• cümə, 26 Aprel, 07:53
  • Baku Bakı 12°C

Bu gün “danışan” ifaçılar azdır - Debüt

03.06.16 17:08 4679
Bu gün “danışan” ifaçılar azdır - Debüt

Qəzetimizin "Debüt” rubrikasının qonağı Sübhan Köçərlidir. O, bizimlə söhbətində bir çox məsələlərə toxundu və gənc qarmon ifaçılarına iradlarını bildirdi.

- İstərdik ki, sizi daha yaxından tanıyaq.
- 1991-ci ilin mayında Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Nəcibə Zeynalovanın rəhbərlik etdiyi Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinə daxil olmuşam və ilk təhsilimi Elsever Qafarovdan almışam. Uşaq incəsənət məktəbini bitirdikdən sonra 2010-cu ildə professor Nazim Kazımovun rəhbərlik etdiyi AMK nəzdində (keçmiş Asəf Zeynallı) musiqi kollecinə qəbul olmuşam. Burada muğam fənni üzrə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist, dossent Zakir Mirzəyevdən, not ixtisası fənni üzrə Xeyrulla Dadaşovdan, harmoniya və musiqi ədəbiyyatı fənləri üzrə isə Rühəngiz Ələkbərovadan dərs almışam.

- Təhsil illərində nə kimi uğur və fəaliyyətiniz olub?
- Təhsil aldığım illərdə məktəbin, eyni zamanda Abşeron rayonunun bir çox konsert proqramlarında iştirak edib uğur qazanmışam. Kollecdə təhsil aldığım müddət ərzində 2011-ci ildə keçirilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Milli musiqi alətləri ifaçılarının respublika festivalı”nda iştirak etmişəm və direktor V.İsmaylov tərəfindən diplomla təltif olunmuşam. 2012-ci ildə görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların müsabiqəsində göstərdiyim uğurlu çıxışa görə keçmiş təhsil naziri M.Mərdanov tərəfindən diplomla, AMK nəzdində Musiqi kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov tərəfindən isə fəxri fərman ilə təltif olunmuşam. Eyni zamanda, Fikrət Əmirovun yubileyi münasibəti ilə Musiqi Alətləri Muzeyində keçirilmiş konsert proqramında çıxış edərək kollecimizi təmsil etmişəm. 2013-cü ildə kollecin konsert zalında görkəmli ədəbiyyatşünas alim, tənqidçi Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr etdiyim solo konsert proqramı ilə də çıxış etmişəm. Kollecin demək olar ki, bütün konsert proqramlarında yaxından iştirak edərək uğur qazanmışam. Təhsil almaqla yanaşı, 3-cü kursdan başlayaraq kolleci bitirənə kimi Zakir Mirzəyevin assistenti kimi fəaliyyət göstərmişəm.

- Assistentlik sizə nə verdi?
- Assistentlik mənə sözün əsl mənasında pedaqoq olmağı öyrətdi.

- Bəs, qarmon ifaçılığına olan maraq haradan qaynaqlanır?
- Əksər uşaqlar musiqiyə kiçik yaşlarından gedirlər. Hansı ki, həmin uşaqların o yaşda sərbəst seçim etmələri qeyri-mümkün görünür. 7 yaşında musiqi məktəbinə getmişəm. Hər övlada qismət olmur ki, valideyn düzgün seçim etsin. Valideyn uşaq yaşlarından övladının hansı istedadının olduğunu təyin edib, zamanında onu yönləndirməlidir. Bu baxımdan mənim bəxtim çox gətirib. İnsanın formalaşmasında iki amil var – ailə və mühit. Hesab edirəm ki, insan və musiqiçi kimi formalaşmağımda düzgün bir mühitdəyəm.

- Ailənizdə musiqiçi olubmu?
- Atam həvəskar musiqiçi olub. O, məni 7 yaşımda Ceyranbatanda 1 saylı Uşaq İncəsənət Məktəbinə yazdırdı. Orada qarmon müəllimləri çox olsa da, atam məsləhətləşib yaxşı müəllimin yanına qoydu. Solo ifaçı kimi üzdə qalmaq çox çətindir. Çünki qarmona axın olduqca güclüdür.

- Sizcə, yaxşı qarmon ifaçısı olmaq üçün nə etmək lazımdır?
- Sevdiyim işlə məşğulam. Bu işdə mütləq şəkildə təhsil önəmlidir. Təhsil dedikdə, ali təhsil ocaqlarını nəzərdə tutmuram. Onlarla bərabər mütaliə mütləq şəkildə lazımdır. Çünki musiqimizə aid elə mənbələr var ki, onlar ali məktəblərdə tədris olunmur. Mütləq əlavə mənbələr olmalıdır.

- Qarmon çox çətin alətdir. Nə üçün digər alətləri deyil, məhz onu seçdiniz?
- İnsan 7 yaşında müstəqil qərar verə bilmir. Həmin yaşda sərbəst şəkildə hər hansı bir aləti seçmək çətin məsələdir. Atam da həvəskar qarmon ifaçısı olub. O, qarmonu bildiyi üçün mənimlə məşğul olmaq ona daha rahat idi. Uşaqlıqdan musiqiyə böyük həvəsim var idi. Qarmonu ilk gündən sevməyə başlamışdım. Yaşım az olduğundan ondan istifadə etmək çox çətin gəlsə də, sonradan bunun öhdəsindən gəldim. Onun asan yollarını sinifdə müəllim, evdə atam mənə öyrətdi. Hətta ayaqlarım yerə dəymədiyi üçün atam mənə ayaqaltı düzəltmişdi. Mənim qarmonu ifa etməyim üçün atam onu dartmağa da çox kömək edirdi. Valideynlərim əziyyətimi çox çəkiblər.

- Necə düşünürsünüz, bu gün qarmona tələbat varmı?
- Həddən artıq. Qarmon hazırda Azərbaycanda güclü tələbat olan alətlərdəndir. Tam əminlikdə deyə bilərəm ki, qarmon alətlərin ən zirvəsidir. Bu gün qarmona axın hətta deyərdim ki, bir ordu şəklindədir.

- Bu sənəti davam etdirmək üçün kimlərdən bəhrələnirsiniz?
- Bu səviyyəyə gəlib çatdığım üçüm müəllimlərimə minnətdaram. Belə ki, oxuduğum orta məktəbimizin direktoru Nəcibə Zeynalova və bütün kollektivin üstümdə əziyyəti çox böyükdür. İlk müəllimim Elsevər Qafarov olub. Düzgün və əsaslı bünövrənin nəticəsi idi ki, sonradan Zakir Mirzəyev, Xeyrulla Dadaşov, Ruhəngiz Ələkbərova kimi nəhəng sənətkarlardan dərs ala bildim. Çalışıram ki, öz dəst-xəttimi yaradım. Adlarını sadaladığım sənətkarlar bu gün peşəkar qarmon ifaçılarıdırlar. Onlar qarmon sənətinin sütunlarıdırlar. Biz də çalışırıq ki, bünövrə ola bilməsək də, heç olmasa böyüyən qollardan biri olaq. Həm ustadlarımızın zəhmətini doğrulda bilək, həm də öz istiqamətimizi müəyyənləşdirək. Necə ki onlardan tədrisi mənimsəyirik, elə də bizdən sonra gələn nəsillərə öyrətmək üçün bu sənəti mükəmməl öyrənməliyik.

- Milli musiqilərimizə o qədər əlavə notlar daxil edilib ki, onlar artıq öz milliliyini itirməyə başlayıb. Siz bu barədə nə düşünürsünüz?
- Bu fikirlə tam razıyam. Musiqi aləmində durğunluq hiss olunur. Bizim milli musiqimizin əsasları, kökləri var. Bu gün millilikdən uzaqlaşmağın başlıca səbəblərindən biri musiqimizin köklərini bilməmək, kütləvi şəkildə savadsızlığın yayılması, elmi mütaliənin olmaması, dünya musiqisinin kökündən xəbərsizlikdir. Milli musiqi ruhla gələn bir şeydir. Ruh, savad, əsil-kök, mühit – bunlar insanı formalaşdırır. Bu gün qarmonu seçən gənclərimiz həddən ziyadə üstünlük təşkil edirlər. Ancaq qarmon ifaçıları arasında bir istiqamətdə inkişaf gedir. Qarmon ifaçıları içərisində öz yanaşmaları, yüksək dünyagörüşləri, mütaliə edənləri çox azdır.

- İfaçılıq sənətində təhsil nə dərəcədə öynəmlidir?
- Mütaliə istənilən sənətdə insanlara gərəklidir. Musiqi ilə məşğul olan insanlar fikirlərini musiqi vasitəsi ilə çatdırırlar. Bu gün "danışan” ifaçılar azdır. Əgər ifaçı musiqisinin dünya musiqilərindən fərqli cəhətlərini bilmirsə, onda o, yarımçıq ifaçı hesab olunur. Azərbaycan musiqisi çox zəngindir. Bunu mütaliə etməmiş başa düşmək olarmı? Başa düşmədikləri üçün də danışıq qabiliyyətləri çox zəifdir. İnsanın düşüncə səviyyəsindən onu necə biri olduğunu təyin etmək olur. Hadisələrə qiymət verməyi bacaran insanla bacara bilməyən insanın ifaları eyni cür ola bilməz. Danışıq iki cürdür. Ya kimdənsə eşidib danışmalısan, ya da öz oxuduqlarından, gördüklərindən nəticə çıxarıb danışmalısan. İfa da onun kimidir. Ya kimisə yamsılamalısan. Hansı ki, bu gün kütləvi şəkildə ifaçılarımız yamsılanır. Onlar arasında öz məhsulu və yanaşma tərzi deyilən bir anlayış yoxdur. Ya da ki, dinlədiklərindən bir nəticə çıxarıb özün nəsə etməlisən. Misal üçün, ustadım Zakir Mirzəyev özünə qədər qarmon alətində olmayan işlər görüb. Bütün Şərqdə ilk dəfə olaraq qarmonu simfonik orkestrlə ifa etdi, bununla da qarmonun imkanlarını ortaya çıxardı. Bildirdi ki, qarmon tək "Tərəkəmə” ifa etmək üçün deyil. Zakir müəllim indiyə qədər bir çox yeniliklərə imza atıb. O, qarmonun mənşəyi, kökü barədə bilmədiyimiz məlumatları bizə çatdırıb.

- Qarmonu bəzi xalqlar öz adlarına çıxırlar.
- Bunun da kökündə mütaliəsizlik dayanır. Zakir Mirzəyev mütaliənin hesabına əlində tutduğu aləti göylərə qaldırdı. Hər birimiz ifa etdiyimiz alətin kökündən, mənşəyindən xəbərdar olmalıyıq. Bu gün mənfur düşmənimiz deyir ki, xalq mahnımız "Sarı gəlin”, milli alətimiz olan "balaban” guya onlarındır. Bu, haqsızlıqdır. Bizim ifaçılarımız onu mütaliə edib araşdırmasalar, öyrənməsələr, öz alətlərimizi necə müdafiə edə bilərlər?

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər