AZE | RUS | ENG |


“Bizim DJ-lərin çoxu disk daşıyandır” - Debüt

“Bizim DJ-lərin çoxu disk daşıyandır” - Debüt
Ülviyyə Şahbazova: "Şou-biznes çöldən gözəl alma kimi görünsə də, içi çürükdür"

"Debüt” rubrikamızın qonağı səs rejissoru və operatoru, DJ, fotoqraf kimi tanınan Ülviyyə Şahbazovadır. O, 1985-ci ildə Rusiya Federasiyasının Kurqan vilayətinin Şadrinsk şəhərində doğulub. Beşinci sinfə qədər orada yaşayıb və təhsil alıb. Polis ailəsində böyüyən Ülviyyənin ailəsi 90-cı illərdə Azərbaycanda baş verən  hadisələrlə əlaqədar Bakıya köçməli olub. O, Biləcəridə indiki 297 saylı orta məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra Xarici Dillər Universitetinə daxil olsa da, burada təhsil almaqdan imtina edib. Ailə üzvlərindən xəbərsiz universitetdən sənədlərini götürərək Rusiyada fəaliyyət göstərən İctimaiyyətlə Əlaqələr və İqtisadiyyat Universitetinə imtahan verib. Bu universitetin "Biznes üzrə menecment” ixtisasına qəbul olub. Bundan sonra onun incəsənətə gedən yolu başlayıb.  

- İncəsənətə maraq sizdə nə zamandan yaranıb?

- İncəsənətə marağım lap uşaq yaşlarımdan var idi. Ancaq mən bunu anlaya bilmirdim. Orta məktəbdə belə, DJ-lik eləməyə başlamışdım. O zamanlar komyuterlər, belə aparatlar yox idi. Biz kasetlərdən istifadə edirdik. Məktəblər arasında bayramlar təşkil edirdim. Bu işə böyük həvəsim var idi. Universitetə daxil olandan sonra yanlış qərar verdiyimi anladım. Ancaq gördüm ki, insan bir şeyi əgər ürəkdən istəyirsə, heç nə ona mane ola bilməz. Təhsilmi davam etdirsəm də, incəsənətə olan marağım mənə güc gəldi. 


 - Bəs nə üçün sənədlərinizi İncəsənət Universitetinə vermədiniz? 

 - O zaman həyatdan tam olaraq nə istədiyimi bilmirdim. 3-cü kursu bitirəndə istədim ki, təhsilimi dayandırım. Ancaq bacılarım buna imkan vermədilər.  Gördüm ki, kino aləmi məni daha çox özünə cəlb edir. Mən də proqramlar öyrənməyə başladım. Səslərin yazılması, musiqi tərtibatı, operatorun vəzifələri kimi biliklərə yiyələndim. Universiteti bitirdikdən sonra "Ostankino” telekompaniyasında oxudum və orada işləməyə başladım. Orada "səs rejissorluğu və səs operatorluğu” ixtisasına köçürüldüm. Rusiyada ORT, RTR kimi kanallarda nümayiş olunan seriallarda işləməyə başladım.

- Maraqlıdır, səs rejissoru nə işlərlə məşğul olur?

- Misal üçün, filmdə əgər aktyor qapını vurub gedirsə, səs rejissoru min qapının çırpılması səsi arasından məhz o qapının səsini tapmalıdır. 

- Yəqin ki, orada maaş da az deyildi.


- Əlbəttə. Orda maaşı saatla alırdıq. Böyük layihələrlə işləyirdik. O zaman tələbə idim. Həm təcrübə yığırdım, həm də çalışırdım. Bir saatıma 3000 rubl alırdım. İndi orada çalışan dostlarım deyir ki, həmin şirkətdə maaş saatı 5000 min civarında təşkil edir. Ora çox inkişaf edib, həm də işləmək sərfəlidir. Orada proqramları, montajı öyrəndim. 


- Bəs, Azərbaycana gəldikdən sonra hansı işlərlə məşğul oldunuz?

- 2013-cü ildə təhsilimi bitirib Azərbaycana gəldikdən sonra çox işlər gördüm. Studiyalarda səs operatoru kimi çalışmğa başladım. Bununla paralel, fotoqraf kimi fəaliyyət göstərirdim. İlk olaraq da şou-biznes nümayəndələrinin şəkillərini çəkirdim. Bir müddət onlarla işlədikdən sonra anladım ki, şou-biznes mənlik deyil. Şou-biznes çöldən gözəl alma kimi görünür, ancaq içi çürükdür. Gənc yazıçılarımızın kitablarına çəkilən treylerlərdə səs rejissoru kimi çalışıram. Elələri də var ki, rejissora, montajçıya pul verməyə imkanı yoxdur. Mən təmənnasız şəkildə onlara kömək edirəm. Pul elə bir şeydir ki, gəldi-gedərdi, amma lazımdır. Əgər həqiqətən insan sənin hörmətinə layiqdirsə və sən bunu bacarırsansa, kömək edə bilirsənsə, niyə də etməyəsən. 
Bundan başqa, eyni zamanda DJ-lik işi ilə də məşğul idim. Hələ 2007-ci ildə tanınmış bəstəkarımız Vaqif Gərayzadə təklif etdi ki, Azərbaycanda DJ-liklə məşğul olan xanım yoxdur, sənə nə lazımdırsa təmin edəcəm, bu işi davam etdir. Amma onun bu təklifini qəbul etmədim. 


- Səbəb nə idi? 

- DJ-liklə Rusiyada məşğul olurdum. Rusiyada təhsil alırdım. İnsan xaricdə  yaşayanda beyin, ruh dəyişir. Tamam fərqli baxış formalaşır. Mən elə bir insanam ki,  nə keçmişlə yaşayıram, nə də gələcəklə, realist insanam. Mənim üçün gələcək  indiki zamandan asılıdır. Bu günün özündə də Vaqif müəllimlə yaxşı münasibətimiz qalıb. DJ-lik etmirəm, çünki Azərbaycanda DJ-klub yoxdur. Türkiyənin və Rusiyanın müxtəlif şəhərlərində DJ kimi çıxış etmişəm. Burda insanların əylənməsi üçün partilər təşkil edilir. Əslində DJ-lik o qədər dərin peşədir ki, o, toya getməməlidir. Dünyada heç bir DJ toya getmir. Sifarişlə ad günlərinə gedə bilər. 

- Ümumiyyətlə, DJ kimdir? Onun işi nədən ibarətdir?  

- DJ hazır mahnıları götürür, onu mix, remake, aranjeman edir. DJ istəsə, mahnını kökündən dəyişə bilər. DJ filmlərdə mahnılar yığır. Bizim DJ-lərin çoxu CJ-lik edir. CJ disk daşıyandır. Bizim DJ-lərə yaxınlaşıb deyirsən ki, hansı skreci edirsən? Halbuki skrecin nə olduğunu bilmir.


- Bəs Azərbaycanda səs rejissoru kimi çalışmadınız?

- Azərbaycanda səs rejissoru kimi işləmək sərfəli deyil. Bizdə serial və kino aləmində çalışan insan hər işi öz üzərinə götürür. Bir də görürsən ki, bir filmin həm səs mühəndisi, həm səs rejissoru, həm də səs operatoru bir nəfər olur. Ancaq Rusiyada səs mühəndisi bütün səsi yığıb təhvil verir, səs rejissoru aktyorların səsini yazır. Hazır materialı səs operatoruna təhvil verirdilər. Biz səs operatorları hazır səsləri sinxron edib materiala otuzdururduq. Bizim film və seriallarda bir nəfər demək olar ki, bütün işi öz üzərinə götürür. Bunu bacarıram deyirsənsə, onlar hər bildiyin işi sənin üzərinə atırlar. Gördüyün işin qarşılığında aldığın məvacib də heç nədir. 2003-cü ildə Azərbaycandan çıxmışam. Hələ də kino və serial aləmində heç nə dəyişməyib. 

- Gələcəyə doğru hədəfləriniz nələrdir?

- Nyu York Film akademiyasının operator-kino ixtisasında təhsil almaq istəyirəm.  Mənə görə əsas istəkdir. Məqsəd istəkdən yaranır. Biləndə ki nə istəyirsən, o məqsədə çatırsan.

- Hansı kinorejissorlarla çalışmaq istərdin?
 
 
- Sevinc Səfərova və Quentin Tarantino. Çünki hər iki rejissorun özünəməxsus tərzi, əvəzolunmaz ideyaları var. Mən var olan rejissorlar içərisində yalnız bunları bəyənirəm və onlarla çalışmaqdan zövq alaram. Quentin mənim uşaqlıq məhəbbətimdir. Əgər Tarkovski sağ olsaydı onunla da iş birliyi etmək istərdim. Təəssüf ki, bizə bu dahi rejissorun yalnız filmlərinə baxmaq qalır.


- Bəs 10 ildən sonra özünüzü harada görürsünüz?


- 10 ildən sonra özümü Amerikada görürəm (gülür). "Oskar” və "Kann” film festivalında qalib olmuş və tanınmış kinooperator kimi fəaliyyət göstərirəm. Baxmayaraq ki Azərbaycanda doğulmamışam, ancaq ölkəmizə çox bağlıyam. Hansı ölkəyə gedirəmsə, Azərbaycan bayrağını çiynimə atıb, küçələri gəzirəm. Heç nədən də çəkinmirəm, bu mənim bayrağımdır. O qədər istəyirəm ki, Azərbaycanı beynəlxalq arenalarda yaxşı təmsil edim... Mənim peşəm üzrə ən inkişaf etmiş ölkə ABŞ-dır. Maşın düzəldən olsaydım, hədəfim İtaliya olardı. Kino aləmində çalışıram və hədəfim Amerikadır. 10 ildən sonra milyonçu, Amerikada, Moskvada, Bakıda evi olan, möhtəşəm işlər görən Ülviyyə olacağam. Ən əsası, 10 ildən sonra özümü ruhən sağlam, xoşbəxt, çətinliklərə baxmayaraq, heç zaman dəyişməyən bir insan kimi görürəm. 


- Stilinizlə bağlı sizə irad bildirən olubmu?

- Ömür boyu idmanla məşğul olmuşam. Ancaq bu o demək deyil ki, idmançısansa, sport geyimdə olmalısan. İdmanla məşğul olan baxımlı, xanım-xatın qızlarımız da var. Bu, boş şeydir. Sırf idmanı bəhanə edənlərdən deyiləm. Əvvəl mənə qaranlıq qalırdı ki, görəsən nə üçün belə bir tipdəyəm, bəzənmirəm, kişi kimiyəm. Araşdırmağa başladım ki, görəsən mən keçmiş həyatımda kim olmuşam? Moskvada bir dostumun atası astroloqdur. O mənim saçımdan, dırnağımdan analiz üçün nümunə götürdü. Gözümün rənginə aparatla baxdı. Bir aydan sonra mənə öz keçmişimlə bağlı məlumatları göndərdi. Öyrəndim ki, mən keçmiş həyatımda qədim yunanlarda spartalılardan biri olmuşam. Onu da qeyd edim ki, ata tərəfimin bir hissəsinin kökü yunanlara gedib çıxır. İkinci həyatımda dəniz qulduru olmuşam. Varlıları talan edib kasıblara yedizdirən biri olmuşam. Növbəti həyatımda Samuray kimi yaşamışam...

- Yəni siz bunlara inanırsınız?

- Əlbəttə. Rusiyada öz keçmişini öyrənmək üçün mərkəzlər var. İndi isə kökümün haradan gəldiyini öyrənmək üçün Rusiyaya gedəndə analizlər verəcəyəm. Bu işlə məşğul olan xüsusi mütəxəssislər var. Xaricilər o qədər inkişaf edib ki, bunu analiz etmək onlar üçün heç də çətin deyil. İnsan yeddi dəfə yaşayır. Yeddincidən sonra ruh parçalanır. Hətta İslam dinində 7 müqəddəs rəqəmdir. Bu, bütün dünyada var. Həyatda o qədər maraqlı şeylər var ki... Amma bu gün gənclər çox aktiv deyillər, heç nə ilə maraqlanmırlar, araşdırmırlar. Bizim tələbəlik dövrümüzdə internet yox idi. Bütün günü kitabxanalarda idik. İndi istənilən informasiya internetdə var. Bununla belə, insanlar maraqlanmır, öyrənmək istəmirlər. Misal üçün, aldıqları telefonun heç nəyi ilə maraqlanmırlar. İki gənclə oturursan, tanış olub söhbət etmək istəyirsən. Söhbət etməyə mövzu tapmırlar. Düzdür, bu hamıya şamil edilmir, savadlı insanlar da var.


- Eşitdiyimizə görə, bu il "Formula 1” yarışlarında "Flag Marshall” qismində çıxış edəcəksiniz. 

- Düzdür. Bu il ölkəmizdə keçirilən "Formula-1” yarışlarında 14-cü sektorda "Flag Marshall” olacam. Bu, çox məsuliyyətli işdir. Çox adam buna adi baxır. Çünki bu haqda məlumatları yoxdur. Pilotlar saatda 350-400-lə gedirlər. Sürətə uyğun olaraq sağ-solu görmədikləri üçün ancaq qabağa baxırlar. Qabaqda hər hansı bir təhlükə olsa, biz pilotlara bayraqlarımızın rənginə uyğun olaraq təhlükəni xəbər veririk. Misal üçün, sarı təhlükə əlamətidir. İki sarıdırsa, onda mütləq dayanmaq lazımdır. Yaşıl bayraq yolun açıq olduğu mənasını verir. Göy rəng ondan arxadakı pilota yol vermək işarəsidir. Yol verməsə, cərimələnir. "Flag Marshall” olmaqdan çox zövq alıram. Mən ekstrim idman növlərini çox sevirəm. İnanmazdım ki, incəsənətdən başqa nəyisə bu qədər sevə bilərəm.  



Xəyalə Rəis



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007