“Bankda pillə-pillə böyümüşəm” - Uğur hekayəsi
Artıq
11-ci ildir ki, bir çoxlarının sıxıcı, gündəlik işini rutin adlandırdığı bank
sektorundadır. İşə yeni başlayanda ona da bu sahə sıxıcı gəlirmiş, hətta
sektoru tərk etmək haqqında da düşünüb. Hədəflərini və gələcək karyera
planlamasını bir də götür-qoy edəndən sonra fikrindən daşınıb. Bu gün
"rutinliyi yaradıcı bir işə çevirmək də işçinin öz əlindədir” qənaətində olan
müsahibimiz "Ziraat Bank Azərbaycan ASC”-nin Gəncə
filialının direktoru Fariz Talıbovdur.
Qeyd edək
ki, F.Talıbov 1985-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsili Bakıda 246
nömrəli məktəbdə, 5-ci sinifdən etibarən isə Bakı Türk Anadolu Liseyində alıb. Biznesin təşkili və idarə edilməsi (Biznes İnzibatçılığı)
ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili alıb.
- Fariz bəy, karyeranıza bank sektoru ilə
başlamısınız?
- Xeyr,
universitetin 3-cü kursundan etibarən müəyyən firmalarda təcrübə keçməyə
başladım. Ümumiyyətlə, 2005-2008-ci illərdə içi mən qarışıq ətrafımda olan gənclər
hər şeyə maraq göstərirdilər. Harada yeni təcrübə layihəsi var idisə, müraciət
edirdik. Elə olurdu ki, keçmirdik, yenilərini axtarırdıq. Təcrübə keçmə
mövzusunda universitet müəllimlərimiz yaxından dəstək göstərirdilər. Yeni layihə
olan kimi xəbər edirdilər və ya yönəldirdilər. 4-cü kursda isə Dövlət Sosial Müdafiə
Fondunda Sosial Sığorta Şəhadətnaməsi kart layihəsində iştirak etdim. Səhv
etmirəmsə, 9 ay orada çalışdım. Bank sahəsinə isə 2008-ci ildə gəlmişəm.
- Bank sektorunda işə başlayanda tələbə
idiniz, yoxsa artıq universiteti bitirmişdiniz?
-
Universiteti 2007-ci ildə bitirib hərbi xidmətə getdim, qayıdandan sonra artıq
iş həyatıma başladım. Bank sektoruna gəlməyim də qəribə oldu. 2008-ci ildə yay
aylarında bir dostumla CV hazırlayıb kağız formada əlimizə alıb bir-bir şirkətlərə,
banklara müraciət edirdik. O vaxt e-mail vasitəsilə CV göndərəndə şirkətlər
baxmırdılar. İstəyirdik ki, özümüz birbaşa müraciət edək, həm müəssisədə ilkin
abı-hava ilə tanış olaq, həm də vizual olaraq bizi görsünlər. Demək olar ki, 2
həftə CV payladıq. Sonra bir bank müsahibəyə çağırdı və işə düzəldim. Qəribəsi
isə o idi ki, heç gözləmədiyim yerdən çağırdılar. Üstündən 2 ay keçəndən sonra
CV verdiyim bəzi yerlərdən də dəvət aldım, artıq çalışdığım üçün onların təklifini
qəbul etmədim.
- Artıq 11 ildir bu sahədəsiniz. Ümumi olaraq bu
dövr neçə keçib?
- Keşməkeşli
bank təcrübəm olub (Gülür).
- Keşməkeşli deyəndə nəyi nəzərdə tutursunuz? Bu
sektorda müəyyən yer tutmaq çətin oldu?
- Hər
sektorda olduğu kimi, bank sahəsinin də öz çətinlikləri var. Rəqabət,
dözümlülük, iradə və s. lazımdır. Bu xüsusiyyətlər olmasa, heç bir uğurdan söhbət
gedə bilməz. Bankın daxilində satış, mühasibatlıq, risk, kredit, insan
resursları, əməliyyat və s. çox fəaliyyət sahəsi var. Hər sahənin də iş tərzi
özünəməxsusdur. Bunları ona görə deyirəm ki, bir müəssisədə uğur qazanmaq istəyirsənsə,
gərək o müəssisənin daxilində olan bütün sahələrin iş tərzini biləsən. Mən bank
təcrübəmə Əməliyyat departamentinin plastik kartlar şöbəsindən başlamışam.
Plastik kartların həm texniki, həm də satış tərəfini görmüşəm. Kredit, risk, əməliyyat
departamentlərində çalışmışam. Ondan sonra birbaşa olaraq müştəri ilə ünsiyyətə
- yəni satışa keçmişəm. Necə deyərlər, əvvəl mətbəx, sonra qonaq otağı.
Təbii ki
çətin olub. Hər cür insan görürsən. Arxanca danışan da olur, sağlam rəqabət edən
də. İkiüzlülük, riyakarlıq və s. Gərək bunlara tab gətirməyi bacarasan. Bunun
üçün də hədəf olmalıdır.
- İşdə irəliləmə tempiniz necə olub?
- Bankda
pillə-pillə böyümüşəm. Bankın ən alt vəzifəsindən başlamışam. İnsanın özündən
çox şey asılıdır. Birinci növbədə hədəf olmalıdır. O hədəfləri doğrultmaq üçün
bütün enerjini sərf edərək, müəyyən biliklərə yiyələnməli, öz üzərində çox
çalışmalısan. Ətrafın da dəstəyi danılmazdır. Çox çalışdıqca ətrafındakı
insanlar, çalışanlar da səni görür və dəstəkləyir. Ancaq hədəf ən önəmli
faktordur. Fikrimcə, hər işçi öz beynində bir karyera planlaması etməlidir. Yəni
o özünü bir aydan sonra və ya bir ildən sonra harda gördüyünü planlaşdırmalı və
o istiqamətdə işlər görməlidir.
- Hər zaman bu planlamanın nəticəsi gözlədiyiniz
kimi olur?
-
Universitet illərindən artıq mən planlama edirəm. Düzdür, hədəflərin bəzilərinin
reallaşmadığı zamanlar da olub. Gözlənilməz hadisələr, yan maneələr, ətraf
mühitin təsiri böyük rol oynayır. Həmin planları dəyişmə məcburiyyətində
qalırsan. Demək olar ki, əksər planlarım vaxtında reallaşıb.
- İndiyə qədər Bakıda çalışmısınız, bu gün isə
regionda fəaliyyətinizi davam etdirirsiniz. Adətən, Bakıda çalışanlar regiona
getməkdə tərəddüd edirlər. Sizdə hər hansı tərəddüd oldumu?
- Tərəddüd
deməzdim, diskomfortluq hissi yaranır. Bu illər ərzində yaşadığın şəhərdə müəyyən
düzən qurursan və bir anda başqa məkana düşürsən. Çətindir, amma psixoloji cəhətdən
belə hadisələrə hər zaman hazır olmaq lazımdır. Həm də insan tanımadığı mühitə
düşdükdə problemləri tez bir zamanda həll etmək qabiliyyəti daha da güclənir. Həmçinin
bank sənə etimad edib yeni bir vəzifə verirsə, bu, özü bir motivasiyadır. Öz
qiymətini və bağlı olduğun qurumun qiymətini daha da bariz hiss edirsən.
- Bəzən müdirlər işçilərinə "mən işçi olanda
daha çox işləyirdim, iş saatı bilməzdim" kimi fikirlər deyirlər. Belə
müqayisələriniz olurmu? Bir işçi olaraq sizi fərqləndirən nə idi?
-
Fikrimcə, bu sözləri daha çox işdən, həyatdan yorulmuş insanlar dilə gətirir.
Əksinə, çalışıram ki, özüm daha çox işləyim və işçi də bunu hiss edib işə həvəsi
və məsuliyyəti artsın. Bu, bir növ komanda oyununa bənzəyir, hamı bir hədəfə
vurmalıdır. Bunun üçün də komandanın bütün üzvləri iştirak etməlidir. Müqayisə
etməyi əslində xoşlamıram. Çünki hər bir fərdin fərqli xüsusiyyətləri olduğu
kimi, işə yanaşma tərzləri də müxtəlifdir. Gərək hər işçiyə fərdi yanaşasan və
onun prizmasından ona müraciət edəsən.
Mən
sosial insanam. Tez bir zamanda ünsiyyət qurmağı bacarıram deyə, dostlarım,
tanıdıqlarım çoxluq təşkil edir. Optimist və çalışqan olmuşam. Məncə, digər
işçilərdən fərqləndirici xüsusiyyətlərim bunlardır.
- "İşdən yorulmuş” fikri maraqlı gəldi. İşdən
yorulduğunu deyən çox adama rast gələ bilərik. İşdən yorulmayan adamsınız?
- İş həyatın
bir parçasıdır. Demək olar ki, 24 saatın üçdə bir hissəsini işdə keçiririk. İşdən
yorulanlar işini rutinə çevirənlərdir. Rutin işi sevmirəm. Gərək hər dəfə işə
yaradıcı nəzərdən baxasan. İşi təkmilləşdirmək üçün hər zaman öyrənmək
lazımdır. Zənnimcə, biliyini daimi olaraq genişləndirən insan yorulmaz. İşdən
yorulmuram.
- Bank sektorunda işə yaradıcı tərəfdən baxmaq nə dərəcədə
mümkündür?
- Bank
maliyyə sahəsi olmaqla yanaşı həm də xidmət sahəsidir. Xidmət sektoru elədir
ki, orda yaradıcılıq olmasa, yeni xidmətlər verilməsə, rəqabətə tab gətirmək
mümkün olmaz.
- Bank sektorunda çalışanların bir qismi bu sektoru
sıxıcı adlandırırlar…
- 6-7 il
əvvəl mən də elə düşünürdüm. Hətta bir ara bank sektorunu tərk etməyi qərara gəlmişdim.
Hədəflərimi və gələcəkdəki karyera planlamasını bir də götür-qoy edəndən sonra
fikrimdən daşındım. Təbii ki, bank daxilindəki bəzi departamentlərdə rutinlik
var. Təkcə bank yox, bütün müəssisələrdə olur. O rutinliyi yaradıcı bir işə
çevirmək də işçinin öz əlindədir. Düzdür, bank özü müxtəlif treninqlər, əyləncəli
tədbirlər keçirir. Təbii ki bu, hər gün olmur (Gülür). İşçi özü özünü motivasiya
etməlidir. Gününü əyləncəli keçirmək və işdən sıxılmamaq üçün müxtəlif yollar
fikirləşməlidir. Bu bilirsiniz, nəyə bənzəyir? Siz evdə ailənizi, uşaqlarınızı
necə əzizliyirsinizsə, işi də elə əzizləməlisiniz. İş bizim bir parçamızdır. Əgər
biz bu işi özümüzdən bir parça etməsək, deməli, yanlış işdəyik.
- Biznesin təşkili və idarə edilməsi üzrə təhsil
almısınız. İş dünyasında təcrübə sizə nə verdi ki, onu təhsil alanda öyrənməmişdiniz?
- Təhsil alarkən yeni bilikləri öyrənməyə can atırsan. Yəni biz belə
görmüşük. Bizim tələbəliyimiz də fərqli keçib. Bəzən də tədris zamanı keçdiklərimiz
iş həyatında istifadə edilmir. Tələbə vaxtı iş həyatı tamamilə fərqli görünür.
Fikirləşirsən ki, iş həyatında da tələbə həyatı kimi düz xətlə davam edir. Tələbə
həyatı zamanı bilik və tədris almaq asandır. Çünki keçəcəyimiz tədris, kitablar
bəllidir. İş həyatında isə heç kim işini atıb yeni işçi ilə məşğul olmaq istəmir.
İşçi məcburdur ki, özü sual versin, işin dərinliyini bilmək üçün daha çox öyrənsin.
Düzdür, müəyyən təlimatlar, treninqlər və s. materiallar olur. Təsəvvür edin
ki, universiteti bitirmiş bir tələbə, bankın iş prinsipindən xəbəri olmayan bir
şəxsi təcrübəli bank işçisinə həvalə edirlər ki bu işçini yetişdir və görürsən
ki, biliklər universitetdəki kimi sənə gəlmir. Öyrənmək məcburiyyəti səni vadar
edir ki, artıq o bilikləri yiyələnmək üçün can atasan. Əks halda, digər yeni
işçilərdən, ümumiyyətlə, rəqabətdə geri qalacaqsan. Bu, istər bank və ya hər
hansı bir şirkət olsun, hər yerdə belədir. Özündə güvən hissi olan, öyrənmək və
nailiyyət əldə etmək istəyən hər bir şəxs bunu bacarır. Doğrusu, mən
bacaracaqlarına inanıram. Çünki eyni hisslər məndə də var. Heç vaxt və heç vaxt
geri addım atmaq olmaz. Düzdür, çox səhvlər olur. Buna da baxmamaq lazımdır.
Çünki işçi səhv edə-edə öyrənir.
- Sizə görə karyerada uğurlu olmağın sirri nədir?
- Uğur fərdə
görə dəyişir. Çünki uğur bir növ mücərrəd məfhumdur. Fikrimcə, karyerada uğurlu
olmağın sirri işçinin hədəflərindən, şəxsi bacarıqlarından və şansından
asılıdır. Hər bir işçi gələcək yönümlü hədəf və planlar qurmalıdır. Reallaşdıra
bilməsə də, qurmalıdır. Şəxsi keyfiyyətləri və bacarıqlarını nümayiş etdirməlidir.
Özlüyündə "nəyi daha yaxşı bacarıram” sualına cavab tapmalıdır və ya nəyi
bacarmadığını müəyyənləşdirib özünü o sahədə inkişaf elətdirməlidir. Şans da əsas
amillərdən biridir. Bunun üçün də işçinin uzaqgörən baxışı olmalıdır. Şans
qapısının nə zaman açıldığını əvvəlcədən görməlidir. Şahmat oyunu oynayanlar
bunu daha yaxşı bilir. Rəqibin sonrakı addımını əvvəlcədən hiss edirsən. İş həyatı
da belədir. İstər işçi, istərsə rəhbər
olduqda işçilərin və rəhbərliyin sonrakı addımını əvvəlcədən görmək lazımdır.
Uğurun qısa formulunu desəm, fikrimcə, Uğur = Hədəf + Şəxsi Bacarıqlar + Şans.
- Bəs uğurlu insan sizə görə kimdir?
-
Düşünürəm ki, uğurlu insan həm karyerasında, həm də şəxsi həyatında gözəl dəyərlər
qazanmış şəxsdir. Çünki şəxsi həyatın, ailən olmadıqda karyerada nə qədər irəliləsən
də, mənəvi boşluq yaranır və nəticədə yaş ötdükcə sağlamlıq və gözəl dəyərləri
olmayan, yalnız karyerada uğur qazanmış şəxs olursan. Uğurlu insan fikrimcə,
bütün bu amilləri paralel şəkildə qazanan şəxsdir.
- Ailəlisiniz, övladlarınız var. Bu mənada sizi uğurlu
hesab edə bilərik?
- Bəli,
iki qız övladım var. Bu, ikiqat uğur deməkdir.
Aygün Asimqızı