Biznes üçün maliyyədən öncə lazım olanlar - Araşdırma
"Səbrli
olun. Yaxın 2 il ərzində heç bir istirahət və tətil olmadan işləməyə hazırlaşın. 3 il ərzində bütün pullarınızı dəyərli
əşyaların satın alınmasına deyil, işinizin inkişafına sərf edin. Əməkdaşlarınızı müstəqil şəkildə seçin. Bu
seçimə özünüz qərar verin. Səhərdən
axşama qədər çalışın. Unutmayın
ki, məğlubiyyət sizi zamanla zəif birinə, uğur isə güclü şəxsiyyətə çevirə
bilər. Heç vaxt məqsədinizə nail
olmaq üçün əlinizdən gələni əsirgəməyin”.
Mövzumuzla
bağlı internetdə araşdırma edərkən biznesə başlamaq istəyən şəxslər üçün
yazılmış bu məsləhətlər qarşımıza çıxdı. Bu gün əksəriyyət insan düşünür ki,
biznesə başlamaq və onu uğurlu etmək üçün lazım olan əsas vasitə
investisiyadır. Doğrudur, investisiya bu işdə önəmlidir, amma ondan da vacib
olan amillər var. Bu yazıda həmin amilləri, biznesə başlayarkən önəm verilməli nüansları
öyrənməyə çalışdıq.
Araşdırma, strategiya, taktika, hərəkət, dəyərləndirmə,
qiymətləndirmə
"Comunical” şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə
mütəxəssis Tural Abbaslı bildirir ki, istənilən
biznesin qurulmasında bir neçə mərhələ mövcuddur: "Burada ən vacib məqam nə
etmək və ya nə qurmaq istədiyimizdir. Bu fikirlər beynimizdə dəqiq
formalaşmalıdır. Hər şeydən öncə hər bir biznes quran şəxs müəyyən psixoloji,
sosioloji, menecment, maliyyə biliklərini də mənimsəməlidir. Biz biznes qurub,
iş sahibi olanlara sahibkar deyirik. Lakin xarici ədəbiyyata diqqət etsək, bu
fikir fərqli formada tərcümə olunur. Məsələn, Türkiyədə bu ifadə "girişimci”, ingilis
dilində isə "entrepreneur” kimi qeyd olunur. Sözün mənası eyni olsa da, kökündə
fərq mövcuddur. Xaricdə bu ifadə nəyəsə cəhd etmək, çalışmaq və qurmaq, əldə
etmək kimi bir yol xəritəsi ifadə edirsə, bizdə bu, sahib olmaq kimi fikir
formalaşdırır. Qeyd edilə bilər ki, hər ikisi sonda eyni mənanı verir. Amma ilk
ifadədə komanda, əzm, iradə lazımdırsa, ikincidə bu olmaya da bilər. Məhz bu
baxımdan da "boss” və "lider” ifadələri meydana gəlib. Biz, yaşımızdan asılı
olmayaraq, öncə bu fikirləri özümüzdə dəqiq formalaşdırmalıyıq. Daha sonra
biznesin qurulmasında zəruri olan addımlar atılmalıdır. Yəni, araşdırma,
strategiya, taktika, hərəkət, dəyərləndirmə və ya qiymətləndirmə edilməlidir.
Burada bu günün tələbatına uyğun deyil, gələcəyin nələr vəd etdiyinə və
insanların istəklərinin nə cür formalaşacağına və ya "istəkləri nə cür
formalaşdıra bilərik” kimi sualların cavabını tapmalıyıq. Bütün bunlardan sonra
hər bir şirkət üçün vacib olan marketinq, marketinq kommunikasiyaları - PR, reklam,
sosial media ilə iş strukturları və üslubları təyin edilməli və fəaliyyətə
başlanmalıdır”.
Sağlam
araşdırma həmin biznesin sağlam gələcəyi deməkdir
Mütəxəssis qeyd edir ki,
biznes özü canlı bir varlıqdır. Hər canlının mütəmadi olaraq müayinəyə ehtiyacı
olduğu kimi, biznesin də müntəzəm olaraq marketinq, bazar araşdırmasına ehtiyacı
var: "Hər bir sağlam araşdırma həmin
biznesin sağlam gələcəyi deməkdir. Aparılmış marketinq araşdırmaları
şirkətin imicinin formalaşdırılmasında marketinq, PR fəaliyyəti üçün əsas və
lazım olan informativ bazanı təmin edir. Bundan sonra qurulması vacib olan
fəaliyyət planı mütləq formada "5W” prinsiplərinə əsaslanmalı və icra
edilməlidir. Bu informativ bazadan bütün idarəetmə sistemi yararlana bilər. PR da
bu bazadan yararlanan bir fəaliyyət növüdür. PR-ın olması müasir şirkət üçün
lazım olan ən vacib strukturdur. Çünki insanlar şirkətin istehlakçısına verdiyi
dəyər əsasında qərar verməyə başlayıblar. Bu isə birbaşa PR-la mümkün olacaq
bir amildir”.
Sosial
media vasitələrində şirkətin tanıdılması
T.Abbaslı biznes
quranlara düzgün planlama və hərəkətlə sabahı deyil, gələcəyi düşünmələrini
təklif edir: "Digər bir məsələ isə rəqəmsal platformadır. Bu platformanın ən məşhur
aləti olan sosial media bölümü bu işdə əsas rol oynayır. SMM böyük kütləni
özündə birləşdirən sosial media vasitələrində şirkətin tanıdılması, onun
xidmətlərinin aidiyyatı auditoriyaya birbaşa çatdırılması üçün əvəzedilməz vasitələrdəndir.
Lakin bu zaman idarəetmə planlı və bayaq qeyd etdiyimiz xüsusi informativ
bazaların nəticələrinə əsaslanaraq aparıldıqda, daha gözəl və cəlbedici bir
səhifə əldə etmiş olarıq. Qeyd edim ki, biz şirkət olaraq xidmət göstərdiyimiz
bütün müştərilərimizə ən azı konsultativ marketinq araşdırması apardıqdan sonra
digər xidmətlərimizi təqdim edirik. Çünki komanda olaraq düzgün biznes həlləri,
yanaşmaları təqdim etmək bizim əsas missiyamızdan biridir. Hər zaman
müştərilərimizə bildirdiyimiz bir cümlə var: "Sabahı deyil, gələcəyi düşün!”
Mən də bütün biznes qurmaq istəyən şəxslərə, ilk olaraq "girişimci” olmağı
tövsiyə edir, düzgün planlama və hərəkətlə sabahı deyil, gələcəyi düşünmələrini
təklif edirəm”.
Markalaşma
xidmət və məhsulun keyfiyyəti ilə bağlıdır
"Markaman”
brendinq şirkətinin rəhbəri Rəşad Baxışov qeyd edir ki, işə
başlayarkən fokuslanma olmalıdır: "Birinci növbədə konsepti düzgün qurmaq
lazımdır. Məsələn, hansısa məhsul və ya xidməti cəmiyyətə təqdim etməmişdən
öncə onun məkanı, görünüşü, hansı təbəqəyə təqdim ediləcəyi hesablanmalıdır.
Çox zaman kortəbii şəkildə işə başlayırlar, sonra da istədiklərinə nail ola
bilmədikləri üçün deyinirlər. Səbəb isə məhsulun təqdim edildiyi hədəf kütlə
ilə konseptin uyğun gəlməməyidir. Yəni, ya məhsul baha olduğu üçün insanların
onu almağa gücü çatmır, ya da əksinə, yuxarı təbəqədən olan insanlara ucuz
məhsul təqdim edilir”.
"Markalaşma xidmət və
məhsulun keyfiyyəti ilə bağlıdır” deyən Rəşad bəy işin effektiv olmasında
tövsiyənin də böyük rol oynadığını qeyd edir: "Bir məhsulu çox yaxşı
qablaşdıra, onu çox yüksək səviyyədə müştəriyə təqdim edə bilərsiniz. Amma
həmin məhsul keyfiyyətli olmasa, çətin ki, alıcı 2-ci dəfə pul verib onu alsın.
Bir müştərinin sizin işiniz haqqındakı rəyi başqasını qazanmağınıza və ya itirməyinizə
səbəb ola bilər. Yəni, ilk alıcı sizdən razı qalsa, öz ətrafındakı insanlara
sizi məsləhət görəcək, qalmasa, özü növbəti dəfə sizə müraciət etməyəcək,
edənləri də bu yoldan döndərməyə çalışacaq. Ona görə bu mövzuda tövsiyə böyük
rol oynayır. Ümumi olaraq deyə bilərik ki, markalaşma diqqət, keyfiyyət və
xidmətdir. Bu baxımdan işi çox dolaşığa salmadan, ən başlıcası "mən kiməm, nə
satacam, nəyə və kimə xidmət göstərəcəm” tipli suallara cavab tapmaq lazımdır”.
Adın
enerjisi olmalıdır
Müsahibim ad seçiminin də
önəmliliyindən danışdı: "Ad seçimi bir neçə tərəfdən hesablanmalıdır. Adın
unikal olmasına xüsusi önəm verməliyik. Seçim edərkən yalnız bu günü deyil,
gələcəyi də düşünmək lazımdır. Yaxşı olar ki, ad görüləcək işlə əlaqədar olsun.
Yəni, şirkətin adını deyərkən onun nə iş gördüyü haqda izaha ehtiyac
duyulmasın. Digər tərəfdən, qoyulan adın enerjisi olmalıdır. Bu, qaçılmaz
faktdır ki, adlar insana müsbət və mənfi enerji ötürə bilir. Ona görə də ad
seçərkən "bu ad məni nə qədər qabağa aparacaq, məndən əlavə enerji alacaq,
yoxsa enerji verəcək?” kimi sualların cavabını müəyyənləşdirmək lazımdır”.
Sektor həm maddi, həm də strateji tərəfdən
öyrənilməlidir
Bir az da qurulan biznesi uğurlu etməyin sirlərindən danışaq."Ballı”
bal brendinin yaradıcısı Rəşad Rəşidov qeyd edir ki, ilk növbədə təcrübə olmalıdır: "Daha sonra ətrafda
sağlam, həqiqətən bu biznesi irəli çəkəcək insanlarvə doğru strategiya
seçilməlidir. Sektor həm maddi, həm də strateji tərəfdən öyrənilməli, rəqiblər
kifayət qədər araşdırılmalıdır. Rəqəmlər dəqiq hesablanmalıdır. Ən əsası, başlanğıc
investisiya olmalıdır. Başladıqdan sonra imkanlar açılır. Əgər iş uğurludursa,
hər kəs - həm fərdlər, həm dövlət orqanları lazım olan dəstəyi göstərəcəklər.
Bu gün startaplara dəstək olmaq üçün daha öncəki illərə nisbətdə kifayət qədər
müsbət məqamlar var. Gənclər bunlardan maliyyə baxımından faydalana bilərlər”.
İnvestisiya
və təcrübə
Biznes qurarkən
təcrübənin önəmindən danışan həmsöhbətim nəzəri biliklərə təcrübə, investisiya
əlavə etdikdən sonra ortaya fərqli biznes çıxarmağın mümkün olduğunu deyir: "Hazırda
gənclərin bir istəyi var. O da özlərinə kifayət qədər yaxşı gələcək qurmaq.
Satışa yaxın sahələrdə çalışan gənclərin çoxundan soruşsan, gələcəkdə özlərini
sahibkar kimi görürlər. Amma uğurlu nəticə almaq üçün öncə sağlam şirkətlərdə
çalışmalı, təcrübə toplamalıdırlar. Universiteti bitirdikdən sonra doğru
kollektivi seçib orda təcrübə toplamağa ehtiyac var. Bir müddətdən sonra
təcrübə insanda yeni bir işə başlamaq üçün özünəinam yaradır. Yəni, həmin gənc
yeni biznesə başlamaq üçün hazır olduğunu düşünür. Əlbəttə, zamanla müəyyən
çətinliklər olacaq, amma təcrübə və özünəinamın olması onları dəf etməyə kömək
edəcək.İnvestisiya isə biznesin qurulduğu sahədən,
qurmaq istədiyiniz işin həcmindən, məkanından asılıdır. Kifayət qədər
dostlarımız var ki, simvolik investisiya ilə bu işləri başlayıblar”.
Təhsil və təhsildənkənar fərdi və təcrübi keyfiyyətlər
R.Rəşidov
bütün bizneslərin başlanğıcında həm psixoloji, həm də
maddi və texniki çətinliklərin qaçılmaz olduğunu bildirir: "Amma bunun
gözəlliyi də ondadır ki, bütün çətinlikləri dəf edərək irəliləyirsiniz. Bütün
xidmət sahələrində uğurlu olan insanlar bu çətinlikləri keçirlər. Əsas olan bu
çətinlikləri dəf etmək üçün yaxşı hazırlığa, komandaya və məhsula sahib
olmaqdır. Çətinliklərdən heç vaxt qorxmayın. Çətinliklər olmasa, şirkət
böyüməz, inkişaf etməz”.
Müsahibimiz
biznesdə təhsilin rolu məsələsinə də toxundu: "Əlbəttə, burada təhsil də
önəmlidir. Amma təhsillə bərabər bir çox fərdi keyfiyyətlər də olmalıdır. İşin
50 faizi təhsilin, qalan 50 faizi isə şəxsi keyfiyyətlərin üzərinə düşür.
Təhsil ona görə önəmlidir ki, insan rəqəmlərlə işləyir və doğru analizlər
etməlidir. Kompleks halda saysaq, təhsil və təhsildənkənar şəxsi fərdi və
təcrübi keyfiyyətlər mütləq olmalıdır”.
Günel Azadə