Bu toy ki, var çox qəliz məsələdir...

Bu toy ki, var çox qəliz məsələdir...

Gənclik qəzeti
20 Sentyabr 2019, 16:00 574
Bu toy ki, var çox qəliz məsələdir. Həm qəlizdir, həm maraqlı... Elimizin ən qədim adət-ənənəsidir. Əvvəlki formasından çox fərqlənsə də, öz mahiyyətini heç vaxt itirmir. İki sevən qəlb birləşir, hər birinin həyatında yeni mərhələ başlanır. Lakin tarixin bütün dövrlərində gənclər və yaşlılar bir-birinin fikirləri ilə ayaqlaşmayıblar. Keçmiş adət-ənənələri saxlamaq istəyən nənə-babalarımız, daim gənclərin yeni "icadları” ilə rastlaşıblar. Toy adətləri də belədir. Müasirləşmək eşqinə müasirləşdik. Toylarımız da zamanla ayaqlaşdı. Hətta toyun ən vacib şəxslərindən sayılan, toyda gəlin, bəy qədər "hörməti” olan, sağdış, soldış, toybəyi belə müasirliyin girdabında itib, batdı.
Gəlin, bu dəfə uşaq vaxtı zövq aldığımız bu gün bizə qəribə, bəzən də etiraf edək ki, gülməli gələn adətlərimizdən danışaq.
Məlumdur ki, toyun ilk mərhələsi elçilikdir. Elçilik mərasimi ailə böyüklərinin, valideynlərin, ağsaqqal, ağbirçəklərin xeyir-duası, razılığı ilə başa çatdırılır.
 
"Qız əgər razıdırsa ,"atam bilən məsləhətdir” deyər”
 
Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Əpoş Vəliyev deyir ki, bu gün elçilik mərasimi artıq öz mahiyyətini itirmək üzrədir. Müasir elçilik mərasiminə xeyli əlavələr edilib, bayağılaşdırılıb: "Ailənin təməlinin düzgün qoyulması mərhələsini təşkil edən elçilik adəti unudulduqca  boşanmaların sayı da tədricən artır. Təcrübələr göstərir ki, ailə başçısı, ağsaqqal, ağbirçək, valideynlərin razılığı, məsləhəti olmadan qurulan ailələr davamlı, uzun ömürlü, sağlam olmur, həmin ailələrdə problemlər çox olur. Adətlərimiz milli dəyərlərimizdir. Onlar unudulmamalı, yaşadılıb gələcək nəsillərə ötürülməlidir”.
 
Folklorşünas deyir ki, müasir gənclər keçmiş elçilik adətlərini bəyənmirlər: "Elçilik mərasimi özü də bir neçə mərhələdən ibarətdir: "qızbəyənmə”, "qızgördü”, "xəbərgöndərmə”, "kiçik elçilik”, "elçilik”. Müasir dövrümüzdə keçmişdəki elçiliyin belə uzun mərhələlərdən keçməsi gənclərdə bəzən təəccüb, bəzənsə istehza doğurur. Amma dərindən araşdırıb düşündükdə, gələcək ailədə problemlərin olmaması, qohumların bir-birini yaxşı tanıması, gənclərin bir-birini başa düşməsi, yeni qurulan ailənin təməlinin sağlam olması, gələcəkdə dünyaya gələcək uşaqların düzgün tərbiyələndirilməsi üçün bu mərhələlərin nə qədər vacib olduğu aydın olur. Oğlan atası ağsaqqal, ağbirçək, tayfa böyüklərini, ən yaxın qohumlarını elçi getmək üçün dəvət edir. Birlikdə qız evinə yola düşürlər. Qız evində onları qızın ata-anası, baba-nənəsi, əmi-dayısı, xala-bibisi, ailənin yaxın qohumları qarşılayır. Bir az hal-əhval tutduqdan, gələcək qohumların bir-biri ilə tanışlığından sonra ağsaqqallardan biri gəlişlərinin məqsədini açıqlayır. Bu zaman oğlan evinin söz sahibi olan ağsaqqalı adətən "biz sizin qapınıza xeyir iş üçün gəlmişik, qapınızda həmişə xeyir işlər olsun, günləriniz həmişə şadyanalıqla keçsin. Əl bizdən ətək sizdən, ətəyinizi kəsin, əlimizi kəsməyin. Qızınızı oğlumuza istəyirik” deyər. Qız evinin söz sahibi ağsaqqalı "qızın anasını çağıraq, görək qız razıdırmı?” deyə cavab verər. Qız anası qıza yaxınlaşaraq "atan səndən cavab gözləyir” xəbərini verər. Qız əgər razıdırsa susar, ya da "atam bilən məsləhətdir” deyərək razı olduğuna işarə edər. Qızın anası xəbər verər ki, "qız deyir ki, atam, böyüklərimiz bilən məsləhətdir” (Bu sözlər qədər qızın valideyn, böyük sözündən çıxmamasının, tərbiyəli böyüdülməsinin göstəricisidir). Bundan sonra qız evinin söz sahibi "Allah xoşbəxt eləsin” deyə razı olduqlarını bildirər. Bəzi bölgələrdə olan adətə görə elçiliyin sonunda oğlan evinin ağsaqqalı başındakı papağını üç dəfə  öz başına və qızın başına qoyar. Bu hərəkət qızın onların namusu sayıldığını bəyan edər. Elçilik mərhələsinin uğurla başa çatmasından sonra nişan mərasimi və toya hazırlıq başlayar”.
 
"Ağsaqqal və ağbirçəklər bütün proseslərdən uzaqlaşdırılıb”
 
Keçmiş adətlər deyəndə, nənə-babalarımızın fikrini öyrənməsək olmaz.
Masallı rayon sakini 85 yaşlı Ramiz Piriyev də indiki adətlərdən narazıdır. Ramiz babaya toy adəti deyəndə, ah çəkir. Deyir ki, qızım, indiki gənclərə bizim dövrümüzdəki kimi toy görmədikləri üçün bəzən yazığım gəlir: "Bizim dövrümüzdə oturuşmuş toy adətləri var idi. Hər kəs çalışırdı ki, mədəniyyətimizə, ənənələrimizə, adətlərimizə uyğun toy etsin. Mentalitet sözü onda heç leksikonumuzda yox idi. Toylarımız gözəlliyi və sadəliyi ilə seçilirdi. İzdivaclar dəbdəbədən uzaq, ağsaqqal, ağbirçək xeyir-duaları ilə baş tuturdu. Amma indi tamam başqa mənzərənin şahidi oluruq. Bütün proseslərdən ağsaqqal və ağbirçəklər uzaqlaşdırılıb. İndi əsas söz sahibi qız və oğlandır, hər şeyə özləri qərar verirlər. Bəzən olur ki, valideynlərlə belə məsləhətləşmirlər. Sanki, öz həmyaşıdları ilə yarış qurublar. Kimin toyu kimdən yaxşı olacaq? Bir-birlərinin bəhsinə toya müğənni çağırırlar, bal ayına min manatlarla pul tökürlər, yeməklərdən danışmıram. Hər şey maddiləşib. Toy adətlərimiz getdikcə unudulur, mən buna təəssüf edirəm”.
"Gəlin oğlan toyunda iştirak etməzdi”
 
Xədicə nənə oğlanla qızın toydan öncə tez-tez görüşməyinə qarşıdır: "Bizim zəmanəmizdə gəlin oğlan toyunda iştirak etməzdi. Qız ismətli şəkildə öz otağında gələcək qohumları ilə oturub söhbət edərdi. Oğlanla qız bir-birinin üzünü elə toy günü görürdü. Gəlini gətirib, evə qoyardılar. Sonra gecə yarısına qədər həyətdə qurulan toy çadırında şadlıq edərdilər. İndi gəlinlər məclisin ortasında süzürlər. Elə mən özüm də ərə o adətlə getmişəm. Anamgil gəldi ki, qızım bəs səni filankəsin oğluna ərə veririk. Atamın sözündən çıxmaq yox idi. O vaxtın ailələri də çox möhkəm təməl üzərində qurulurdu”.
"Toya qara rəngdə də paltar geyinməzdilər”
 
Qızxanım Quliyevanı narahat edən isə toyda gəlinin qohumlarının qara geyinməsidir: "Qız toyunda gəlin özü istədiyi formada və rəngdə paltar tikdirib geyinə bilərdi. Bu geyimlər içərisində qırmızı rəngə daha çox üstünlük verilirdi. Göy rəngə isə yox. Çünki yaşlı insanların dediyinə görə, göy rəngli paltar qarğış hesab olunurdu. "Səni görüm qara geyinib, göy örtəsən” kimi qarğış da var idi. Odur ki, başa göy rəngli yaylıq örtməzdilər. Qara rəngdə də paltar geyinməzdilər. Təkcə gəlin yox, eləcə də toya gələn digər iştirakçılar da qara geyinə bilməzdilər. Toy sahibi də belə geyinənlər olsaydı narazı qalardı. İndi isə gəlinin anası, gəlinin rəfiqəsi də qara geyinir. Toylarda şabaş olardı. Toya gedənlər mütləq şabaş verərdilər, həm gəlinin başına tökərdilər, həm də oynayanların. Çalğıçılar isə toy üçün indiki kimi çox böyük məbləğ tələb etməzdirlər”.
 
Toyun sağ və sol mələkləri...
 
Bu gün unudulan ən önəmli adətlərdən biri də sağdış və soldışdır.
Folklorşünas Əpoş Vəliyev deyir ki, bu gün ehtiyac görülməyən sağdış-soldışlar toyu maraqlı edən ən önəmli adamlardan idi: "Xalqımızın qədim adət-ənənəsinə görə, oğlan və qız evlərindəki toy məclislərində canla-başla iştirak edərək, toyun şən və intizamlı keçməsi üçün çalışan, ayrı-ayrılıqda şənliklərdə həm gəlinin, həm bəyin sağ və sol tərəflərində əyləşən şəxslərə sağdış və soldış deyilirdi. Sağdış evli, soldış subay olardı. Onlar toy başlayandan toy qurtarana qədər, bəy hamamı zamanı, toy çadırında, gəlin gətirdi zamanı davamlı olaraq bəyin yanında olurlar. Eynilə də gəlinin iki yaxın rəfiqəsi onun sağdışı və soldışı kimi toyun başlamasından sonuna kimi yanında olur. Sağdış sağ tərəfdə dayanar, soldış isə sol tərəfdə. Sağdış bəyin yoldaşları arasından seçilib götürülən və ona evlilik, ailəlin özəllikləri barədə məlumatlar verən adamdır. Ona görə də, əsasən, evli dostlar arasından seçilir ki, müəyyən təcrübəsi olsun. Xüsusilə gənc yaşda evlənən bəy üçün sağdış ən böyük köməkçidir. Dış sözü Kitabi Dədə Qorqudda da işlənir və çöl, bayır, yan mənalarını verir. Orada İç Oğuz və Dış Oğuz adlarına rast gəlinir. Belə bir mülahizə də var ki, sağdış və soldış insanın sağ və sol çiynində əyləşmiş iki gözəgörünməz qoruyucu mələyin canlı təcəssümüdürlər. Həm gəlinin, həm də bəyin sağdış və soldışın əsas işi bəy və gəlini qorumaq, onun "oğurlanma”sının qarşısını almaqdan ibarətdir. Onlar çəkdikləri təmənnasız zəhmətin müqabilində heç bir qarşılıq gözləmirlər. Buna baxmayaraq, toydan sonra oğlan və qız evləri onlara xələt verməklə öz razılıq və minnətdarlığını bildirir”.
 
Toyda bir çox adət-ənənələr dəyişsə də, yerini başqası ilə əvəzləsə də, bu mərasimin əsas qəhrəmanları hər zaman gəlinlə bəy olur. Arzu edərdik ki, ənənələr dəyişsə də, sevgilər əbədi qalsın. Təki həmişə toy olsun...
 
Aygün ƏZİZ