“Bu hadisə, həyatı bir balaca da olsa, mənə başa saldı” - İş adamı
Ona görə, bizneslə bağlı ən çətin məqam işə başlamaqdır. Çünki işə
başlayandan sonra davamını gətirmək olur. Düşünür ki, vaxtı dəyərləndirmək və
zamanında başlamaq lazımdır. O da, daha gənc yaşlarda biznesə başlayıb,
çətinliklərinə rəğmən, təslim olmayıb. Və şirkətini ölkə çərçivəsində müəyyən
qədər böyütməyə nail ola bilib. Müsahibimiz"Hikmetoglu Transport” şirkətinin rəhbəri Rövşən Hikmətoğludur.
- Adətən, insanlar gəmini
sahilə çıxarmağına baxır, dalğalarla necə vuruşduğuna yox. Bu prinsipdən
yanaşanda, 5 ildir ki, yaranıb, ötən il öz sahəsində ilin şirkəti seçildi. Bəs
bu şirkət necə qurulub?
- 2011-ci ildə maliyyə sahəsi üzrə təhsil almağa başladım. Təhsilim
qiyabi olduğu üçün elə universitetə qəbul olandan nəqliyyat sahəsi üzrə bir
şirkətdə çalışdım. Elə şirkət 2011-ci ildə qurulmuşdu. Mən orda çalışandan 7-8
ay sonra bağlandı. O müddətdə logistika və nəqliyyatla bağlı bir çox şeyləri
öyrənmişdim, ona görə düşündüm ki, bu istiqamətdə öz işimi qura bilərəm. Ordan
ayrılandan sonra səyyar şəkildə özüm bu
işlə məşğul oldum. Nə şirkət var idi, nə də hansısa ofis. Bir il səyyar
fəaliyyət mənə çox şeylər öyrətdi. Düzdür, elə bir gəlirim olmadı, amma təcrübə
cəhətdən o fəaliyyət mənim üçün önəmli idi. İş də müəyyən qədər gedirdi.
2013-cü ilin 24 yanvarında isə artıq şirkəti qurmaq qərarı verdim. Şirkətin
adının "Hikmətoğlu” olması ata adından irəli gəlir. Atam Şəkidə tanınmış həkim
olub və illər öncə rəhmətə gedib. Həmişə düşünürdüm ki, atamın adını hər hansı
bir şəkildə yaşadım. Buna görə, şirkətin adı belə oldu. İlk ofisimiz 2014-cü
ildə oldu, iki nəfərlə ofisdə işə başladıq. Sonra artıq yavaş-yavaş işlərimiz sahmana
düşdü.
-
18-19 yaşda iş qurmağa cəhd edibsiniz. Ətrafda "alınmaz”, "yaşın azdır” deyən
olurdumu?
- "Yaşın çox azdır”, "belə bir işi qurmağın mümkün deyil”, "çətin
olacaq”, "bazarda güclü rəqiblərin var” və s. deyirdilər. Hansısa maaşlı işə
girməyi məsləhət görürdülər. Amma mən daha böyük işləri hədəf götürmüşdüm. Yeni
başlayanda, şirkətimiz təzə olduğu üçün
bizimlə çalışmaq istəməyən müştərilər də olub. Müxtəlif vasitələrlə onlarda
inam yaratmağa çalışırdım. İnandırırdım ki, kollektivimiz təzə olsa da, biz bu
işin üzərinə professional şəkildə gedəcəyik. Sonra yavaş-yavaş müştəri əldə
etdik. Belə bir fikir var: müştəri müştəri gətirir. Bizim işimizin keyfiyyətini
görənlər digərlərinə də məsləhət bilirdi. Tövsiyələr sayəsində bazamız daha da
artdı və 2015-2016-cı illərdən başlayaraq, Azərbaycanın ən böyük holdinqləri
ilə əməkdaşlıq edirik.
Gənc yaşlarda bu işi görmək sevindiricidir, amma bir o qədər də
çətindir. Hər zaman qorxmadan addım atmışam. Bəzən baxıram ki, atdığım addımlar
yaşıma uyğun deyil. İndi 24 yaşındayam, işə təzə başlayanda görürdüm ki,
yaşıdlarım başqa işlərlə məşğuldur, amma
mən belə risklərin altına girirəm. Həqiqətən də fikirləşirdim ki, çox böyük
risklər edirəm. Amma əgər insan özünə güvənirsə, onun hansı yaşda olması çox da
önəm daşımır. Gənc yaşlarımdan işləməyə, biznesə maraqlı olmuşam. Hətta məktəb
illərindən bunun təməli qoyulub.
- Məktəb illərində necə?
- Atam, anam, əmim, dayılarım hamısı həkim olub. Həkim ailəsində
doğulsam da, heç vaxt o istiqamətə getməyi fikirləşməmişəm, bizneslə məşğul
olmağı düşünmüşəm. Bu sahə mənim üçün daha maraqlı gəlirdi. 9-cu sinifdə
oxuyanda fikirləşirdim ki, nə iş görə bilərəm? Şəhərdə məktəblərarası bir
tədbir təşkil etmək istəyirdim. Şəkidə restoranların birində dostumla belə bir
tədbiri təşkil etdik, 800-ə yaxın bilet satışa çıxardıq. Məktəbləri bir-bir
gəzdik, uşaqları dəvət elədik. Amma təəssüf ki, biz onu uğurlu şəkildə həyata
keçirə bilmədik. Çünki bizdən daha öncə bu işi görən biznesmenlər idi. Biz isə
hələ uşaq idik. Sonda kifayət qədər zərər etdik. Təxminən, 400-500 manat məbləğ
idi. Bu, məktəbli uşaq üçün böyük məbləğ idi. Heç birimiz valideynlərimizə zəng
vura bilmirdik. Başqa çıxış yolumuz da yox idi, atama zəng vurdum, telefonu
götürəndə gördü ki, çox pisəm. Dedi ki, xəbərdaram, belə olacağını mən sənə
demişdim. "Eybi yox, narahat olma” deyib, pulu ödədi. Amma həm də dedi ki, bu
işi görməyinə ona görə icazə verdim ki, bunun o qədər də asan iş olmadığını
biləsən. Həqiqətən də o vaxt həmin işi görəndə müxtəlif insanları, bir çox
problemləri gördüm və bu hadisə həyatı bir balaca da olsa, mənə başa saldı.
Amma heç vaxt fikirlərimdən vaz keçmirdim.
- Həmin təcrübədən sonra bu
işə başlamaq qorxulu gəlmirdi?
- Bu işə başlayanda biznes sahəsində təcrübəsi olan bir neçə insanla
məsləhətləşdim, 5 nəfərdən 4-ü mənə bu işi görməməyi məsləhət bildi. O bir
nəfər isə hər zaman yanımda olan, uğur simvolum hesab etdiyim dayım oğlu Mamed
oldu. O, mənə hər zaman həm maddi cəhətdən, həm də mənəvi cəhətdən çox dəstək
olur. Onu həmişə özümə qardaş bilmişəm. Hər addımı atanda mənə deyirdi ki,
sənin yanındayam. Şirkət yeni yaranan vaxtlar devalvasiya dövrünə düşdü,
deyirdilər ki, çoxları açdıqları şirkətləri bağlayır, sən niyə risk edirsən?
Amma mən qulaq asmadım və davam etdim. Şükür Allaha, bu gün şirkətimiz öz
yerini bazarda tapıb.
- Biznes aləmindən danışaq.
Əvvəl və işin içində olandan sonrakı təəssüratınız arasında fərq nə oldu?
- Professional formada
şirkət qurmaq istəyirsənsə, artıq burda təməl olmalıdır. Təməl nədən ibarətdir?
Mühasibatlıq sistemi düzgün qurulmalıdır ki, gəlir və xərcləri dəqiq biləsən.
İT sistemi yaxşı olmalıdır. Hazırda biznesdə bu, çox önəmlidir. Digər məsələ də
kadrların düzgün seçimidir. Əvvəl düşünürdük ki, işi bilən bir nəfəri götürsək,
hər şey qaydasında olar. Amma zamanla görürsən ki, işin necə getməsində insan
faktorunun, kadrın böyük önəmi var. Buna görə, kadr seçiminə də diqqətlə
yanaşırıq ki, bizə nəticə verə bilsin. Bizim işdə təkcə professionallıq deyil,
psixologiyanın da düzgün səviyyədə olması lazımdır. Bəzən iş səviyyəsi yaxşı
olanı psixologiyası sakit olmadığı üçün işə götürə bilmirik. Psixoloji gərgin
adamın bu halı işinə də təsir edir. Müştəri müştəri gətirdiyi kimi, bir nəfərlə
kobud danışmaq başqa müştəriləri də itirməyimizə səbəb ola bilər.
- Bəs özünüz iş prosesində
psixoloji olaraq tarazlığınızı qoruya bilirsiniz?
- (Gülür) Tam şəkildə qoruya bildiyimi deməzdim. Üzərimdə məsuliyyət
çoxdur, problemlər nəticəsində dəyən zərərlər birbaşa şirkətə ziyan yetirdiyi
üçün bu, bəzən çətin olur. Boynuma alıram ki, problemlər sayəsində bəzən mən də
aqressivləşirəm. Çünki işimiz həqiqətən də çox çətindir. Bəzən sərhədlərdə
növbələr olur, gecikmələr yaranır. Müştərilər gecikmənin səbəbini soruşurlar,
narazılıq edirlər. Amma sərhəddə növbə varsa, maşınlar keçə bilmirsə, burda
bizdən asılı olan iş yoxdur. Belə xırda şeylər bəzən ciddi aqressiyaya gətirib
çıxarır. Ona görə də, işin psixoloji amilinə kifayət qədər üstünlük verməyə
çalışırıq.
- Gəliriniz necədir, qane
edir?
- Hər zaman qazandığım gəlirə şükür etmişəm. Ən azından, normal
yaşayırıq. Bizim ən əsas məqsədimiz heç də böyük gəlir əldə etmək deyil, uğurlu
bir siyasətlə böyük işlər amacındayıq. Hədəfimiz təkcə Azərbaycanla bitmir, gələcək
illərdə daha geniş bir məkanda təmsil olunmaqdır. Sektorumuz elədir ki,
dünyanın hər yerində ehtiyac var. Gələcək hədəfimiz dünyanın bir çox
nöqtələrində bu şirkəti yaratmaq və bunu dünya çapında tanıtmaqdır. Azərbaycanda
bunu istədiyimiz səviyyəyə çatdırdıqdan sonra dünya bazarına çıxmaq istəyirik.
Əminəm ki, çox yaxında olmasa da, gələcək illərdə hədəflərimizə çatacağıq.
- "Daşıma sektorunda
güvənilən və hər zaman sektorun lideri olmaq üçün daim innovativ həll yolları
tətbiq olunmaqdadır”. Şirkət haqqında məlumatda belə bir qeyd diqqətimi çəkdi.
Sektorun lideri olmaqdan danışaq...
- Fərqli maliyyə tutumlu yüklərin daşınmasını həyata keçiririk.
Burada ən böyük mövzu qiymətdən öncə bizim etibarlılıq və güvənli işlərimizdir.
Bəzən elə işlər olub ki, bizdən də asılı olmayan səbəblərdən kifayət qədər
zərər görmüşük. Amma müştərini məyus etməmək, xidmət səviyyəsini aşağı salmamaq
üçün məcburiyyət qarşısında bu cərimələri özümüz qarşılamışıq. Başlıca
devizimiz müştərilərin məmnunluğu və inamıdır. Bizim Azərbaycanda müxtəlif
rəqiblərimiz var ki, çox uğurlu fəaliyyət göstərirlər. Biz onların da hər
birinin işini dəstəkləyirik.
- Biznesə başlayanda 18-19
yaşınız olub. Bu yaş dövründə isə gənclik əyləncəsinə daha çox vaxt sərf
edilir. Gənclik əyləncəsindən kəsdiyinizi deyə bilərik?
- Uşaq yaşlarında əyləncəyə maraqlı olsam da, baxır hansılar
diqqətimi çəkirdi. Uşaq vaxtı özümdən bir neçə yaş böyük tərzim var idi. Özümü
hər zaman daha yuxarı yaşlı hiss etmişəm. 17-18 yaşım olanda özümü 24-25 yaşda
hiss edirdim. İndi 24-25 yaşda olsam da, daha yuxarı yaşdayam kimi gəlir. Ona
görə yaşıma görə əyləncələrə də ə çox meyilli olmamışam. Amma boş vaxtlarımda
özümə maraqlı olan digər əyləncələrdən də qalmıram. Boş vaxtım onsuz da az olur.
Çünki dil kursuna, idmana gedirəm. Bir də səyahət etməyi sevirəm. İndiyə kimi
30 ölkədə olmuşam. Hər il avqust ayında bir neçə günlük də olsa, səyahətə vaxt
ayırıram.
- Səyahətə gedəndə fikriniz
işdə qalmır ki?
- (Gülür) Bütün səyahətlərimdə kompüter yanımda olur. Bəzən getdiyim
ölkə ilə 3 saat fərq olur. Saat fərqini nəzərə alanda, çox tez oyanıb
işləyirəm.
- Öz işini qurmaq istəyən,
amma addım atmağa cəhd edə bilməyən gənclərə nə demək istəyərdiniz?
- İşə başladığım ilk gündən bir həyat prinsipim olub: "əsla vaz
keçmə, uduzanlar vaz keçənlərdir”. Yeni işə başlamaq istəyənlərə onu demək
istəyirəm ki, insan yeni iş quranda düşünür ki, ziyan da ola bilər, xeyir də.
Onlara bildirmək istəyirəm ki, həyatda ən çətin şey başlamaqdır. Başlamaqdan heç
bir zaman vaz keçməyin. Əgər qərar veribsinizsə, tərəddüd etməyin, cəhd edin.
İşi başladıqdan sonra davamını gətirmək olur. Vaxtı dəyərləndirmək və zamanında
başlamaq lazımdır.
Aygün Asimqızı