Batumidə yazılan tarixin qəhrəmanı - Portret
Ötən ili böyük qayıdışla
əlamətdar edən kiçik Məmmədyarova, hələ son sözünü deməyib
Şahmat, Azərbaycanda sevilən, xüsusi diqqət və qayğı ilə yanaşılan
idman növüdür. Bunun nəticəsidir ki, dünyanın ən mötəbər turnirlərindən gələn
parlaq qələbə soraqlarına adət etmişik. Müxtəlif yaş qrupları üzrə DÇ və
AÇ-lərdə birincilik artıq adi hal alıb. Ötən il tamamilə şahmatçılarımızın
aktivinə yazıldı desək, yanılmarıq. Teymur Rəcəbov tarixdə ilk dəfə ölkəmizə
Dünya Kubokunu gətirdi, Aydın Süleymanlı 14 yaşadək şahmatçılar arasında dünya
çempionu oldu, qadınlardan ibarət millimiz 27 illik aradan sonra komandalararası
qitə çempionatının bürünc mükafatını qazandı. Beləliklə, yerli idman qurumları
tərəfindən keçirilən ənənəvi il yekunu sorğularında zəkalar müvafiq
nominasiyalar üzrə digər növlərdəki həmkarlarını qabaqladı. Bir sözlə, 2019-cu
il digər növlərdə nisbi enişlə müşahidə olunsa da, şahmatın təntənəsi kimi
tarixin yaddaşına köçdü. Çox güman, hələ uzun müddət xatirələrdə yaşayacaq,
təkrar-təkrar səhifələnəcək. Biz isə bu gün Batumidə baş tutan AÇ-nin
qəhrəmanlarından birinin həyat hekayəsini diqqətinizə çatdıracağıq.
Əslində, o, çoxları üçün yad sima deyil. Ən azından, soyadı idmanla
yaxından maraqlanan hər kəsə tanışdır.
İlk müəllim: Özü
ağırlıqqaldıran olsa da...
Əslən Zəngilan rayonundan olan məşhur Məmmədyarovlar ailəsinin ən
kiçik üzvü Türkan, 7 avqust 1989-cu ildə Sumqayıtda dünyaya gəlib.
"Gənclik şəhəri"ndə böyüyüb boya-başa çataraq, buradakı 23 saylı orta
məktəbi bitirib. Gözünü açandan ətrafında şahmat sevdalılarını görən Türkanın
ağ-qara fiqurlarla ilk məşqi cəmi 5 yaşında olarkən baş tutub. Dərslər üçün
evdən kənara çıxmağa ehtiyac yox idi. Belə ki, özü ağırlıqqaldırma üzrə
respublika çempionu olmasına baxmayaraq, şahmatı dərindən bilən Həmid
Məmmədyarov, böyük övladları Zeynəb və Şəhriyar kimi Türkana da sirli lövhə
üzərində cərəyan edən qədim oyunun əlifbasını öyrədib. Kiçik Məmmədyarovanın
doğma mühitdən irəli gələn həvəsi, özünü erkən büruzə verən zehni potensialı, "ailədə
daha bir şahmatçı yetişir” demək üçün artıqlaması ilə kifayət edirdi. Çox
keçmir ki, söylənənlər təsdiqini tapır. Səkkiz yaşında zona yarışının qalibi
olan Türkan, iki il sonra 10 yaşlı qızlar arasında ölkə çempionatının qızıl
medalını qazanır. Beləcə, uğurlar çox sürətlə, muncuq kimi bir-birinin ardınca
düzülür.
16 ildir dəyişməyən rekord
və ya üç qrossmeysterli ailənin "ən"i
İki il sonra 12 yaşadək qızların mübarizəsində ölkənin ən yaxşısı
olursa, bundan bir il keçməmiş 14 yaşlılar arasında qitə çempionatının qızıl
medalını qazanır. 2003-cü ildə, 14 yaşında 20 yaşadək qızların respublika
çempionatının qalibi olan, böyüklər arasında isə üçüncü nəticə göstərən
Məmmədyarova, həm də olimpiadada iştirak edəcək qadınlardan ibarət milli komandanın
heyətinə salınır. Ardınca 14 yaşında Azərbaycan çempionatında qələbə sevinci
yaşayan Türkan, bununla, tarixi göstərici müəyyənləşdirir. Üstündən 16 ildən
çox vaxt keçsə də, heç kim onun adı ilə bağlı olan ən gənc ölkə çempionu
rekordunu təzələyə bilməyib. Dünya çempionatlarındakı nailiyyətlərinə gəlincə,
2003-cü ildə liderdən yarım xal geri qalaraq, Yunanıstanda keçirilən mundialın
gümüş mükafatını ailənin zəngin kolleksiyasına əlavə edən qəhrəmanımız, daha
aşağı yaş qrupları üzrə beynəlxalq yarışlara qatılmayıb.
Uşaq və yeniyetməlik dövrünə təsadüf edənlər arasında bir məqamı
xüsusi qeyd edir: "2002-ci ildə keçirilən Avropa çempionatında sonuncu
turadək bütün favoritlərlə oynamışdım. Axırıncı rəqibim zəif Türkiyə şahmatçısı
olsa da, gedişatda məğlub duruma düşdüm. Oyunun ortasında çox pis vəziyyət
aldım, bir piyadam da əskik idi. Hətta oyun vaxtı göz yaşlarımı saxlaya
bilməmişdim. Fikirləşirdim ki, artıq çempionluq əldən getdi. Açığı, sonda
bəxtim gətirdi. Rəqibin böyük səhvindən istifadə edərək qalib gəldim".
Türkan, Sloveniya olimpiadasında 13 yaşında debüt etmişdisə,
komandalararası AÇ-lərdə ilk dəfə 14 yaşında, Bolqarıstanda lövhə arxasında yer
alıb. Yeniyetmə yaşına rəğmən, sonrakı illərdə keçirilən qitə yarışlarında da
davamlı iş başında olub. Bundan əlavə, 2011 və 2012-ci illərdə ardıcıl,
respublika çempionatının zirvəsində qərarlaşıb. Ümumiləşdirsək, üç
qrossmeysterli yeganə Azərbaycan ailəsində potensialını ən erkən açan məhz
kiçik Məmmədyarovadır.
Kiçik Məmmədyarovanın böyük
qayıdışı
2014-2018-ci illər Türkanın karyerasının eniş dövrü kimi yadda qalır.
Əslində, bunun obyektiv səbəbləri vardı. Belə ki, analıq məzuniyyətinə çıxan
Batumi qəhrəmanımız, şahmata əvvəlki kimi vaxt ayıra bilmirdi. Həmin arada
yeganə qatıldığı komanda mücadiləsi "Bakı-2016" olimpiadası olur ki,
Türkan burada əsas deyil, ikinci komandanın heyətində yer almışdı. 2019-cu il
həm də kiçik Məmmədyarovanın böyük qayıdışı kimi qələmə verilməlidir.
"Batumi-2019" komandalararası qitə çempionatından əvvəl o, apreldə
Türkiyədə təşkil olunan şəxsi Avropa çempionatındakı nəticəsi ilə karyerasında
ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı. Qadınların Dünya Kuboku yarışı bu ilin
sentyabrında Belarusun paytaxtı Minskdə keçiriləcək.
"Mən bundan sonra konkret hədəflər haqqında danışmaq
istəmirəm" deyir. Səbəblərini də belə açıqlayır: "Son zamanlar qərara
gəlmişəm ki, hədəf müəyyənləşdirmək mənə düşmür. Maksimum yaxşı hazırlaşıb,
mümkün qədər irəli getmək prinsipi seçmişəm. Məsələn, bu, keçən il mənə çox
faydalı oldu".
Yeni davamçı?
Üç azyaşlı uşaq anası olan Məmmədyarovanın karyerasını davam
etdirməsi, özlüyündə kifayət qədər təqdirli haldır. Təbii ki, həyat yoldaşının
dəstəyi də əhəmiyyətli şərtdir. Söylədiklərinə əsaslanaraq, bu mənada ailəni
nümunə göstərmək olar: "Orman, şahmata davam etməyim üçün əlindən gələni
edir. Xarici səfərlərə gedəndə əmin oluram ki, uşaqlar sarıdan heç bir
narahatlıq yaşanmayacaq. Həyat yoldaşımın özü də şahmatı çox sevir, məndən
əvvəl də böyük marağı olub. Telefonda olsa da, məndən çox oynayır. Tez-tez
məsləhətlər verir, hansısa səhvimi görüb gileylənir. O qədər narazılıq edir ki,
axırda deyirəm, elə bil burda şahmatçı mənəm ey, bir sus (gülür)".
Yeri gəlmişkən, ailədə daha bir şahmatçı yetişir, deyəsən. Belə ki,
Türkanın böyük oğlu Atillanın bu oyuna qarşı ciddi həvəsi var. Anasının
söylədiklərindən belə qənaətə gəldik ki, böyük ənənənin davamı üçün yetərincə
zəmin mövcuddur.
"Fikirləşmir ki, o,
Şəhriyardır, mən Türkan"
Məmmədyarovlardan danışarkən, əlbəttə ki, ilk yada düşən Şəhriyardır.
Dünyaca məşhur, bütün zamanların reytinqində altıncı sırada olan elit
qrossmeysterin bacısı olmaq hər xanım şahmatçıya nəsib olmur. İlk addımlarında
daha çox Zeynəbdən bəhrələnən Türkan, son vaxtlar yarışlara Şəhriyarla birgə
hazırlaşdığını deyir. Lakin qardaşı ilə bağlı gileyləndiyi məqam da yox deyil:
"Hövsələsiz adamdır. Bir xoş söz eşitməzsən. Nəyisə tapmayanda özündən
çıxır ki, axı niyə bilmirsən? Hamını özü ilə bir ölçür. Daha fikirləşmir ki, o,
Şəhriyardır, mən Türkan".
Bir ara şahmatdan uzaqlaşmaq niyyətində olduğunu gizlətmədi. Lakin
ötən il ərzində qazandığı uğurlar, tarixi nəticədə pay sahibi olmaq Türkanı
yenidən böyük şahmata bağlayıb. Təbii ki, bunda ictimaiyyətin hədsiz diqqətinin
də rolu danılmazdır. Dediyinə görə, hazırda heç vaxt olmadığı qədər həvəslidir.
Portret
Düşünmək olar ki, kiçik Məmmədyarova hələ son sözünü deməyib. Ortada əzmkarlıq kimi önəmli faktor varsa, niyə də olmasın?! Bizi, bütün şahmatsevərləri lap kiçik yaşlarından qələbələrə alışdıran həyatsevər, geniş təbəssümlü xanım, ömrünün ikinci gənclik çağını da böyük şahmat uğurları ilə əlamətdar etmək gücündədir.
Sahib