“Biznes karyeramın başlanğıcı tamamilə təsadüf nəticəsində oldu” - Gör-götür

Deyir
ki, hər bir uğurun əsası olmalıdır. Yəni, bilik, savad və bacarıq lazımdır.
Bunlar olmasa, fürsət, məqam, qismət o qədər də həlledici rol oynaya bilmir.
Düşünür ki, bir insanda həvəskar olaraq fərqli bacarıqlar ola bilər, amma peşəkarlıq
tamam başqadır. Bunun üçün o istiqamətdə bilik, savad və bacarıq bir-birini
tamamlamalıdır.
Və səbirli
olmaq... "Sürətli irəliləmək istəyi yaxşıdır, amma səbirli olub, "mən çalışdığım yerə hansı dəyəri qata bilərəm”
sualını da özünə vermək lazımdır”- deyən müsahibimiz BP şirkətinin Azərbaycan, Gürcüstan,
Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə
vitse-prezidentiBəxtiyar Aslanbəylidir.
- Eyni vəzifədə çalışan insanların karyeralarına
baxanda görürsən ki, ora aparan yol fərqli olur. Kimi uşaqlıqdan aktiv biri
olur, kimi də sonrakı hansısa mərhələdə. Ümumi götürəndə bugünkü nəticənin bünövrəsi
əsasən hansı dövrdə qoyulub?
-
Hansısa konkret dövrü fərqləndirmək bir qədər çətin olar. Ancaq bünövrədən
danışırıqsa, yəqin ki məktəb illərini xüsusi qeyd etməyə dəyər. Ümumiyyətlə,
hesab edirəm ki, hər bir uğurun əsasında bilik və savad durmalıdır. Bu baza
olmasa, fürsət, məqam, qismət o qədər də həlledici rol oynaya bilmir. Təhsillə
yanaşı, həm də ictimai cəhətdən aktiv məktəbli həyatım olub. Bu, bünövrədir,
ümumilikdə isə, karyerada hər gördüyüm işin, yerinə yetirdiyim vəzifənin peşəkar
inkişafımda özünə görə əhəmiyyəti olub.

- Universitetə qəbul olmağınız 90-cı illərə düşüb. Beynəlxalq münasibətlər o vaxtdan bu yana prestijli
ixtisas hesab olunur. Maraqlıdır, o vaxt məşhur olmasının ixtisas seçiminizdə
rolu nə dərəcədə idi?
- 1993-cü ildə test üsulu ilə imtahan verdim. O vaxt 3-cü ixtisas
qrupu üzrə hüquqşünas ixtisası beynəlxalq münasibətlərdən daha məşhur idi. Mən
də abituriyent olarkən o istiqamətdə hazırlaşırdım. O zaman da qəbul ərizəsində
bir neçə ixtisas seçmək imkanımız var idi, mən birinci seçim olaraq beynəlxalq
münasibətlər ixtisasını yazmışdım. Bu, tamamilə öz seçimim idi, imtahan nəticələri
elan olunana qədər evdə heç kim bilmirdi ki, o ixtisası ilk seçim olaraq
yazmışam. Hətta o ixtisasa qəbul olanda bir neçə dost-tanış "canın sağ olsun, gələn
il hüquqa qəbul olarsan” kimi təsəlli də verirdi.
- Bir gəncin bu ixtisası məqsədli
seçmə istəyi hardan qaynaqlanırdı?
- Müstəqilliyin ilk illəri idi. Orta məktəb illərindən ictimai-siyasi
prosesləri yaxından izləyən bir gənc üçün müstəqil dövlətin vətəndaşı olmaq
xüsusilə qürurverici idi. Müstəqillik ab-havası, gələcəkdə diplomatiya sahəsində
fəaliyyət göstərmək, ölkənin xarici əlaqələrinə töhfə vermək istəyi
dünyagörüşümə və nəticədə ixtisas seçimimə nəticədə həlledici təsir göstərdi.
- Dediniz ki, valideynlər beynəlxalq
münasibətləri yazdığınızı bilmirdi. Evdən gizlin yazmışdınız, yoxsa seçimi öz
ixtiyarınıza vermişdilər?
- İxtisas seçimini özüm etdim. Hətta ixtisas ərizəsini doldurmaq üçün
məntəqəyə də tək getmişdim. O vaxt onlayn müraciət forması tətbiq olunmurdu. Təbii
ki valideynlərlə məsləhətləşirdim, ancaq onlar mənə ixtisas seçimində sərbəstlik
vermişdilər. Maraqlıdır ki, o zaman dostlarımın əksəriyyətində o sərbəstlik var
idi. İndi mənə bəzən bütün nəslin bir araya gəlib orta məktəbi bitirən gəncin qəbul
ərizəsində ixtisas seçimini və ya ixtisasların ardıcıllığını müəyyən etməsi təəccüblü
gəlir. Təəssüf ki, bir çox hallarda həmin gəncin ya öz fikri olmur və ya onun
seçiminin vacibliyi kənarda qalır.

- Niyə əvvəl gənclərə o sərbəstlik
verilirdi, indi yox?
- Yəqin ki, test üsulu ilə imtahan və ixtisas seçimi cəmiyyət üçün
yenilik olduğundan valideynlər bu yenilikləri gənclərin daha yaxşı bildiklərini
zənn edirdilər. Ümumiyyətlə, mənim məktəbli olduğum illərdə bizim sərbəstliyimiz
daha çox idi. Həyətə sərbəst düşüb oynayırdıq, fərqli dərnəklərə, kurslara
özümüz gedib-gəlirdik. Övladlarımla müqayisə etdikdə, hərdən düşünürəm ki,
valideynlərimin mənə verdiyi azadlığı bu gün onlara vermirəm. "Dövr başqadır, fərqlidir” deyə bəhanələr də tapıram.
- O sərbəstlik dərsdən yayınmaya gətirib
çıxarmırdı?
- Qətiyyən. Anam orta məktəbdə müəllimə olduğundan təhsilimizlə o məşğul
idi, atam o qədər də bu məsələlərə müdaxilə etməzdi. Anam bizdə məsuliyyət
hissi yaratmışdı, onun gündəlik nəzarəti olmadan dərslərimizi özümüz sərbəst şəkildə
öyrənirdik.
- Magistratura təhsili aldığınız
vaxt "Təfəkkür” Universitetinin hüquq elmləri kafedrasında müəllim kimi
çalışmısınız. İlk iş fəaliyyətiniz bu olub?
- İlk rəsmi iş yerim "Təfəkkür” Universiteti olub, ancaq ondan əvvəl
müəyyən qədər əmək fəaliyyətim olub. İlk öyrəndiyim xarici dil alman dili idi,
xidmət müqavilələri əsasında tərcümələr edirdim. Tələbə Qəbulu Üzrə Dövlət
Komissiyasının (İndiki Dövlət İmtahan Mərkəzi) testlərin hazırlanması ilə bağlı
bir layihəsi var idi, tələbə olduğum dövrdə onlarla da əməkdaşlığım olmuşdu.
Magistraturanı bitirdikdən sonra isə Bakı Dövlət Universitetinin Beynəlxalq
münasibətlər kafedrasında müəllim olaraq işə başladım.
Biznes həyatında isə ilk iş yerim 1998-ci ildə qəbul olduğum
"PricewaterhouseCoopers" şirkəti oldu. Orada işləməyə başlamağımın da
maraqlı tarixçəsi var. Həmin şirkətdə fakültədən tanıdığım rus bölməsində
oxuyan tələbə yoldaşlarım işləyirdilər. Azərbaycan dilində mükəmməl danışa və
yaza bilən yeni işçi axtaranda onlardan biri mənim namizədliyimi verib. Müsahibəyə
yalnız həmin tələbə yoldaşımın çalışdığı şirkətdə pis vəziyyətə düşməməsi üçün
getdim. Audit şirkəti idi, nə iş görəcəyimlə bağlı təsəvvürüm yox idi. Ancaq
şirkətin HR direktoru ilə müsahibə uğurlu alındı, çox incitmədən iş təklifi
verdilər. İlk işim də vergi və hüquq şöbəsində asissent idi. O dövrdə hüquqi şəxslərin
dövlət qeydiyyatı üçün müxtəlif orqanlarda qeydiyyatdan keçmək lazım idi (vahid
pəncərə sistemi yox idi). Sənədlərin
hazırlanması ilə yanaşı, həmin orqanlara çatdırılması ilə məşğul olurdum.
Biznes karyeramın başlanğıcı tamamilə təsadüf nəticəsində oldu. Sonra şirkət
çox xoşuma gəldi. Həmin dövrdə Xarici İşlər Nazirliyinə (XİN) də sənədlərimi
vermişdim, XİN-dən müsahibəyə dəvət təklifi bu şirkətdə işləyəndən hardasa 5-6
ay sonraya təsadüf etdi. Ancaq şirkətin iş mexanizmi və gördüyüm iş o qədər
xoşuma gəldi ki, XİN-ə müsahibəyə getmədim.

- Əvvəllər, ancaq rəsmi iş istəyirdiniz?
- Bəli. O dövrün gəncində biznes mühiti barədə elə böyük təsəvvür yox
idi. İxtisas beynəlxalq münasibətlər olduğu üçün XİN və bu tipli iş yerləri ilə
maraqlanırdıq. Bu şirkətdə nə xoşuma gəldi? Bizə müxtəlif şirkətlərdən
qanunvericiliklə bağlı suallar daxil olurdu, araşdırıb onlara müəyyən məsləhətlər
verirdik. O məsləhətlər əsasında şirkətlər qərar qəbul edirdilər. Hansısa bir
prosesə əhəmiyyət qatan, vacib qərarların qəbul olunmasında pay sahibi olan bir
işdə çalışmaq çox xoşuma gəldi. İxtisasım vergitutma və iqtisadiyyat olmasa da,
o istiqamətdə ixtisaslaşma həmin dövrdə başladı. 2015-ci ilə qədər əvvəl
"PricewaterhouseCoopers", sonra isə BP-də vergi sahəsində çalışmışam.
- Vergi sizin sahəniz deyildi. Bəs
öyrənmə prosesi çətin olmadı?
- Təbii ki çətin idi. Çünki humanitar ixtisas üzrə təhsil almışdım.
İqtisadiyyat oxumamış, vergidən anlayışı olmayan bir adam çox xırdalıqları öyrənə-öyrənə
işə başladı. Amma şirkətdə kifayət qədər təcrübəli həmkarlar var idi, onlar hər
zaman istiqamət verirdilər. İşin maraqlı olması, mənim həvəsim öyrənməyə əlavə
vaxt sərf etməyə stimul verirdi. İşdən sonra qalıb öyrənirdim, oxuyurdum. Bununla
belə, beynəlxalq münasibətlər ixtisasımdan da vaz keçmədim. Pedaqoji fəaliyyətim
də o istiqamətdə oldu. Şadam ki, çalışdığım şirkətlər bu imkanı yaradıblar.
- Müəllimliyə xüsusi önəm
verirsiniz. Bu, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmək üçün bir
şans kimi maraqlıdır, yoxsa, müəllim olmaq istəyi daha çoxdur?
- Hər iki faktoru deyərdim. Hansının üstünlük təşkil etdiyini demək çətin
olar. İxtisasa bağlılıq da var, digər tərəfdən isə bildiyim nə isə varsa, onu gənclərlə
bölüşmək vacibdir. Bu gün 15-20 il əvvəlki tələbələrimlə görüşəndə, onların
hansı nailiyyətlər əldə etdiklərini görəndə böyük enerji alıram. Auditoriya ilə
ilkin kontakt çox uğurlu oldu, nəinki tələbələrə öyrətdim, həm də onlardan öyrəndim.
Mən çox cavan yaşlardan dərs deməyə başlamışam. Auditoriya ilə mütəmadi təmas
öz üzərimdə davamlı işləmək məsuliyyətini yaratdı, fərqli xarakterli insanlarla
dil tapmaq və onları inandırmaq bacarığını və s. digər vərdişləri öyrətdi.
Bildiklərimi bölüşmək və daim nə isə öyrənmək mənim üçün hər zaman maraqlı
olub.

- İndi hansı universitetdə dərs
deyirsiz?
- BDU, ADA Universiteti və Bakı Ali Neft Məktəbi. Hər üçündə saat
hesabı çalışıram. Yəqin indi sual verəcəksiniz ki, bəs şirkətin işlərini nə
vaxt görürəm? (Gülür).
- Bu, gərgin rejimə səbəb olmur?
- Əlbəttə, nəticədə 8 saatlıq iş günü yetərli olmur. BANM-də dərsim
axşam 6-dan sonradır. ADA Universitetində ehtiyac yarandıqda dərs cədvəlinə müəyyən
dəyişiklik etmək olur, bu cəhətdən rahatdır. BDU-da bu cür imkan olmasa da,
nizamlı olmağa çalışıram. Gün ərzində universitetə gedirəmsə, həmin gün ofisdə
daha çox qalıb işlərimi görürəm. Ancaq əlavə vaxt sərf etmək və iş rejiminin
bir az da gərginləşdirilməsi auditoriyada aldığım zövq və müsbət enerji ilə
artıqlaması ilə kompensasiya olunur.
- Keçmiş tələbələrinizdən biri
paylaşımında qeyd etmişdi ki, "Bəxtiyar müəllimin hər mühazirəsi bir-birindən
möhtəşəmdir, oxumayanlar belə sakitcə dinləyir”. Tələbələri mühazirə cəhətdən
razı salmaq get-gedə heç də asan olmur. Mühazirə hazırlayarkən nələri əsas
götürürsüz?
- Mühazirədə ancaq mən danışsam, tələbə təbii ki bir müddət sonra
yorulacaq. Mühazirələrdə diskussiya, dialoq olmasına şərait yaradıram. Söyləyəcəyim
fikirlərlə bağlı auditoriyada sual qoyuram, onların yanaşmalarını öyrənirəm. Təhsil
"Nə? Harada? Nə vaxt?” deyil, "Niyə? Nə üçün?” suallarına cavab verməlidir.
Mühazirələrdə də çalışıram ki, tələbələrdə analitik düşüncə hissləri oyadım. Bu,
tələbələrin də xoşuna gəlir və yaxşı təmasımız alınır. İmkan daxilində mühazirəni
praktika ilə əlaqələndirməyə çalışıram. Tədris etdiyim fənlərin özü də
maraqlıdır. Çünki enerjinin geosiyasəti və ya neft və qazın siyasi-iqtisadi
aspektləri gündəlik baş verən proseslərdir, bu da tələbələrdə maraq yaradır.

- Tələbələrdən öyrəndiyinizi
dediniz. Nələri öyrənirsiniz?
- Tələbələrin düşüncə tərzlərini. Üstünlükləri nədir? Bəzən son
vaxtlar hansı kitabı oxuduqları ilə bağlı sorğu keçirirəm. Təəssüf ki, 10 il əvvəl
"kitab oxuyursunuzmu?” sualına "bəli” cavabı verən çox az idi. Bu gün isə tələbələrimizdə
mütaliə mədəniyyəti çox yüksəkdir. İxtisasımızla bağlı da tələbələrdə kifayət qədər
yeni məlumatlar olur. Mən bir kitab oxuya bilirəmsə, 50 tələbə daha çox oxuyur.
Onlar oxuduqlarını bölüşəndə çox şey götürmək olur. Onu da deyim ki,
auditoriyada hamı böyük həvəslə oxumağa gəlmir. Yorğun olanı, oxumağa həvəsi
olmayanı, valideynlərinin qərarı ilə orda oturanı var. Bir auditoriyada fərqli
xarakterə malik çox insan olur. Onlarla ünsiyyət qurmaq təcrübəsini də öyrənirsən.
Hətta bəzən özümlə daxili bir yarış edirəm ki, görək bu adam neçə dərsdən sonra
mənə qulaq asmağa başlayacaq? Əksər hallarda daxilimdəki bu mübarizədə qalib gəlib
tələbələri dərsə cəlb edə bilirəm.
- Müəllimin daxilində belə bir
mübarizə olması maraqlıdır...
- İstənilən auditoriyada hansısa səbəblərdən dərs oxumağa maraqlı
olmayan tələbələr olur. Qayıbın məcburiyyətindən dərsdə otururlar. Mən çox
hallarda qayıb yazmıram. Sərbəst buraxıram ki, dərsdə kim istəyir otursun, istəməyən
sərbəstdir. Daxilən özüm üçün qoyduğum məqsəd ondan ibarət olur ki, nə qədər
adam qayıbı düşünmədən gəlib dərsdə oturacaq?
- Nəticə necə olur?
- Yaxşı olur, adətən böyük əksəriyyət gəlib dərsdə iştirak edir.
- Karyeranızın böyük qismi BP şirkəti
ilə bağlıdır. Bir iş yerində vəzifə irəliləyişi prosesindən danışaq. Sizin
misalınızda ümumi bu prosesə baxaq.
- İşdə irəliləmə məsələsində bəlli zaman çərçivəsi, uğur düsturu
yoxdur. Bu fərdidir, şəraitə, zamana, məkana bağlı məsələdir. Yeganə tövsiyəm səbirli
olmaqdır. Bəlli bir işin qulpundan yapışmaq, gördüyün işdən zövq almaq və səbirli
olmaq lazımdır. Bəzən gənclər çox sürətlə irəliləmək istəyirlər. Bu, yaxşıdır,
amma bir az da səbirli olmaq lazımdır. İrəliləmək istəyi ilə yanaşı, "mən
çalışdığım yerə hansı dəyəri qata bilərəm” sualını da özlərinə verməlidirlər.
Mənim misalıma gəlincə, BP-də ilk 8 ili vergi müşaviri vəzifəsində
olmuşam. Sonra artıq vəzifə dəyişikliyi gedib. 1998-ci ildə universiteti
bitirdim, kifayət qədər maraqlı istiqamətə getdim, iqtisadiyyat təhsili olmadan
vergi sahəsində kifayət qədər uğurlu karyeram oldu. Eyni zamanda, paralel
olaraq, ali təhsil aldığım ixtisas üzrə pedaqoji fəaliyyətlə məşğul oldum. 17
il sonra bu iş həyatımda da xarici əlaqələrlə bağlı sahə mənə etibar olundu.

- Bu gün gənclər 8 il bir işdə və
eyni vəzifədə çalışmağa qəribə baxarlar. Hətta bir müsahibim deyirdi ki, 3 ildən
sonra bəsdir, çünki iş avtomatikləşir, öyrənəcəyin nəsə qalmır.
- Mən öz işimdən zövq alırdım. 8 il niyə eyni vəzifədə qaldım? Çünki
Bakı-Tbilisi-Ceyhan layihəsinin tikintisi və fəaliyyətinin ilk illəri idi. Fərqli
ölkələrdə fəaliyyət göstərirdim, fərqli insanlarla təmasda olurdum, bir-birindən
maraqlı fərqli problemlərlə üzləşirdim. Bir sözlə, gördüyüm iş mənim üçün çox
maraqlı idi. 3 il yanaşmasını mən də düzgün hesab edirəm. 8 il eyni işi görməyim,
hamıya bunu tövsiyə etməyim kimi başa düşülməməlidir. Sadəcə, səbrli olmağın
vacibliyini vurğulamaq istədim. İndi geri qayıtsaydım, bəlkə də 8 il eyni işlə
məşğul olmazdım. O zaman komfort zonasında idim, bildiyim işlə məşğul olurdum və
mənə maraqlı idi. Yalnız 8 il sonra başqa bir işə keçdikdə, komfort zonasından
uzaqlaşmağın, bilmədiyin məsələlərlə üzləşməyin və onları öyrənməyin əhəmiyyətini
gördüm. Komfort zonasında nə qədər çox qalsaq, inkişafımız daha zəif gedir.
Uzun müddət bir yerdə qalmaq yaxşı deyil, amma işi dəyişmək naminə də dəyişmək
olmaz. Komfort zonasından çıxmaq naminə, kor-koranə işi dəyişmək də düzgün
yanaşma deyil.
Son vaxtlar çox müşahidə etdiyim məqamlardan biri də "özünə arxayın
olmaq” şüarıdır. Düzdür, özünə arxayın olmaq, inanmaq lazımdır. Ancaq sadəcə
inamlı və arxayın olmaq kifayət deyil. O özünəinamın bazası, əsası - savad,
bilik, bacarıq olmalıdır. Tutaq ki, mənim hekayə yazmaq bacarığım müəyyən qədər
var. Həvəskar kimi özüm üçün cızma-qara edə bilərəm, ancaq mən bu işi peşəkar görmək
bacarığını özümdə görmürəm, ona görə də yazıçı olmaq xülyasından uzağam. Həvəskar
başqadır, peşəkar ayrı. İstək başqadır, reallıq başqa. Realist olmaq lazımdır.
Bəzən deyirlər ki, realizm imkanları məhdudlaşdırır, hardasa düzdür, hardasa
yox. Amma realist olub özünü inkişafdan saxlamaq yox, biliyini, bacarığını,
atacağın addımları düzgün dəyərləndirmək çox vacibdir.
- Vəzifəli adamların həyatına
baxanda kənardan adama elə gəlir ki, daim rəsmi abı-havada olur. Gününüzün neçə
faizi qeyri-rəsmi abı-havada keçir?
- İş həftəsindən
danışsaq, mənim təcrübəm bəlkə də, yaxşı nümunə deyil (Gülür – A.Asimqızı). İşdə
kifayət qədər çox vaxt keçirirəm. Səhər 8:30-dan axşam 9.00-a qədər işdə
oluram. Amma işdən sonra ailəyə, dostlara, hobbilərimə vaxt ayırmağa çalışıram.
Kitab oxumağa, filmə baxmağa da vaxt tapıram.

- Həyat yoldaşınız, dostlar başa düşə bilər, amma
uşaqlar bir az çətindir. 9-da işdən çıxırsınızsa, evə getməyiniz də bir az gec
olur, uşaqların yatmaq vaxtı gəlir. Bəs onlara nə vaxt zaman ayırırsız?
- İndi
saat 9-da yatan uşaq qalıb ki? Adətən, ən humanist yanaşma onlarda olur. Nə qədər
gec gəlsən də, 15-20 dəqiqə vaxt sərf etməklə könüllərini ala bilirsən. 3
övladım var, hər birinin öz maraq dairəsi var. O maraq dairələrinə uyğun hər
biri ilə söhbət etmək müsbət münasibət qurmağa kömək edir. Düzdür, bəzən mən
bundan su-istifadə edirəm, ancaq fərqinə varıram və günü daha düzgün
planlaşdırmağa çalışıram.
- Neçə yaşlardadırlar? Maraq dairələrində istiqamətləndirmə
olurmu siz tərəfdən?
- Böyük
qızım Ayladır, 15 yaşı var. Banunun 11, Hüseynin isə 9 yaşı var. Maraq dairələrinə
və gələcək ixtisas seçimlərinə müdaxilə etməməyə çalışıram. Maraqlanıram,
fikrimi bildirirəm. Böyük qızımın artıq öz ixtisas seçimini edib - təhsil
menecmenti, təhsil inzibatçılığı üzrə təhsil almaq istəyir. Bizim ölkə üçün çox
aktual ixtisasdır. Bu ixtisasın seçilməyi ilə bağlı hansısa məsləhət verməyim
yadıma gəlmir, sırf öz seçimidir. Banu yaradıcı təbiətə malikdir. Musiqi ilə məşğul
olur, gözəl musiqi duyumu var. Dərslərini də kifayət qədər yaxşı oxuyur. Hüseyn
uşaq yaşlarında "yeni maşın ixtira edən mühəndis” olmaq istəyirdi, indi futbola
maraq göstərir. Hər bir oğlan uşaq vaxtı futbolçu olmaq istəyir, bu, çox təbiidir.
Dərslərinə
gündəlik nəzarət etməməyə çalışırıq. Çünki bu davamlı olmur. Uşaqlarda müstəqil
dərs oxumaq vərdişləri formalaşdırmaq daha önəmlidir ki, nəzarət və məcburiyyət
olmadan özləri dərslərini oxusunlar. Ən vacibi isə çalışırıq ki, doğru dəyərlərə
sahib düzgün insan və vicdanlı vətəndaş olsunlar.
Aygün
Asimqızı





