• cümə, 26 Aprel, 14:19
  • Baku Bakı 23°C

Bədənləri gözəlləşdirən – Sadə peşə adamı

13.07.15 12:05 2332
Bədənləri gözəlləşdirən – Sadə peşə adamı
Cəlal Allahverdiyev: “Pilates dərslərində əsas məqsəd insanı öz təbii halına qaytarmaqdır”
Müasir dövrdə xüsusilə xanımlar arasında geniş yayılan ən məşhur idman növlərindən biri pilatesdir. 40-dan çox yaşı olmasına baxmayaraq, ideal bədən quruluşuna sahib olan məşhur müğənni Madonna sirrinin pilates olduğunu söylədikdən sonra gənclərdə bu idman növünə xüsusi maraq yarandı.
Biz də gənclərin marağını nəzərə alaraq, rubrikamızda məhz bu peşənin sahibi - pilates müəllimi ilə söhbətləşdik. Əvvəlcə müsahibimizi tanıyaq.
İqtisadiyyatdan idmana
Müsahibimiz Cəlal Allahverdiyev 1991-ci ildə Naftalanda anadan olub. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. Hətta bir müddət öz ixtisası üzrə Dövlət Statistika Komitəsində də çalışıb. Lakin ali təhsil aldığı sənəti sevmədiyi üçün bu peşənin ardınca getməyib. Həmsöhbətimizin sözlərinə görə, ailəsinin təkidi ilə universitetə qəbul olub: “10 yaşımdan idmanla məşğul olurdum. İdmana böyük marağım var idi. Dayılarım idmançı olduğu üçün məndə bu sahəyə xüsusi həvəs yaranmışdı. Lakin ailəm məni idmançı kimi yox, ali təhsilli iqtisadçı kimi görmək istəyirdi. Mənim oxumağa marağım yox idi. Ailəm bunun fərqində idi və məni 5-ci sinifdən hazırlığa qoymuşdu. Oxumaqdan başqa çarəm qalmamışdı (gülür -A.Ə.). O vaxtdan ali təhsil almağa adaptasiya olurdum. Hətta məni məcburən musiqi məktəbinə, tarda ifaya da yazdırmışdılar. Musiqi müəllimim məni idman zalından musiqi sinfinə aparırdı. Beləliklə, valideynlərimin arzusunu yerinə yetirdim. Lakin bu, çox da uzun çəkmədi”.
“Mən onu necə ata bilərəm?”
Uşaqlıqdan idman həvəskarı olan Cəlal bu sahədə müəyyən uğurlara da imza atıb. O, 2008-ci ildə karate üzrə ikiqat respublika çempionu, ciu-citsu idman növü üzrə respublika 3-sü olub. Statistika Komitəsində işləyərkən də heç vaxt idmanı atmayıb. Boş vaxtlarında bu bacarığını inkişaf etdirib: “İdman mənim həyat tərzimdir. Hansısa gün idman etməyəndə özümü narahat hiss edirəm. Həmin gün əsəbi, stressli oluram. Çünki mən stressimi idmanla atıram. Hətta hərbi xidmətdə olarkən də əsgərlərə idman dərsləri keçirdim”.
Həmsöhbətimiz deyir ki, ilk dəfə dövlət işini atıb idmanı seçəndə ailəsi buna qarşı çıxıb. Lakin o, sevdiyi işi görmək üçün hər kəslə mübarizə aparıb: “İdman mənim üçün hər şey deməkdir. Müəllim olsam da, olmasam da, mən hər vaxt öz üzərimdə işləmişəm. İdman demək olar ki, həyatımın hər anında olub. Mən onu necə ata bilərəm? Statistika Komitəsindən çıxanda ailəm mənə qarşı çıxdı. Hətta idman yarışlarına da evdən gizlin gedirdim. Daha sonra bu sahədə uğurlarımın olduğunu gördükdə mənimlə razılaşdılar və bu gün mən sevdiyim işi görürəm”.
Pilatesin faydaları
Həmsöhbətimiz pilates, fitnes, “Skandinav yerişi” (Nordic walking), aerobika, suda gimnastika ilə də məşğul olur və müəllimlik edir. O, daha çox gənc xanımların müraciət etdiyi pilates haqqında məlumat verdi. Cəlalın sözlərinə görə, yaxşı bədənə malik olmaq istəyən xanımlar üçün pilates həqiqətən əvəzedilməz idman növüdür: “Pilatesdə bədəni formaya salmaq mümkündür. Bu zaman bədənin əzələləri möhkəmlənir, çeviklik artır və orqanizmin ümumi fiziki durumu yaxşılaşır. Pilates dərslərində əsas məqsəd insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, ona uşaqlıq illərində etdiyi kimi - sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir. Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır, fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır. Xüsusilə xanımlar arasında məşhurlaşan bu idman növü təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bədənə çox yüngül təsir edir və eyni zamanda güclü möhkəmləndirici effekt verir. Nordic walking isə 20 ildir yaranan idman növüdür, dünyada o qədər də məşhurlaşmayıb. Bu idman növü kürəyi açır, hətta sümüyü belə dartır. Xüsusilə uzun müddət kompyuter arxasında əyləşən insanlar üçün xeyirlidir”.
Kişilər xanımlara icazə vermir…
Daha çox xanımlarla işləyən müsahibimiz deyir ki, ölkəmizdə xanımların idmana marağı çox zəifdir: “Xüsusilə rayon yerlərində yox dərəcəsindədir. Kişilər elə bilir ki, idman yalnız onların məşğul ola biləcəyi fəaliyyət növüdür. Lakin bu, belə deyil. İdman sağlamlıqdır və istər qadın, istər uşaq, istərsə də kişi - hər kəsə lazımdır. Qadınların çoxunun həyat yoldaşı, qardaşı idmanla məşğul olmağa icazə vermir və zərif cinsin idman etməyi regionlarımızda normal qarşılanmır. Məsələn, mən Naftalanda idman salonu açsam, ora heç kim müraciət etməyəcək. Amma xanımlar pilates, aerobika kimi idman növləri ilə məşğul olsalar, bir müddət sonra faydalarını özləri də hiss edəcək”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər