• cümə, 26 Aprel, 19:52
  • Baku Bakı 22°C

Bir-birini him-cimlə anlayan cütlük – Ailə

17.04.15 06:27 2924
Bir-birini him-cimlə anlayan cütlük – Ailə
Rasim Bayramov: “Pul ailənin xoşbəxtliyi üçün kifayət deyil”
Sona Bayramova: “Uşaqlar atadan qorxmaq əvəzinə, məni ataları ilə qorxuzur”

Bir-birinə kompromisə getməyi bacardıqlarını deyirlər. Biri od olanda, o biri su ola bilir. Ailədə müasirliklə mühafizəkarlığı bir araya gətirməyi bacarırlar. 12 ildir eyni həyatı paylaşırlar. 11 və 8 yaşlarında iki övladları var: Tural və Nihal. Müsahiblərimiz “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov və Şuşa Rayon İcra Hakimiyyətinin Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin muavini Sona Bayramova ilə yaxından tanış olaq. Həmişə olduğu kimi, əvvəlcə cütlüyün tanışlıq tarixçəsindən başlayaq...
Hamı Rasimi tərifləyirdi

Hər ikisi mediada çalışarkən tanış olublar. Jurnalistika fakültəsini bitirən Sona 2002-ci il sentyabrın 26-da “Hürriyyət” qəzetində işə başlayır. O vaxt artıq Rasim sözügedən qəzetdə çalışırdı: “Rasimin vəzifəsi böyük olduğundan ayrıca otağı var idi. O, ikinci mərtəbədə, mən isə jurnalistlərlə birgə birinci mərtəbədə otururdum. İşə başlamağımdam bir ay keçəndən sonra qızlar Rasimin məndən xoşlandığını dedilər. Rasimin qrup yoldaşı da bizimlə işləyirdi. O da daxil olmaqla, hamı bir ucdan Rasimi tərifləyirdi. Deyidilər ki, çox ağırtəbiətli, başını qaldırıb kiməsə baxmayan oğlandır. Üstəlik, idmançıdır, ingilis və rus dillərini, kompyuteri əla bilir, baş redaktorumuz Aydın Quliyevin də çox sevdiyi işçidir”.
Bu təriflərdən sonra Sona deyilənlərin həqiqətə nə dərəcədə uyğun olduğunu öyrənmək üçün Rasimə fikir verməyə başlayır: “Yığıcı-operatorların otağı ikinci mərtəbədə, Rasimin otağı ilə yanaşı idi. Hər dəfə mən otağa yazı yığdırmağa gedəndə qızlar divarı taqqıldadırdılar. Bundan bir az sonra Rasim digər yığıcı-operatorla yazı yığmağa gəlirdi. Həmişə də məəttəl qalırdım ki, necə olur, hər dəfə mən yazı yığdıranda, təsadüf nəticəsində o da gəlir. Sonradan bildim ki, deməyəsən, Rasim qızlardan mən gələndə divarı taqqıldatmalarını xahiş edibmiş”.
Yazı yığdıra-yığdıra Rasimə gözaltı fikir verən Sona görür ki, o, deyilən qədər varmış: “İş yoldaşları, baş redaktoru tərəfindən qazandığı hörmət də məndə Rasimə istək yaratdı. Ona qarşı aqressiv yanaşmadım və mənimlə söhbət etməsinə imkan verdim. Diqqət yetirəndən sonra gördüm ki, söhbətimiz tutur. Tam olaraq Rasimdəki hansı xüsusiyyətlərin məni özünə cəlb etdiyini sözlə ifadə edə bilmirəm. Tanışlığımızın arxasınca Rasim elçilərini bizə göndərdi və 4 ay sonra nişanımız, 9 ay sonra toyumuz oldu”.
İlk baxışdan sevgi

Sona deyir ki, Rasim ona ilk baxışdan vurulub. Rasim də etiraf edir ki, ilk növbədə qarşı tərəfin xarici görünüşü onu cəlb edib: “Kim nə deyir-desin, ilk növbədə tərəflər bir-birinin xarici görünüşünü bəyənirlər. İnsanı yaxından tanıyandan sonra daxili aləminə fikir verirsən. Mən də Sonayla tanış olandan sonra gördüm ki, xarici gözəlliyi ilə daxili aləmi bir-birini tamamlayır və biz ailə qura bilərik. Sona müasir dünyagörüşü olan bir xanım kimi də diqqətimi çəkdi, amma nə qədər müasir olsa da, milli mentalitet də gözlənilməlidir. Bunların hamısı Sonada yerli-yerində idi”.
Qayğıkeş və ailəcanlı həyat yoldaşı

Ailə qurandan sonra Sona yanılmadığını görür, Rasimdə daha gözəl xüsusiyyətlər icad edir: “Qayğıkeş, ailəcanlıdır. Axır qəpiyinə qədər evə xərcləyər. Bir çox kişilər kimi qazandığını restoran-kafelərdə dost-tanışa xərcləyən deyil. Bu da mənim Rasimdə ən çox sevdiyim xüsuyyətlərdən biridir. Hirslənəndə mən onu, o da məni yola verir, kompromisə getməyi bacarırıq. Birimiz od olanda, o birimiz su oluruq. Rasimdə bəyənmədiyim bircə xüsusiyyət astagəl olmasıdır. Bu xasiyyəti artıq xarakterinə çöküb. Buna görə mən Rasimin bu xasiyyətinə uyğunlaşmaq məcburiyyətində qalmışam”.
“Mübahisəmiz uşaqlara görə olur”

Rasim də Sonada istədiklərini tapdığını deyir. Narazı olduğu bircə məqam var: “O da hərdən uşaqlara qarşı aqressiv davranmasıdır. Mübahisəmiz də həmişə uşaqlara görə olur”.
Sona: “Hərdən deyirəm ki, camaatın uşaqları ata-ananı birləşdirir, bizimkilər ayırır. Uşaqlar sözə baxmayanda mən əsəbiləşirəm. Çünki gün ərzində onların yükü mənim çiyinlərimdədir. Acıqlanıram, etiraf edim ki, bəzən vururam. Amma Rasim 12 ildə bəlkə bir dəfə də uşaqlara əl qaldırmayıb. Hirslənəndə də yüngülvari hirslənir. Həmişə xoşum gəlib ki, uşaq atasının adı gələndə özünü yığışdırsın, ana uşağı ata ilə qorxutsun. Bizdə isə əksinədir, onlar məni ataları ilə qorxuzurlar. Vuranda, acılayanda ataları gələndə deyəcəklərini söyləyirlər”.
“Mən balans yaratmağa çalışıram”

Rasimin fikrincə, uşağı vurmaq yox, başa salmaq, maarifləndirmək lazımdır: “Düşünürəm ki, ikimiz də uşağa hirslənsək, bu, onların psixologiyasına, tərbiyəsinə pis təsir göstərəcək. Mən balans yaratmağa çalışıram. Əgər Sona hirslənirsə, mən mülayim davranmağa çalışıram. Məncə, nəyi niyə etməli, yaxud etməməli olduqları onlara izah edilməlidir. Uşaqların tərbiyəsində bu üsuldan istifadə edirəm və iş orasındadır ki, uşaqlar mənim dediyimə daha çox riayət edirlər. Sözü bir dəfə deyirəm, onlara bəs edir. Atam da bizi heç vaxt vurmayıb. Biz onun dediklərini yüksək səviyyədə saymışıq, əməl etmişik. Düşünürəm ki, bu tərbiyə vasitəsi daha doğrudur. Uşağı tərbiyə edərkən səbr edib hirsi cilovlamaq lazımdır”.
“Rasim əziyyətimi qiymətləndirir”

Ailənin əsas ağırlığının kimin üzərinə düşməsinə gəlincə, Sona deyir ki, əsas yükü o, çəkir: “Rasim pul qazanmaq üçün səhər evdən çıxıb, axşam gəlir. Bu səbəbdən uşaqların dərsindən, həkimindən tutmuş, evə bazarlıq, yemək hazırlamaq kimi bütün işlər mənim üzərimə düşür. Amma sevinirəm ki, Rasim mənim əziyyətimi qiymətləndirir. Bütün günü evdə çalışmağımın, uşaqlarla məşğul olmağımın nəticəsində arada əsəbi oluram və Rasim bunu anlayışla qarşılayır”.
Ailədə kişinin üzərinə düşən vəzifə

Rasimin fikrincə, ailənin möhkəm olması üçün kişinin üzərinə daha çox məsuliyyət düşür: “Kişinin üzərinə düşən vəzifə yalnız pul qazanmaq deyil. Ola bilər, sən kifayət qədər pul qazana bilərsən. Amma bu, ailənin xoşbəxtliyi üçün kifayət deyil. Bir neçə şərt var ki, gərək onlar bir-birini tamamlasın. Yalnız bu zaman ailə möhkəm ola bilər. Ən başlıcası, Azərbaycan mentalitetində olduğu kimi, kişi mühafizəkar olmalıdır. Hamımız görürük ki, bu dəqiqə Qərb dəyərləri ailələri necə dağıdır. Bu baxımdan, kişinin mühafizəkar olması şərtdir. İkincisi, xanımına, uşaqlara qarşı diqqətli olmalısan. Heç vaxt ailənin dağılma prosesi birdən-birə baş vermir. Xırda bir detalın üstünə getməyəndə, o, yavaş-yavaş böyüyür, sonda böyük fəsadını göstərir. Xırda fəsadın qarşısını böyüməmiş, vaxtında almaq lazımdır”.
Daha çox diqqət istəyi

Psixoloqlar deyir, xanım həyat yoldaşının ona daha yaxın, mehriban olmasını istəyirsə, qayınanasına bənzəməyə çalışmalıdır. Rasim bu fikirlə razıdır: “İstənilən halda, həyat yoldaşı ananın övladına göstərdiyi hissləri, nəvazişi sənə göstərə bilməz. Anam mənim nazımı hər gün, hər cür çəkib. Xanımım da onu etməyə çalışır. Amma bu diqqətin daha çox olmasını istəyirsən. Çünki bünövrədə nəyi görmüsənsə, onun davam etməsini arzulayırsan”.
Sona deyir ki, o da Rasimdən həmişə diqqət, qayğı gözləyir: “Təzə evlənəndə Rasim daha diqqətcil idi. İndi bu diqqət bir azca azalıb. Amma narazılığım yoxdur. Toyda, qonaqlıqda, hətta anasıgilə gedəndə də həmişə diqqət göstərir, nə yeyib, nə içdiyimə, yerimin rahat olub-olmamasına fikir verir. Ümumiyyətlə, Rasimdən çox razıyam. Bir-birimizi çox başa düşürük, hətta qonaq gedəndə, elə evdə də him-cimlə, baxışlarımızla bir-birimizi anlayırıq”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər