AZE | RUS | ENG |


Bizim uğur çələngi

Bizim uğur çələngi
Və ya “Uğur hekayə”lərimizdən seçmələr

“Gənclik qəzeti”nin 100-cü nömrəsi işıq üzü görür. Bu 100 nömrədə çalışdıq ki, sizə gəncliyin yaxşı mənada hər üzünü təqdim edək: şıltaqlığını da, savadını da, bacarığını da, hadisələrə münasibətini də, ailəsini necə qoruyub saxladığını da, qürbət eldə vətənimizi necə təmsil etdiyini də… Gənclərimizə örnək ola biləcək insanların həyat yoluna da işıq saldıq… Ən nəhayət, bu 100 nömrədə ən müxtəlif sahələrdə çalışan 100 uğurlu gənci sizə tanıtdıq, onların karyera pilləsində necə irəlilədiklərini, hansı yollardan keçərək zəhmətləri bahasına uğura çatdıqlarını göstərdik. Yubiley nömrəmizdə uğurlu gənclərin hamısının müsahibəsindən sitat gətirməyimiz mümkün olmasa da, qərara gəldik ki, ən maraqlı hesab etdiyimiz bəzi fikriləri sizə təqdim edək…

“Bakcell” şirkətində korporativ kommunikasiyalar bölməsinin rəhbəri Süheylə Cəfərova:

- “Karyera qurmaq istəyirsənsə, ilk növbədə məsuliyyətli olmalı və mütləq hədəflərini müəyyənləşdirməlisən. Təbii ki, bunun içərisində maddi hədəflər də var, amma daha çox, çatmaq istədiyin məqsəd var. İnsan təkcə pul qazanmaq üçün iş axtarırısa, bu, çox ümumi hədəfdir. O zaman hansı tərəfə və necə getmək, haradan başlamaq lazım olduğunu bilmirsən”.

YouTube rəsmi partnyoru Çingiz Şirinov:

“Səni əhatə edən kadrlar, mütəxəssislər həqiqətən də öz peşəsini bilən, işini sevən insanlardısa, onda idarə etmək də, idarə olunmaq da çox zövqlüdür. Əks halda, nə idarə etmək, nə də idarə olunmaq heç bir zövq vermir və çox bezdirici bir prosesə çevrilir”.

“British Council”da proqramlar departamentinin direktoru Nigar Baimova:

“Çətinliklər olanda mən bəzən özümü qara tuneldə təsəvvür edirəm. Amma həmişə tunelin sonundakı işığı görür və işığa doğru gedirəm. O tunelin uzunluğu, rənginin qara olmasını fikirləşməməyə çalışıram. Beynimdə ancaq işığa doğru getməkdir. Həmişə başa düşürəm ki, həyatda çətinliklər də, problemlər də, çətin insanlar da, pis əməllər də olur, sadəcə, pozitiv olmaq lazımdır. Əgər pozitivsənsə, dəyərlərin düzgündürsə, istənilən problemi həll edə bilərsən”.

ADA Universiteti, Xarici Əlaqələr Ofisinin rəhbəri Rəhman Şahhüseynli:

“Hesab edirəm ki, qürur insan xarakterləri içində ən zərərlisidir. Çünki, bu hiss insanı hər zaman geriyə atır. Bəziləri fikirləşir ki, qürur müsbət keyfiyyətdir. Amma mən tam əksini düşünürəm. Əgər bir insan qürurunu qıra bilərsə, istər işində, istər ailəsində, istərsə də ətrafında hər zaman uğur qazanar”.

Lissabon Universitetinin alimi Kamran Mahmudov:

“Əsas planım odur ki, işlərim Chemical Reviews (impakt faktor 41) jurnalında nəşr edilsin. Bu, o deməkdir ki, ondan sonra məni dünya alimləri qəbul edəcək”.


AZERCELL Verilenler Bazasi İdarəedilməsi bölümünün rəhbəri Kamran Ağayev:

“Ümumiyyətlə, boş vaxtım olmur. Axırıncı dəfə nə vaxt kinoya baxdığım yadıma gəlmir. Televiziyaya baxmaqdan daha çox həmişə kitab oxumağa meyl etmişəm. Hər gün olmasa da, dostlarımla da vaxt keçirirəm. Bir az istirahətimdən “oğurlayıram”. Yəhudilərin bir misalı var, deyirlər ki, sutkada 25 saat həyat sürmək istəyirsinizsə, yuxudan bir saat tez oyanın. Mən də bir saat gec yatır, bir saat tez oyanıram və birtəhər idarə edirəm. Çünki məşğul olduğum işlərə marağım həddindən artıq çoxdur. Onlarsız məndə alınmır”.

AtaHoldinqin İdarə Heyətinin sədr müavini Rəşad Əliyev:

“Pul çox şeydir, bir çox şeylərə nail olmaq üçün vasitədir, dəyərdir. Sizə verilən dəyərdir. Siz nə qədər çox qazanırsınızsa, deməli, sizə o qədər çox dəyər verilir, yaxud siz o qədər dəyərlisiniz. Pul mənim üçün vacib olduğuna görə biznes sahəsindəyəm. Əks təqdirdə, humanitar sahələrdə olardım”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova:

“Hər bir nazirin mediaya yanaşması, mediaya verdiyi dəyər var. Elə nazir var ki, mediaya çox çıxmağı sevmir, elə nazir var ki, mediaya çıxmağı sevməsə də, onun önəmini qəbul edib, mediada görünür. Mətbuat katibi müəyyən bir anlamda tabeliyində olduğu insanın informasiya mənbəyidir. Əgər sən mətbuat katibi kimi işini bacarırsansa, medianın hansısa bir mövzuda oynaya biləcəyi rolun mahiyyətini lazımi səviyyədə nazirin diqqətinə çatdıra bilirsənsə, işini zamanında təhvil verirsənsə, ən azından medianın suallarını cavablandırmağı bacarırsansa, nazirlə işləmək çətin olmamalıdır. Eyni zamanda, çətindir ona görə ki, nazirin qrafikinə uyğunlaşmalısan. Bilməlisən ki, bu insan çox gərgin qrafiklə işləyir və bütün yükü nazirin çiyninə ata bilməzsən. Ən azından media tərəfdən sən nazirin yükünü daşıyan adamsan. Sən bu yükü elə daşımalısan ki, o yük onun üzərinə düşməsin”.

Millət vəkili Şahin İsmayılov:

“Bir şeyi etiraf edim, həmişə xəyal edirdim ki, televiziya ekranından gördüyüm maraqlı adamlarla söhbət edəcəyəm, onlarla fikir mübadiləsi aparacağam, məni də nə vaxtsa televizorda göstərəcəklər, ofisim, kabinetim, qarşımda çoxlu telefon olacaq. Yəni həmişə bunları xəyal etmişəm və düşünürəm ki, xəyal etmək çox yaxşı şeydir. Hər zaman insan xəyal etməlidir. Xəyal etmək o demək deyil ki, sən xəyalpərəstsən. O xəyalın arxasına real bilikləri yığanda, xəyallar sənə gerçəklik kimi yaxın ola bilir”.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev:

“Heç vaxt işdən qorxmamışam. Hətta çətin işləri görməkdən xüsusi zövq alıram. Gənc olanda insan gərək özü üçün baryerlər çəkməsin, daha çox iş görsün, nailiyyətlər qazansın, daha çox üfüqləri fəth etsin ki, bir az yaşlananda enerjisi azalır, bəzən maraqları dəyişir, fərqli işlərlə məşğul olmağa başlayır. Bundan başqa, hər zaman mütaliə etmək lazımdır. Üçüncüsü, heç vaxt inkişafdan, öyrənməkdən qorxmaq lazım deyil. Bir də insanlara əlimdən gələn köməyi etməyə çalışıram. Çünki vaxtilə mənə də çox kömək edən, məsləhət verən, yol göstərən insan olub”.

Kaspi Liseyinin direktoru Tural Əliyev:

“Öyrənmə prosesi elə bir prosesdir ki, özünüz müəyyən sərhədə kimi gəlirsiniz. Sərhəddə bir neçə istiqamətə yol ayrılır, bunlardan biri təbii olaraq seçiləcək. Amma əgər sizə istiqamət verən adam doğru yolu göstərsə, o yolla gedib müvəffəqiyyət qazana bilərsiniz. Düşünürəm ki, daim bələdçi olmalıdır ki, qarşınıza çıxan yolları, baryerləri daha rahat adlaya biləsiniz. Demirəm bütün yol boyu bələdçi mənimlə getsin, sadəcə, yol ayrıclarında hansı istiqamətdə gedəcəyimin mənə uğur qazandıracağını göstərsə kifayətdir”.

Dövlət Neft Fondunun baş sistem adminstratoru Fərhad Kərimov:

“Yaxşı sistem adminstratoru, ümumiyyətlə, İT sahəsində mütəxəssis olmaq üçün əsas iş oxumaq, oxumaq, ancaq oxumaqdır. Çünki İT daim inkişaf edən sahədir. Biz burada söhbət edirik, bəlkə də bu dəqiqə nəsə kəşf olunur. Mən işdə də, evdə də oxuyuram. Oxumasam, olmur. İT sahəsində bir az geri qaldınsa, avtomatilk olaraq geriyə düşəcəksən”.

Four Seasons Hotel Baku-nun Otaqlar şöbəsi üzrə direktor müavini Hüseyn Atakişiyev:

“Cəza metodu ilə hər şeyin düzələcəyinə inanmıram. Düşünürəm ki, insanlara inanmaq lazımdır. Səhvsiz işçi yoxdur, mən də səhv edirəm. Işçi nəyisə səhv edirsə, baxmaq lazımdır ki, ona həmin işi başa salıb öyrətmişəm, ya yox. Əgər rəhbər işçisinə nəyisə öyrətmirsə, həmin işi işçidən tələb etməyə hüququ yoxdur. Öyrətmədiyin bir şeyi heç kimdən tələb edə bilməzsən”.

Beynəlxalq dərəcəli hakim Əliyar Ağayev:

“Biz qərarı fitlə veririk. Fitdən sonra verilmiş qərar futbolçular tərəfindən nə qədər basqı olsa da, dəyişilməyəcək. Bunu artıq beynimə yeritmişəm. Futbolçular 1-2 oyundan sonra hakimi, onun xüsusiyyətlərini qəbul edirlər. Bilirdim ki, ilk addımı necə qoyacağamsa, elə də davam edəcək. Buna görə də soyuqqanlı oldum. Soyuqqanlı olmaq verilən qərarların ədalətli olmasına kömək edir. Həmçinin, əgər hakim soyuqqanlı olmasa, oyunçunun hər bir narazılığına reaksiya versə, əsəblər tarıma çəkiləcək və bu, sonrakı oyunda təsirsiz ötüşməyəcək. Bu halda hakimlə futbolçu arasında pərdə qalmayacaq”.

Bakı Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Ramin Məmmədov:

“O insanları uğur tapır ki, onlar uğura hazırdırlar. Əgər mənə ödəniləndən artıq işləyib menecer olmağa hazır olmasaydım, bunun üçün nə qədər çalışsam da, uğur məni tapmayacaqdı. Mən daha aşağı vəzifədə olanda idarəetmə qabiliyyətimi də təkmilləşdirirdim. Düşünürəm ki, bu gün 170 nəfərin idarə edilməsində payım varsa, gələcəkdə 300 nəfəri idarə edən bir insan olmalıyam. Hədəfim 300 nəfər işçisi olan şirkətə getmək deyil, 300 nəfər insanı idarə edə biləcək rəhbər olmaqdır. Əgər mənə belə bir təklif gələrsə, artıq buna hazır olmalıyam. Şans gələndə onu heç vaxt qaçırmamışam. Hətta, təcrübəm tam olmasa da, tapşırılan vəzifəni mümkün qədər iş prosesində öyrənməyə çalışmışam. Bu da mənim uğurumdur”.

Dəmir Bankın Marketinq Departamentinin rəhbəri Anar Bayramov:

“Fokuslanıb zövq aldığın işlərlə məşğul olmalısan. Hər şey pulla ölçülməli deyil. Mən bu gün menecment karyerasından zövq alıram və sistemli şəkildə bu istiqamətdə irəliləyirəm. Menecment karyerasının özünün bir çox üstünlükləri var ki, bunlar şəxsi biznesdə olmur. Məsələn, şəxsi biznesdə qurduğun işin bütün riskini 24 saat ərzində sən daşıyırsan. Amma menecment karyerasında peşəkar idarəçilik bacarıqlarını şirkətlərə satırsan. Şirkətlər sənin idarəçilik qabiliyyətindən istifadə edirlər. Şəxsi biznesdə insanın rahatçılığı olmur, beyin ancaq o istiqamətdə işləyir. Bu, o demək deyil ki, menecer işlədiyin şirkətə can yandırmamalısan. Dediklərimi daha çox risk daşımaq baxımından nəzərdə tuturam”.

Xarici İşlər Nazirliyinin əməkdaşı Bəxtiyar Məmmədov:

“Diplomat mənim üçün ən şərəfli peşələrdəndir. Bəzən deyirlər, diplomatlar yalan danışan şəxslərdir. Qətiyyən elə deyil. Yalan danışan diplomat özünü nüfuzdan və gözdən salır. Diplomat həqiqətləri söyləməkdə bir az qənaətcil olandır. Bu gün elə bir dövrdə, elə bir cəmiyyətdə yaşayırıq ki, güclü məntiq və dəmir iradə qalib gəlir. Düşünürəm ki, bunlar nəinki diplomatiyada olan şəxslərdə, ümumiyyətlə, beynəlxalq aləmə açılan, danışıq masasına əyləşən hər bir şəxsdə olmalıdır”.

“Azərfon” MMC-nin insan resursları üzrə direktoru Mətanət Babayeva:

“Türkiyəlilərin belə bir deyimi var: Uşaq sahibi də olaram, iş sahibi də… Ümumiyyətlə, indiyə qədər heç vaxt xəstələndiyimə görə işdən qalmamışam. Yalnız birinci övladım olanda 4 ay, o biri doğulanda isə 1 il işləməmişəm. Qadınlar daha multifunksionaldırlar. Bu baxımdan, mən də ailə ilə işimi çatdırıram. Düşünürəm ki, işini planlı görəndə evi də, işi də idarə etmək mümkündür. İnsan özü üçün seçim etməlidir ki, hansı tərəfə daha çox yönəlmək istəyir. Mənim seçimim də inkişafla, işlə bağlıdır”.

Yüksək Texnologiyalar Parkında Layihələrə dəstək və elmi potensial şöbəsinin rəhbəri Ülvi Aslanov:

“İş ortamı, eyni zamanda fikirlərimi həyata keçirmək üçün yaradılan şərait, rəhbərliklə olan səmimi münasibət, işçiyə dəyər verilməsi, hər iki tərəfin bir-birinə inanması məni motivasiya edir. Mənə dəyər verirlər, mən də eyni zamanda özümü işimə həsr edirəm. Olduğum yerdə ən yaxşısını həyata keçirmək üçün çalışıram”.

“Prosper Cartoon Studio”, “Prosper Digital Agency” və “Prosper İT Services” şirkətlərinin təsisçisi Vüqar Səfərov:

“Ofisimizdə aqressiya stolu var. Leqallaşdırılmış aqressiya stolunda pərdəarxası söhbətlərə ehtiyac yoxdur. Biz ayda bir dəfə bu stolun ətrafına yığılırıq. Hamı ürəyindəkiləri digərinin birbaşa üzünə deyir. O da səhvini başa düşür və gələn dəfə etməyəcəyinə söz verir. Bu zaman insanların işinə maneə olan aqressiyaları da qalmır”.


“McCann Baku” reklam agentliyinin icraçı direktoru Elnur Nurəliyev:

“İnsanların əksəriyyəti konservativdir. Dəyişməyə, öyrənməyə, yeniliyə, məsələlərin daha optimal, proqressiv yolunu axtarmağa meylli deyillər. Sadə misal gətirim. Deyirlər, illərlə bir yerdə işləyir və yaşayırsınızsa, çalışın, işə eyni yolla getməyəsiniz. Əgər eyni yolla gedirsinizsə, deməli, hər gün beyninizdəki neyron yollardan eynisini işlədirsiniz. Bu hər şeyə aiddir, beyninizin elastikliyini itirməsini, sümükləşməsini istəmirsinizsə, həmişə eyni cür etdiyiniz şeyləri başqa cür edin. Mən buna riayət etməyə çalışıram”.

ENGIN şirkətinin, Xarici əlaqələr departamentinin rəhbəri, Mur & Marya layihəsini təsisçisi Leyla Seyidzadə:

“İnsan nə edirsə, onu məhəbbətlə, seygiylə, zövqlə etməlidir. Ailə, karyera qurursan, hobbinlə məşğulsan - nə edirsənsə, bunu sevgi ilə etməlisən. Özünə sevgi, insanlara sevgi, işə sevgi… Sevgi olanda enerji də, aktivlik də, əhval-ruhiyyə də olur. Sevgi hər yerdə, hər sahədə mənə enerji verir”.

Gilan Holding FMCG Group Strateji Marketinq Departamentinin rəhbəri Rafiq Hunaltay:

“Nəyəsə nail olmuşamsa, bunun səbəbkarı istedad, təhsil deyil, ilk növbədə zəhmətimdir. Çox istedadlılar, təhsillilər var ki, zəhmətə alışa bilmədikləri üçün heç bir şey əldə edə bilmirlər. Zəhmət çəkməyə həvəsli olmadıqlarından istedadları da, bilikləri də batıb gedir. İstedad insanla bərabər doğula bilər, təhsili sizdən asılı olmayan səbəblərdən də əldə edə bilərsiniz, amma zəhməti heç bir şeylə əldə etmək olmur. O insanla doğulmur, sonradan qazanılan xüsusiyyətdir”.

Niderland Krallığında fəaliyyət göstərən “Eurekite” şirkətinin həmtəsisçisi Bəhruz Məmmədov:

“Əslində bizim şirkət mənim magistr mövzumdan qaynaqlanaraq yaranıb. Mənim magistr mövzum nano liflərlə bağlı idi. Mövzumu bitirdikdən sonra elmi rəhbərimlə şirkət qurmaq barəsində razılığa gəldik və köhnə elmi rəhbərim hazırkı şərikimə çevrildi. Başlanğıcda bizim əsas fokusumuz elmi-tədqiqat qrupları olsa da, hazırkı fokusumuz və məqsədimiz nano liflər əsasında olan materialları sənaye miqyasına gətirməkdir”.

Beynəlxalq ekspert, idarəetmə üzrə müşavir Şəms Mustafayeva:

“Gənclərimizə demək istərdim ki, ruhdan düşməsinlər. “Əli güzəştlə keçdi, Həsənin tanıdığı var, filankəs Həsənağanın qohumudur” kimi deyimlərə fikir verməsinlər. Onlar nə edir, özləri bilər, fikirləşsinlər ki, mən nə edə bilərəm? Bütün məqsədlərə getmək üçün maneələr var. Maneələr varsa, yolu dəyişmək lazımdır, amma məqsəddən vaz keçmək lazım deyil. Qarşına məqsəd qoyub ruhdan düşməmək lazımdır və özünə inanmalısan. Çox işləmək lazımdır. Qoy Əli işləməsin, Əli bacarıqsız işçi olacaq, bu, sənin öz üzərində işləməyinə mane olmamalıdır. İnkişaf etmək üçün imkanların çoxdur, bu imkanlardan yararlan. “Su axar çuxurunu tapar”. Təki o su bir yerdə dayanmasın və axsın”.

GİLAN FMCG Group-un marketinq rəhbəri Müşfiq Hüseynov:

“Vəzifə mənim üçün birinci yerdə deyil. Vəzifə mənə hədəflərimə çatmaqda köməklik edir. Mənim üçün ən vacib və sevdiyim məqam brend yaratmaq və bunu insanlara təsdiq etdirməkdir. Ən əsası isə bunu xaricə satmaqdır. Çünki burada böyüdüyün üçün müəyyən üstünlüklərin var, yerli bazarı, Məmmədi, Ceyhunu yaxşı tanıyırsan, bəs xaricdə bunu necə edəcəksən? Xarici bazarda alıcıları inandırmaq, onlara mal satmaq çox vacibdir. Məncə, heç bir marketoloq üçün bundan vacib bir şey olmamalıdır”.

Azərbaycan Uşaqlar Birliyinin yaratdığı uşaq sığınacağının nəzdində Çərpələng məktəbəqədər təhsil kursunun rəhbəri Turan Qarayeva:

“Heç bir yerdə şans qollarını açıb gözləmir. Ən azından, məni gözləməyib. Hər şeyi çalışıb qazanmışam. Çox arzulamaq və çalışmaq lazımdır”.

New Media Şirkətinin icraçı direktoru Rasim Davudov:

“Gənclərimiz daha çox biliklərə yiyələnməyi bacarsalar, vəzifələrinə aid olmasa da, şirkətin xeyrinə olan məsələlərdə köməklik göstərsələr, təbii ki, gələcəkdə bunun bəhrəsini görəcəklər. Hər hansı bir şirkətdən ayrılanda biliklərinizi kiməsə təhvil verib getməyəcəksiniz, özünüzlə aparacaqsınız. İşçilər nə qədər çox iş görüb, çox bilik əldə etsələr, bu, qazancdır, çünki özlərinə qalacaq”.

Bionix Tech və BethClip şirkətlərinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev:

“Öz işinizin, öz layihənizin olması sizin körpə uşağınızın olmasına bənzəyir. Uşaq gecə yarısı ağlayanda durub ona qulluq etdiyiniz kimi, layihənizdə də hansısa problem yarananda həll etməyə çalışmalısınız”.

Smart Resources Groupun rəhbəri Arzu Cəmilova:

“İşçi seçimi zamanı əvvəllər insanların professionallığına daha çox fikir verirdim. Amma sonradan anladım ki, işçidə ən vacib xüsusiyyət işləmək istəyinin olmasıdır. Yəni əgər işçi işləmək istəyirsə, hər bir şeyi öyrənə bilər. Çünki indi öyrənmək üçün müxtəlif çoxsaylı vasitələr və məlumatlar mövcuddur. Buna görə də çox işləmək istəyən insanları işə götürürəm, onlar da işə uyğunlaşmaq və öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər”.

PeopleBrand və Digitalbr@nd şirkətlərinin rəhbəri Emin Quluzadə:

“Sevdiyin işlə məşğul olmaq böyük bir xoşbəxtlikdir. Marketinq, biznes, sahibkarlıq çox stressli olsa da, sevdiyim işdir. Sevdiyin işlə məşğul olub maliyyə cəhətdən özünü təmin etmək çox gözəldir. Məncə, uğurumun əsas səbəbi budur”.

“Ceyhun İmanov Studiyası”nın rəhbəri Ceyhun İmanov:

“Öz üzərimizdə çox çalışırıq. Ürəkdən inanırıq ki, bizə verilən tapşırığı uğurla bitirəcəyik. Bizim üçün uğur üç cürdür: bizim üçün, müştərilərimiz üçün və müştərilərimizin şirkətləri üçün. Biz reklam, kommunikasiya etmirik, uğura fokuslanmaqla müştəriyə uğur gətirmiş oluruq. Bilirik ki, iki şey etsək - müştərinin və özümüzün uğurunu fikirləşsək, uğurlu ola bilərik. Biz daha çox müştərini başa düşməyə, ona lazım olanı verməyə çalışırıq”.

Araz Supermarketlər Şəbəkəsinin departament direktoru Xaqani Səfərov:

“Mənim iş mexanizmim belədir: uzaq arzular, yaxın hədəflər. Məsələn, 30, 40 yaşımda harada olacağımı planlaşdırıram. Amma qarşıma yaxın hədəflər qoyuram. 30 yaşıma kimi bəzi şeyləri öyrənməyi qarşıma məqsəd qoymuşam. 30 yaşımdan sonra isə öyrəndiklərimin tətbiqinə keçəcəyəm. Buna görə mən indi də istənilən çətinliklə rastlaşanda onu özlüyümdə öyrənmək kimi yozuram. Gecə yatmayanda bunu öyrənməyimə sərf etdiyim investisiya kimi görürəm. Amma düşünürəm ki, 30 yaşımda artıq belə olmayacaq”.

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli:

“İstedadsız bir insan nələrisə qurub yarada bilməz. Nə qədər enerjisi olur-olsun yaradıcılığın arxasında mütləq istedad durmalıdır və istedadlı bir insan qurduğu hər bir sahədə seçilib fərqlənə bilir. Bunun üçün həvəsdən düşməmək, hər zaman pozitiv olmaq, həmişə gözəl şeyləri görmək lazımdır. Məsələn, mən çətinliklərin içərisindən həmişə gözəl şeylər, gözəllik olmayan yerdə gözəllik, alınmayan bir işdə uğur axtarıram. Həmişə düşünürəm ki, mən bunu çox gözəl, az bir zamanda, keyfiyyətlə yerinə yetirəcəm. Bunun üçün həm də gözəl bir kollektivlə işləməlisən. Hər bir uğur mütləq bir kollektivdən, səni sevən işçilərindən, ətrafındakı insanlardan asılıdır. Heç bir uğur tək bir səs deyil. Yəni mənim bütün uğurlarımda yanımda sevdiyim insanlar olub. Mənim enerjim, üst-üstə layihələrim, ideyalarım, bitib-tükənməyən həvəsim nəticəsində hər dəfə gözəl-gözəl işlər ortaya çıxıb”.

Unibankda Pərakəndə məhsullar və proseslərin inkişafı departamentinin rəhbəri Taleh Tahirli:

“İşə həvəsli olmağım mənim uğurlu karyeramın əsas səbəblərindən biridir. Mən işimi çox sevirəm və çox həvəslə yanaşıram. Unibankda işlədiyim ilk gündən bu prinsipə riayət etmişəm. İcra etdiyim işin mahiyyətindən asılı olmayaraq, daim çalışmışam onu sevərək və həvəslə yekunlaşdırım. Hesab edirəm ki, işə olan həvəsi rəhbərlik etdiyim əməkdaşlarımda da oyatdıqda məndə olan həvəs bir neçə qat artır. Əminəm ki, bu, eyni qaydada bütün kollektivə də təsir edir. Rəhbər tərəfindən işə həvəs varsa, rəhbər o həvəsi işçilərinə də yönəldə bilirsə, bu halda kollektivlə birgə bir çox uğura imza atmaq olar”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPK) İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov:

“Qloballaşma, inteqrasiya dövründə daim inkişaf etmək lazımdır. Hər bir gənc cəmiyyətə xeyir verməlidir. O, uşaqlıq vaxtından nə qazanıbsa - istər valideynlərindən, istərsə də cəmiyyətdən, onu bir-bir qaytarmalıdır. İnsan heç zaman özündən razı olmamalıdır. Çünki, özündən razı olduğu an inkişaf dayanır. Bu, həyat fəlsəfəsində də belədir. Aristotel yazılarında deyib ki, özündən razı insan ölü insandır”.

Lalə MUSAQIZI

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002