“Bu film adamın nəfəsini kəsir” – Onun film seçimi

“Bu film adamın nəfəsini kəsir” – Onun film seçimi

Gənclik qəzeti
16 Noyabr 2019, 12:00 689
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə ARB TV-nin redaktoru Nazim Xəliloğlunun məsləhət gördüyü filmləri təqdim edirik.

N.Xəliloğlu deyir ki, ilk beşliyini çoxunun izlədiyi, tanıdığı filmlərlə doldurmaq istəmir, ona görə, seçimini real hadisələr əsasında çəkilən filmlərdən yana edir: "İxtisasım ssenaristlikdir. Sənət müəllimim Ədalət Ziyadxanov deyərdi ki, ən maraqlı ssenari həyatın özüdür. Bəlkə buna görədir ki, real hadisələr əsasında çəkilən filmlər daha çox diqqətimi çəkir”.

Onun ilk seçimi "ARGO əməliyyatı” filmi oldu: "İran tarixinin şah dövründən inqilaba qədərki və sonrakı dövrü mənə həmişə maraqlı olub. Film şah rejiminin yenicə dağıldığı vaxtdan bəhs edir. ABŞ hökumətinin inanılmaz əməliyyatına təəccüblənməmək olmur. Bunun uydurulma deyil, olmuş hadisə olduğunu düşünəndə, sadəcə heyrətlənirsən. Filmdə məni aktyor oyunu və ssenari daha çox cəlb edib. Mənə görə, filmin mesajı budur: "Heç vaxt təslim olma”.
 
N.Xəliloğlu deyir ki, "Leon” və ya "Evə uzun yol”filmini də baxmayanlar izləsə, peşman olmazlar: "Bu film də real hadisələr əsasında çəkilib. İtkin düşmüş hindistanlı uşağın taleyindən bəhs edir. Filmdəki təsirli səhnələr bir kənara, məni daha çox digər məqam cəlb etdi. İki uşağı övladlığa götürən anaya onlardan biri - filmin əsas qəhrəmanı deyir ki, "özün ana ola bilsəydin, bizi övladlığa götürməzdin”. Bu anda məlum olur ki, ailənin öz uşağı ola bilərmiş, amma onlar bu qədər ailəsiz uşaq var ikən, uşaq doğmamağa qərar verirlər. Bu, möhtəşəm mesajdır. Məncə, bu, düşüncənin aliliyidir”.

O, uşaq dünyaya gətirmək məsələsi ilə bağlı izlədiyi sonuncu film olan "Kopernaum”u da tövsiyə etdikləri siyahısında qeyd etdi: "Filmi azyaşlı uşağın məhkəmə səhnəsi ilə başlayır. Hakim ondan valideynlərini niyə məhkəməyə verdiyini soruşanda, "məni niyə dünyaya gətiriblər?” deyə cual edir. Filmdə hadisələr Livanda cərəyan edir. Rejissor çoxuşaqlılıq, azyaşlı nikahlar, dinin çirkabları və s bu kimi nüansları möhtəşəm qabarda bilib. Təbii ki, filmə baxdıqca uşağın valideynlərini qınamamaq olmur. Amma bir məqamda atanın hakimə "Siz mənim böyüdüyüm mühitdə böyüməyibsiniz. Bəlkə, mən daha yaxşı yerdə doğulsaydım, sizdən də yaxşı olardım” deməsi, məni düşündürdü. Bu, bir mesajdır ki, insanların yerində olmadan, onları qınamaq olmaz”.

Tövsiyə etdiyi daha bir film "Diqnidad koloniyası” oldu. Bu da real hadisələr əsasında çəkilib: "1973-cü ildə Çilidəki hərbi çevriliş vaxtı hadisələrin mərkəzində olan sevgililər – fotoqrafla stüardessa xanımın sevgi və keçdikləri dəhşətli yollardan bəhs edir. Həbsxananın ab-havası, verilən işgəncələr, aktyor oyunu və rejissor işi, adamın nəfəsini kəsir. Bir sözlə, baxılası filmdir”.

N.Xəliloğlu bildirdi ki, məsləhət görəcəyi filmlər çoxdur, amma limit 5 olduğu üçün sonuncu tövsiyəsi "Başqalarının həyatı”oldu: "Bu filmin rejissoru Florian Henkel fon Donnersmarkı görsəydim, qucaqlayardım. Bəlkə uzun filmdir, kiməsə sıxıcı gələ bilər, amma filmin ruhu var. Bu ruh, filmə baxdığımdan bu yana məni tərk etmir. Almaniya hökumətinin sıravi ailələrdən birinin həyatını izləməsindən bəhs edən filmin sonu xüsusilə xoşuma gəlir. Məncə, yaradıcı adamlar səbirlə, əvvəldən sona kimi bu filmə baxmalıdırlar.  Böyük zövqə görə, rejissora "çox sağ ol” deyəcəklər”.
 
Aygün