Birləşdirilən ideyaların gətirdiyi uğur - Startap

Birləşdirilən ideyaların gətirdiyi uğur - Startap

Gənclik qəzeti
22 Dekabr 2018, 09:30 503
Beş oğlan startap layihəsinə başlayıblar. Onlar alternativ enerji ilə işləyən dron ixtira ediblər. Komandalarında xanım yoxdur, amma buna təəssüflənirlər. Gələcəkdə hansısa xanım onlarla işləmək istəsə, onu komandalarına daxil edə biləcəklərini dilə gətirdilər.
 
Gənclərin startapı ilə "Bakutel” sərgisində tanış olmuşduq. Qərara gəldik ki, onlar və startapları haqqında daha geniş məlumat əldə edək. Fərid Məhərrəmov, Turan Rəhimli, Vüsal Həsənli və Şahin Şamxalov Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinin mexanika mühəndisliyi ixtisasının 1-ci kurs, Ayxan Qurbanov isə eyni universitetin avtomatika və kompüter fakültəsinin proseslərin avtomatlaşdırılması ixtisasının 2-ci kurs tələbəsidir. Gənclərin hamısı ilə həmsöhbət ola bilməsək də, Ayxan, Fərid və Turan redaksiyamızda qonaq oldular.
 

 
Universitetlər arasında birincilik
 
Gənclər, universitetlərində keçirilən "İ2B” startap proqramı vasitəsilə bir-birini tanıyıblar. 1-ci kursda oxuyanlar qrup şəkilində, Ayxan isə proqrama tək qoşulub. Ayxan deyir ki, ideyaları oxşar olduğundan mentorları onları bir araya gətirib: "Bizim universitetdə fərqli ixtisaslardan olan tələbələr bir çox startap layihələrində iştirak edir. "İ2B” proqramında iştirak etmək üçün məni Sübhan müəllim yönləndirdi və öz ideyamla qoşuldum. Dostlar isə 4-ü qrup şəklində qatılmışdı, təxmini, 15 komanda vardı. Bir neçə komandaya bir mentor verilirdi. Necə oldusa, bizə eyni mentor düşdü və o, ideyalarımızın oxşar olduğunu görüb, mənə də onların komandasına qoşulmağı təklif etdi. Məsələn, onlar dronun uzun müddət havada qalması ilə məşğul idi, mən isə alternativ enerjini işlətmək, onun avtomatikası haqqında düşünürdüm. Qərara gəldik ki, ideyalarımızı birləşdirək. Beləcə, bizim komanda universitetlər arasında birinci yerə çıxdı. Sonra Heydər Əliyev Mərkəzində keçirilən startapların təqdimat layihəsində yarımfinaldan da uğurla keçib, finalda iştirak hüququ qazandıq”.
 

 
Fərid Məhərrəmov da bu layihəyə necə qoşulduğundan danışdı: "Uşaq vaxtından  nə isə düzəltməyə, texniki avadanlıqlarla işləməyə həvəsim vardı. Universitetə daxil olmamışdan əvvəl də texniki sahədə işləyirdim. Yəni az-çox təcrübə toplamışdım. Universitetdə belə layihənin keçirildiyini biləndə qoşulmaq qərarına gəldim və qrup yoldaşlarıma da təklif etdim. Beləcə, 4 nəfər bir ideya üzərində işləməyə başladıq. Daha sonra isə Ayxan bizə qoşuldu”.
 
Turan Rəhimli isə deyir ki, həmişə nə isə öyrənməyə, yeni bir şey yaratmağa marağı olub: "Fərid ideyası haqqında mənə yazanda çox sevindim. Həmçinin, dron haqqında da məlumatım vardı. Çünki dronlar indi çox aktiv istifadə olunan texnikadır. Düşündük ki, enerjini dron üzərində tətbiq etmək olar və bu fikirlə də startap layihəsinə qoşulduq”.
 

 
Komanda ruhu 
 
Komanda şəklində işə başlayarkən, güvən ən vacib elementlərdən biridir. Maraqlıdır, gənclər bir-birinə necə güvəndilər? Fərid deyir ki, bu işdə əsas, psixologiyadır: "Əslində, güvən məsələsində elə də çətinlik çəkmədik. Dördümüz, onsuz da, bir qrup idik, Ayxan sonradan qoşuldu. Eyni universitetdə oxumağımız, fikirlərin üst-üstə düşməsi bir-birimizə güvən hiss yaratdı. Bizdə komanda ruhu var idi. Birimiz yorulanda, digərimiz onun əlindən tutub qaldırırdı ki, burada dayanmaq olmaz, irəliləmək lazımdır, hələ gedəcəyimiz çox yol var”.
 
Turan Rəhimli qeyd etdi ki, işin çətinliyindən və ya asanlığından asılı olmayaraq, hər şey güvəndən keçir. Uğurlu iş ortaya qoymaq üçün güvən əsas amildir. 
 
Bir-birimizi tam anladıqdan sonra... 
 
Ayxan deyir ki, çətinlikləri nə qədər çox olsa da, işlərini yarımçıq qoymayıblar: "Elə də ciddi çətinliyimiz olmadı, amma bəzi məqamlarda yorulduğumuz olurdu. Məsələn, Yüksək Texnologiyalar Parkının yolu çox uzaqdır. Ora gedib-gəlmək, hər dəfə uşaqları bir yerə yığmaq, xüsusilə də "qayıb” məsələlərində bir az çətinlik yaşayırdıq (gülürlər)”.
 

 
Ayxan deyir ki, bəzən iş bölgüsündə çətinlikləri yaranıb: "İşə təzə başladığımız dönəmlərdə kimin hansı işi görəcəyi ilə bağlı problem olurdu. Biri sxem çəkirdi, biri aerodinamika ilə məşğul olurdu. Səhəri gün baxırdıq ki, ortada konkret görülmüş iş yoxdur. Bir-birimizi tam anladıqdan, işi bölgüsünü düzgün etdikdən sonra problem aradan qalxdı. Hazırda "whatsapp” qrupumuz var, müzakirələrimizi daha çox orada aparırıq. Bir-birimizi tanımağımız iş bölgüsündə bizə kömək edir. Məsələn, götürək Şahini, onun dizaynla bağlı biliklərinə bələd olduğumuz üçün bu tipli işləri ona həvalə edirik”. 
 
Gənclərin marağına səbəb olmaq istəyirik
 
Gənclərlə bu startapı yaratmaq məqsədlərindən də danışdıq. Ayxan bildirir ki, əsas istəkləri bu layihə ilə birinci yerə çıxıb, avtomatikanı daha da yüksəklərə qaldırmaqdır: "Mən bir gənc kimi hazırda ölkəmizdə avtomatika, yeni texnologiyalarla bağlı bəzi problemlərin olduğunu görürəm. Bizdə yeni texnologiyaların inkişafı dünya ölkələrində olan səviyyədə deyil. Çox istərdik ki, bu sahəni daha inkişaf etdirə bilək”.
 


Fərid deyir ki, Azərbaycanda dron sektoruna olan marağı artırmaq istəyirlər: "Bu sahəni inkişaf etdirmək üçün ilk olaraq gəncləri cəlb etmək lazımdır. Təəssüf ki, hazırda ailələrin bir çoxunda gənclər polis, həkim, hüquqşünas ixtisasları üzrə yönəldilir. Halbuki, ölkəmizdə yetərincə polis və həkim var. Çalışmaq lazımdır ki, mütəxəssisin az olduğu, xüsusilə də texnologiya sahəsinə istiqamətlənmə olsun. Gənclərdə həvəs olsa belə, valideynləri icazə vermir. Ona görə, biz də çalışırıq ki, bu sahəni inkişaf etdirərək gənclərin marağına səbəb olaq”. 
 
Turan da dostlarının fikirlərinə əlavə olaraq qeyd etdi ki, ölkəmizdə avtomatika, mexanika ixtisası üzrə mütəxəssis azdır, olan isə xaricdə işləməyə gedir. Yəni texnoloji biliklər baxımından yetərli səviyyədə gənclərimiz yoxdur.  
 

 
Dronlar özü enerji yığır
 
Gənclər bildirir ki, layihə alternativ enerji ilə işləyən, havada uzun müddət qalan dronlardan ibarətdir: "Bir çox sahələrdə bu dronlardan istifadə etmək olar. Məsələn, aqromoniyada, yük daşımalarda istifadəsi mümkündür. İndiki dronlar batareya ilə işləyir, amma bizim layihədə isə o özü enerji yığır. Günəş olan zaman dron əlavə enerji alır. Bundan əlavə, 8 pəri olan dronlarda pərlər yaxşı fırlanmayanda, onları külək fırladır. Bizim dronların havada qalma müddəti təxminən 12 saata yaxındır. Amma çalışacağıq ki, bu müddəti bir neçə günə və aya qaldıra bilək. Bu yaxınlarda universitetin köməkliyi ilə müxtəlif eksperimentlər keçiriləcək. Əslində, bu işdə bizə kömək olduğu üçün universitetimizə böyük təşəkkür düşür. Bu işdə bizə hər cür dəstəyi göstərdilər. Müəllimlərimizə yaxınlaşıb ideyamız haqqında məlumat verdiyimiz zaman birmənalı şəkildə kömək etməyə hazır olduqlarını dedilər”.  
 

 
Ölkə bazarına çıxmağı hədəfi 
 
İnvestor məsələsinə gəlincə isə gənclərin ən böyük istəyi onlara beynəlxalq bazara çıxmağa kömək edəcək birinin olmasıdır. Ayxan deyir ki, hazırda bir neçə investisiya kompaniyaları onların startapı ilə maraqlanıb: "Hələ ki, bəzi investorlarla danışıqlar gedir. Amma güman ki, bu yaxınlarda müqavilə imzalayıb investisiyamızı alacağıq. İlk olaraq ölkə bazarına çıxmağı hədəfləyirik” .
 
Xanım komanda yoldaşı
 
Gənclərdən növbəti mərhələdə xanım komanda yoldaşlarının olub-olmayacağını soruşanda, bildirdilər ki, əgər hansısa xanım onlarla işləmək istəyərsə və bu layihə ona maraqlı gələrsə, mümkündür: "Əlbəttə, qoşula bilərlər. Biz xanımlara "olmaz” deməmişik. Sadəcə bu günə qədər bizimlə komanda yoldaşı olmaq üçün müraciət edən xanım olmayıb. Bu işdə əsas psixoloji uyğunluqdur. Əgər belə bir uyğunluq olarsa və xanımın da bu sahədə işləmək istəyi olarsa, biz məmnuniyyətlə onu komandamıza qəbul edərik.” 
 
Gələcək planlarından danışan gənclər dronla bağlı məsələləri həll etdikdən sonra başqa texnoloji layihələr üzərində işləyəcəklərini qeyd etdilər.  
 
Günel Azadə