Balaxanı qəsəbəsinin adı dəyişdiriləcək

Balaxanı qəsəbəsinin adı dəyişdiriləcək

Cəmiyyət
30 Oktyabr 2013, 14:04 844
Bakı şəhəri ətrafında yerləşən qəsəbələrin gələcəyi paytaxtın baş regional inkişaf planında xüsusi yer alıb.

Qəsəbə və kəndlərin yenidən qurulması tədbirləri davam edəcək. Ən böyük yeniliklərdən biri isə Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə olan Balaxanı ilə bağlı olacaq. Bunu «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, hazırlamış Böyük Bakının inkişaf planında Balaxanın adı dəyişdiriləcək və qəsəbəyə yeni ad veriləcək. C.Qocayev Balaxanının yeni adının Təmiz Şəhər olacağını deyib.

Qeyd edək ki, Balaxanı Bakının ən qədim kəndlərindən biri hesab olunur. Kənd Bakının şimal-şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana, Digah və Məhəmmədi kəndləri ilə qonşudur.

Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlayıb.