• cümə axşamı, 28 mart, 17:11
  • Baku Bakı 16°C

“Biliyini satmaq zövqlü işdir” – Uğur hekayəsi

19.06.15 11:09 3657
“Biliyini satmaq zövqlü işdir” – Uğur hekayəsi
Uğurunun sirrini çox çalışmaq, çalışdığını düzgün ifadə etməkdə görür. Deyir, hər işin başında gördüyün işi sevmək durur. Buna görə də hər şeydən öncə işini sevməyi və ondan ikiəlli yapışmağa üstünlük verir. Müsahibimiz Yüksək Texnologiyalar Parkında Layihələrə dəstək və elmi potensial şöbəsinin rəhbəri Ülvi Aslanovdur.
- Ülvi bəy, bir il Azərbaycan Texniki Universitetində təhsil aldıqdan sonra necə oldu ki, bakalavr təhsilinizi Türkiyədə Orta Doğu Texniki Universitetində davam etdirməyə qərar verdiniz?
- Bakı Özəl Türk Liseyini bitirmişəm. Liseydə oxuyanda kompyuter olimpiadalarında iştirak edirdim. Elektronika mühəndisliyi ixtisasına marağım var idi. Buna görə Texniki Universitetin elektronika mühəndisliyi ixtisasına qəbul oldum. Bir il sözügedən ixtisas üzrə təhsil aldım və oxuduğum müddətdə Azərbaycandakı texniki təhsilin mənə uyğun olmadığını gördüm. Sözügedən sahəni yaxşı bildiyimə görə informatika sahəsində istifadə üçün kompyuter ayırmışdılar. 2004-cü il olmasına baxmayaraq, kompyuterim Windows-1995 idi. Əvvəlcə elə bildim ki, mənimlə zarafat edirlər. Amma zarafat deyilmiş. Mənim proqramlaşdırma olimpiada dərəcələrim var idi. O vaxt paskal dilində ən son versiyanı istifadə edirdim ki, bu da 1990-cı ildə çıxmışdı. Universitet isə ondan daha əvvəl çıxmış versiyanı işlədirdi. Sözügedən proqramlar köhnə olduğundan yazdığım komandalar işləmirdi. Burada korşalacağımı görüb başqa variantlar axtarmağa başladım. YÖS imtahanları verərək sənədlərimi Türkiyədə bir neçə universitetə göndərdim. Çox sevdiyim Orta Doğu Texniki Universitetindən müsbət cavab aldım və Türkiyəyə yollandım.
- Türkiyədə aldığınız təhsil sizə nə verdi?
- Mən Türkiyədəki insanlarla ünsiyyətdə olandan sonra gördüm ki, təhsilin insanın iş həyatında başqa rolu var. Yalnız təhsil almırsan, yaşadığın cəmiyyət də səni formalaşdırır. Onu da deyim ki, ali məktəbdə oxuyanda universitetin verdiyi biliklə kifayətlənməyi düzgün saymıram. Konkret sahələr üzrə mütləq özünü inkişaf etdirməlisən. Universitet, sadəcə, sənin üçün geniş vasitədir. Sənə qapını açıb və özün-özünü inkişaf etdirməsən, universiteti ən yüksək balla bitirməyin mənası yoxdur. Bu zaman səni sadəcə işə götürəcəklər və sonra da azad edəcəklər. Çünki iş görmək, taktika çox önəmlidir. Mən heç zaman universitetdə 4 ballıq sistemə görə 3.9 ilə 3.2 arasında heç bir fərq görməmişəm. Heç bir iş yerində bunların önəmi yoxdur. İşə götürəndə portfolio (görülən işlər – L.M.) varsa, CV-yə ehtiyac yoxdur.
- Deyəsən, elə tələbəykən işə başlamısınız...
- Bəli. Mən universitetdə oxuyandan iki il sonra dostumla onlayın olaraq öz işimizi qurduq. Elə olurdu ki, tədrislə yanaşı, gün ərzində 12-14 saat kod yazırdıq. Yatırdıq, dururduq, yenə də kod yazır, öz əl işimizlə pul qazanırdıq. Təhsil aldığım müddətdə tətillərin birində 2008-ci ildə Work and Travel proqramıyla Amerikaya da getdim. Təhsil haqqım da kifayət qədər idi. Düzdür, ailəm hər zaman mənə dəstək olub, amma ailəmin imkanı o qədər çox deyildi ki, hər bir maddi çatışmazlığımı qarşılasınlar. Buna görə də özüm öz yolumu tapmaq məcburiyyətində idim. Biliklə pul qazanmaq çox yaxşı işdir. Başqasından bir şey alıb bunu bir az baha qiymətə satmaq, ticarətdir. Amma biliyi satmaq zövqlü bir işdir. Kimsə əl işindən istifadə edir və o da nəsə qazanırsa, bu, həm zövq verir, həm də pul qazandırır.
Onu da deyim ki, dostumla günün böyük bir hissəsini işləyirdik. Bizimlə online işləyən şirkətlər elə bilirdilər ki, biz 15 nəfərlik şirkətik.
- Biliklərinizi kimə satırdınız?
- Elektron ticarət səhifələri üçün əlavə modullar yazırdıq. Hər şeydən pul qazanmaq olar. Nəzərə alırdıq ki, qarşı tərəf bizdən aldığı məhsuldan pul qazanmayacaqsa, onu satmaq çox çətindir. Buna görə də ilk növbədə nə edə biləcəyimizi araşdırdıq. Düşündük ki, bizim biznes bir başqa biznesə kömək olacaq və o, bizə ödəniş edəcək. Belə bir halda ən yaxşısı elektron ticarətdir. Tutaq ki, kimsə elektron kitab mağazası açmaq istəyir. Biz bunu onlayn olaraq həyata keçirirdik. Mağazanın görünüşündən tutmuş, filtrasiya moduluna, kitabların harada dayanacağına qədər hər şeyi hazır məhsul şəklində qarşı tərəfə satırdıq. Gün ərzində çox rahat şəkildə bir neçə satış həyata keçirirdik.
- Universiteti bitirdikdə artıq Türkiyədə öz işinizi qurmuşdunuz. Orada da qalıb işinizə davam edə, daha da böyüdə bilərdiniz...
- Mən həmişə öz layihəmi həyata keçirmək istəmişəm. Türkiyədə dostumla birgə işimizi quranda nəzərdə tutmuşduq ki, bu, 2 il davam edəcək. Çünki bu, insanı robotlaşdıran işdir, bizsə özümüzü inkişaf etdirməliyik. Əvvəlcədən planlaşdırmışam ki, mən özümü lokalda isbat edib ondan sonra qlobala çıxmalıyam. İki dost idik. O, birbaşa qlobalı, mən isə lokaldan başlayaraq qlobala doğru getməyi seçdim. Dostum hazırda Amerikadadır, mənsə Azərbaycana gəldim. Düşünürəm ki, ideyalarımı insanlara öz vətənimdə düzgün çatdırandan sonra, insanların işinə yarayırsa, demək, mən bunu bacarmışam və fikirlərimi yavaş-yavaş qloballaşdıra bilərəm. Bu məqsədlə Azərbaycana qayıtdım.
- Azərbaycanda ilk işiniz nə oldu?
- Azərbaycana qayıtdıqdan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablanma Mərkəzində yeni komandaların qurulduğunu, elektron hökumət və elektron imza üzərində işlənəcəyini eşitdim. Bu, mənə maraqlı gəldi. Nazirlikdə görüşə getdim, bildiklərimi, keçmiş təcrübəmi danışdım. Beləliklə, texniki proqramist olaraq universiteti bitirib vətənə döndüyüm il, 2011-ci ildə işə başladım. İlk işə başlayanda mənə çətin gəlirdi. Öhdəsindən gəlib gəlməyəcəyimi düşünürdüm. Çünki dövlət işi idi və çiyinlərimdəki məsuliyyət böyük idi. Onlayn dərsə yazıldım, ayda 20-30 dollar ödəniş etməklə, hər gün 2-3 saat oxuyaraq özümü inkişaf etdirirdim. İşdə heç kimin bundan xəbəri yox idi. Düşüncəmə görə, iş uşaq bağçası deyil ki, kimdənsə mənə nəyisə öyrətməyini xahiş edim. Nəsə bilməlisən ki, sənə yol göstərsinlər. Düzdür, kadrların inkişafı üçün treninqlər, təlimlər keçirilməlidir. Amma buna bel bağlamaq olmaz. Özün özünü inkişaf etdirməlisən. Bunun üçün dil biliyi çox vacibdir. Mən ingilis dilində olan resurslardan istifadə edirdim.
- Sizin iş beyin işidir, yorucudur. Beyninizi necə dincəldirsiniz?
