• çərşənbə axşamı, 19 mart, 07:24
  • Baku Bakı 8°C

Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk

25.01.20 16:26 1086
Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2018-ci il oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışında iştirak edib.
Qeyd edək ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi.
Təhsil müəssisəsinin yeni üçmərtəbəli binasında 250 şagird yeri, 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir. Onillik məktəbin tədris planına defektoloq saatları, eyni zamanda psixologiya dərsləri daxil edilib. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur.
Trend-in müxbirləri 11 saylı xüsusi təhsil məktəbinə baş çəkib, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb, müəllim heyəti və orada təhsil alan uşaqların valideynləri ilə söhbət ediblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu təhsil müəssisəsi üçün yeni binanın inşası məsələsini birbaşa öz nəzarətinə götürdüyünü qeyd edən məktəb direktoru Şahzadə İsgəndərova deyib: "Mehriban Əliyeva məktəbin açılış mərasimində şəxsən iştirak etdi. Təhsil müəssisəmizdə yaradılmış bu şəraitə görə çoxsaylı müəllim kollektivimiz, valideynlərimiz adından Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk".
Loqoped Esmira Qafarovanın sözlərinə görə, məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün lazımi şərait yaradılıb. O qeyd edib ki, müəssisənin heyəti uşaqlara lazım olan hər şeyi edir:
"Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün vacib olan əsas məsələ defektoloq-loqoped, psixoloji xidmətlərin göstərilməsidir. Hazırda məktəbimizdə xüsusi otaqlar var və xidmətlərin göstərilməsi üçün lazımi vəsaitlərlə təmin olunmuşuq ki, bu da təbii ki, ilk növbədə uşaqlarımızın uğurlu reabilitasiyasını şərtləndirir”.
Məktəbin daha bir əməkdaşı, müəllim İlhamə Abbasova tədris prosesinin xüsusiyyətlərindən danışıb:
"Həqiqətən burada şərait o qədər gözəl yaradılıb ki! Məktəbdə loqoped, psixoloq otağımız, idman zalımız var. Bizdə müalicəvi bədən tərbiyəsi fənni keçirilir. Onu uşaqlara xüsusi idman otaqlarında tədris edirik. Uşaqların oyun xarakterli dərslərə çox böyük marağı var. Biz uşaqları oyun xarakterli dərslərə daha çox cəlb etməyə və bu dərsləri onların daimi marağına uyğun tərzdə keçirməyə çalışırıq. Valideynlər, məktəbimizin kollektivi və müdiriyyət xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması üçün bu cür şərait yaradıldığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya ürəkdən təşəkkür edir”.
Məktəbdə çalışan digər bir müəllim Azadə İbrahimovanın da qeyd etdiyi kimi, Birinci vitse-prezident Mehriban Əliyeva böyüyən nəslin təhsil və tərbiyəsinə xüsusi qayğı ilə yanaşır:
"Birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbi bizə hədiyyə etdi. Uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün ona sonsuz təşəkkürümüzü bildiririk”.
A.İbrahimova bildirib ki, məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların tədrisinə ayrıca yanaşılır:
"Onların öz proqramlarını tərtib etmişik, bu cür uşaqlarla xüsusi dərs keçirik. Bu uşaqların qavrama qabiliyyəti zəif olduğuna görə onlarla sadələşdirilmiş formada məşğul oluruq”.
Müəllim Xəyalə Cəfərovanın sözlərinə görə, həm valideynlər, həm də müəllimlər tədris prosesində böyük həvəslə iştirak edirlər:
"Məktəbimizdə bu cür şərait yaradıldığına görə Mehriban xanıma çox minnətdarıq. Biz hamımız - həm müəllimlər, həm də valideynlər uşaqların tədris prosesində böyük maraqla iştirak edir, bu dərsləri çox həvəslə onlarla məşğul oluruq”.
Azərbaycanın Birinci vitse-prezidentinin müstəsna insanpərvərliyindən danışan müəllim Dilarə Həziyeva Mehriban Əliyevaya göstərdiyi qayğıya görə səmimi-qəlbdən təşəkkür edib:
"Birinci vitse-prezident Mehriban Əliyeva məktəbimizin hansı şəraitdə olduğunu bilirdi. Heydər Əliyev Fondunun nümayəndələri məktəbimizə qonaq gəlib şəraitimizlə tanış olduqdan sonra bu gözəl bina inşa edildi. Mən valideynlər və şagirdlər adından Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm”.
Bu məktəbdə təhsil alan şagirdlərdən birinin anası Humay Quliyeva öz növbəsində Trend-in müxbiri ilə onun övladı və başqa uşaqlar üçün məktəbdə yaradılan şəraitə görə Mehriban Əliyevaya səmimi-qəlbdən minnətdarlıq hisslərini bölüşüb:
"Birinci vitse-prezident Mehriban Əliyeva ana və bacı kimi onların qayğısını çəkir. Bütün valideynlər adından onun qarşısında baş əyirik! O, bizim ölkənin birinci xanımı, bizə ana və bacı kimi qayğı göstərən gözəl insan, tanıdığımız ən gözəl xanımdır”.
banner

Oxşar Xəbərlər