• cümə, 26 Aprel, 05:14
  • Baku Bakı 16°C

Bəlkə də ən böyük xoşbəxtlik bu idi...

03.06.16 18:09 2014
Bəlkə də ən böyük xoşbəxtlik bu idi...
Uçdu - yaz güllərinin qurumuş ləçəkləri. Sonsuzluğa doğru istiqamətləndi xəbərsiz. Gecə yarısı yolunu itirmiş qızcığaz kimi qaranlığa qarışdı. Küləklər sovurdu, ayaqlar altına atdı, sonunda torpağa qarışdırıb məhv etdi...
Bir meh əsdi sanki könlün şimalına. Üşütdü… soyuq gecələrin ayazı kimi tənha xəyalları. Yuxusuzluq ağırlığını gətirdi gözlərə. Bulandırdı baxışları, düşüncələri.
Tənhalaşdırdı...
Apardı onu xəyali dəniz sahilindəki ləpələrin yanına. Saatlarla susaraq dinlədi. Bir az uşaqlığından danışdı - yaşaya bilmədiyi günlərindən. Bir az yarımçıq qalan ailəsindən, xəyallarından. Bu qədər bədbin olmağının səbəbini soruşdu ondan.
Susdu... Əslində danışmağa ehtiyac yox idi. O, hər şeyi anlamışdı. Çünki anlamağın sadəcə dinləməkdən ibarət olmadığını bilirdi.
Başqalarından fərqli onun həyat dərsi ağır keçmiş, dəfələrlə sinifdə qalmışdı. Buna rəğmən üzündəki təbəssümü azaltmadan həyata sarılmışdı dörd əllə. Sentimental deyildi. Çünki bu cür olarsa, həyatda qalmağın çətin olduğunu bilirdi. Bunları öyrənərək gəlmişdi bu günlərə.
Gedərkən xəyali bir dost bağışladı ona. "A Beautiful Mind” ("Gözəl ağıl”) filmində olduğu kimi. İstiqamət tapmasında bu dost ona kömək etdi. Bəzən saatlarla dinlədi, bəzən danlayıb söz deməyə belə imkan vermədi. Ona yenidən özünü kəşf etdirdi . Yaşamağın gözəl olduğunu, uğurun isə imkansız olmadığını öyrətdi. Həyatı öyrətdi...
Bəlkə də ən böyük xoşbəxtlik bu idi – istiqamətini tapmaq. Bəlkə də deyildi...
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər