• cümə, 29 Mart, 05:33
  • Baku Bakı 7°C

Bir anın içində məşhurlaşan “küçə uşağı” - Video

10.10.19 09:00 1701
Bir anın içində məşhurlaşan “küçə uşağı” - Video
"Bu qız bir afət” deyərək, Türkiyə və Azərbaycan musiqi sektorunda qısa zaman içində tanındı. Fərqli üslub və repertuar seçimi ilə diqqət çəkən Zeynep Bastıkdan türk mətbuatından Simay Engür uğurlarının sirrini soruşub və maraqlı bir müsahibə alınıb.Günümüzdə şöhrət qazanmaq o qədər də çətin deyil. Artıq kəşf edilməyi gözləmək və o gün gələndə toxunulmaz super-stara çevrilmək anı, yerini şəffaf və əlçatan şöhrətə buraxıb. Zeynep Bastıkın adını çox eşitmişdik. 26 yaşındadır. Dövrümüzün yeni şöhrətli simasıdır. Onu heç bir təşkilat, prodakşın təqdim etməyib, prodüsersiz, sponsorsuz, adını Türkiyədə, başqa ölkələrdə eşitdirməyi bacaranlardandır. Ancaq bu yüksəliş şişirdilmiş şar kimi deyil. 17 yaşında İzmirdən ayrılıb, karyerasının arxasınca İstanbula gəlib. Türkiyəli ifaçı Murad Dalkılıçın vokalisti olub.Bir çox məkanlarda mahnılar səsləndirib, seriallarda rol alıb və "Youtube”da səsləndirdiyi mahnı rekordlar qırıb. Beləcə, məşhurlaşmağa başlayıb. O deyir ki, əsas hədəfin şöhrət qazanmaq deyilsə, deməli, heç bir stress də keçirmirsən.
- 10 aydır ki, "Youtube” kanalında oxuduğunuz mahnıları yerləşdirirsiniz və hazırda hər kəs sizdən bəhs edir. Bu, sizə nələr hiss etdirir?
- Bugünkü məşhurluq qarşısında hələ ki, ağlımı yerində tuta bilirəm. Professional olaraq 17 yaşımdan ifaçılıqla məşğulam. Əvvəlcə İzmirdə təhsil aldım, daha sonra Murad Dalkılıçın vokalisti olaraq Türkiyəni gəzdim, bir çox seriallara rol aldım. Bunların heç biri məni o qədər məşhurlaşdırmadı, "Youtube”dakı ifam isə bütün Türkiyəyə tanıtdı.
- Müsahibələrinizin birində "İstanbula gəlmək həyatımın dönüş nöqtəsidir” deyibsiniz. O günə kimi İzmirdə heç vaxt tanımadığımız Zeynep Bastık kim idi və nələr edirdi?
- Mən Çanaqqalada doğulmuşam. 3 yaşımda İzmirə köçmüşük və həyatımıza orada davam etmişik. Əsl küçə uşağı idim. Axşama qədər dostlarımla məhəllədə oynayırdım. Nənəm, babam, xalam sayəsində musiqi ilə tanış oldum. Xalamın tamburu, nənəmin gözəl səsi, babamın isə saz ifaçılığı vardı. Daha sonra rəqslə məşğul oldum və 8 il rəqs etdim. "Anadolu atəşi” rəqs qrupuna qədər gedib çıxdım. Daha sonra özümü teatrda sınadım. Sanki teatr mənim evim idi. Orada bir çox tamaşalarda rol aldım. Bu, mənə kifayət etmişdi. "Jackpot” adlı bir qrupun solisti oldum. Demək olar ki, İzmirin bütün guşələrində konsert verdik. 9-17 yaş arası belə keçdi, daha sonra Murad Dalkılıçla rastladım və hər şeyi buraxıb xəyallarımın parıltılı qapısı olan İstanbula gəldim.
- Uşaqlığa dair xatirələrinizi gözdən keçirdikdə, musiqinin gücünü ilk olaraq nə zaman hiss etdiniz?
- 8-9 yaşımda Konservatoriyada çalışan xalam mahnı ifa edəndə çox duyğulanmışdım və hətta oturub ağlamışdım.
- Musiqi ilə məşğul olacağınızı ailənizə söylədikdə, reaksiyaları necə oldu?
- Özümü tanıdığım andan bütün fikirlərimə son dərəcə hörmət edən, ən kiçik yaşımda belə məni ciddiyə alan bir ailəyə sahibəm. Onlar mənim, musiqini necə çox sevdiyimi görürdülər və buna görə etiraz etmədilər. Onlara «mən gedirəm» dedim və getdim. Ailəmlə son dərəcə xoş əhval-ruhiyyə ilə vidalaşdıq. İstanbula gəldikdən sonra məni sərbəst buraxmanın və seçdiyim hədəflərin nə qədər doğru olduğunu daha yaxşı anladılar.
- Hazırda ən çox nəyi düşünmək sizi həyəcanlandırır?
- Gələcək planlarımı. Əslində, sizə gələcək planlarımdan danışsam, çox təəccüblənəcəksiniz, ancaq istəyirəm həyata keçirəm, elə təəccüblənin.
- Rəqəmsal platformalar sayəsində prodüserlərin star yaratma layihələrinin dövrü artıq keçib. Bəs sosial şəbəkə hesabına məşhurlaşan sizin kimi ifaçıların şöhrəti nə qədər qalıcıdır?
- Əgər əsas hədəfin şöhrətli olmaq və şöhrətli qalmaq deyilsə, bununla bağlı stressin də olmur. Həyata keçirəcəyim çox layihələr və mənə həyəcan gətirən milyonlarla mahnı var.
- Sizin, digərlərindən fərqiniz nədir?
- Bizim kanalımız professional və i çox uğurlu insanların könüldən aldığı bir layihə oldu. İzləyicilərin sayı çoxaldıqda isə daha məsuliyyətlə çalışdığımız bəlli bir sənət içərisində texnologiyasını, işığını, davamlı olaraq inkişaf etdirdiyimiz bir layihə oldu. Son 6 ayı mahnıların seçilməsinə, məşqlərə, çəkilişlərə ayırdım. Hələ onlarla hazır videomuz var və yeni çəkilişlər üçün fərqli konseptlər hazırlayırıq. Yəni bu işdə sadəcə mənim deyil, böyük bir komandanın əməyi var. Mən sevdiyim mahnıları, hörmət etdiyim sənətçilərin əsərlərini səsləndirməkdən böyük zövq alıram.
- Onların bir çoxu mahnının əsas sahiblərindən daha çox dinlənilir.
- Bizim kanalda tamaşaçı ilə aramızda qurduğumuz səmimi bir bağ var. Bu bağ vasitəsilə mahnıların tamaşaçıya daha asan və rahat şəkildə ötürülməsinə nail olmuşuq. Əlbəttə ki, əsas sahiblərin ifa etdiyi mahnıların dadı bir başqadır.
- Bu qədər tez bir zamanda məşhurlaşmaq sizi daha böyük məsuliyyətin altına salırmı?
- Açığı, bu qısa zamanda məşhurlaşmağı, "işimi inkişaf etdirmək üçün necə istifadə edə bilərəm” deyə düşünürəm. Misal üçün, nəyə görə konsert verib səhnədə musiqimizi daha böyük orkestrlə inkişaf etdirə bilmirik? Əgər bu qədər insana gedib çıxa biliriksə, nə üçün imkan sahibi olmayanlara bu imkanı yaratmırıq? Bu qədər sənətçi mənə dəstək verirsə, nə üçün onlarla böyük layihədə iştirak etmirik?
- Nişanlınız Tolqa Akışın karyeranızdakı təsirini hər fürsətdə dilə gətirirsiniz. Yaradıcılığınızdakı bütün uğurlar ona aiddirmi?
- Tolqa mənim sevgilim olmaqdan savayı, istedadlı insanların istedadlarını kəşf edib doğru şəkildə təqdim etməyə vasitəçi olan biridir. O, insanların uğurlu tərəfini görən və onu körpü olaraq həyata keçirən bir missiyaya sahibdir. Əlbəttə ki, mənim məşhurlaşmağımın əsas pay sahibi ona aiddir. O, bunları sevgilisi olduğum üçün deyil, mənə inandığı üçün edib. Mən özümü tanıdım-tanımadım, mahnı ifa edirəm. Onun toxunuşları ilə dəyişən xarakterimə, karyerama baxanda, Tolqanın həyatımdakı payı ilə əlaqədar bir cümlə qurmağıma belə gərək qalmır.
- Eşq bir müddət davam etdikdən sonra dəyişir.
- Duyğularımla yaşayan, hisslərimi sonuna qədər paylaşan biriyəm. Bizim münasibətimiz digərlərinə görə daha çox qayğı və diqqət istəyir. Amma mən riyazi hesablamalarla münasibət qurmuram. Eşq bir zaman bitə bilər, amma sevgi və qayğı eşqdən qat-qat yüksəklikdə duran, daha çox sevgi tələb edən bir duyğudur.
- Rəqs və aktrisalığın həyatınızdakı yeri hardadır?
- Rəqs etməyi və aktrisalıqla məşğul olmağı çox sevirəm və bu, məni çox həyəcanlandırır. Ancaq musiqinin həyatımdakı yeri tamam başqadır.
- Sosial şəbəkə vasitəsilə məşhurlaşdınız. Buradan sizə gələn şərhlərə cavab verirsinizmi?
- Yeni başlayanda haqqımda yazılan mənfi fikirləri oxuyub pis olurdum. Amma indi o şərhlərə baxmıram. Əgər ciddiyə alacaq dərəcədə önəmli bir şərh varsa, yanımdakı insanlar ona nəzarət edir və analiz edərək mənə söyləyirlər. Əgər tamaşaçı fikrində haqlıdırsa, biz də o analizə görə bir çox şeyi dəyişdirir və özümüzü daha da inkişaf etdiririk. Amma əsəbiləşdiyi üçün hikkəsini məndən çıxaran insanların şərhlərini ciddiyə almıram.
Tərcümə etdi: Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər