AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət

Beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət

Cəmiyyət
13 İyul 2020, 13:45 177
Ölkəmiz bu rəğbəti uzun illər ardıcıl fəaliyyəti, prinsipial, müstəqil siyasəti sayəsində qazanıb
       
Ümumbəşəri bəla olan COVID-19-la mübarizə hər bir ölkənin malik olduğu imkanlara, təcrübəyə, həmçinin beynəlxalq aləmdə yeri və roluna, siyasi çəkisinə də aydınlıq gətirir. Xarici siyasətində birlik, həmrəylik çagırışlarına xüsusi önəm verən, sabitləşdirici, birləşdirici faktor kimi mövqeyini möhkəmləndirən Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə də birgə səylərin göstərilməsinin vacibliyini bildirərək, qlobal problemə qarşı regional və qlobal səviyyədə  həmrəyliyin gücləndirilməsinə çağırışlar edir və bu məqsədilə irəli sürdüyü təşəbbüsləri gerçəkliyə çevirmək üçün əməli addımlar atır. Cünki qlobal əməkdaşlığa  güclü ehtiyac duyulduğu bir zamanda  dövlətlər, eləcə də bir sıra beynəlxalq  və regional institutlar  çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər. Amma dövlətimizin başçısı İlham Əliyev    "özünəqapanma  sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini  bildirdi,  dünyanın dörd bir yanından müxtəlif  siyasi və ideoloji  quruluşlara malik ölkələri bir araya gətirməyə  nail oldu. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsinə nail olan Azərbaycan  Qoşulmama Hərəkatının  Təmas Qrupunun videokonfrans  şəklində keçirilən Zirvə görüşündə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və yüksək səviyyədə dəstək qazandı. Qeyd edək ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı  BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu  ikinci ən böyük siyasi təsisatdır.

Ölkəmizin bu təşəbbüsü irəli sürməkdə  məqsədi  COVID-19-la  mübarizədə  vahid yanaşmanın tətbiqinə, ölkələrin özünəqapanmamasına,  inkişaf etmiş ölkələrin  ağır vəziyyətdə olan ölkələrə  kömək göstərməsinə  nail olmaqdır.  Bu təşəbbüsün reallaşması üçün  97 səs lazım olsa da,  Azərbaycan  130-dan çox ölkənin dəstəyini qazandı.  Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  burada iki əsas amil öz rolunu göstərdi: mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana  olan dəstək və rəğbət. Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edir ki, bu dəstək  doqquz il  bundan əvvəl 155 ölkənin səsini qazanaraq   BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycana  yenidən verilən  böyük beynəlxalq dəstəkdir.
   
Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə xüsusi onəm verən Azərbaycan daim BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin  icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi,  ədalət meyarının qorunması tələbini irəli sürür. Məhz Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də ölkəmizin ədalətli mövqeyinə, uğurlu siyasətinə, beynəlxalq münasibətlər sistemində artan roluna əsaslanırdı. Azərbaycan quruma iki il sədrliyi dövründə bu kimi məsələləri diqqətdə saxladı. Uğurlu fəaliyyət ölkəmizə inam və etimadin artmasında stimulverici amildir. Bu gün, koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi zamanda Azərbaycana dünya birliyinin etimadı daha aydın şəkildə görünür.
   
Möhtərəm Prezidentimiz  İlham Əliyevin bu günlərdə BMT-nin Baş katibi Antonio  Quterreşə telefon zəngində də COVID-19-a qarşı mübarızədə birgə səylərin göstərilməsinə ehtiyacın olduğu xüsusi qeyd edilmişdir. Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyinin bildirən cənab  İlham Əliyev Azərbaycanın bu mübarizədə dəstəyinin aydın ifadasi kimi  pandemiyaya qarşı mübarizə məqsədilə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə,  30-dan çox ölkəyə isə humanitar və maliyyə yardım ayırdıgını  qeyd etmişdir.
 
BMT-nin baş katibinin bu təşəbbüsü dəstəkləməklə yanaşı, xüsusi sessiyanın  texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bildirməsi də ölkəmizə olan inamdan irəli gəlir. Azərbaycan bütün sahələrdə, o cümlədən yeni texnologiyaların tətbiqi istiqamətində böyük imkanlara malik oldugunu pandemiya dövründə bir daha nümayiş etdirdi. Zirvə görüşləri ilə yanaşı, müxtəlif şirkətlərin, maliyyə qurumlarının rəsmiləri ilə təşkil olunan görüşlər də bu imkanlardan irəli gəlir. Tərəflər bu əminliyi ifadə edirlər  ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq, beynəlxalq ictimaiyyətin  tam səfərbər olmasına  şərait yaradacaq və  qlobal problemə  qarşı qlobal cavabın  tapılmasına  müsbət töhfəsini verəcək.   Reallıq budur ki,  dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırıb. Azərbaycan dünyanı birləşdirən ölkə imicinə yeni əlavələr edir.
   
Atılan hər bir addım münasibətlərin inkişafına öz müsbət təsirini göstərmək imkanındadır. Azərbaycanın bu günlərdə  BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması da deyilənlərin təsdiqidir.  "Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycan "davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.
     
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında davamlı inkişafın təmin edilməsi dayanır.  Ölkəmizin hər bir çətinlikdən alnıaçıq, üzüağ çıxmasında da bu amilin rolu böyükdür. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan şaxələndirmə siyasətini uğurla həyata keçirməklə enerji sektorundan asılılığı minimuma endirir. Heftin qiymətinin aşağı düşməsinə, pandemiyaya qarşı mübarizənin aparılmasına baxmayaraq Azərbaycanın heç bir sosial layihəni təxirə salmaması, məşgulluq və sosial tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına xüsusi diqqət göstərməsi bunun bariz nümunəsidir. Postpandemiya dövrü üçün nəzərdə tutulan Tədbirlər Planında da ölkəmizin davamlı inkişafının sürətləndirilməsi əsas tələb kimi qarşıya qoyulub. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib.  Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsində ideal məkan kimi qəbul olunması da təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Bir sözlə,  Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Dövlətimizin başçısı  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə  dünya birliyində  yeri və rolunu möhkəmləndirir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. 
 
Xatirə ƏLİYEVA
YAP Mətbuat Xidmətinin əməkdaşı,
Siyasi elmlər üzrə fəlsəfə doktoru