• cümə, 26 Aprel, 21:09
  • Baku Bakı 22°C

“Belə komandada oynamaq çox çətindir”

24.09.13 10:33 1211
“Belə komandada oynamaq çox çətindir”
- Son turda komandanızın “Ankaraspor”la ev oyununda 4 cavabsız qolla uduzmasına nə səbəb oldu?
- Mən o qədər də pis oynadığımızı deməzdim. Rəqib qapımıza doğru iki zərbə endirdi, dörd qol vurdu. Qapıçımız üç dəfə səhvə yol verdi. Bir qolu da müdafiəçimizin kobud səhvindən sonra vurdular.
- “Dənizlispor” bu mövsümə çox uğursuz başlayıb. Komandada nə baş verir ki?
- Klubun böyük maliyyə problemləri var. Özü də onların təkcə futbolçulara borcu yoxdu. Eyni zamanda vergilərin ödənilməsi baxımından da problemlər var. Ötən mövsümdən qalma pullarını ala bilməyənlər var. Belə bir mənzərə ilə futbol oynamaq çox çətindi. Əgər futbolçunun işini qiymətləndirmirsənsə, ondan keyfiyyətli oyun gözləmək düzgün deyil.
- Bəs necə olacaq?
- Klub rəhbərliyi yaxın günlərdə yerli klinikalardan biri ilə sponsorluq müqaviləsi imzaladı. Bu, borcların bir qisminin ödənilməsinə şərait yaradacaq. Tam olmasa da, vəziyyətin yaxşılaşacağına ümid edirik. Komandamız pis deyil. Daha yüksək yerlər uğrunda mübarizə apara bilərik. Ümid edirik ki, futbolçular bundan sonra daha istəklə mübarizə aparacaqlar.
- Deməli, pis nəticələrin səbəbi sadəcə maliyyə problemləridir?
- Tam bununla bağlı olduğunu deməzdim. Bütün çətinliklərə baxmayaraq, komanda oynamağa çalısır. “Ankaraspor”a məğlubiyyət oyuna görə olmadı. Hesab 0:2 olanda mənim də qol vurmaq şansım oldu. Ən azından həmin qolu vursaydım, bəlkə də hər şey başqa cür olardı.
- Azarkeşlərinizin buna münasibəti necədir?
- İstefa istəyirlər. Həm klub rəhbərliyini, həm də məşqçilər korpusunu.
- Son turlarda sabit oyun sərgiləyirsiz. Berti Foqts sizinlə əlaqə saxlamayıb?
- (gülür). Hələ elə zəng olmayıb. Yığmada oynamaq böyük şərəfdi. O, məni yenidən yığmaya qaytarsa, buna çox sevinərəm. Məhz onun rəhbərliyi altında millidə çox oynamışam.
- Amma böyük ehtimalla o, yığmada qalmayacaq...
- Foqtsun Azərbaycan yığmasına az faydası olmayıb. Son oyunlar da bunun bariz nümunəsi sayıla bilər. Komanda indi daha təşkilatlanmış, intizamlı və inamlı oyun sərgiləyir. Amma almaniyalı mütəxəssisin qalıb-qalmayacağına AFFA qərar verəcək.
- Arif İsayev niyə oynamır?
- “Samsunspor”la oyunda o, başından zədə almışdı. Oyun zamanı ona tikiş də qoyulmuşdu. Bu üzdən ötən həftəni məşq edə bilmədi. Yenicə məşqlərə başlayır.
banner

Oxşar Xəbərlər