AZE | RUS | ENG |


Balacaların böyük texnika sevgisi- Reportaj

Balacaların böyük texnika sevgisi- Reportaj
“Kaspi” Liseyinin şagirdləri arasında keçirilən robot yarışından reportaj

"Mən Hüseynli Həsən. 4-cü sinifdə oxuyuram. Bütün qiymətlərim əladır. Böyüyəndə mühəndis olmaq istəyirəm. Robot texnologiyalarını öyrənməkdə məqsədim gələcəkdə böyük texnoloji biliklərə malik olmaqdır”.
"Mən Yusif Mustafazadə. "Robotiks”i çox sevirəm. Gələcəkdə həkim olacağam. Düşünürəm ki, seçdiyim peşədə "Robotiks”də öyrəndiklərim köməyimə çatacaq”.
Bu fikirlər "Kaspi” liseyləri və AREA-nın (Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası) birgə təşkilatçılığı ilə "Kaspi” liseylərinin şagirdləri arasında keçirilən robot yarışmasının iştirakçısı olan balaca şagirdlərə məxsusdur. Demək olar ki, digər şagirdlər də özlərini bu kimi fərqli təqdim edərək yarışa qatıldılar.

Şagirdlərin hazırladıqları robotlar...

İlk olaraq elə yarışdan, onun keçirilmə məqsədindən danışaq. Tədbirin girişində bildirildi ki, yarışın keçirilməsində əsas məqsəd 2016-2017-ci il tədris ilindən başlayaraq "Kaspi” liseylərində fəaliyyət göstərən "Robotiks” dərnəyində iştirak edən şagirdlərin ötən il ərzində öyrəndiklərini praktiki şəkildə nümayiş etdirməkdir. Qeyd olundu ki, xarici mütəxəssislərin iştirakı ilə hazırlanan dərs proqramına əsaslanan "Robotiks” dərnəyində iştirak edən lisey şagirdləri mühəndislik barədə ilkin təsəvvürlər almaqdan başlayaraq öz əlləri ilə müxtəlif kiçik həcmli mühərriklər, günəş və enerji sistemləri, habelə müxtəlif fəaliyyətlərdə istifadə edilə bilən robotlar hazırlayırlar. Yarışda "Kaspi” liseylərinin şagirdləri məhz özləri tərəfindən hazırlanan robot və qurğuları sınaqdan keçirəcəklər.

"Bu tək şagirdlərin deyil, onların müəllimlərinin AREA-nin birgə işinin uğurudur”

Tədbirdə çıxış edən "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirdi ki, liseylərində tədris zamanı şagirdlərə müxtəlif biliklərin, o cümlədən mühəndislik biliklərinin verilməsinə, müasir dünyadakı çağdaş trendlərlə ayaqlaşa bilən vətəndaş yetişdirilməsinə böyük önəm verilir: ""Kaspi” liseylərinin əsas üstünlüyü odur ki, burada milli ruhda böyüyən gənclər həm də texniki inkişafından bəhrələnərək, dünyanın ən qabaqcıl məktəblərində təhsil alan yaşıdları ilə rəqabətə davamlı böyüsünlər. Hazırda dünyanın ən vacib tələblərindən biri budur. Ona görə biz AREA-nın təklifindən bəhrələnərək bu dərnəyi təşkil etdik. Bir ilə yaxındır ki, bu dərnək fəaliyyət göstərir. Fəaliyyəti isə göz qarşısındadır. Bizim şagirdlərin bir neçəsi Rumıniyada keçirilən robot dərnəyinin üzvlərinin yarışında gümüş və bürünc medalla qayıtdılar. Bu dəfə daha yaxşı nəticə gözləyirik. Ümumiyyətlə, bu, tək bizim şagirdlərin deyil, onların müəllimlərinin, AREA-nin birgə işinin nəticəsidir”.
S.Vəliyeva çıxışının sonunda yarış iştirakçılarını və onların müəllimlərini təbrik etdi, uşaqlara uğurlar arzuladı.

"İndikilərdən fərqli, qəribə robotlar yaratmaq istəyirəm”

Açılış hissəsindən sonra yarış başladı. "Porshe”, "Dujba”, "Robobrains” və "Nindzyaqo” komandalarına bölünən uşaqlar qalibiyyət uğrunda mübarizəyə başladılar. Bu, digər yarışlardan fərqli idi. Çünki balaca boyları olan bu şagirdlərin böyük ideyaları, fikirləri olduğu açıq-aydın müşahidə edilirdi. Biz robot texnologiyalara marağı, bu sahədə işlər görməyə həvəsi adətən böyüklərdə görmüşdük. Amma burada artıq həmin tendensiyanı unutduq desəm, yanılmaram. Artıq onlar bu sahəyə maraqda heç də böyüklərdən geri qalmırlar.
Oyunlar gedə-gedə iştirakçılardan biri olan 8 yaşlı Rəsul Mikayılovla həmsöhbət olduq. O bildirdi ki, robotları hazırlamaq onun üçün çox maraqlıdır: "Robotlara, yeni texnikalara özüm maraqlıydım. Bu sahəyə valideynlərim istiqamətləndiriblər deyə, gəlməmişəm. Dünyada yeni robotların yarandığını tez-tez görürük, bu, mənim üçün də maraqlıdır. Mən də indikilərdən fərqli, qəribə robotlar yaratmaq istəyirəm. Düzdür, robot yaratmaq çətindir, amma xoşum gəldiyi üçün davam etmək istəyirəm”.

"Oğlumun belə perspektivli bir sahəni seçməsini istəyərəm”

Uşaqlara dəstək olmaq üçün valideynləri də yarışa qatılmışdılar. Heç onlardan xüsusi qalibiyyət də gözləmirdilər. Əsas olan kiçik yaşda belə bir sahəyə maraq göstərməkdir deyirdilər. Onlardan bir neçəsi ilə söhbətləşdik. Valideynlər övladlarının gələcəyi üçün belə bir sahəyə istiqamətlənməsinin tərəfdarı olduqlarını bildirirlər. Dinara Dostmamedovanın oğlu Ələkbər Rəhmanov 2-ci sinifdə oxuyur. Deyir ki, uşaq rotbotlara özü maraqlı olduğu üçün onlar da dərnəyə yazdırıblar: "Uşağın marağı nəyədirsə, ora istiqamətləndirməyə çalışırıq. Robotexnikaya maraqlı olduğunu gördük, düşündük ki, bu sahədə özünü inkişaf etdirsin. Uşaq özü də normal, aktivdir, robotlara çox maraq göstərir. Ana olaraq da oğlumun gələcəkdə belə perspektivli bir sahəni seçməsini istəyərəm. Amma təbii ki onu zaman göstərəcək”.

"Bu yarışda daha çox irəliləyiş müşahidə etdim”

Leyla Mikayılova deyir ki, oğlu indi maraqlandığı sahədə özünü inkişaf etdirsə, bu, onun gələcəyi üçün çox əhəmiyyətli bir seçim olacaq: "Düzü, birinci başlayanda düşünmürdüm ki, bu qədər maraqlı olacaq. Bundan əvvəl bir dəfə də yarış olmuşdu, aktivliyi xoşuma gəlmişdi. Amma bu yarışda daha çox irəliləyiş müşahidə etdim. Uşaqlar daha sərbəst işləyə, düzəltdiklərini həvəslə işlədə bilirlər. Əminəm ki bu bacarıqlar gələcək həyatlarında onlara lazım olacaq”.
Düzdür, uşaqların yarışında qalib və ya məğlub olmaq o qədər də əhəmiyyətli olmaya bilər. Çünki az yaşda belə texnikalarla işləməyin özü belə, artıq bir qalibiyyət hesab oluna bilər. Amma istənilən halda, nəticələri də qeyd edək. 1-ci yerdə "Porshe” (1230 xal) komandası qərarlaşdı. 2-ci yerə "Drujba” (1130), 3-cü yerə isə "Robobrains” (920) komandası layiq görüldü. 4-cü yer isə "Nindzyaqo” (640 bal) komandasına qismət oldu.
Aygün Asimqızı
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007