• çərşənbə, 24 Aprel, 05:13
  • Baku Bakı 14°C

BSU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Fotolar

17.01.20 19:18 836
BSU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Fotolar
İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün lazımi şərait yaradılıb

Yanvarın 17-də Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib. Mediaturda təhsil ekspertləri və KİV nümayəndələri iştirak edirdi.
Əvvəlcə qonaqları salamlayan BSU-nun rektoru, professor Nurlana Əliyeva dövlət başçısı İlham Əliyevin insan kapitalının inkişafına, insan potensialının ön plana çıxarılmasına böyük diqqət və qayğı göstərdiyini söylədi: "BSU-nun kollektivi bu diqqət və qayğıdan ruhlanaraq daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərir. Universitetimizin reytinqi günü-gündən artmaqdadır. Bu özünü tələbə qəbulunun sayında da göstərir. Gördüyümüz işləri isə KİV nümayəndələri ictimaiyyətə təqdim edir. Bizim inkişafımız sizin qələminizdə əks olunur. Rəhbəri olduğum universitetdə daxili intizam qaydalarına ciddi şəkildə əməl edilir. Fəal tələbələrimizi hər zaman diqqətdə saxlayırıq. Müxtəlif mövzularda keçirilən humanitar sammitlərdə, elmi konfranslarda və digər tədbirlərdə tələbələrimiz könüllü şəkildə iştirak edirlər. Həmin tədbirlərdə iştirak etməklə, Azərbaycan tələbələrinin həqiqətən də hərtərəfli inkişafa meylli gənclər olduğunu bir daha sübut edirlər. 2020-ci il könüllülər ili elan olundu. Bu çox ciddi bir məsələdir. Çünki ötən illərdə tələbələrimizin qazandığı təcrübə, bilik və bacarıqlar bu il yüksək səviyyəyə çatacaq. Bu təcrübə onlara iş həyatına əsl peşəkarlar kimi başlamağa şərait yaradacaq. Onların gördükləri işin dövlətimizə nə qədər böyük dəstək olduğunu bir daha diqqətə çatdırmaq istəyirəm. Buna görə də universitet rəhbərliyi, professor-müəllim heyəti olaraq gənclərə şərait yaratmaqla, onlarda özünəinam formalaşdırmalıyıq”.
Rektor bildirdi ki, fakültələrdə yaradılan apelyasiya komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinə yenidən baxılması məqsədilə BSU-da 12 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb: "Eyni zamanda imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli şəkildə tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7 nəfərdən ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə, Apelyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. BSU-da imtahan prosesi çevik, mütəşəkkil, şəffaf və obyektiv keçirilir. İmtahanlar vaxtında başlayır, tələbələrə öz bilik səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılıb. Yazılı imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə imtahanda elan edilir. İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələr qoyulub”.
İmtahanların keçirildiyi auditoriyaların tam hazırlıqlı vəziyyətə gətirildiyini söyləyən Nurlana Əliyeva bildirdi ki, auditoriyalarda müşahidə kameraları quraşdırılıb: "Həmçinin auditoriyalardakı "ağıllı lövhələr”də imtahanlarla bağlı məlumatlar öz əksini tapır. İmtahan prosesinə nəzarət edən nəzarətçi-müəllimlər, İmtahan Qərargahının və Apelyasiya Komissiyasının üzvləri onlara tapşırılmış vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Tələbələrin İmtahan Qərargahına və Apelyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılır. Tələbələrin müraciətlərinin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edən müəllimlər də cəlb edilir ki, bu da qiymətləndirilmənin obyektivliyini təmin edir”.
Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrə əsasən, BSU-da da müvafiq əmr imzalanıb. Həmin əmrdə 2019-2020-ci il tədris ilinin payız semestrinin imtahan sessiyasının tədris planlarına uyğun olaraq 7 yanvar - 1 fevral 2020-ci il tarixlərində keçirilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinə yerindəcə çevik şəkildə baxılması məqsədilə universitet rəhbərliyinin, valideyn şuralarının, tələbə ictimai təşkilatlarının, Mətbuat Xidmətinin və ictimaiyyətin nümayəndələrinin daxil olduğu 15 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov media təmsilçilərinin imtahan prosesi ilə bağlı suallarını cavablandırdıqdan sonra mediatur iştirakçıları İmtahan Qərargahının və Apelyasiya Komissiyasının fəaliyyəti ilə tanış oldu. Media nümayəndələrinə İmtahan Qərargahının və Apelyasiya Komissiyasının iş prinsipləri, tətbiq olunan yeniliklər, müraciətlərin qəbul edilməsi, cavablandırılması qaydaları və s. barədə ətraflı məlumat verildi.
Qeyd edək ki, imtahanlarla bağlı müraciətlərə əvvəlcə fakültələrdə fəaliyyət göstərən Apelyasiya komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə, universitetin Apelyasiya Komissiyasında baxılır.
Bundan sonra imtahanlar keçirilən auditoriyalarda olaraq imtahanların gedişini izlədik. Diqqəti çəkən əsas məqamlardan biri də imtahan auditoriyalarında kameralar və "ağıllı lövhələr”in quraşdırılması idi. KİV nümayəndələri bu lövhələrin iş prinsipləri ilə tanış oldu.
Mediatur çərçivəsində gəzdiklərimiz, gördüklərimiz BSU-da imtahanların tamamilə şəffaf keçirildiyinə və nəticələrin obyektiv şəkildə yoxlanıldığına şübhə yeri qoymur. Tələbələr üçün yaradılan şərait və imkanlar isə həqiqətən də təqdirəlayiqdir.

Şəbnəm Mehdizadə





banner

Oxşar Xəbərlər