Bərabər təhsil imkanı üçün yola çıxan “Təhsil avtobusu” - Örnək

Bərabər təhsil imkanı üçün yola çıxan “Təhsil avtobusu” - Örnək

Gənclik qəzeti
19 Aprel 2019, 12:00 785
"Hər il səfərdən qayıtdıqdan sonra monitorinq aparırıq. Nəticə necə oldu? İşimizin faydası nə dərəcədədir? İştirakçıların, valideynlərin reaksiyası necədir? Bunu öyrənirik. Gördüyümüz qədərilə məmnundurlar. İşimizin faydası olduğunu gördüyümüz üçün növbəti ildə də davam edirik. Ötən illərin nəticəsi bizə davam etməyə stimul verir və artıq bu il də işlərə başlamışıq”.

Bu sözləri bizimlə söhbətində "Təhsil avtobusu” layihəsinin meneceri Ülviyyə Axundova bildirdi. "Örnək” rubrikasında bu dəfə "Təhsil avtobusu” layihəsi ilə bağlı Ülviyyə ilə söhbətləşdik.

Ü.Axundovanın sözlərinə görə, Təhsil Nazirliyinin layihəsi olan "Təhsil avtobusu” bu il 4-cü səfərinə yola düşəcək: "Nazirliyin "Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən layihə ilk dəfə 2016-cı ildə baş tutmuşdu. Əsas məqsəd isə hamı üçün bərabər təhsil imkanının yaradılmasıdır. Hər il fərqli istiqamətdə layihələrlə müxtəlif bölgələrimizə səfər edirik. İndiyə qədər Mingəçevir, Şəki, Qəbələ, Lənkəran, Quba, Zaqatala, Şəmkir, Masallı, İsmayıllı, Gəncə, Cəlilabad, Sabirabad və Bakıda olmuşuq. Bu dəfə sərhəd bölgələri plana salınıb. Həmçinin Cocuq Mərcanlıda da olacağıq. Biz adətən, avtobusumuzun gedə biləcəyi qədər ucqar yeri müəyyənləşdiririk, həmin yerdə bir məkan təşkil olunur və seçilmiş şagirdlər, yaxud tələbələr avtobusla həmin əraziyə gətirilir”.
 


"Tələbənin dərsə marağı yoxdur, amma...”

Layihə meneceri deyir ki, "Təhsil avtobusu” orta və ali məktəblərdə orta və zəif nəticə göstərən şagird və tələbələrin dərsə marağının artırılması, dünyagörüşünün inkişaf etdirilməsi istiqamətində bir proqramla yola çıxır: "Hər il hədəf auditoriyamız müxtəlif olur deyə, proqramımız da fərqli olur. Birinci il 5-10-cu siniflərdə zəif və orta nəticə göstərən şagirdləri cəlb etdik. 2017-ci ildə layihəmiz regionlardakı universitet və kolleclərdə 1-2-ci kursda təhsil alan tələbələrlə bağlı idi. Ötən il 6-9-cu sinif şagirdləri oldu. Bu il də ötənilki hədəf auditoriyası ilə işləyəcəyik. 10-11-ci siniflərin universitetə hazırlaşmağa başı qarışır, vaxt cəhətdən problemləri olur. 6-9-cu siniflər elədir ki, dərsə marağın artırılması, şəxsi inkişaf cəhətdən nələrsə öyrənilməsi üçün vacib dövrdür. Ona görə biz bu il də bu istiqamətdə davam etmək fikrindəyik.

Biz dərs keçmirik, sadəcə olaraq orta və zəif nəticə göstərən şagird və tələbələrin dərsə marağını artırmaq üçün çalışırıq. Proqramımız da məhz insan kapitalını inkişaf etdirmək istiqamətində olur. Əgər layihəyə şagirdləri cəlb ediriksə, incəsənət, sağlam təhsil, məntiq, motivasiya, intellektual mövzular, robotlar hazırlamaq və s. kimi mövzular proqrama salınır. Ümumiyyətlə, intellektual mövzular həmişə olur. 2017-ci ildə tələbələrlə işləyəcəyimiz üçün karyera və biznes mövzusunda proqram hazırladıq. Tələbələri gələcək iş həyatına hazırlamağa çalışdıq. Tələbənin dərsə marağı yoxdur, amma o, gələcəkdə bir peşənin sahibi olmaq, karyera qurmaq istəyə bilər. Biz onlara biznes karyera mövzusunda maraqlı təlim mövzuları hazırlamağa çalışdıq. Üstəlik, gənclərin bizi Korporativ Sosial Məsuliyyət çərçivəsində dəstəkləyən şirkətlərdə təcrübə keçmələrinə şərait yaratdıq”.
 


"Uşağım orda nə öyrənəcək?”

Ülviyyə layihəyə cəlb ediləcək şagird və tələbələrin necə seçilməsindən də danışdı: "Gedəcəyimiz rayonların təhsil idarələri ilə əlaqə saxlayırıq, onlar bizi məktəblərə yönəldirlər. Keçən il Prezident İlham Əliyevin sərəncamı ilə ucqar kəndlərdə tikilən modul tipli məktəbləri əhatə etdik. Bu məktəblərdə digərlərinə nisbətən az sayda şagird təhsil alır. Biz o məktəblərdə oxuyan şagirdlərin siyahısını, onların nəticələrini əldə etdik və onların içərisindən orta və aşağı nəticə göstərənləri seçdik. Sonra seçdiyimiz şagirdlərin valideynləri ilə əlaqə saxlayırıq, layihənin məqsədi ilə bağlı məlumat veririk. İstədikləri halda, uşaqları bu layihənin iştirakçısına çevrilir”.
Layihə meneceri bildirdi ki, valideynlər ilk olaraq uşaqlarını yay məktəbinə gətirməkdən çəkinirlər: "Çünki yeni bir şeydir, elə bilirlər ki, uşaqları zəif olduğu üçün yenidən dərs keçiriləcək. Amma biz məlumat veririk. Hər hansı valideyn narahat olursa, özü də gəlib uşağı ilə bir yerdə layihəyə qatıla bilər. Layihə getdiyi müddətdə sosial şəbəkədə canlı yayımlarımız olur. Bizi bir həftə hamı izləyə bilir. Uşaqların neylədiyini görürlər, bu zaman valideynlər də rahat olur. Valideynlərin əsas sualı "uşağım orda nə öyrənəcək” olur. Biz də bu sualın cavabını onlara veririk”.
 


"Təlimin hər bir anında uşaqlar fəal olurlar”

"Təhsil avtobusu” bir həftə ərzində bir neçə rayona səfər edir, hər bölgədə seçilmiş şagirdlərlə, yaxud tələbələrlə bir gün keçirir. Bir günə bir nəfərin dünyagörüşündə, təfəkküründə nəyi dəyişmək mümkündür? Ülviyyə bu suala elə həmin günün sonunda cavab tapdıqlarını bildirdi: "Layihəyə gələndə hər birinin baxışları sualla dolu olur. Bu, onlara maraqlı gəlmir, elə bilirlər ki, zəif olduqları üçün onlara dərs keçəcəyik və s. İlk olaraq biz onlara layihə çərçivəsində apardığımız hədiyyələri təqdim edirik, yay məktəbinin köynəklərini geyinirlər, onlara verilən çantalar, əşyalar, kitabları ilə tanış olurlar və artıq auraları dəyişir. Birinci təlim başlayır, bir az keçəndən sonra görürük ki, gülümsəyirlər, yavaş-yavaş fəal olurlar. Günün sonunda təlim yekunlaşanda isə pis olurlar, deyirlər ki, yenə iştirak etmək istəyirik, tez bitdi”.

Yay məktəbinin müddətinin uzadılmasına gəlincə, Ülviyyə bildirdi ki, bu zaman heç də bütün şagirdlər qatıla bilməyəcək: "Biz proqramı elə qurmuşuq ki, bir həftə ərzində keçiriləcək mövzuları bir gün içərisində çox düzgün vaxtlarda onlara veririk. Təkcə təlim olmur. Yarış, xüsusi intellektual oyunlar, yemək və çay fasiləsi olur. Bizimlə bir günün necə keçdiyini bilmirlər. Yəni, hər şey o qədər maraqlı təşkil edilir. Günün sonunda görürük ki, nəsə öyrəniblər və onların gələcəklə bağlı daha əmin hədəfləri var. "Təlimçi gəldi, danışdı, getdi” kimi olmur. Uşaqlar daim interaktiv şəkildə işləyirlər, öyrənirlər. Təlimin hər bir anında uşaqlar fəal olurlar”.
 

 
"Layihədə iştirak edənlərin ortalama nəticələri dəyişib”

Layihə meneceri əlavə etdi ki, layihə bitəndən sonra valideynlərin fikirlərini öyrənirlər, yay məktəbinin nə dərəcədə faydalı olmasını müəyyənləşdirmək üçün monitorinq aparırlar: "Məqsədimiz layihəyə cəlb etdiyimiz şəxslərin dünyagörüşünün inkişafı, dərsə maraqlarının artırılması və gələcək həyatlarındakı fəaliyyətlərinə müsbət təsir etməkdir. Və biz gördüyümüz işin bu cəhətdən nə dərəcədə rol oynadığını öyrənməkdə maraqlıyıq. İyul ayında layihə baş tutur. Biz orda bütün şagirdlərin əlaqə nömrəsini, e-mail ünvanlarını, sosial şəbəkə hesablarını götürürük. Avqust ayında bizim heyətimiz xüsusi anket formaları hazırlayır. Birbaşa təhsil idarələri, məktəblər, yaxud şagirdlərin özü ilə əlaqə saxlayıb layihədə iştirak edənlərin dərsləri ilə bağlı maraqlanırıq. Çünki əsas məqsədimiz bərabər təhsil imkanı yaradılması və iştirakçılarımızın da bundan faydalanmasıdır. Bizim gördüyümüz qədərilə layihədə iştirak edənlərin ortalama nəticələri dəyişib. Çünki biz onlara dərsin daha maraqlı gəlməsinə şərait yaradırıq. Digər məsələ odur ki, onlar yenidən bu layihəyə qoşulmaq istədiklərini bildirirlər”.

"Təhsil avtobusu”nda kimlərin olmasına gəlincə, Ülviyyə 20-25 nəfərlik bir heyətlə yola düşdüklərini bildirdi: "BİR” Tələbə-könüllü proqramının üzvləri, təlimçi-ekspert heyəti, layihənin idarə heyəti və Təhsil Nazirliyinin media komandasından iştirak edənlər olur. Bir də Korporativ Sosial Məsuliyyət çərçivəsində bizim tərəfdaşlarımız olur ki, onların nümayəndələri də bəzən bizimlə gəlirlər, dəstək olduqları layihəyə regionlarda reaksiyanın necə olduğunu görmək istəyirlər. Ekspert heyətinin getməsində biz də maraqlıyıq”.
 


"Nəsimi ili”nə töhfə

Ülviyyə deyir ki, şirkətlərimiz layihəyə dəstək olmaqda maraqlıdırlar: "Layihənin ilkin elanı adətən aprel ayında gedir. Elanı yerləşdirdiyimiz ilk gün 10-dan çox müəssisə zəng vurub bu layihəyə dəstək olmaq istədiyini bildirir. Layihənin 20-dən çox dəstəkçisi var. "ENGİN”, "Kapital Bank”, "Bakcell”, "Paşa Sığorta”, "Microsoft Azerbaijan”, "Golden Pay” və s. müəssisələr hər il bu layihəni dəstəkləyirlər. Hər il layihəni başlayanda onlarla əlaqə saxlayırıq, görüşlər keçiririk və yenə dəstək olmaq istədikləri halda bizə qoşulurlar. Çünki "Təhsil avtobusu” Azərbaycanda ucqar kəndləri gəzən, ordakı şagird və gənclərlə maraqlanan unikal bir layihədir. Bu il də tərəfdaşlarımızın sayı çox olacaq. Layihəni dəstəkləyən çox olduğu halda, biz rayonların, şagirdlərin sayını artırmağa çalışacağıq. İldən-ilə artım olur. Layihədə iştirakçı sayı ümumilikdə 550 nəfəri keçib”.

Müsahibimizin sözlərinə görə, layihədə iştirak edən təlimçilər könüllü olaraq qoşulurlar, bu cəhətdən də seçim imkanları çox olur: "Təlimçi seçimi mövzulara əsasən aparılır. Elanlar verilir və təlimçilər özləri müraciət edirlər. Keçən il 600-dən çox təlimçi tərəfindən müraciət gəlmişdi. Daha sonra bizim təhsil ekspertlərimiz seçimi aparırlar, müsahibə mərhələsi olur. Təlimçilər müsahibə mərhələsindən keçirlər və sonra bir həftə bizimlə rayonlara yola düşürlər”.
Ülviyyə sonda əlavə etdi ki, builki layihə Prezidentimizin sərəncamı ilə elan olunan "Nəsimi ili”nə həsr olunub: "Təhsil Avtobusu – Nəsimi” Yay məktəbinin bu ilki məqsədi də sərhəd bölgələrinin şagirdlərini əsas götürərək onların şəxsi və fərdi inkişafına təkan vermək, dünyagörüşünü genişləndirmək, "Nəsimi ili”nə töhfə vermək və İmaməddin Nəsiminin yaradıcılıq irsini davam etdirməkdir. Ümid edirik və inanırıq ki, bu il də layihə uğurla həyata keçiriləcək və marağa səbəb olacaq”.
 
Aygün Asimqızı