərinin də
heç vaxt müştəri sözünü işlətmədiyini bildirir: "Biz gələn şəxslərin hər birinə
qonaq gözü ilə baxırıq. Çünki anti kafe üçün əsas şərtlərdən biri səmimi
mühitin olmasıdır. Bura gələn özünü
evindəki kimi hiss etməlidir. Bizim üçün qonaqlarımızın məmnunluğu hər
şeydən üstündür. Bəlkə də bu yanaşma bizi digər anti kafelərdən fərqləndirən
əsas amildir. Həmçinin, ən önəmli nüanslardan biri də məkanın əlçatanlığıdır.
Mərkəzdən uzaqda açılan anti kafe düşünmürəm ki, gənclər üçün maraqlı olsun.
Yaxşı olar ki, daha çox metro stansiyalarının ətrafı, universitetlərə yaxın
məkanlar seçilsin”.
Bir kafe üçün əsas olan
nüanslardan biri də ad seçimidir. "Maraqlıdır, nəyə görə "Concept”? sualını
ünvanlayanda həmsöhbətimiz dedi ki, bu, kafenin filial sayının gələcəkdə çox olacağı
ilə əlaqəlidir: "İlk filialımızı açarkən sayı gələcəkdə iyirmiyə çatdırmağı
planladıq və kafelərin hərəsi fərqli tərzdə olacaq. Məsələn, vintaj, avanqard,
modern, bohem. Bunlar interyer konseptləridir. Hazırda olduğumuz ikinci
filialımız bohem konseptindədir. Bohem rənglərin oyunu deməkdir. Burada bütün
rənglər var. Birinci filialımız isə vintaj stilindədir. Bu isə 20-30-ci illəri
xatırladır. Ora gedən qonaqlarımız sırf nostaljini sevənlərdir. Filiallarımızı
konseptlərə uyğun dizayn etdiyimiz üçün elə kafenin adını da "Concept” qoyduq”.
İstənilən işdə qaydaları bilmək vacibdir
Gənclərlə söhbətimiz zamanı çoxlarının
bu cür kafe açmaq arzusunda olduğu məlum olur. Onlar üçün də maraqlıdır ki,
belə bir kafe açmağın nə kimi çətinlikləri var: "Əslində, kafe açmaqla bağlı
dövlətin qoyduğu və ümumi olaraq anti kafenin qanun-qaydalarını bildikdən sonra
iş çox asandır. Kafe açmaq təbii ki, bir biznesdir. İlk olaraq bu yöndə bəzi məlumatlara
sahib olmaq lazımdır”.
Kafe haqqında danışa-danışa
Bayəli bəylə otaqları gəzirik. Qeyd edək ki, olduğumuz filial bir zal, iki
kiçik otaqdan və bir kino otağından ibarətdir. Kino otağında divarların dizaynı
marağımızı cəlb edir. Bir divar demək olar ki, dünyanın müxtəlif ölkələrindən
olan poçt markaları ilə bəzədilib. Həmsöhbətim deyir ki, divarda təxminən 977
marka var və hamısını bir-bir özü toplayıb. Üzbəüz divarda olan kişi və qadının
rəqs səhnəsini təsvir edən rəsm isə məşhur filmdəndir: "Rəsm bir çoxunun diqqətini
çəkir. Bu, məşhur "Kriminal qiraət” filmindən Con Travolta ilə Umo Trumanın
rəqs səhnəsidir. Bura film otağı olduğu üçün rəssama ada uyğun rəsm çəkməsini
xahiş etdim. Açığı, başqa filmlərdən də səhnələr təklif etmişdi, amma mən bunu
seçdim”.
Gənclərin əminliklə seçə biləcəyi məkan
Bayəli bəylə söhbətimizi
bitirib zala keçirik. Burada kimisi stolüstü oyun oynayır, kimisi çay, qəhvə
içir, kimisi də kompüterində işləyirdi. Gənclərə yaxınlaşıb onlarla
söhbətləşirik. Şəfəq Mürsəlli
buranın xidmətindən məmnun olduğunu deyir: "Kafeyə tez-tez gəlmək fürsətim
olmasa da, istər özüm, istərsə də gətirdiyim dostlarım hər zaman xidmətdən,
şəraitdən məmnun qalmışıq. Asudə vaxtlarda internetdən, telefondan uzaq,
maraqlı oyunlarla dostlarla vaxt keçirmək, kompüterimizi götürüb burada
işləmək, özünəxidmətin verdiyi rahatlıq, həmçinin qiymətlərin olduqca sərfəli
olması baxımından gənclərin əminliklə seçə biləcəyi məkandır”.
5 manata istənilən qədər çay, qəhvə
Orxan Səfərov isə buradakı qiymətlərin sərfəli olmasından danışdı: "Mənə ən çox divarların dizaynı maraqlı gəlir, burada yazılanları bəyənirəm. Düşünürəm ki, gənclər üçün faydalı sözlər seçilib. Aralarında gülməli olanları da var. Bu kafeyə gəlmək üçün səbəblərdən biri də özünəxidmətin olmasıdır. Yəni oturub kiminsə sənə xidmət etməyini gözləmirsən. Həmçinin qiymətləri də sərfəlidir. Bir saat ərzində istənilən qədər çay, qəhvə içib, müxtəlif şirniyyatlardan yeyib maraqlı oyunlar oynayıb cəmi 5 manat ödəmək gənclər üçün yaxşıdır. Yəni hər kəsi düşünüb belə bir qiymət formalaşdırıblar”.
Rahat qeybət ediləsi yer
Sabina
Kərimova isə keçən ilin dekabrından bu kafenin
müştərisi olduğunu deyir: "İlk dəfə bura keçən ilin dekabrında bir rəfiqəmin ad
günün keçirməyə gəlmişdik. Buradakı mühit, şərait çox rahatdır. Məkanın dizaynı,
yerləşməsi, qiymətlər bizə uyğun idi. İndi də elə rəfiqələrimi gözləyirəm. Qeyd
edim ki, özüm də başqa bir kafedə işləyirəm (gülür). Amma buranın da daimi
müştərilərindənəm. Hər həftə mütləq bura gəlirəm. Sosial mediada hər rəyimdə
buranı çox təriflədiyim üçün məni kafenin "kraliçası” elanı ediblər. Bu kafenin
verdiyi hüzur, rahatlıq heç birində yoxdur. O qədər olub ki, işdən əsəbi halda
çıxıb gəlmişəm, amma qapıdan içəri girən kimi hər şeyi unuduram. Sözün həqiqi
mənasında insana özünü evindəki kimi hiss etdirirlər. Buranı ən çox qızlara
məsləhət görürəm, çünki oturub rahat qeybət ediləsi yerdir”.
"Bizə qoşulub birlikdə oyunlar oynayıblar”
Vəfa
Səforova dostları ilə birlikdə bura oyun oynamağa
gəldiklərini bildirir: "Məkan həqiqətən çox maraqlıdır. İnsanı sıxmır, tam
rahat şəkildə dostlarla oturub söhbət etmək, oyun oynamaq olur. Biz bir neçə
dəfə mafiya oynamaq üçün gəlmişik. Kafenin çox maraqlı, gülərüz kollektivi var.
Elə vaxt olub ki, bizə qoşulub birlikdə oyunlar oynayıblar. Digər əsas nüans isə
təmizliyin olmasıdır. Özünəxidmət üslubunda olmasına baxmayaraq, təmizliyinə
söz ola bilməz. Yəni 5 manata harasa gedib həm əyləncəli vaxt keçirmək, həm də
limitsiz çay, kofe içmək gənclər üçün gözəl fürsətdir”.
Sevgi etirafları və telefon nömrələri
Qapıdan çıxarkən sol tərəfdə üzərinə rəngli kağızlar yapışdırılmış lövhə var. Bayəli bəy deyir ki, gələn qonaqlar çıxışda kafe haqqında öz fikirlərini, ürək sözlərini rəngli kağızlara yazıb ora vururlar. Lövhəyə yaxınlaşıb kağızların üzərini oxuyanda isə məlum olur ki, gənclərimizin bəziləri sevgi etiraflarını, bəziləri adlarını, telefon nömrələrini və ya göstərdikləri xidmətlə bağlı yazıblar. Biz də tənbəllik etməyib ürək sözlərimizi yazdıqdan sonra sağollaşıb məkandan çıxdıq.
Günel
Azadə