- İşə çox bağlılığım zəif yerimdir. Buna görə arada ailəmlə problemim yaranır. Bəzən saat 09.00-dan 21.00-a kimi işləyirəm. Əlimdəki işi bitirmədən evə getmirəm. Bəzən işdən 19.00-da çıxdığım vaxt da olur. Amma bu zaman da evə çatan kimi kompyuteri əlimə alıram. Bu da narazılıqla qarşılanır, işdən gəlib yenidən əlimə kompyuter aldığım, dincəlməyə vaxt ayırmadığım üçün söz-söhbət yaranır. Düşünürəm ki, evə gedəndən sonra işləməsəm, özümü inkişaf etdirə bilmərəm. Yatsam, bəs nə vaxt öyrənəcəm. Gərək vaxtı düzgün bölüşdürəsən. Tənbəllik ən ağır dərddir.
- Belə başa düşdüm ki, siz elə işləməklə istirahət edirsiniz...
- Bəli. İşimi çox sevdiyim üçün elə işləyə-işləyə istirahət edirəm. Kimsə şənbə günü bizim mərkəzdə tədbir keçirmək istəyirsə, ona “şənbə günü işləmirəm” deyə bilmərəm. İşimi sevdiyim üçün hər şey yaxşı gedir. Bir də maraq önəmlidir. Marağın olanda işin rast gətirir. İstirahət mənim üçün əsas deyil. Nə qədər ki cavanam, öyrənməliyəm. Bir də rəhbərliyin verdiyi motivasiya mənim üçün çox önəmlidir.
- Nə sizi motivasiya edir?
- İş ortamı, eyni zamanda fikirlərimi həyata keçirmək üçün yaradılan şərait, rəhbərliklə olan səmimi münasibət, işçiyə dəyər verilməsi, hər iki tərəfin bir-birinə inanması məni motivasiya edir. Mənə dəyər verirlər, mən də eyni zamanda özümü işimə həsr edirəm. Olduğum yerdə ən yaxşısını həyata keçirmək üçün çalışıram.
- Dövlət işindən başqa, online olaraq həyata keçirdiyiniz, pul qazandığınız işlər varmı?
- Dövlət idarəsində işləsəm də, mənim maaşla bağlı problemim yoxdur. Düşünürəm ki, bu dəqiqə öz gələcəyimə investisiya qoyuram. Hazırda dayanmadan qaçır, işləyir, vaxtımı xərcləyir, valideynlərimə zaman ayıra bilmirəmsə, bu, o deməkdir ki, mən gələcəyimə investisiya qoyuram. İnvestisiyanı hamı pulla ölçür. Mənsə pul olaraq deyil, xərclənən vaxt və gedən enerji olaraq fikirləşirəm. Çalışıram ki, özümü daha yaxşı formada yetişdirim. Mənim hələ öyrənəcəyim çox şey var. Əlavə iş görməyimə gəlincə, bəli, arada gecə vaxtları onlayn olaraq bəzi işlər görürəm. Amma bu, mənim əsas fokusum deyil. Çünki əlavə işlərlə məşğul olmağa vaxtım qalmır.
- Ülvi bəy, qlobal dünyaya çıxmağı nə vaxta planlaşdırırsınız?
- Düşünürəm ki, həm inkubasiya mərkəzində, həm də ölkə daxilində edə biləcəyim bəzi şeylər var. Amma mütləq xaricə getmək lazımdır. Bizim universitetlərdə texnopark, yaxud inkubasiya mərkəzlərinin istifadəsi və düzgün formalaşdırılması yönündə təcrübə azdır. Amma xaricdə var. Xaricdə artıq bu sahə oturuşmuş, isbat olunmuş sahədir və onlardan öyrənmək lazımdır. Biz gedib orada özümüzü inkişaf etdirməli, öyrənməliyik ki, gəlib burada tətbiq edək.
- Ülvi bəy, sizi öz sahənizdə uğur qazanmış və bu yolda inkişaf etməkdə olan mütəxəssis hesab etmək olar. Uğur sirriniz nədir?
- Çox çalışmaq, çalışdığımı düzgün ifadə etmək və lazımlı işlər görməkdir. Çalışmaqla yanaşı, həm də çox oxumaq lazımdır. Ən əsası isə hər işin başında gördüyün işi sevmək durur. Hər şey sevgidən başlayır. İşini sevirsənsə, ondan ikiəlli yapışmalı və çalışmalısan.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər