Bir inci saflığı olsa da, filtrsiz içiləndə dərd verir o da?
Son
dövrlər su filtri şirkətlərinin açdıqları "bazar” insanları haqlı olaraq narahat
edir. Su filtri satan şirkətlərin fəallaşması, qapı-qapı gəzərək öz
məhsullarını satmaq üçün min cür fırıldaq işlədənlərin, insanların gözü
qarşısında su ilə apardıqları eksperimentlər, suyun tərkibi ilə bağlı şübhə
doğurmağa başlayıb. Bu şirkətlərin nümayəndələrinin işi ilk olaraq mənzilə
yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olur.
Daha sonra özləri ilə gətirdikləri qurğular vasitəsilə suyun tərkibi ilə bağlı
təcrübə aparırlar. Nəticə etibarı ilə ev sahiblərinin içdiyi suyun yarasız
olduğunu, sanki onların gözü qarşısında sübut etmiş olurlar. Təbii ki, su
filtri satan şirkət nümayəndələrinin işi bununla da bitmir. Belə ki, bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan
orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə
su filtrləri təklif edirlər. Biz də məsələnin əslini, yəni həqiqətən bizə
verilən suyun tərkibinin sağlamlıq üçün zərərli olub-olmadığını, su
filtrlərindən istifadənin nə qədər vacib olduğunu öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı açıqlama
verən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin şəxslər
insanları aldatmaqla məşğuldur: "Su filtrləri satan şirkətlərin bu sahə üzrə
heç bir təhsili olmayan gənc əməkdaşlarının, qapı-qapı gəzərək (əsasən də axşam
saatlarında) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları
aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun
elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə, onları aldatmağa
hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl
rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun
tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi
nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin
göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli, bu,
filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış "ölü” sudur. TDS aparatı
ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su, içməyə
yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu
sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə,
onları aldatmağa cəhd edirlər. Kimya və biologiyadan heç bir anlayışı olmayan
həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd – ümumi
mineralların yolverilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və
bununla da insanları aldadırlar”.
A.Cəbrayıllı bildirib ki,
əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq
həddi qüvvədə olan standartlara əsasən 1500-ə qədər olduqda, bu su, içməyə
yararlı sayılır: "Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici
250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə
alınan bu göstəricilər tam normalar çərçivəsindədir”.
Mövzu ilə bağlı araşdırma edəndə"9 Eylül” Universitetinin tibb
fakültəsinin akademiki Əhməd Soysalın məsələ ilə bağlı verdiyi açıqlamaya
rast gəldik. O qeyd edir ki, suyun
tərkibini təmizləyən su filtrləri nəyin xeyir, nəyin ziyan olduğunu ayıra
bilmir: "Hazırda suyu təmizləmək üçün ayrı-ayrı evlərdə su kranlarına
filtrlərin quraşdırılması adi hal alıb. Bununla da elə hesab edirik ki,
içdiyimiz su təmizdir və sağlamlığımız üçün zərərsizdir. Amma bu filtrlər
mikroblarla yanaşı, insan orqanizmi üçün vacib olan mineralları da məhv edir.
Su filtri suda insan vücudu üçün həyati funksiyaya sahib olan kalsium,
potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi mineralları yox
edir. Belə suyun insana heç bir xeyri yoxdur”.
Onun sözlərinə görə, bu filtrlər zamanla açılıb təmizlənməli və
içindəki kimyəvi elementləri yenilənməlidir. Çox vaxt buna diqqət edilmədiyini
deyən həkim bildirir ki, suyu kimyəvi olaraq təmizlədiyi iddia olunan cihaz,
bioloji çirklənməyə və mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu vəziyyət,
xüsusilə infeksion xəstəliklərə yol açır. Su təbii olaraq mikrobioloji baxımdan
təhlükəli hala düşür. Akademik belə su filtrlərinin sadəcə, ticarət məhsulu
olduğunu, satan şəxsləri varlandırmaqdan başqa bir xeyri olmadığını da qeyd
edib: "Nizamnaməyə görə, vətəndaşı su ilə təmin edən qurumlar suyu Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyi standartlara görə təmizləyir.
Həmin qurum suyu sadəcə, bu şərtlər altında abonentlərə çatdırmalıdır. Bu
səbəblə də, əlavə bir su filtrinə ehtiyac yoxdur. İctimai sağlamlıq mütəxəssisi
kimi, belə filtrlərin satılmasını məqsədəuyğun görmürük”.
Tibb elmləri doktoru, professor
Adil Qeybulla da bizimlə söhbətində bunun
problem olduğunu təsdiqlədi. Bildirdi ki, natrium, kalium, xlor, brom, yod və
s. elementlər qida rasionunda da olur, içməli suda da. Ona görə də suyun
təmizlənməsi zamanı əsas diqqət ona yönəlməlidir ki, su mexaniki hissəciklərdən
və istehsalat tullantılarından təmizlənsin. Yəni suyun mineral tərkibinə
toxunulmasın: "Məsələ bundan ibarətdir ki, filtrlər texniki standartlara uyğun
hazırlanmalıdır. Əgər filtr lazım olan standartlara cavab verirsə, ondan keçən
suyu içmək olar. Təəssüflər olsun ki, su filtrlərinin hamısı standartlara uyğun
deyil. Hazırda insanlara verilən kran suyu içməli su səviyyəsində deyil. Mütləq
şəkildə təmizlənməlidir. Əsas məsələ suyun filtrlənməsi zamanı onun
tərkibindəki mineralların saxlanmasıdır. Filtr yalnız sudakı zərərli maddələri,
qarışıqları təmizləməlidir. Əvvəllər suyu daşdan süzüb içirdilər, amma indi su
filtrlərindən istifadə edilir”.
Bəs, görəsən istifadəçilər nə deyir? Onlar evlərindəki su filtrlərindən
razıdırlarmı? Sosial şəbəkədə bununla bağlı sorğu keçirdik. Könül adlı istifadəçi artıq 8 ildir ki,
su filtrlərindən istifadə etdiyini və razı qaldığını deyir: "Biz 8 ildir ki,
eyni firmanın su filtrlərindən istifadə edirik və çox razıyıq. 5-6 aydan bir
isə qurğunun filtrini dəyişirik. Əlbəttə, sular arasında fərq hiss ediləcək
dərəcədədir. Əvvəllər suyu qaynadanda çaydanın içində ağ qat əmələ gəlirdi.
İndi çaydanın içi təmizdir. Suyun dadında da fərqlilik hiss olunur”.
Şahnaz Əhmədova da su filtrlərdən istifadə etdiyini və çox razı
olduğunu deyir. Qeyd edir ki, köçdükləri yeni mənzildə də su filtri qoşdurublar
və daim istifadə edirlər. İşbazlıq məsələsinə gəlincə isə o deyir ki, bu,
firmadan firmaya dəyişir. Su filtrini seçərkən, araşdırıb, işini düzgün görən,
texniki standartlara cavab verən filtr şirkətini seçmək lazımdır.
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov şirkətlərin
təxminən 60%-inin standartlara uyğun olmayan filtrlərlə əhalini aldatdığını
deyir: "3 il bundan öncə Marseldə keçirilən Dünya Su Konqresində iştirakçısı
oldum. Həmin konqresdə 25 min insanın gözü qarşısında suyun təmizlənməsi
prosesini göstərdilər və bu mövzu ilə bağlı daha geniş məlumatlar əldə etdim.
Ölkəmizə qayıtdıqdan sonra isə "Azərsu”yun su təmizləmə qurğularında monitorinq
keçirdim. Aydın oldu ki, "Azərsu” suyu normal təmizlənmiş səviyyədə verir. Amma
bəzi vətəndaşlar suyun tərkibindən narazıdırlar. Burada problem isə suötürücü
qurğulardadır. Belə ki, adı çəkilən qurumun suötürücü qurğuları həddindən artıq
köhnədir. Digər bir məsələ isə odur ki, yeni tikilən binaların "Azərsu”ya tabe
olmayan su saxlama hovuzları var. Problemlərin əksəriyyəti bu səbəbdən
qaynaqlanır. O hovuzlar gərək ildə 1 dəfə də olsa təmizlənsin. Bizə gələn
məlumata görə, o hovuzlar təmizlənmir. Nəticə etibarı ilə də bütün problemlər
"Azərsu”yun üzərinə yazılır. Su filtrləri satan şirkətlərinə gəlincə isə onlar
öz fəaliyyətləri ilə "Azərsu”yun əleyhinə reklam aparırlar. Qeyd edim ki, su filtrləri satanların apardıqları
primitiv təcrübələrin heç bir elmi əsası yoxdur. Onlar sadəcə, insanları
aldatmaqla məşğuldurlar. Belə şirkətlərinin təxminən 60%-i standartlara uyğun
olmayan filtrlərlə əhalini aldadırlar”.
Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını
öyrənmək istədik. Lakin əksər şirkətlərin nə adlarını, nə də telefon
nömrələrini tapa bildik. Görünür, əksəriyyətinin fəaliyyəti elə "qapı-qapı
gəzməkdən” ibarətdir. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da mediadan
olduğumuzu bilib cavab vermək istəmədilər.
Günel Azadə